Cümhuriyyət dönəminin ilk hərbi naziri
Cümhuriyyət - 100
O, həm də Qarabağın qubernatoru idi
Milli-mədəni yüksəliş olmadan
milli qurtuluş ola bilməz.
Milli davanın öndərləri,
Azərbaycan məfkurəsini
işləyib hazırlayanlar,
cümhuriyyətimizin öndərləri
bu qurtuluşa sahib olmaq üçün milli istiqlal savaşına qalxdılar.
"İnsanlara hürriyyət, millətlərə
istiqlal” deyərək,
Vətənin hürriyyəti,
istiqlalı lehinə yapılan milli mücadilənin qurbanları
təkcə istedad və bacarıqlarını
deyil, var-dövlətlərini,
hətta həyatlarını
belə sərf və fəda etdilər, canlarından, qanlarından keçdilər.
Amma amallarından, əqidələrindən
keçmədilər. İnam və inanclarını itirmədən
İstiqlala qovuşdular!
Xosrov bəy Sultanov Azərbaycan Xalq Cümhuriyyətinin
ilk hərbi naziri olub. O, erməni dığası
Andranikə ömürlük
utanc gətirən,
"tayqulaq” adını
bəxş edən,
el qəhrəmanı Sultan bəyin qardaşı idi. Qarabağda erməni qəsbkarlarına
qənim kəsilən
Xosrov, Sultan, İsgəndər
qardaşları Zəngəzurlu
Paşa bəyin ocağında dünyaya gəlmişdilər. Bu məqalədə onlardan biri - Azərbaycan milli azadlıq hərəkatının fəal
iştirakçısı, Cümhuriyyət dönəminin
ilk hərbi naziri, Qarabağın general-qubernatoru
Xosrov bəy haqqında məlumat verəcəyik.
Xosrov bəy
1879-cu ildə Zəngəzur
mahalının Kürdhacı
(indiki Lacın rayonu) kəndində anadan olub. İlk təhsilini evdə və mədrəsədə
alan Xosrov
bəy, Gəncə gimnaziyasında oxuyub. O, atasının arzusu ilə təhsilini
Novorossiysk Universitetinin tibb
fakültəsində davam
etdirib. O, 1903-cü ildə
təhsilini başa vuraraq birbaşa Zəngəzura qayıdır.
Amma tək yox - ömür yoldaşı ilə. Ömür yoldaşı isə
Novorossiysk Universitetinin rektorunun
qızı idi. Bəs görəsən necə oldu ki, rektor
qızı yüzlərlə
gəncin arasından bu qafqazlı balasını sevib seçdi?
Xosrov bəyin nəvəsi
Elbrus Muradov müsahibələrində
babasının sevgi macərasını belə
nəql edir ki: "Babam universitetdə oxuyarkən
bir gün təsadüfən yolda bir rus zabitinin
gənc bir qıza sataşdığının
şahidi olur. Ətrafdakılardan fərqli olaraq,
Xosrov bəy qızı müdafiə edir. Nəticədə babam rus zabiti ilə duelə çıxır.
Birinci gülləni rus zabiti atır və babamın bir gözünü zədələyir. Yaralı
olmasına baxmayaraq, babam özünü itirmir və sərrast nişan
alaraq zabiti öldürür. Sonradan məlum
olur ki, bu qız Odessa Universitetinin rektorunun qızıdır. Qızla babam
arasında səmimi dostluq yaranır və bu dostluq
böyük bir məhəbbətə çevrilir.
Ailə qururlar. Bir oğlanları olur.
Babam oğlunun adını Murad qoyur. Amma Murad uşaq ikən dünyasını
dəyişir”.
Xosrov bəy Qarabağda yalnız həkimliklə məşğul
olmur. O, Şuşadakı
evinin birini kitabxana edir. Şuşa ziyalılarını tez-tez
bu evə dəvət edir, burada Şərq xalqlarının tarixindən,
mədəniyyətindən söhbətlər gedir, imkansız ailələrin
uşaqlarının təhsilə
cəlb edilməsi məsələsi qoyulur.
...1917-ci ildə baş verən hadisələr onu milli azadlıq
hərəkatı uğrunda
mücadiləyə sövq
edir. O, 1917-ci ildə
"Müsavat” partiyasına
daxil olur. Rusiya Müəssislər Məclisinə
deputat seçilən
Xosrov bəy Zaqafqaziya seyminin ən fəal üzvlərindən biri olub. 1918-ci il
mayın 27-də Azərbaycan
Milli Şurasının
iclası keçirilir.
İclasda F.Xoyski yekdilliklə
Milli Şuranın icra orqanının sədri seçilir, icra orqanının tərkibinə seçilən
nümayəndələr arasında
Xosrov bəy Sultanov da var
idi. Mayın 28-də keçirilən tarixi iclasda İstiqlal Bəyannaməsi
qəbul edilir və onu imzalayan
26 nəfərdən biri
də Xosrov bəy idi. Həmin iclasda, F.Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin
ilk Müvəqqəti Hökumətinin
tərkibi təsdiq edilir və bu hökumətdə Xosrov bəy Sultanov hərbi nazir təyin edilir.
Xosrov bəy
ilk olaraq regionlarda əmin-amanlıq yaratmaq məqsədilə N.Yusifbəyli
və Ş.Rüstəmbəyli
ilə birlikdə Gəncəyə yola düşür. Burada 1918-ci il iyunun
17-də Gəncədə təşkil
olunan 2-ci hökumət
kabinəsində əkinçilik
naziri təyin edilsə də, Xosrov bəyi daha çox düşündürən Qarabağdakı
vəziyyət idi. Bu zaman Azərbaycan
hökuməti yüksək
səviyyədə tədbirlər
həyata keçirməyə
başladı. Hökumət
ermənilərin törətdikləri
vəhşiliklərə son qoymaq üçün Şuşa, Cavanşir, Cəbrayıl qəzalarını
Gəncə quberniyasından
ayırıb
Qarabağ general-qubernatorluğunu
yaratdı və Xosrov bəy Sultanovu 1919-cu il fevralın 12-də həmin
qubernatorluğun general-qubernatoru
təyin etdi. Bu təyinat heç
də ermənilərin
ürəyinçə olmur.
Ermənistan Xarici İşlər Nazirliyinin
Rusiya hökumətinə,
digər aparıcı
dövlətlərə və
beynəlxalq təşkilatlara
çoxsaylı müraciətlərində,
Azərbaycan hökumətinə
etiraz notalarında belə bir iddia
irəli sürülürdü
ki, guya bu bölgənin böyük bir hissəsi Ermənistan ərazisidir, Xosrov Paşa bəy isə guya ermənilərin
düşmənidir. Bəli, bu
gün yalnız zaman dəyişib. Yenə ermənilər və onların himayədarları
xalqımıza olan nifrətini əks etdirmirmi?
Xosrov bəyin
Qarabağa gəlişi
haqqında Həmidə
xanım Cavanşir (Məmmədquluzadə) "Xatirələrim”də
yazırdı: "Zəngəzur
cəbhəsi təlatüm
içində idi. Orada başında məşhur
erməni başkəsəni,
rus ordusunda erməni könüllülərindən
ibarət hərbi birliklərdən birinin başçısı olan
Andronikin dayandığı
erməni hərbi hissəsi peyda olmuşdu. Elə bu hadisəyə
görə də ingilis generalı Şatelvort öz məiyyəti ilə oraya gəlmişdi. Geri qayıdanda qubernator
Xosrov bəy Sultanov generalı nahara dəvət etdi”. Həmidə xanımın xatirələrindən
daha sonra aydın olur ki, Xosrov bəy
Şuşaya gələn
kimi Qarabağda erməni quldur dəstələrinə qarşı
mübarizə aparmaq üçün milli ordunun əsgərlərindən
ibarət mühafizə
dəstəsi yaradır.
Ermənilər buna cavab olaraq Şuşada silahlı toqquşma yaratsalar da, Xosrov bəyin rəhbərliyi ilə bunun qabağı tezliklə alınır və iyunun 6-da ermənilər Xosrov bəyə üzrxahlıq
məktubu yazaraq üzr istəyirlər.
Beləliklə, Xosrov bəy Qarabağa qubernator təyin ediləndən sonra qardaşları Sultan
və İsgəndərlə
birlikdə Qarabağda,
Zəngəzurda və
ermənilərin ərazi
iddiası irəli sürdüyü digər
yerlərdə Azərbaycanın
suveren hüquqlarının
bərpa edilməsində
böyük igidliklər
göstərirlər. Hətta 1919-cu ilin sentyabrında Azərbaycan hökuməti
burada yaşayan, "çörəyi dizinin üstündə olan ermənilərə” mədəni
muxtariyyət da verir.
Amma Xosrov bəy
kimi oğullarımızın
bu fədakarlıqları
uzun sürmədi.
1920-ci ilin 27 aprelindən
28-nə keçən gecə
hakimiyyəti yalnız
mülkiyyətə sahib olmaq
üçün zəbt
edən bolşeviklər
məmləkətimizi məzarıstana
çevirdilər. Öz qurucularını
və ən fəal öndərlərini
bircə-bircə və
toplu halda repressiyanın qurbanı edən Sovetlər milli məfkurə liderlərimizi də Vətəndən pərən-pərən
saldılar. Onların arasında
Xosrov bəy Sultanov da var
idi. Bəzi mənbələrdə qeyd edilir ki,
1920-ci ildə Qızıl
ordunun Azərbaycana daxil olduğu xəbərlərini eşidən
Xosrov bəy özünü Qarabağ
İnqilab Komitəsinin
sədri elan edir və Sovet
ordusunun gəlişini
gözlədiyini Nəriman
Nərimanova deyir.
Nəriman Nərimanov isə
onun yerinə Dadaş Bünyadzadəni
təyin edir. Amma heç düşünə
bilmirəm ki, Xosrov bəy kimi vətənpərvər,
millətsevər bir oğul bir gecənin
içində "bolşevik”
ola və onların gəlişinə
sevinə.
Xosrov bəy mühacir həyatı yaşamağa 1923-cü ildən
məhkum edilir. O, xaricdə
"İttihad” partiyasının
(1918-ci ildə "İttihad”
partiyasına keçmişdir)
bürosunu formalaşdırmağa
və ittihadçıları
bir təşkilat ətrafında cəmləşdirməyə
çalışırdı və buna nail də oldu. 1926-cı
ildə Parisdən İrana gedərək, burada İttihadın Tehran
və Təbriz komitələrini yaratdı.
Bir necə il Almaniyada
Tibb Universitetində çalışan Xosrov bəy Böyük Vətən Müharibəsi
illərində Türkiyəyə
gəlir və 1947-ci ildə burada vəfat edir.
Azərbaycan Xalq Cümhuriyyətini
yaradanlar istiqlal savaşının bütün
mərhələlərində "Azərbaycanın İstiqlalı
bütün xalqın
əsəridir” demişlər.
Sələflərimizin bizə
əmanət etdikləri
bu əsəri qorumaq və yaşatmaq hər birimizin ən böyük və müqəddəs borcudur!
Qərənfil
Dünyaminqızı
Əməkdar jurnalist
Kaspi 2018.- 7 mart.- S.15.