Azərbaycan onun sərgi
salonudur
“Əşyaların
taleyi” layihəsi
Ziyadxan Əliyev: "Elə adamlar da
var ki, aldığı rəsmə sənət əsəri
kimi yox, müəyyən qədər pul kimi baxırlar”
Elə insanlar var ki, onlar əsl sənət
adamlarından yazmağı, istedadlı insanları
unutmamağı, xalqın mənəvi yatırına
çevrilmiş şəxsiyyətlərini daim diqqətdə
saxlamağı özlərinə əqidə, amal borcu hesab
edirlər. Onların gördüyü işlərin miqyası,
əhatəsi o qədər genişdir ki, mübaliğəsiz
deyə bilərəm ki, fəaliyyətləri dövründə
bir elmi mərkəz həcmində işlərə imza
atıblar. Belə şəxslərdən
biri də rəssamlığımızı dünəni və
bu günü ilə tanıtdırmaq üçün,
bioqrafik əsərlər, kitablar yazan, Rəssamlıq
Akademiyasında dərs deyən Ziyadxan Əliyevdir. Ziyadxan müəllim sənət
dünyamızın, rəssamlığımızın
çox sirlərinə, dərinliklərinə bələd
bir insandır. Onun zövqü, tükənməz
araşdırıcılığı, haqqında
yazdığı obyektə sənətin həqiqi
meyarları ilə yanaşımı, Ziyadxan Əliyevi
çoxlarının sevimlisinə çevirib. Sənətşünaslarımız
çoxdur, ancaq rəssamlığımızın gündəmini
müəyyənləşdirən az adam
var. Ziyadxan müəllim rəssamlıqla mətbuatın,
oxucuların arasında canlı bir körpüdür.
Dəfələrlə
söhbətlərimizdə hiss etmişəm ki, rəsm sənətimizin
araşdırılmamış yönləri haqqında tədqiqatların
az olması, yaxud olmamağı onu
yandırıb-yaxır, ürəyini əridir. Gücü, imkanı daxilində
çalışır ki, yazsın, bildiklərini gələcəyə
çatdırsın, ancaq bütün böyük
düşünən insanlar kimi onun da vaxtı,
yazıb-yaratmaq eşqi ilə fiziki imkanları bərabər
deyil. Bu cür "institut insanlar”ın
varlığını duymaq insana güc-qüvvət verir.
Ziyadxan müəllimin həm də böyük rəsm
kolleksiyası var. Azərbaycanın say-seçmə rəssamları
ona müxtəlif işlərini bağışlayıblar. Ziyadxan müəllim
üçün o sənət əsərlərinin qiyməti
böyükdür. Əlbəttə, onlar
adi əşyalar deyil, ancaq maddi mənada əşyalardılar
və Ziyadxan müəllimin ömrünün qızıl illəri
onların sənət fəlsəfəsini öyrənməyə,
haqlarında yazmağa, tələbələrinə
aşılamağa gedib. Bu baxımdan,
Z.Əliyevin həyatında sənətə aid əşyaların
müstəsna yeri var. "Əşyaların taleyi” layihəmizin
budəfəki qonağı, Əməkdar İncəsənət
xadimi, sənətşünas Ziyadxan Əliyevdir.
– Əşyalar, onların
mahiyyəti, ötəriliyi, yaxud qalıcılığı
sizin qavramınızda, dərkinizdə hansı özəl mənanı
ifadə edir?
–
Çox qədim zamanlardan insanlar əşyalara münasibətdə
bir-birindən fərqləniblər, bir adamın belə
ayrı-ayrı əşyalara münasibəti fərqli olub. Adi məişət əşyalarından tutmuş
qiymətli zinət əşyalarına kimi. Zaman keçdikcə bu cansızlar həyatımızın
bir hissəsinə çevriliblər, bizə əziz olublar.
Hətta elə əşyalar var ki, onları həmişə
özümüzlə gəzdiririk, yaxud evə qayıdanda o əşyanı
görüb sevinirik, onunla yenidən təmasda olmaqdan məmnunluq
duyuruq. Mən də belə başa
düşürəm ki, hər bir əşyanın öz həyatı
var. Beləliklə, hər hansı bir əşya insanın həyatına
zənginlik bəxş edə bilir. Elə
əşya var ki, onun otaqda olması, ümumilikdə evin
aurasına müsbət təsir göstərir. Məsələn, götürək otaqda divara
vurulmuş maraqlı bir portreti, biz ona saatlarla baxıb düşünə
bilərik ki, rəssam burada nə demək istəyib, yaxud bu təbəssümün
altında hansı sirli mətləblər gizlənir? Əşyalar
insanı müəyyən qədər
duyğulandırır, keçmişə aparır. Tutalım, bir əşyanı uşaq vaxtı bizə
alıblar, indi nəyisə axtaranda evin bir guşəsindən
uşaqlığının həmin xatirəsi
çıxır, qəribədir, elə deyilmi?!
– Bu gün sizin üçün əhəmiyyətli
olan dörd əşya haqqında danışacağıq. Niyə məhz bu dörd əşyadan
danışmaq istədiniz? Onların sizin
üçün müstəsnalığı nədədir?
– Onlar mənə
görə təsviri sənət məkanının nəhəngləri
ilə bağlıdır. İlk növbədə
Səttar Bəlulzadənin mənə
bağışladığı əsərdən
danışaq. Mən hələ Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq
Məktəbində oxuyanda onunla
tanışlığımız başladı, belə deyək,
həm də ailəvi dostluq münasibətlərimiz var idi, o
ərəfələrdə onun emalatxanasına tez-tez gedib-gələrdim.
Diplom işimin müdafiəsində də Səttar
müəllim iştirak eləmişdi. Mən
təhsilimi qırmızı diplomla başa vurdum, bu hadisədən
çox fərəhlənmişdi. Bir ara
mənə "dayılıq” eləmək istəyirdi, dedi gəl,
İncəsənət Universitetinin rektoru Aslan Aslanovdan
xahiş edim, səni rəngkarlıq fakültəsinə
keçirək. Dedim ki, yox, mən rəssam olmaq istəmirəm.
Maraqla niyəsini soruşdu, arzumu söylədim, dedim ki, mən
sənətşünas olmaq istəyirəm. Bu
sözümdən çox məyus oldu, bərk əsəbiləşdi
ki, sən nə danışırsan, bu cür rəng
hissiyyatın var, niyə belə eləyirsən? Mübahisəmiz çox çəkdi. Hətta indi də hərdən
düşünürəm ki, mən o boyda kişiyə necə
"yox” deyə bildim. Amma arzu arzudur, onun arxasınca getmək
mənim üçün, onda daha ali dəyər
idi, elə indi də. Çox şükür
ki, gec-tez məni başa düşdü, istəyimə
hörmətlə yanaşdı, bu mövzuda
axırıncı söhbətimizdən sonra məni
qucaqladı, uğurlar dilədi. Sonra rəflərə
yığılmış arxivinə üz tutdu. Qayıdanda əlində 1963-cü ildə işlədiyi
"Torpağın arzusu” əsərinin ilk eskizi vardı.
Onu və bir neçə başqa əsərini də
bağışladı mənə, dedi ki, əgər gələcəkdə,
həqiqətən, sənətşünas olacaqsansa, onda
bunlar sənə lazım olacaq. Həmin əsər,
həqiqətən, misilsiz bir sənət nümunəmizdir,
indi İncəsənət Muzeyimizin bəzəyidir və mənim
üçün böyük xoşbəxtlikdir ki, onun ilkin
variantı məndə durur. Bu əsər,
həm sənət baxımından, ilklərə, yaranan
öncəki ideyaya hörmət baxımından, həm Səttar
kimi bir nəhəngdən yadigardır deyə, həm də mənim
sənətşünaslıq yoluma bir növ yaşıl işıq
olduğuna görə dəyərlidir. Bir
növ xeyir-dua idi, özünün də dediyi kimi, gələcəkdə
mənə çox lazım oldu, ən çox da mənəvi
dəstək baxımından.
Ondan qalan digər yadigar Məhəmməd Füzulinin
"Qəsidələr”inə çəkdiyi rəsmdir. 1973-cü ilin
dekabrın sonlarında Şamaxıya səfərimiz oldu.
Yeni ili də birlikdə, orada
qarşıladıq. Axşam oturmuşduq evdə,
söhbət klassik poeziyadan və incəsənətdən
düşdü, xeyli danışdı. Onun
söhbətinin əvvəli də, axırı da Füzuli
ilə bağlı idi. Xasiyyətini bilirdim,
qarşısına həmişə ağ
vərəqlər, təxminən A4 həcmində
kağızlar qoyurdum, söhbət eləyə-eləyə
bir də baxırdın ki, əli işləyir. Danışa-danışa nə qədər Leylilər,
Məcnunlar çəkmişdi. Azərbaycandakı bəlkə
də bütün rəssamların bu mövzuda çəkdiyi
rəsmlərin cəmi Səttarın təkbaşına
çəkdikləri qədər ola bilməz.
Onun yaradıcılığına Füzuli
motivləri həmişə üstün yer tutub. Mətləbə
qayıdaq, deməli, vərəqə baxdı, belə
qıyqacı, qarşısında şairin qəsidələr
kitabı var idi, bir qədər kitabı vərəqlədi və
qəfildən də onu bağladı. Ondan
"Kitabda çatışmayan bir şey yox idi?” deyə
soruşdum. O saat da "Şairin portreti yoxdur, çəkim?”
dedi. Dedim,
çək. Çıxartdı flasmasterlərini.
Şairin vəfatının 400 illiyi münasibəti
ilə külliyyatını dərc eləmişdilər.
O vaxt heç Füzuli yaradıcılığına həsr
olunan illüstürasiyalar da hələ çox yayğın
deyildi, "Qəsidələr” kitabı da 1958-ci ilin nəşri
idi. Götürdü elə kitabın titul vərəqinin
üstündə şairin rəngli bir portretini işlədi.
Sonradan bu portret heç yanda nümayiş
olunmayıb. İlk dəfə sizə bu
haqda danışıram, ilk dəfə bu söhbətdə
görəcəklər həmin fotonu.
Növbəti əşya SSRİ xalq rəssamı
Mikayıl Abdullayevin çəkdiyi rəsmdir. Rəssamın
hələ sağlığında onun haqqında bir neçə
məqalə yazmışdım. Azərbaycan
Televiziyasında uşaqlar arasında rəsm müsabiqəsi
keçirilirdi, məsuliyyət mənim üzərimdə
idi, tez-tez rəssamı da dəvət edirdik ki, ümumi
gedişatla tanış olsun. Aramızda xoş münasibət
yaranmışdı. Hər dəfə
görəndə mənə deyirdi ki, sənə borcluyam.
Axır bir gün soruşdum ki, Mikayıl müəllim,
nə borc? Dedi haqqımda bir neçə dəfə məqalələr
yazıbsan, mən də sənə rəsm
bağışlayacağam. Düzü, sevindim, amma təvazökarlıq
edib dedim ki, bağışlasanız da olar,
bağışlamasanız da.
Ondan sonra rəssamı tez-tez Azərbaycan Milli İncəsənət
Muzeyində görürdüm. Hər dəfə
üz-üzə gələndə deyirdi ki, sənin məsələn
qalıb e, sənə rəsm söz vermişəm. Bir
gün də beləcə görüşəndə dedi ki,
tapmışam. Soruşdum, nəyi? Dedi, sənin
məsələndən çıxış yolunu. Təəccüblə baxdım. Dedi, gəl
bir iş görək, içində həm sən ol, həm
də mən. Anladım ki, portretimi çəkmək
istəyir. Təbii, mənim
üçün də böyük şərəf idi ki, xalq
rəssamı portretimi çəkir. Soruşdum, nə
vaxt gəlim, dedi sabah. Səhər
gəldim "Olimp” mağazasının yanındakı rəssamlar
evinə, akvarellə portretimi çəkdi. 1989-cü ildə çəkilib bu rəsm və mənim
üçün ən dəyərli əşyalardan biridir.
– Söhbətimizdən sapmadan indi qəlbimdə
yeni sual yarandı. Sizcə, hansı sənət
bağlılığı və dünyagörüşü
forması Səttar Bəhlulzadəni sövq edirdi ki, dəfələrlə
Füzuliyə, "Leyli və Məcnun” mövzusuna müraciət
etsin?
– Deyim ki,
"Leyli və Məcnun” haqqında onun dediyi fikirlər ədəbiyyatşünaslığa
dair heç bir kitabımızda yer almayıb. Yəni
bu cür düşüncəyə çox vaxt heç ədəbiyyat
adamlarının özündə də rast gəlmək
olmaz. O deyirdi ki, "Leyli və Məcnun” nəsihətnamədir.
Ona görə bu poemaya ayrı-ayrı zamanlarda, müxtəlif
epoxaların şairlərinin təkrar-təkrar müraciətinin
səbəbi də bunda idi: əsər cəmiyyətə
öyüd-nəsihət verir ki, ay insanlar, belə sevmək
olmaz. Yəni Məcnunun Leyliyə
qovuşmamağının səbəbi, onun eşqin
ünvanını səhv salmasındadır. Məcnun İlahi eşqin ünvanını səhv
salmışdı, Allaha olan sevgini yönəltmişdi Leyliyə.
Taleyinin belə alınması da Allahın ona
verdiyi cəza idi. Yüz Nizami, yüz Füzuli
olsaydı, bu hekayənin sonunda aşiqləri qovuşdura bilməzdi.
Bax, belə düşünürdü Səttar.
Bir dəfə Arif Məlikova dedi ki, niyə "Leyli və Məcnun”
baleti yazmırsan? O da cavabında dedi ki, sən tərtibatını
versən, yazaram. Rəssam razılıq verdi,
amma, görünür, qismət deyilmiş. Az
sonra rəssam dünyasını dəyişdi...
Fizulinin qəzəlləri də dilindən düşməzdi
Səttarın. Məsələn, ən çox bunu təkrar edərdi:
Pənbeyi-daği-cünun
içrə nihandır bədənim,
Diri olduqca libasım budur, ölsəm, kəfənim.
Soltan Nəcəfovun oxuduğu qəzəllərə
qulaq asırdı, daha çox işləyə-işləyə
dinləyərdi. Klassikaya, həqiqətən, hörmətlə,
sevgi ilə yanaşırdı. Və bu
bilgilər onun rəsmlərinə də yansıyırdı.
Füzulinin qəzəllərinin məna
çoxqatlılığı Səttarın əsərlərinə
hopmuşdu.
– Əgər əşya kimi
yaradılsaydınız, hansı əşya olmaq istəyərdiniz?
–
Düzünü deyim, mən də elə kitab olmaq istərdim.
Bir kitab oxunursa, deməli, öz
funksiyasını yerinə yetirir. Kitab
yazılanda, çap olunanda yox, oxunanda kitab olur. Məni kimsə, nə vaxtsa oxuyacaqsa, deməli, mən
də lazımam, bu mənada, ən ideal, məna yüklü əşya
elə kitabdır.
– Mikayıl Abdullayev də
klassik irsə çox müraciət edib. Sizcə, Mikayıl Abdullayevin "Məcnun”
təfəkkürü ilə Səttarın Bəhlulzadənin
"Məcnun”u arasında nə kimi fərqlər var?
– Azərbaycan
rəssamlığında savadlı adamlar az
olublar. Müşahidələrimə əsəsən
deyə bilərəm ki, əksər rəssamlar birtərəfli
inkişaf ediblər. Yəni onlara bu təlqinmi
edilib, ya özləri belə qənaətə gəliblər
ki, əl işləyirsə, istedad varsa, sənətin bilgi tərəfini
düşünmək lazım deyil. Adını çəkdiyin
şəxslərin hər ikisi Azərbaycanın az qisim savadlı rəssamlarındandırlar. Hətta
düşünürəm ki, Mikayıl Abdullayev rəssam
olmasaydı, yaxşı yazıçı ola
bilərdi. Bunu onun mətbuatdakı
çıxışlarından da duymaq olardı.
Mikayıl Abdullayev "Leyli və Məcnun”a daha real
münasibət sərgiləyirdi. Səttarda isə
romantika, fəlsəfi qatlar özünü daha qabarıq
büruzə verir.
– Məncə,
elə yaşayışları da elə olub...
– Hə,
doğru təsbitdir. Mikayıl daha səliqəli
rəssam idi. Səttarsa zahirən "səfil”ə
oxşayırdı. Səttar rəssamlığa yeni
söz deməyə gəlmişdi, dedi və getdi. 65 illik ömür həmin ürək
sözünü demək, tarixdə qalmaq, Azərbaycan rəssamlığına
yeni fəlsəfi mənzərə gətirmək
üçün ona kifayət etdi.
Rəssamlıqda janrları pillələr üzrə
götürsək, birinci yerdə süjetli tablo, ikinci yerdə
portret durur. Amma Səttar sənətkarlığı sayəsində
mənzərəni gətirib onların yanına qoydu. Mahiyyət etibarı ilə bunu hər rəssam edə
bilməzdi. O, mənzərə janrını birincilər
sırasına qaldırdı, sevdirdi. Mən həmişə
bunu deyirəm, Səttar Bəhlulzadə Azərbaycan təbiətini
tanımaq üçün yox, tanıtdırmaq
üçün çəkirdi.
– Səttarla
bağlı bir əhvalat da danışırlar.
Xalçaçı rəssam Eldar Mikayılzadə gənc
olanda etüd çəkdikləri əsnada S.Bəhlulzadə
molbertini hara qoyurmuşsa, gənc rəssam da gətirib
onun arxasına qoyurmuş. Bunu görən Səttar hirslənərək
ona deyib ki, get özünə "toçka” tap...
– Hə,
olub belə bir hadisə. Hər kəsin öz
baxış bucağı olmalıdır. Sən
dünyaya başqasının gözü ilə baxa bilməzsən.
Hər kəs öz tərəfini müəyyənləşdirməlidir.
Səttarın emalatxanası cavanların
emalatxanası idi. O, əvvəllər dərs də
demişdi. Bir dəfə soruşdum ki, niyə
dayandırdın bunu? Dedi ki, müəllimlik çox məsuliyyətli
işdir. Tələbəni təqlidçi eləmək
istəmirdi, həm də enerji sərf edirdi, özünə,
öz işlərinə həvəsi qalmırdı.
– Bu heykəl
barədə də danışaq.
– Mən ali təhsilimi Sant-Peterburq şəhərində
almışam. İ.Repin adına Rəngkarlıq,
Heykəltəraşlıq və Memarlıq İnstitutunda. Və mən orda diplom işi olaraq, Macar heykəltəraşı
İştvan Kişin yaradıcılığını
seçmişdim. Ona məktub yazdım ki,
əsərlərinizin fotosunu mənə göndərin,
haqqınızda diplom işi yazmaq istəyirəm. 15-20 gündən sonra mənə cavab məktubu gəldi.
Çox nazik bir məktub idi. Hələ yazdığını oxumamış
hirsləndim ki, mən foto istəmişdim, o mənə nə
göndərib. Açdım tələsik,
gördüm dəvətnamədir. Yanında da qeyd edib:
sizi Macarıstana dəvət edirəm ki, gəlib bu heykəlləri
özünüz öz gözünüzlə görəsiniz
və daha rahat yazasınız. Məni yüksək
səviyyədə qarşıladı. İki
həftə qaldım Macarıstanda. Onun
Macarıstanın müxtəlif şəhərlərində
50-dən çox heykəli qoyulmuşdu, Macarıstanın
Xalq rəssamı idi. Mən də şəhər-şəhər
gəzib, o heykəlləri gördüm. Qayıdanda mənə
bir neçə hədiyyə verdi. Biri də məşhur macar şairi Endre Adinin balaca
tunc heykəli idi. Özü də əlavə
elədi ki, nadir hallarda hədiyyə verir və mən
türk övladı olduğuma görə bunu xüsusi sevgi
ilə bağışlayır. Onu da deyim
ki, orada olduğum müddətdə, mənim şərəfimə
bir ziyafət təşkil eləmişdi, orda Macarıstan
ziyalıları da iştirak edirdilər. Bir az içəndən sonra, məclisin şirin
yerində, gəldi durdu başımın üstündə, əlini
qoydu çiynimə, dedi ki, sən işə bax, gör
türk gəlib hara çıxıb? Məclis
davam elədikcə, iki dəfə ayrı-ayrı vaxtlarda bunu
təkrar elədi. Üçüncü dəfə
demək istəyəndə, mən soruşdum ki, bəs sizin
milliyyətiniz nədir? Bəs siz
Atillanın nəticələri deyilsiniz? Mən belə
deyəndə tutuldu, oradakı adamlara baxıb dedi ki, o hər
şeyi bilir. O dövrdə belə şeyləri
danışmaq asan deyildi. Bir də bizim onlara
"macar” deməyimiz çox xoşlarına gəlirdi.
Onlar özləri-özlərini "madiyar”
çağırır.
Məndə başqa dəyərli əsərlər də
var. Amma mənim üçün ən qiymətliləri
bunlardır. Demək olar ki, yazı həsr elədiyim
bütün rəssamlar mənə öz əsərlərindən
bağışlayıblar.
– Azərbaycanda
böyük rəssamlar say baxımından
böyük şairlərdən çoxdur, ancaq bizə
"şair xalq” deyirlər "rəssam xalq” yox.
– "Şair xalq” – biz bu sözü Azərbaycan daxilində
işlədirik. Yəni şair xalq kimi
özümüz-özümüzü tanıyırıq,
amma rəssam xalq kimi bizi bütün dünya tanıyır.
Çünki rəssamlığın tərcüməyə
ehtiyacı yoxdur. Əslində, bu sənətin
gücü də ondadır. Amma
poeziyanı başqa dillərə çevirmək
lazımdır, o da nə dərəcədə uğurlu
alınacaq, alınmayacaq, sual altındadır. Ümumən də deyim ki, bizim xalq istedadlı
xalqdır. Bir dəfə statistikaya
baxırdım, dünyanın ən istedadlı xalqları
sırasında italyanlar birinci yerdə idi, ikinci yerdə isə
türklər qərar tutmuşdu.
–
Topladığınız əşyaların hansı birininsə
və ya ümumən əşyaların uğur gətirdiyinə
inanırsınız?
– Satanda gətirir (gülür). Bir məsələni deyim, Səttar yaşadığı müddətdə heç vaxt əsərlərinin əsl dəyəri müqabilində bəxşiş almadı. Amma o həyatda olmayanda, xüsusən də, müstəqillik dövrümüzün ilk illərində, çoxusu da ziyalılardan ibarət bir qrup adam onun rəsmlərini satmaqla həyatlarını dəyişdilər, ağ günə çıxdılar. Səttar sağlığında bir nəfərə də olsun rəsm satmamışdı, onun 200-ə yaxın əsəri satılmışdı, o da yalnız dövlətə. Qalan hamısını çəkib dostlara, tanışlara bağışlamışdı. Gedib bir kəndlinin evində qalardı, çöldə-düzdə gəzərdi, nəsə çəkərdi, sonra da çəkdiyini bağışlayardı həmin kəndliyə, çıxıb gələrdi. İndi nə qədər çalışsaq da, o əsərləri yığıb, toplayıb qurtara bilmirik. Azərbaycan onun sərgi salonudur.
– Bir zaman sizə
əziz olan bir əşya zaman keçir, əvvəlki dəyərini
itirir. Bu barədə nə düşünürsünüz?
– Mən çalışmışam hər adamdan yazmayım. Bu baxımdan, onlar özləri də, mənə bağışladıqları əsərlər də hələ də mənim üçün dəyərlidir. O qədər əsərlərini təqdim etmək istəyən rəssamlar olub ki, qəbul eləməmişəm. Çünki bilmişəm ki, ona evimin bir hissəsini verə bilmərəm, lazımsız əşya kimi aparıb evin bir küncünə ata da bilmərəm.
– Bəs ümumən?
– Bir rəsm ki, çəkdiyi ürəyin istəyindən doğulur, o əsərlər həmişəyaşarlıq qazanır, əşya kimi də mahiyyəti dəyərli olur. O əsər ki ideologiyaya xidmət elədi, sifarişlə araya-ərsəyə gəldi, onun əşyavi taleyi də qısaömürlüdür. Məsələn, Sovet dövründə çəkilmiş bir çox rəsmlər sahiblərinə çoxlu pullar qazandırsa da, artıq mahiyyətini itirib, bir növ inventara çevrilib.
– Sovet
dövründə dahilərin yubileyləri ərəfəsində
rəssamlara sifarişlər verilirdi. Necə
düşünürsünüz, bu ənənəni davam
etdirmək lazımdır, yoxsa,
sənətkarın ürəyindən gəlməsə,
bir rəsmi çəkməməlidir? Yəni yubiley məqsədi
ilə çəkilsə də, gözəl əsərlər
ortaya çıxa bilərmi?
– Bəli,
Nizaminin portreti necə meydana çıxdı? O şəkillər
yubiley səbəbindən çəkilmişdi. Halbuki, əvvəllər şairin obrazının
necə olmasına dair sabit fikir yox idi. 1940-cı
ildə ümumittifaq müsabiqəsi keçirildi, Qəzənfər
Xalıqovun çəkdiyi rəsm əsəri portret rəngkarlığı
nümunəsi kimi xüsusi seçildi. Füzulinin
də portreti bu cür çəkilib, Sadıq Şərifzadə
1958-ci ildə yubiley münasibəti ilə çəkib həmin
rəsmi. 1973-cü ildə Mikayıl
Abdullayev Nəsimini canlandırdı. Amma nə
olur-olsun, uğurlu alınmasını
arzuladığımız əsəri ürəkdən
çəkməliyik. Rəhmətlik Səttar deyirdi ki,
rəssam sərgidə iş göstərmək
üçün rəsm çəkməməlidir, ürəkdən
gələn bir mövzu əsərə çevrilməlidir.
Elə adamlar da var ki, aldığı rəsmə sənət əsəri kimi yox, müəyyən qədər pul kimi baxırlar. Həqiqətən də bir rəssamın sağlığında çəkdiyi əsərlər nə qədər baha satılır-satılsın, dünyasını dəyişəndən sonra ikiqat, üçqat dəyərə minir.
– Hacı Zeynalabdin Tağıyevin məşhur rəsminin bərpası haqqında ilk dəfə siz əhatəli yazıbsınız. İstərdim söhbətimiz həmin tarixçəyə yön alsın.
– 1989-cu il idi. O vaxt Hacı Zeynalabdin Tağıyevin adının mətbuatda çəkilməsi cinayət sayılırdı. Milyonçu adam idi, Sovet hökumətinin də milyonçu ilə nə işi ola bilərdi? Mən "Bir portretin tarixi” adlı məqalə yazdım. Rus rəssamı İ.Brodski 1912-ci ildə Bakıya gəlib, o vaxt Texniki Məktəb deyilən yer olub Bakıda, indiki Neft Akademiyasının binası. Məktəb üçün içində Nikolay və başqaları olmaqla beş portret işləməli imiş İ.Brodski. O binanın himayədarı Hacı olduğu üçün birinci onun portretindən başlayıb. Bir az işləyib, görüb Hacı yatır. Onda Tağıyevin yaşlı vaxtları imiş. Rəssam gedib dərzidən maneken alıb, Hacının pencəyini geyindirib ona. O vaxt dəbdə idi, Tağıyev də bunu xoşlayırmış ki, bütün medalları görünsün. Əvvəl bu hissəni işləyib, Tağıyevin üz cizgilərini də sonradan işləyərək rəsmi tamamlayıb. Bitirincə haqqını açıqlayıb – 2000 rubl. Tağıyev buna danışıb ki, hələ fəhlə olanda bir gün daş yonmağına görə 6 qəpik pul alırmış: "Səhərdən axşama qədər işləyib o 6 qəpiyi alırdım, amma sən gəlib burda fırça sürtüb 2000 istəyirsən”. Deyib, vermirəm. O vaxt rəssamlıq məkanı yəhudilərin əlində imiş, bu rəssam da yəhudi imiş. Gedib şikayət edib. Deyiblər ki, əlində müqavilən varsa, get məhkəməyə ver. Tağıyevin də həmin dönəmdə Behbudov adlı bir şəxslə məhkəmə çəkişməsi var imiş. Tağıyev onsuz da yorulubmuş bu get-gəllərdən. Ona görə də, deyib, verin onun iki minini, rədd olub getsin. Bu haqda məqalə yazdım, həmin yazı çox böyük hay-küyə səbəb oldu. Bir təşkilat var idi, sonradan mənə müraciət edib dedilər ki, bizə kömək elə, ərizə yazıb müraciət edək, Tağıyevə heykəl qoymağa icazə versinlər. Halbuki Sara xanımın müraciət etmədiyi yer yox idi. Kremlə kimi gedib çıxmışdı. İddiası da bu idi ki, niyə Tolstoya qraf deməyən hökumət, Tağıyevi milyonçu olduğuna görə qınayır.
Məqaləni yazandan sonra getdim milyonçu qızının yaşadığı o birotaqlı mənzilə. Tək yaşayırdı, çox getmişdim ora, amma həmin gün qapını açan kimi məni bərk qucaqladı, otağa keçəndə gördüm ki, masanın üstü qəzetlə doludur.
Dedi ki, yolda bir kişiyə rast gəlmişəm, mənə dedi ki, atanızın portretini bərpa edirəm. Fərhad Hacıyev olub həmin adam. Moskvada bərpa kursu keçib gəlmişdi. O vaxt muzeylərə gedib, xarab əsərləri tapıb bərpa edirmiş. Tağıyevin evi olan muzeydə görüb ki, altda, toz basmış yerdə bir kətan gözə dəyir. Neçə dəfə soruşub, deyiblər ki, boş şeydir. Amma ona maraqlı gəlib, fəhləyə 5 manat verib, çıxartdırıb o rəsmi. Və onu bərpa eləməyə başlayıb. Beləcə, əsər xilas edilib...
Söhbətləşdi:
Fərid Hüseyn
Kaspi 2018.- 24 fevral.- S.12-13.