“O mahnılar qəlbimin sevgisindən, hərarətindən yoğrulub

 

Ürəkləri fəth edən nəğmələrin müəllifi İlhamə Quliyevanın vəfatından iki il ötür

 

İlhamə Quliyeva oxuyurdu... Səsi dalğa-dalğa yayıldıqca, könüllərin pünhan duyğularını dilə gətirirdi. İlhamə Quliyeva oxuyurdu... Dodaqdan qəlblərə süzülən mahnıları dinləyənləri ötən günlərə qaytarır, acılı-şirinli xatirələrini dilləndirirdi. İlhamə Quliyeva ”Ayrılıq nəğməsi”, "Qaragilə” oxuyurdu, "Yaşın nə fərqi var”, "Unut məni” deyirdi... Oxuduqca, səsi könülləri kaman kimi titrədirdi. Mahnılarında sevgi də vardı, nisgil də, həsrət də, sevinc də. Qəlbi həmişə gənc olan müğənninin mahnıları insanları sevməyə çağırırdı.  İlhamə sevgini tərənnüm edirdi, bütün qəlblərə bu gözəl duyğunu hakim olmağa səsləyirdi. "Sevirəm, hamı sevilsin”, "Sevginin qədrini bilək”, "Sevgi qəlbi titrədir” pıçıldayırdı.

 

İlhamə Quliyevanın ayrılmaq istəmədiyi, çox sevdiyi həyata vida deməsindən iki il keçir. Böyük müğənninin xoşbəxtliyi mahnılarının təkcə fondlarda, arxivlərdə deyil, daha çox yaddaşlarda, qəlblərdə, nəhayət dillərdə yaşamasıdır. Mahnılarından bircə bəndi bilməyən insan çətin tapıla... 

 

Son dovrlərin şou aləminin qarışıq mühiti, həvəskar müğənnilərin meydan sulaması onu bir az incidirdi. Müğənni əsil sənətə, peşəkar musiqiyə xələl gətirənlərə özünün böyük sənəti ilə cavab verirdi. Onun üçün sənətin aliliyi, müqəddəsliyi vardı.

 

 

 

İlhamə Quliyevanın sənətinin böyüklüyü ailə qaynaqlarından irəli gəlirdi. Onun musiqisinin ailə kökləri, sənətinin ailə bağlılığı vardı. Gözünü açandan musiqi səsi eşitmişdi. Musiqi ilk şirin laylası olmuşdu onun. Anası Tükəzban İsmayılovadan, atalığı, görkəmli tarzən Həbib Bayramovdan musiqi dərsi almışdı. Musiqi sənətimizin bu iki korifeyi ona xalq mahnılarımızın şirinliyini, muğamlarımızın incəliyini, bəstəkar mahnılarının həzinliyini aşılamışdı. O da uşaq vaxtından oxumaq, səhnəyə çıxmaq istəmişdi. Buna görə də həmişə müsahibələrində "evdə əsl musiqi akademiyası bitirmişəm” deyirdi.

                   

Fikrət Əmirovun tapıntısı

 

Oxuduğu məktəbdə keçirilən bütün bayram tədbirlərində ifası ilə şagirdlərin və müəllimlərin  sevimlisinə çevrilmişdi. Ancaq valideynləri İlhamənin musiqi sənətinin daşlı-kəsəkli yolları ilə yürüməsini istəmirdi.

 

İlhamə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur. 1962-ci ildə Moskvada Ümumittifaq Tələbə Festivalında birinci yer tutması, qayıdanda isə Dövlət Teleradio Komitəsi Estrada Simfonik Orkestrinin bədii rəhbəri, xalq artisti Tofiq Əhmədovdan  həmin kollektivə dəvət alması gənc qızın sənət yoluna ömürlük üz tutmasına səbəb olur. O vaxtdan uzun illər ərzində orkestrin solisti olan İlhamənin sənət yolu başlayır. O orkestrlə birgə çoxlu səfərlərə çıxır, bütün SSRİ-ni dolaşır, hər yerdə də böyük sevgi ilə qarşılanır.

 

 

 

İlhamənin ifa tərzini bəyənən görkəmli bəstəkar Fikrət Əmirov 1972-ci ildə onu Moskvaya, SSRİ Bəstəkarlar İttifaqının plenumuna dəvət edir. İlhamə Quliyeva konsertdə SSRİ televiziyaradio komitəsinin nəzdindəki estrada simfonik orkestri ilə yüksək səviyyədə çıxış edir. Bundan sonra böyük bəstəkar gənc müğənninin istedadına güvənərək onun üçün "Gülür ellər”, "Göygöl”, "Toy mahnısı”, "Neyləmişəm” kimi lirik mahnılar yazır. Fikrət Əmirovun gənc estrada müğənnisi ilə əməkdaşlığı musiqi sənətimizə təkcə unudulmaz mahnılar və ifalar bəxş etmir, həm də mükəmməl bəstəkar-müğənni işbirliyini ortaya çıxarır. Xalq havalarına yaxın olan lirik mahnıları dinləyicilərin ürəyinə yol taparaq böyük rəğbətlə qarşılanır və uzun müddət televiziyada, radioda səslənən musiqilər arasında birinci yer tutur. 

İlhamənin əvəzsiz ifası müğənninin Cahangir Cahangirov, Tofiq Quliyev, Rauf Hacıyev, Ramiz Mirişli, Telman Hacıyev kimi Azərbaycan musiqisinin görkəmli bəstəkarları ilə işləməsinə yol açmışdı. Bəstəkarlar bu şirin və qəlbə toxunan səsə mahnılar yazmaqda maraqlı idilər. İlhamənin ürəklərə yatan məlahətli səslə oxuduğu mahnıları təkcə musiqinin nizamlarına cavab vermirdi, həm də dinləyicilərin dilinin əzbərinə çevrilirdi. Emin Sabitoğlu, Oqtay Kazımov, Elza İbrahimova, Hacı Xanməmmədov, Nəriman Məmmədov və başqa bəstəkarlar isə məxsusi İlhamə üçün silsilə əsərlər yazırdılar.

 

80-ci illərin əvvəli İlhamə Quliyevanın həyatında yeni bir səhifə idi. Görkəmli müğənni Rəşid Behbudovun yaratdığı Mahnı Teatrının solisti kimi çalışmasını, bu sənət ocağında böyük müğənninin rəhbərliyi altında daha da məşhurlaşmasını ömrünün unudulmaz illəri sayırdı: "Sənət aləmi daim öyrənməyi tələb edir. Müğənni olmaq yalnız səsə malik olmaq və mahnını ifa etmək deyil. Müğənni olmaq həm də ömür boyu öyrənməkdir. Böyük sənətkarlardan görüb-götürməkdir, onların təcrübəsinə yiyələnməkdir” - deyirdi müğənni.

 

 

 

İlhamə Quliyeva son illər Faiq Sücəddinov, Xanım İsmayılqızı, Novruz Aslan, Aygün Səmədzadə, Gövhər Həsənzadə kimi yeni nəsil bəstəkarlarla çalışırdı. Həmçinin özünün də bəstələdiyi musiqiyə istedadlı müəlliflər tərəfindən sözlər yazılır və həmin mahnılar demək olar ki, hitə çevrilirdi.

 

Süleyman Rüstəmin, Teymur Elçinin, Vaqif Səmədoğlunun, Baba Vəziroğlunun, Vahid Əzizin, Sona Vəliyevanın, Xanım İsmayılqızının, sözlərinə yazılan mahnılar İlhamənin ifasında el-el, oba-oba dolaşırdı. O, ifa etdiyi mahnılara elə bir möhür vururdu ki, sonradan həmin mahnılar fərqli ifalarda o cür ürəyəyatımlı səslənmirdi: "Mənim ifa etdiyim mahnıları hər kəs oxuya bilər. Oxuyurlar da. Ancaq o mahnılar mənim qəlbimin bütün sevgisindən, hərarətindən yoğrulub. Mahnılara yalnız qəlbin bütün sevgisini qatanda sevilir”.

 

Ən uca zirvə

 

İlhamə Quliyeva ictimai-siyasi fəaliyyətlə də məşğul idi.  2007-ci ildə qərargahı Vaşinqtonda yerləşən Dünya Sülh Federasiyası tərəfindən İlhamə xanıma "sülh səfiri” adı verilmişdi. Həmçinin 2003-cü ildən etibarən Azərbaycanın bir qrup ziyalı qadını ilə birgə İlhamə Quliyeva BMT-nin Cenevrədə keçirdiyi bir sıra tədbirlərdə iştirak edərək Dağlıq Qarabağ münaqişəsində zərərçəkmiş azərbaycanlı qadın və uşaqların hüquqlarını müdafiə etmişdi. Belə tədbirlərin birində İlhamə xanım sözçü kimiiştirak etmişdi. 2004-cü ildə Brüsseldəki Avropa Parlamenti binasının qarşısında Azərbaycan torpaqlarının işğal olunmasına etiraz mitinqində çıxış edən İ.Quliyeva sonradan həmin ağrılı məsələyə dair Qoteborq, Strasburq, Paris, İstanbul və s. yerlərdə müxtəlif konfranssimpoziumlarda nitq söyləmişdi. Beynəlxalq tədbirlərdə fəallığı nəticəsində İlhamə xanım Dünya Azərbaycanlıları Konqresinin idarə heyətinə, 2004-cü ildə isə İH nəzdindəki Mədəniyyət Akademiyasına prezident seçilmişdi. 2002-ci ildə Dünya Qadınlar Konqresində təqdim edilmiş "Beynəlxalq mədəniyyət icraçısı” statusunu, "Türk dünyasının sənət kraliçası” adını, dörd "Humay” mükafatını əziz tuturdu. Amma, heç şübhəsiz, dövlət mükafatları, ən başlıcası da xalq artisti adı onun üçün daha dəyərli idi. Müğənni Azərbaycanın və Dağıstanın xalq artisti idi. "Şöhrət” və "Şərəf ordeni”nə layiq görülmüşdü. Bu yüksək mükafatları isə ona ulu öndər Heydər Əliyev təqdim etmişdi. İlhamə xanım özünə və doğmalarına diqqət və qayğısını əsirgəməyən ulu öndər Heydər Əliyevin xatirəsini əziz tutur, onu böyük hərarətlə, minnətdarlıqla yad edirdi: "Ulu öndər Tükəzban İsmayılovanı birincilər arasında prezident təqaüdünə, ölkə mədəniyyəti qarşısındakı xidmətlərinə görə "Şöhrət” ordeninə layiq görmüşdü. Evimizə zəng vurub Tükəzban xanımın səhhəti ilə, qayğıları ilə maraqlanırdı. Ulu öndər musiqi sənətinə böyük diqqət göstərirdi. Sevinirəm ki, həmin diqqət və qayğını prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da sənət adamlarından əsirgəmir” - deyə müğənni fərəhlə danışırdı. Müğənni 90-cı illərdə Rəşid Behbudov adına Mahnı Teatrında 8 Marta həsr olunmuş təntənəli gecədə görkəmli bəstəkar Faiq Sücəddinovun bəstələdiyi mahnılardan ibarət "Neylərsən?” adlı albomunun siqnal nüsxəsini ulu öndərə təqdim etmişdi.

 

 

 

"Mənim üçün Azərbaycan və Dağıstanın xalq artisti adına layiq görülməyim ən uca zirvədir. Yarım əsrdən artıqdır ki, səhnəyə xidmət edirəm, dünyanın az qala bütün ölkələrində çıxış etmişəm. Hər yerdə Azərbaycanı, doğma xalqımı layiqincə təmsil etmişəm. Məzlumlara kömək etmək üçün tez-tez xeyriyyə konsertlərində çıxış edirəm. Uzun illərdir qaçqın, məcburi köçkün ailələrinə yardım edirəm. Elə bu gün də müharibədən zərər çəkmiş 7 ailənin qayğısını çəkirəm... Mənim mövqeyim, sifətim həmişə bir olub. Həmişə dövlətçiliyimizə, böyük Heydər Əliyevin fikirlərinə sədaqətlə qulluq etmişəm. Bu gün İlham Əliyevin komandasındayam və həmişə də bu komandada olacağam” - deyə müğənni söyləyirdi.

 

İlhamə Quliyeva "ifa etdiyim mahnılar xalqın sərvətidir. Bu sərvət heç vaxt bitməyəcək, heç vaxt tükənməyəcək” deyirdi. Müğənni bu əvəzsiz sərvəti xalqına bağışlayaraq dünyadan köçdü. Milyonlarla ürəklərdə İlhamə Quliyevanın sevə-sevə oxuduğu şirin, sevgi dolu nəğmələri qaldı.  

 

Təranə Məhərrəmova

 

Kaspi 2018.- 24 fevral.- S.8.