Cavidin “ayağı” İrəvana dəyməməli idi

 

Həmid Cəfərov: “Həmin dövrdə bütün bunları yalnız Heydər Əliyev edə bilərdi”

 

80 illik ömrünün geridə qalan illərinə boylananda daha çox qürurlanmağa haqqı var.  Bu illər ərzində fəaliyyət göstərdiyi bütün sahələrdə vicdan və şərəflə işləməyə çalışıb. Hazırda təqaüddə olan polkovnik Həmid Cəfərov fəaliyyəti haqqında danışanda dahi şair Hüseyn Cavidin nəşinin vətənə gətirilməsindəki xidməti ilə də qürur duyur.

 

Həmid Cəfərov 1938-ci ildə Naxçıvanda, Qaraxanbəyli kəndində doğulub. Orta təhsilini Qaraxanbəyli kənd, Naxçıvan Dəmir Yolu 23 saylı, Bakı şəhərinin Artyom - indiki Pirallahı rayonundakı Maksim Qorki adına 186 saylı məktəblərində alıb. Hərbi xidmətini başa vurandan sonra Artyomdakı neft mədənlərində çilingər kimi əmək fəaliyyətinə başlayıb. Çalışqanlığı, zəhmətkeşliyi tezliklə Artyom rayon komsomol təşkilatında komsomol komitəsində təlimatçı vəzifəsinə irəli çəkilməsinə səbəb olub. İşgüzar gənc təhsilini davam etdirməyi də unutmayıb. Azərbaycan Dövlət Universitetində təhsil alıb.  Daha sonra respublikanın ayrı-ayrı rayonlarında komsomolpartiya orqanlarında çalışıb. Bacarığı, işgüzarlığı nəzərə alınaraq,  1976-cı ildə Naxçıvan Vilayət Partiya Komitəsinə işləməyə göndərilib. Həmid Cəfərov 1976-1978-ci illərdə təbliğat və təşviqat, partiya işi şöbələrinin müdiri vəzifələrində çalışıb. O ,həmçinin Moskvada Sov.İKP MK-nın yanında İctimai Elmlər Akademiyasının dinləyicisi olub. İşinə məsuliyyəti və bacarığı nəzərə alınaraq, ona daha yüksək vəzifələr həvalə edilib. H.Cəfərov 1980-ci ildə X çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı, Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin büroplenum üzvü, ideoloji üzrə vilayət partiya komitəsinin katibi seçilib. İşinə bağlılığı və məsuliyyəti Vətəninə olan sevgisindən qaynaqlanıb. Bu keyfiyyətləri o zaman Azərbaycan KP MK-nın birinci katibi olan Heydər Əliyevin də diqqətindən yayınmayıb. Ulu öndər məhz bu xüsusiyyətlərini nəzərə alaraq, dahi şairdramaturq Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsin ona həvalə edir.

 

"1982-ci il  oktyabrın 3-də Heydər Əliyev  Naxçıvanda səfərdə olarkən şərəfli bir işə xeyir-dua verdi. Cavidsevərlərin  müqəddəs bir arzusunun reallaşmasına geniş imkanlar açıldı”- deyə Həmid Cəfərov yaddaşından heç zaman silinməyəcək anları yenidən xatırlayır: "1956-cı  il martın 6-da Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə Hüseyn Cavid bəraət aldıqdan sonra şairin cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsinə bir neçə dəfə cəhd göstərilsə də, sovet ideologiyasının hökm sürdüyü SSRİ məkanında belə bir məsələnin reallaşması  müşkülə çevrilmişdi. Uzaqsoyuq Sibirdəki dəmir seyflərin açılması, "sovsekretno” sənədlərin öyrənilməsi, Cavidin məzarının ucsuz-bucaqsız çöllərdə axtarılıb-tapılması və nəhayət, Azərbaycana gətirilməsi üçün müvafiq icazələrin alınması o dövrdə həllini tapmamışdı. Ancaq Heydər Əliyev bütün imkanlardan istifadə edərək bu məsələnin həllinə nail oldu. Ulu öndərin adı, şərəfli bir işə dəstək olması Cavidin mənəvi övladları olaraq bizə qol-qanad verirdi. Çünki bu qərarın icra olunmasına bilavasitə Heydər Əliyevin özü  rəhbərlik edirdi.  Heydər Əliyev "Bakinski raboçi” qəzetinə verdiyi müsahibələrin birində qeyd edirdi ki, Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən Azərbaycana gətirilməsi üçün SSRİ kimi nəhəng bir dövlətin birinci şəxsinə - Sov.İKP MK-nın Baş katibi Leonid İliç Brejnevə, həmçinin SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri Yuri Vladimiroviç Andropova müraciət edib. Həqiqətən belə bir məsələni həll etmək üçün SSRİ kimi böyük bir dövlətin rəhbərliyi yanında yüksək nüfuza sahib olmaqonun icazəsini almaq vacib idi. Təbii ki, həmin dövrdə bütün bunları yalnız Heydər Əliyev edə bilərdi”.

 

Həmid Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Naxçıvan MR  daxili işlər nazirinin müavini Telman Əliyev və Babək  rayonundakı  kombinatının fəhləsi, SSRİ Ali Sovetinin deputatı Zakir Nəsirov da vardı. 

 

 

 

Həmid Cəfərov dahi şairin cəsədinin qalıqlarını gətirmək üçün Sibirə yollandıqları vaxtı, həmin ərəfədə yaşadıqları çətinlikləri indi bir yuxu kimi xatırlayır. Ancaq bu yuxuda hər şey həqiqətdir: "Sibirə səfərimizin ilk günündən başlayaraq Cavidlə bağlı  bir sıra arxiv sənədləri araşdırıldı. Müəyyən olundu,  Hüseyn Cavid 1941-ci il dekabrın 5-də İrkutsk vilayəti Tayşet rayonunun əlillər xəstəxanasında vəfat edibŞevçenko kəndindəki qəbiristanlıqda 59 saylı qəbirdə torpağa tapşırılıb. Üç gün sonra isə Sov.İKP İrkutsk Vilayət Komitəsində görüş zamanı Cavidin məzarının  yerinin müəyyən edilməsinə, bununla əlaqədar İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndini, 1940-cı illərdə burada yerləşən 21 saylı kaloniyanı və əlillər xəstəxanasını tanıyan adamların tapılmasına sərəncam verildi. Sibirdə olarkən Cavidin "sakini olduğu” əlillər evinin 1956-cı ildə  dağıdılması, Sibirin sıx meşələrindəki  Şevçenko kəndinin itib-batması, orada indi heç kimin yaşamaması haqda məlumatlar bizi sarsıdırdı. Eyni zamanda 30 dərəcə şaxtada həmin yerlərə getməyin həm mümkünsüz, həm də təhlükəli olduğunu deyirdilər. Lakin bu məlumatlar bizi yolumuzdan saxlaya bilməzdi. Bizim təkidli və təkrarsız xahişlərimizdən sonra zirehli maşınlar 1982-ci il oktyabrın 21-də yerli əhalinin "gedər-gəlməz” saydıqları Tayşet şəhərindən 75 kilometr məsafədə yerləşən Şevçenko kəndinə istiqamət aldı. Bu səfərə rəsmi olaraq partiya, hüquq-mühafizə, ədliyyə, səhiyyə orqanlarının məsul işçiləri qatılmışdılar. Bütün ümidlər isə 1941-ci ildə Cavidin "həbs evində”- islah-əmək düşərgəsində keşikçi dəstəsinin rəisi işləmiş 72 yaşlı Darafiy Tradyakola idi.  O, Şevçenkoda 40 min insanın dəfn olunduğu qəbiristanlığın dağılmadığını əminliklə bildirirdi. Oktyabrın 21-də Şevçenko kəndində olduq. Kənd əslində 100 hektarlarla ərazisi olan sərt Sibir meşəsi idi. Məzarlıq tapıldı.  İki saat axtarışdan sonra isə Şevçenko rayon prokuroru Yelena  Xaritinova 59 saylı qəbiri tapdı və qəbrin açılması üçün sanksiya imzalandı və nəhayət, Cavidin qəbri qazıldı. Hüseyn Cavid 59 saylı qəbirdə uyuyurdu... Cavidin cənazəsinin qalıqlarını torpaqdan götürdük. Şəriət qanunlarına uyğun olaraq ehsan verilməklə, həmçinin 100 illik yubileyi ilə bağlı 100 yaylım atəşi ilə Cavidin xatirəsi yad edildi”.

 

Əvvəlcədən planlaşdırıldığı kimi, Hüseyn Cavid Şevçenko-Tayşet-İrkutsk-Moskva-Yerevan-Naxçıvan marşrutu ilə Vətənə "qayıtmalı” idi. İrkutskdan Moskvaya uçarkən stüardessa Həmid Cəfərova Bakıdan gələn tapşırığı çatdırıb: "Heydər Əliyevin göstərişi ilə siz  oktyabrın 26-da 861-ci reyslə Moskvadan birbaşa Bakıya uçmalısınız”. Ulu öndərin tapşırığı ilə marşrut dəyişdirilir: "Bu, adi bir tapşırıq deyildibir tale yazısı idi. Cavidin "ayağı” İrəvana dəyməməli idi. Cavid Bakıdan getmişdi, Bakıya da qayıtmalı idi”.

 

1982-ci il oktyabrın 26-da Cavid öz vətən oğullarının çiynində Bakıya, daha sonra doğulduğu Naxçıvana qayıtdı. "Dahi şairi qızı Turan Cavid, sənət adamları və ictimaiyyətin nümayəndələri müşayiət edirdi. Şəhərin təyyarə meydanı çox izdihamlı idi. Muxtar respublikanın görkəmli adamları, ictimaiyyətin nümayəndələri Cavidin cənazəsini gətirən təyyarəni qarşılamağa gəlmişdilər. Həmin gün H.Cavidin cənazəsinin qalıqları onun vaxtı ilə yaşadığı, hazırda ev-muzeyinə çevrilmiş binaya gətirildi. 1982-ci il noyabrın 3-də Naxçıvan Dram Teatrında vida görüşündən sonra saat 15.00-da Hüseyn Cavid Naxçıvan şəhərində - Cavid bağında torpağa tapşırıldı”.

 

Həmid Cəfərov böyük şairin  cəsədinin uzaq Sibirdən gətirilərək doğma torpağında basdırılması hadisəsinin iştirakçısı olmasını ömrünün ən yaddaqalan hadisəsi adlandırır. Bunu ulu öndərin ona göstərdiyi yüksək etimadı doğrultmaqla bərabər, böyük şairin ruhu qarşısında borcu hesab edir.

 

Hazırda təqaüddə olan Həmid Cəfərov iştirakçısı olduğu hadisə ilə bağlı əldə etdiyi sənədlər əsasında kitab hazırlayır. İllərdən bəri topladığı şəkilləri, bu mövzuda yazılan qəzetləri, jurnalları göz bəbəyi kimi qoruyub saxlayır. Bunu özünün mənəvi borcu sayır. Söz düşəndə, qürurla "fəxr edirəm ki, Heydər Əliyev bu məsuliyyətli işi məhz mənə həvalə etdideyir. 80 yaşlı təqaüdçünün gənclərə tövsiyəsi də var: "Arzum budur ki, böyüyən nəsil repressiya illərinin dəhşətli günləri haqqında məlumatlı olsunlar. Vətənini sevən, onun uğrunda əzablara qatlaşan, sürgünlərdə məhv edilən görkəmli insanları yaxşı tanısınlar. Bu, onların vətənpərvər ruhda böyüməsinə, tarixinə, keçmişinə hörmətlə yaşamalarına kömək edər”.

 

Təranə Məhərrəmova

 

Kaspi 2018.- 9 fevral.- S.6.