Həsən
bəy Zərdabi məktəbi
“Əkinçi" qəzeti
maarifçilik ideyalarını özünə yenilməz
bayraq etmiş ilk Azərbaycan mətbuat nümunəsi idi
"Əkinçi" qəzetinin səhifələrində
yer alan baxışlar bu gün üçün də
aktuallığını saxlayır, bir növ mayak rolunu
oynayır. Nəşr təkcə əkinçinin
texnologiyalarını təbliğ etmirdi, eyni zamanda
böyük maarifçi rol oynamaqla insanları inamlı gələcəyə
doğru səsləyirdi. "Əkinçi” qəzeti
qısa yaşasa da, uzun ömür sürdü. Bu, əvəzsiz
şəxsiyyət Həsən bəy Zərdabinin
böyük əməyinin, xalq və millət
qarşısındakı yorulmaq bilməyən fəaliyyətinin
nəticəsi idi”. Böyük maarifçi demokrat, təbiətşünas,
ictimai xadim Həsən bəy Zərdabinin - görkəmli
mütəfəkkirin xatirə günündə məhz onun
xalqımızın ictimai fikir, mədəniyyət tarixində
oynadığı roldan danışılır.
O vaxtdan bəri mükəmməl biliyə və
geniş dünyagörüşünə malik Zərdabinin
tükənməz irsi milli məfkurə, sivil, mədəni
quruculuq qaynağı kimi, müxtəlif elm sahələrində
çalışan tədqiqatçıları -
filosofları, iqtisadçıları, jurnalistləri,
filoloqları daim maraqlandırır. Haqqında əsərlər
yazılır, tədqiqatlar aparılır, monoqrafiyalar nəşr
edilir. Çoxsahəli yaradıcılığa, dərin
biliyə, geniş dünyagörüşünə malik olan
Zərdabinin elmi irsi uzun illərdən bəri müxtəlif
elm sahələrinin nümayəndələri tərəfindən
öyrənilib
tətbiq edilir. Elə bunun nəticəsidir ki, Azərbaycanda
zərdabişünaslıq elminin əsası qoyulub.
Böyük mütəfəkkir Azərbaycan
xalqının tarixində, həmçinin milli
teatrımızın və xeyriyyəçilik hərəkatının
banisi, mətbuatımızın yaradıcısı, ilk
qızlar gimnaziyasının açılmasının təşəbbüskarı
və təşkilatçısı, Azərbaycan müəllimlərinin
1906-cı ildə keçirilmiş birinci qurultayının təşkilatçısı
və sədri kimi də şöhrət qazanıb. Onun adı xalqın maariflənməsi, mənəvi
dirçəlişi və fikir təkamülü ilə
bağlıdır. Azərbaycan xalqının
ictimai-siyasi, fəlsəfi və elmi fikrinin XIX əsrin II
yarısı – XX əsrin əvvəllərində davam
etdirilməsində, yeni ictimai mühitə, tarixi şəraitə
uyğun şəkildə daha da zənginləşdirilməsində
Həsən bəy Zərdabi özünəməxsus yer
tutur.
İctimai fikrin inkişafı tariximizin
yarım əsrə yaxın bir dövrü məhz Həsən
bəyin adı ilə bağlıdır. Bu dövrdə onun möhtəşəm
fəaliyyəti xalqın tarixi ilə elə
qaynayıb-qarışmışdır ki, onları hətta
bir-birindən qoparıb ayırmaq mümkün deyildir.
XIX əsrin
60-cı illərindən XX əsrin ilk illərinədək
davam edən bir dövrdə ictimai-mədəni inkişaf
tariximizdə baş verən elə bir böyük və
kiçik hadisə göstərmək mümkün deyildir ki,
Zərdabinin orada iştirakı olmasın.
1861-1865-ci illərdə Moskva Universitetinin fizika-riyaziyyat
fakültəsinin təbiyyat şöbəsində təhsil
almış Həsən bəy Bakıya qayıtdıqdan
sonra Tiflisdə dövlət məmuru, Qubada məhkəmə
katibi və Bakı gimnaziyasında ilk ali təhsilli
müəllim kimi çalışmış, rus dilində təbiət
fənnini tədris etmişdi. Həmin dövrdə o,
xalqın cəhalət və gerilikdən azad olması, maarif
və mədəniyyətə qovuşması
üçün milli qəzetin yaradılmasını zəruri
hesab edirdi. Bu məqsədlə o, 1870-ci ildən etibarən Azərbaycan
dilində qəzet nəşrinə icazə almaq
üçün dəfələrlə Qafqazın rəsmi
qurumlarına müraciətlər etmişdi. Onun
təkliflərinə nə qədər müqavimət
göstərilsə də, ruhdan düşməmiş, əzmi
və iradəsi ilə bütün maneələri
keçmiş və mübarizədən sonra qəzetin nəşrinə
icazə ala bilmişdi. İstanbuldan mətbəə ləvazimatı
gətirdikdən sonra, nəhayət, 1875-ci il iyul ayının 22-də ilk milli Azərbaycan qəzeti
olan "Əkinçi”nin birinci nömrəsini çapdan
çıxardı. Xalqımızın mədəniyyət
tarixində əlamətdar hadisə olan
"Əkinçi”nin nəşrə başlaması ilə
dövri mətbuatımızın əsası qoyuldu. Qəzet
maarifçilik ideyalarını özünə yenilməz
bayraq etmiş ilk Azərbaycan mətbuat nümunəsi idi.
Az vaxt ərzində qabaqcıl fikirlər mərkəzinə
çevrilən qəzetin ətrafında toplanmış
böyük realist və mütəfəkkir
yazıçı Mirzə Fətəli Axundov, maarifpərvər
şair Seyid Əzim Şirvani, dramaturq Nəcəf bəy Vəzirov,
Əsgər ağa Gorani, publisist Əhsənül-Qəvaid,
Ə.Heydəri və başqaları yenilik uğrunda və hər
cür gerilik hallarına qarşı mübarizə
aparırdılar. Qəzet "maarifdən, elmdən
məhrum bir xalq işıqdan məhrumdur”
şüarını bütün fəaliyyəti
üçün məramnamə kimi qəbul edib, sonadək bu
ideyaya sadiq qaldı.
Bu gün də Azərbaycan mədəniyyəti,
ədəbiyyatı və mətbuatı Zərdabinin məktəbindən
təkcə qidalanmır, həm də bu ideyaları gələcək
nəslə ötürür.
Bütöv
dövrün yaradıcısı
"19-cu əsrin
sonlarında bir sıra şəxsiyyətlər
yaşayıb ki, onlarsız müasir Azərbaycan
xalqını və Azərbaycanı təsəvvür etmək
mümkün deyil” deyən xalq şairi Sabir Rüstəmxanlının
fikrincə, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə,
Həsən bəy
Zərdabi, Əlimərdan bəy Topçubaşov, Üzeyir
Hacıbəyli kimi şəxsiyyətlərsiz bizim millətimiz,
onun bugünkü mədəniyyəti, ədəbiyyatı
mövcud olmazdı: "Bu baxımdan Həsən bəy Zərdabi
təkcə mətbuatın yaradıcısı deyil. Həm də
Azərbaycan tarixində bütöv bir dövrün
yaradıcılarından biridir. Azərbaycanı
çağdaş dünya mədəniyyətinə qoşan
insanlardan biridir”. Mətbuat tariximizin «Əkinçi»dən
başladığını deyən S.Rüstəmxanlının
sözlərinə görə, mətbuat tarixi hər xalqda
bir cür yol keçib: "Bəzi xalqlarda dini mətbuatdan,
bəzilərində xəbərlərdən başlayır.
Bizim mətbuat tariximiz haqqında danışanda da
«Əkinçi»yə istinad edirik. Bu, demokratik qəzetdir və
bügünkü tələblər səviyyəsindən
baxanda yüksək bir mətbuat səhifəsidir”.
S.Rüstəmxanlı hesab edir ki, «Əkinçi»
özündən sonra yaranan qəzetlərə, ictimai fikir
tarixinə, maarifçiliyə, teatr quruculuğuna, bir sözlə,
mədəni həyatımızın bütün sahələrinə
təsir edib: "Bununla da Həsən bəy Zərdabi
böyük bir məktəb yaradıb: həm mətbuat məktəbi,
həm də maarifçilik məktəbi. Bu məktəbin
həm Azərbaycan, həm də türk
dünyasındakı maarifçilik məktəblərinə
böyük təsiri olub».
«Əkinçi»nin
56 sayı
Həsən bəy Zərdabini
Azərbaycan ictimai fikir tarixində, milli mətbuatımızın
yaradılmasında əvəzsiz xidmətləri olan şəxsiyyət
kimi dəyərləndirən «Şərq» qəzetinin baş
redaktoru Akif Aşırlı: «Həsən bəy Zərdabi təkcə
Azərbaycanın deyil, ümumiyyətlə, türk
dünyası tarixində çox nadir insanlardan biridir. Təəssüf
ki, biz Həsən bəy Zərdabinin irsinə yalnız son
dönəmlərdə sahiblik iddiasını ortaya
qoymuşuq. Düzdür, sovet dönəmində onun əsərləri
tədqiq olunub, ancaq birtərəfli
araşdırılıb”.
A.Aşırlı deyir ki,
İsmayıl bəy Qaspralıya nisbətən biz Həsən
bəy Zərdabini ictimai fikir xadimi kimi hələ təqdim edə
bilməmişik: "Təsəvvür edin,
İsmayıl bəy "Qaspralı Həsən bəy Zərdabidən
qəzetçilik ənənələrini öyrəndi və
«Əkinçi»dən xeyli sonra «Tərcüman»ı nəşr
etdirdi. İsmayıl bəy Qaspralı türk dünyası
tarixində ictimai fikrin oyanışı prosesində tarixi bir
obraz kimi təqdim olunur. Təəssüf ki, biz Həsən
bəy Zərdabini bu cür təqdim edə bilməmişik.
Bəlkə də bu, «Tərcüman» qəzetinin daha uzun
müddət nəşr olunması ilə bağlıdır.
Ancaq «Əkinçi»nin 56 sayı işıq üzü
gördü. Bu sayların verdiyi impuls, enerji və ideyalar «Tərcüman»
və ondan sonrakı ümumtürk dünyası qəzetçiliyinin
əsas konsepsiyası idi. Həsən bəy Zərdabinin əsərləri
həmişə Azərbaycan tarixinin möhtəşəm bir
salnaməsi kimi yaddaşlarda olacaq».
Maarifçilik
ideyalarının yaşaması
"1875-ci ilin 22 iyulunda
"Əkinçi” adı ilə nəşrə başlayan
qəzetin əsas məqsədi, hər şeydən əvvəl
ictimai-siyasi məsələləri işıqlandırmaq idi.
Zərdabi qəzet vasitəsilə Azərbaycan xalqının
gözünü açmaq, onu cəhalət və avamlıq
yuxusundan ayıltmaq, köhnə cəmiyyətin
çürüklüyünü hamıya göstərmək,
xalqı öz insani hüquqları uğrunda mübarizəyə
çağırmaq istəyirdi” deyən professor İzzət
Rüstəmov "Əkinçi”nin uzun ömür sürmədiyini
qeyd edir: "Ancaq bu qəzetlə Azərbaycan milli mətbuatının
əsası qoyuldu. Həsən bəy Zərdabi qəzetin
birinci sayında "Dövr dəyişir. Dəyişən
dövrə uyğun olaraq biz öz hərəkətlərimizə
yenidən yanaşmalıyıq. Adət-ənənəmizə,
maarifimizə yenidən baxmalıyıq” deyə
yazırdı. «Əkinçi» maarif carçısı idi.
İki il müddətində Azərbaycanın gələcəyi
üçün böyük rol oynadı”.
Professorun sözlərinə görə, Zərdabinin
Azərbaycan mətbuatında rolu təkcə «Əkinçi»
ilə bitmir. Beə ki,
«Əkinçi»ni bir qığılcım kimi qiymətləndirmək
lazımdır: "Qəzetdən gələn ideyaları
20-ci əsrin əvvəllərində Azərbaycanda digər
mətbuat orqanları davam etdirdi. Bunlardan biri bizim «Şərqi-Rus»
qəzeti idi. Daha sonra «Həyat», «Tazə həyat»,
«İrşad», «Füyuzat» jurnalı kimi nəşrlər Zərdabinin
ideyalarını davam etdirirdi. Həsən bəy Zərdabi «Həyat»
qəzetində ən cəsur müxbirlərdən biri idi.
Onun məqalələrinin əksəriyyəti bu qəzetdə
dərc olunmuşdu”. İ.Rüstəmovun
araşdırmalarına görə,
Zərdabinin «Əkinçi»dən
başladığı elmi ideyalar 1906-cı ildə «Həyat»
qəzetində davam etdirilib. Əli bəy Hüseynzadə, Məhəmməd
Hadi, Ömər Faiq Nemanzadə və digərləri Zərdabinin
vaxtilə qəzetdə irəli sürdüyü ideyaları
yayıblar: ”Füyuzat» jurnalında Zərdabinin təqribən
7 məqaləsi dərc olundu. Bu məqalələr
böyük maarifçinin məktəbli balalara, onların təliminə
yönəldilmiş elmi məqalələri idi”. Professor Azərbaycan
mətbuatının yaradıcısının, mədəniyyətinin
qurucusunun irəli sürdüyü ideyaların bu gün də
yaşamasından fərəhləndiyini bildirir: ”Yeni dəyərlərimizə
qiymət verməsi, ortaq dil məsələsi və s. məsələlər
Zərdabi tərəfindən irəli sürüldü və
Azərbaycan mətbuatı bu ideyaları davam etdirdi. Bu gün
də həmin ənənələrə sadiq
olmağımız böyük mütəfəkkirin
ideyalarının yaşaması deməkdir”.
Professorun fikrincə, bu yaxınlarda Həsən bəy Zərdabinin
doğulduğu Zərdab şəhərində böyük
mütəfəkkirin fəaliyyətinə həsr olunmuş
məqalələrdən ibarət kitabın təqdimatı
da Zərdabi irsinə sadiqliyimizin ifadəsidir: "Kitabda yer alan məqalələr rus dilindən Azərbaycan
dilinə tərcümə olunub. Həmin nəşrdə yer
alan məqalələrin əksəriyyəti vaxtilə «Kaspi»
qəzetində çap olunub. Zərdabinin «Kaspi»də müvəqqəti
redaktor işlədiyi dövrdə Əlimərdan bəy
Topçubaşov qəzetin baş redaktoru idi. Hesab edirəm
ki, bu gün də Azərbaycan mətbuatı Zərdabinin
maarifçilik ideyalarını uğurla davam etdirir”.
Təranə
Məhərrəmova
Kaspi.- 2018.- 29 iyun.- S.12.