Müəlliminin ağlamağını
yadından çıxara bilməyən baş redaktor
Qabil Abbasoğlu: “İnsan gənc
olanda elə bilir ki, dünyanı qaldırıb çevirə
bilər”
Məqsədli, inadkar və hər yerdə ən yaxşı olmaq istəyi ilə yaşıdlarından seçilib. Həyatdakı tək şüarı istənilən sahədə və yerdə hətta sevməsə belə, qarşısında olan vəzifəni mükəmməl və vicdanla icra etməkdir. Ona görə, istər təhsil, istərsə də iş sahəsində tapşırılan işi mükəmməl şəkildə icra edən insanı həyat layiq olduğu yerə gətirir.
Müsahibimiz "Lent.az” saytının baş redaktoru Qabil Abbasoğludur. Q.Abbasoğlunun uşaqlıq, tələbəlik, gənclik illərinə "boylandıq”.
"Hər
dövrün öz kəraməti, üstünlükləri
var”
Q.Abbasoğlu Beyləqanda 9 uşaqlı ailədə dünyaya gəlib. 5 qızdan sonra ailədə çox gözlənilən oğul övladı olub: "İndiki zamana xas olmayan, çoxuşaqlı ailədə dünyaya göz açmışam. Məndən əvvəl 5 bacım doğulmuşdu. Təbii ki, o illər kənd yerində oğlan uşağına ayrıca münasibət var idi. 5 qızdan sonra doğuldum və məndən sonra bir bacım, iki qardaşım da dünyaya gəldi. Böyük ailə idik. İndi özümüzə də izah edə bilmirik ki, 9 uşaqlı, üstəlik atam, anam və nənəmlə bərabər 12 nəfərlik ailə bir kənd yerində necə dolanırdı? Böyük gəlirimiz də yox idi. Amma görünür, hər dövrün öz kəraməti, üstünlükləri var”.
"Atamın
başımızı sığallamağı bizim
üçün toy-bayram idi”
Müsahibimiz deyir ki, uşaq vaxtı kəndin bir çox uşaqları kimi çöldə rahat oynaya bilməyib. Ailədə uşaqlara qarşı xüsusi nizam-intizam hökm sürüb. Atası məktəbdə direktor müavini olduğu üçün bu nəzarət orda da davam edib: "Evdə uşaqlar bəzən valideyn nəzarətindən yayınmaq üçün məktəbə qaçırlar. Bizdə bu da alınmırdı. Məktəbdə üstümüzdə ikiqat nəzarət var idi – həm müəllimlər, həm də atam.
Atam
çox inadkar və sərt adam idi. Bizi çox sevirdi, amma o qədər zəhmli idi ki,
başımızı sığallamağı toy-bayram idi.
Məktəbdə atama görə xüsusi münasibət
hiss etmirdik. Dərslərimi yaxşı
oxuyurdum. Amma bəzən günahım
olmasa belə, atam müəllimə deyirdi ki, dərsini bilməsə,
o birilərə birqat cəza verəndə, Qabili ikiqat cəzalandır”.
"Bizim ata-anamız niyə
filankəsin atası kimi fermada deyil?!”
Müsahibimiz
deyir ki, atasının məktəbdə daha sərt olması
ilk günlər onların uşaq azadlığına məhdudiyyət
yaratsa da, sonra onları daha məsuliyyətli etdiyinin fərqinə
varıblar: "Kiçik qardaşım dəcəl idi. Bir dəfə müəllimlərdən birinin dərsində
mübahisə yaranıb, müəllim taxtayla vurmaq istəyib.
Bu da həmin an qapını açıb
və qaçıb. Müəllim bunu
tapmasın deyə, guya uğurlu gizlənmək yeri tapıb –
məktəbin damına çıxıb. Dama düşəndə görüb ki, atam əlində
taxta orda gözləyir. Müəllimdən
qabaq atamın nəzarətindən çəkinirdik. Bu, bizi daha məsuliyyətli edirdi. O vaxt narahat
olurduq. Deyirdik ki, bizim ata-anamız niyə filankəsin
atası kimi fermada deyil, məktəbdədir. Biz də burada istədiyimizi edərdik. Amma indi anlayırıq ki, onun sayəsində bu yerlərə
gəldik. Təhsildə də, tərbiyədə
də mən hesab edirəm ki, zor yox, mütləq məcburiyyət
olmalıdır. Çünki uşaq o
yaşda nəyin yaxşı, nəyin pis olduğunu tam
ayırd edə bilmir, onu göstərmək və məcbur
etmək lazımdır”.
Müsahibimizin
uşaqlığı ilə bağlı unutmadığı
xatirə kənddə Novruz bayramının təmtəraqla
keçirilməsi olub: "İndi yeni ili daha çox təmtəraqla
qeyd edirlər. Amma o vaxt kənddə Novruz
bayramı xüsusi sevinc gətirirdi. Bayram
ab-havası bütün kəndə yayılırdı.
Bayram bütün göstəriciləri ilə
var idi. Tonqal qalamaqdan tutmuş, papaq atmağa qədər...
Hətta məktəbdə də axır çərşənbə
günü hamı intizarla gözləyirdi ki, kimin
çantasından nə çıxacaq. Hamı
evdən gətirdiklərini bir-biri ilə
bölüşürdü”.
"Müəllimin
ağlamağı yadımdan heç vaxt çıxmaz”
Yuxarıda qeyd etdiyimiz kimi, həmsöhbətimiz
bütün fənləri mükəmməl şəkildə
oxuyub. Kənddən
olimpiadalara gedib, qalibiyyəti ilə yaxınlarını və
müəllimlərini sevindirib: "Rus dili üzrə
olimpiadada qalib olmuşdum. Bir kənd məktəblisinin
qalib olması qeyri-adi qarşılanırdı. Rus dilini yalnız əsgərliyə gedib-gələnlər
bildiyi halda, mən orta məktəbdə artıq rusca ədəbiyyat
oxuyurdum. Çünki rus dili müəllimimizi
çox sevirdik. İşini vicdanla görən
və şagirdlərə yaxın müəllim idi. Ümumiyyətlə, olimpiada ilə bağlı fənn
müəllimləri arasında ciddi mübahisə
yaranırdı. Riyaziyyat, fizika, kimya, rus
dili müəllimlərim hamısı öz fənnindən məni
göndərmək istəyirdi. 9-cu sinifdə
rus dilini seçdim və rayon üzrə birinci yerə
çıxdım. Sonra məlum oldu ki,
rayon birincisi Bakıda respublika birinciliyinə getməlidir.
Bunun üçün də o dövrə aid
olan, rayon səviyyəsində müəyyən miqdar xərc
tələb olunurmuş. İmkanımız
olmadı. Nəticələr artıq elan
olunduğu halda, mənim nəticəmi dəyişmişdilər.
Həmin vaxt müəllimin ağlamağı
yadımdan heç vaxt çıxmaz”.
Uşaqlıqla
bağlı unuda bilmədiyi pis xatirəsi isə riyaziyyat
müəlliminin onu böyük sinif uşaqlarına nümunə
kimi göstərib, onları danlamağı olub: "Bunu
xatırlayanda hər dəfə pis oluram. Bizdən
böyük uşaqlar hansısa məsələni, misalı həll edə bilməyəndə
riyaziyyat müəllimimiz acıqlanırdı. 2 sinif
yuxarıya məni aparıb həmin misalı
lövhədə həll etdirirdi. Həll etdikdən
sonra məni saxlayıb, məndən yaşca böyük
uşaqları möhkəm danlayırdı. Artıq 9-10-cu sinifdə etiraz etdim ki, buna ehtiyac
yoxdur”.
"Tələbə biletini alandan
sonra bir anlıq çökdüm”
Q.Abbasoğlunun arzusu hüquqşünas olmaq olub. Amma
inadkarlığı ona sevdiyi peşənin ardınca getməyə
imkan verməyib. İmtahana 15 gün qalmış taleyini
dəyişib və mühəndislik oxuyub: "Hüquq
fakültəsində təhsil almaq istəyirdim. Çox sevirdim. Hətta sənədlərim
də hazır idi. Ailədə uzun illər
gözlənilən oğlan olduğum üçün məni
ifrat dərəcədə qoruyurdular. O vaxt dayım anama
dedi ki, sən əziyyətlə oğlan böyütmüsən,
necə Bakıya göndərəcəksən? Uşaq tək
qalacaq, başına bir iş gələr. Sənədlərini
Gəncədə Kənd Təsərrüfatı
Akademiyasına versin və bizdə qalıb oxusun,
gözümüz üstündə olar. Mən etiraz etdim və
dedim ki, istəmirəm. Dayım hirslə cavab verdi
ki, heç gör sən ora qəbul ola bilərsən, etiraz
da edirsən? Bu arada deyim ki, dayılarımı
çox sevirdik və onların sözündən
çıxmamağa çalışırdıq. Elə onlar da bizi çox istəyirdilər və
görünür, bu təklifi də narahat olduğundan
vermişdi.
Sənədlərimi cırdım və yenidən xasiyyətnamə
alıb, Kənd Təsərrüfatı Akademiyasına getdim. O vaxt üçün təəccüblü
sayılırdı - rüşvətsiz qəbul oldum. Tələbə biletini alandan sonra bir anlıq
çökdüm ki, mən neynədim, axı hüquqa
hazırlaşırdım. İnada getdim və
taleyimi dəyişdim. Təbii, şikayətçi
deyiləm. Ora da ciddi təhsil ocağı
idi və gözəl tələbəlik illərim keçib,
çox gözəl və indi də unutmadığım
müəllimlərim olub. Hələ də
bir yerdə olduğum, dostluq etdiyim tələbə
yoldaşlarımı tapmışam orda.
Beləliklə, universitetinin hüququna
hazırlaşıb 15 gün içində sənədlərimi
dəyişib mexanikləşdirmə fakültəsinə
verdim”.
"Məni qəhrəman kimi
qarşıladılar”
Hüquq
fakültəsini arzulasa da, mühəndisliyə də mükəmməl
şəkildə yiyələnib: "Riyaziyyatdan qəbul
imtahanı idi. İmtahanı televiziya ilə
translyasiya edirdilər. Çöldə isə
valideynlər baxırdılar. Müəllim
"5” vermək istəmirdi. Dirəndim ki,
mən "5” istəyirəm. "4”
yazanda əlimi qiymət kağızının üzərinə
qoydum ki, yazma. Sonra mənə suallar verdilər
və cavablandırıb "5” aldım. Məni
çöldə qəhrəman kimi qarşıladırlar.
Sevdiyim sahə olmasa da, zəhmət və məsuliyyət
hesabına mühəndisliyi qırmızı diplomla bitirdim.
Bəzi tələblər var ki, həyatın
bütün sahələrindən əllərini üzürlər
və kitab-dəftər qurduna çevrilirlər. Mən elə deyildim. Hər
anımı maraqlı, gözəl və aktiv
yaşamışam. İctimai işlərdə
də fəal idim. Hətta
uşaqlıqdan şahmat oynayır, müəyyən idman
növləri də məşğul olurdum”.
"Universitetdən xaric edirdilər”
Müsahibimiz
tələbəlik illərində başlayan azadlıq hərəkatının
aktiv iştirakçılarından olub:
"Günümüz çöllərdə keçirdi,
gizli toplantılar edirdik. O vaxt dövlət qurmaq, müstəqillik
üçün mübarizə aparmaq yaşıdlarım
arasında kimlərəsə xəyal kimi
görünürdü. Hətta prorektor mənə
deyirdi ki, sən SSRİ boyda vətənə xəyanət
edirsən, necə təsəvvür edirsən ki, Azərbaycan
müstəqil dövlət olacaq?! Biz də
deyirdik ki, Azərbaycan müstəqil olacaq, siz də həmin
günü görəcəksiniz. Bu, mənim
yolum idi. Bir dəfə universitetdən
xaric etmək istəmişdilər. Əmrim
də yarım saat divardan asılmışdı. Qrupda uşaqlar mən gələnə qədər
üsyan etdilər və əmri ləğv etdirdilər”.
Universiteti
qırmızı diplomla bitirsə də, diplomu indiyə qədər
çemodanda qalıb: "Diplomumdan heç vaxt istifadə
etmədim. Bakıya gəlmək istəyirdim.
Bilirdim ki, ölkənin nəbzi Bakıda
döyünür. 3-cü kursdan
jurnalistikanı seçmişdim. O vaxt "Yeni
Müsavat” gizli nəşr olunurdu, Rauf Arifoğlu ilə
tanışlığımız o vaxtdan başlayıb. Tələbə kimi onunla işləyirdim, kömək
göstərirdim, yazı yazırdım. Universiteti
bitirdim, "Azərtac”ın Gəncəbasar İnformasiya Mərkəzi
yaradıldı, məni də ora baş redaktor təyin etdilər.
Bir il sonra öz arzumla işdən
ayrılıb, Bakıya gəldim. Və aktiv
jurnalistika dövrü başladı”.
"İlk maaşım 25 manat idi”
Müsahibimiz
ilk pulunu da jurnalistikadan qazanıb: "Yeni Müsvat”ın
gizli çıxan vaxtları idi, yazı yazmışdım.
Rauf Afiroğlu mənə 25 manat qonorar verdi.
Bu pulla bir tələbə bir ay dolana bilərdi.
Amma mənim sözüm var idi. Valideynlərimə hədiyyə, evimizə
şirniyyat, özümə də Ağdam bazarından
köynək aldım. Üstəlik, kənddə
yaxın qohumumuz olan yaşlı bir qadın vardı, mən
dünyaya gələn gün anam ona söz vermişdi ki,
böyüsün, ilk maaşından hədiyyə alacaq sənə.
O qadına da paltarlıq parça almışdım”.
"Gənclik dünyanı
qaldırıb, çevirə bilər”
Sonda gənclərə məsləhət verən müsahibimiz vurğuladı ki, gəncliyin yenilikçi olduğunu hər zaman anlayıb və onlara dəstək olub: "Sokrat hələ o zaman deyirdi ki, müasir gənclik korlanıb. Hər dövrdə belə olub. Hər nəsil, özündən sonrakından narazı olub və hər sonrakı nəsil də özündən əvvəlkini inkar edib. Mən indiki gəncləri başa düşürəm. Düzdür, darılıram, amma başa düşürəm. Mən gəncliyin etirazçı ruhunu çox rahat qəbul edirəm. Fərqli düşüncəni də anlayıram. İnsan gənc olanda içindəki gücü hiss edir, elə bilir ki, dünyanı qaldırıb çevirə bilər. Sadəcə, bir məqam var. İnkar edirsənsə, yeni bir şey təklif etməlisən. Məsələn, biz o vaxt quruluşa etiraz edirdik. Amma əvəzində təklifimiz vardı – istiqlal. Deyirdik SSRİ dağılsın, əvəzində müstəqilliyimiz olsun. Gəncləri, gənclik ruhunu anlayıram, sevirəm. Həm də istəyirəm ki, yeni bir şey təklif etsinlər”.
Aygün
ƏZİZ
Kaspi.-2018.-23 fevral.-S.12