Absurd ölümsayağı mərasim...

 

 Aygün Süleymanova

 

Gündəlik həyatında insan ölüm haqqında düşünmür. Avropanın məşhur nəzəriyyəçilərindən olan R.Moudi yazırdı ki, "insan təhtəlşüurunda belə ölüm haqqında düşünmək istəmir, sonucda öz ölümündən qorxur”. İnsanların ölümün sirrli qatına yanaşması iki formada mövcud olub: bir qisim bu məsələ ətrafında bilmək və düşünmək belə istəmirlər, ikinci qisim insanlar əksinə bu sirrə agah olmaq niyyətindədirlər. İnsanların "ölüm” fenomeninə varmaq, onu bəsitləşdirmək istəyi tarix boyu məşhur miflərin, nağılların, romanların, pyeslərin və s. yaranmasına səbəb olub. Nəticədə bizlər ölümü adiləşdirib, "oyun”a çevirərək həyatımızın bir ritualı edə bilmişik.

 

 S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında absurd ölümsayağı "Mərasim” qurulmuşdu. Fransız dramaturqu Ejen İoneskonun "Kral ölür" pyesi əsasında hazırlanmış "Mərasim" tamaşası... Bu mərasimin tarixçəsi özü-özlüyündə absurdun nişanəsidir. 1962-ci ildə pyes "Mərasim” adı ilə yazılsa da, "Kral ölür” başlığında çap olunur. Səbəb isə eyni vaxtda Fransada "Mərasim” adlı filmin kino satışına çıxarılması olur. Beləcə Rus Dram Teatrının kollektivi tamaşanı əsərin ilk adı ilə "Mərasim” adlandıraraq təqdim edir.

 "Mərasim”in rəsmi hissəsi: "Mərasim" tamaşasının quruluşçu rejissoru Ərşad Ələkbərov (Sankt-Peterburq), quruluşçu rəssamı Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Olqa Abbasova, işıq üzrə rəssamı Nikolay Rudıçevdir. Tamaşada Xalq Artisti Fəxrəddin Manafov, Əməkdar Artist Mehriban Zəki, aktyorlar Oleq Əmirbəyov, Həcər Ağayeva, Mariya Dubovitskaya, Natiq Hüseynov, kütləvi səhnələrdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak edirlər.

 Beləcə: Kral iki saatdan sonra ölməlidir. Krallıqda ağlasığmaz hadisələr baş verir: divarlar uçur, cəmiyyət dağılır, hakimiyyətin sərhədləri məhdudlaşır, saray əhli başını itirir, krallığı qoruyanlar qəfil xəstəlikdən ölürlər, məktəblərdə təhsil alacaq kimsə yoxdur, ilin fəsilləri nizamsız qaydada bir-birini əvəz edir. Bununla belə əsas personaj (Kral) hər vəchlə müqavimət göstərir, sona qədər vəziyyəti dəyişmək və ölümdən qaçmaq istəyir.

 

 Tamaşanın janrı absurd kimi müəyyənləşib. Səhnənin mərkəzində yerləşən uzun, böyük masa hadisələrin baş verdiyi mərkəzdir. Absurd kimi oxunan tamaşada böyük kraliça Marqarita özü-özünə qulluq edir-məsələn, yemək çəkir, içki süzür; kiçik kraliça Mariya səhnəyə araq şüşəsi ilə gəlir, kral I Beranj isə sanki ruhi əsəb dispanserinin xəstəsidir. Burada rejissor Ərşad Ələkbərov mətnə yumor əlavə edir, baş verən hadisəyə yumor ilə yanaşır, naturalizmdən imtina edir. Nəticədə ölüm ağrı yaratmır, ölən insan  nə qədər ölmək istəməsə də, bu səbəbdən əziyyət çəksə də sanki tamaşaçıda heyfsilənmək hissi olmur. Səhnə əsəri dərin fəlsəfi dialoqlarla zəngindir ki, bu da tamaşaçıları həyat və ölüm, ölümdən sonrakı həyat barədə düşüncələrə aparıb çıxarır.

 Ailədə vəziyyət cəmiyyətdəkindən fərqli deyil, kralın iki arvadı var, böyük kraliça Marqarita (əməkdar artist Mehriban Zəki), kiçik kraliça Mariya  (Mariya Duboviçkaya). Əlbəttə ki onların biri-birini görməyə gözü yoxdur. Kraliça Marqarita sarayda söz sahibidir, tezliklə kralın ölümünü görmək arzusundadır. Aktrisanın (Mehriban Zəki) səhnə tapşırığı da sanki gözləmə mövqeyində dayanmaq və krala ("sən öləcəksən”) psixoloji təsir etmək idi. O, inandırıcı səhnə boyaları ilə yaradılmış soyuq qəlbli, qəddar qadın obrazıdır. Aktrisa Marqaritanın  mənəviyyatındakı dövlət, mənsəb və hakimiyyət hərisliyini göstərmək üçün realist aktyor vasitələrindən ustalıqla istifadə edir. Kiçik kraliça Mariya (Mariya Duboviçkaya) kralın ölümünü qəti istəmir, lakin o, çox sadə və zəifdir. Onun bu "Mərasim”ə yanaşması da sevgi ilə, diqqət ilə haşiyələnir. Onu Kral I Beranjdan savayı heç nə maraqlandırmır.

 

 

 

 

 Qızıla bərabər aktyor oyunu

 Fəxrəddin Manafov, Mehriban Zəki... Aktyor nəslinin, məncə, son korifeylərindən biri... Səhnəni fəth edib, saatlarla tamaşaçıya nəzarət edə biləcək iki fərqli insan və iki eyni gücə malik aktyor... Teatrın əlifbası olan tərəfmüqabil texnikası sanki bu iki sənətkarın oyununda kulminasiya səviyyəsinə qalxır, biri digərindən sözü alıb, oyunu ötürüb səhnəyə  meydan oxuyurlar. Fenomenal oyun sərgiləyirlər. Tamaşaçını oyunsuz oyuna qatırlar, istəyəndə tamaşaçıdan alqış (alqış tamaşaçının yadından çıxanda F.Manafov "gizlincə” əl çalıb, yada salırdı), istəyəndə bir kəpənəyin təsadüfən uçuşundan oyun qururdular. Aktyorların parlaq ifası tamaşaçıları səhnədə baş verənləri son dərəcə diqqətlə izləməyə sövq edirdi.

 Azərbaycan teatr və kino mədəni mühitində müxtəlif obrazlar qalereyasının müəllifi Fəxrəddin Manafov səhnəyə gələr-gəlməz tamaşaçının diqqətini özündə cəmləyir. Sadə tamaşaçı aktyoru bu vəziyyətdə görməyə alışmayıb. Tamaşaçı səhnədə kralın gəlişini gözləyir: "Kral I Beranj təşrif buyurur”! Səhnəyə isə dəli, ruhi xəstə, ağlını itirmiş görüntüdə Fəxrəddin Manafov gəlir. Tamaşaçı şokdadır. Aktyor hər mizanda fəqlidir: gah xəstə kimi zəifdir, gah hərbçi kimi güclüdür, gah gülüşündən təlxəyi, gah da çığırtısından KRALı xatırladır. Kral I Beranj...

 Adsız imperiyanın kralı I Beranj (xalq artisti Fəxrəddin Manafov) ölür... Absurd teatrının əsas ənənələrindən olan ətrafda hər bir şey dağılır: məktəblərdə şagirdlər yoxdur, cəmiyyətdə yalnız axmaqlar yaşayır, ordu xəstədir və s. Kral I Beranj öləcəyini bilmir. Kral (F.Manafov) aydın və dərin fəlsəfəni əks etdirən mürəkkəb insan xarakteri yaratmaq üçün rəngarəng boyalar, incə və mənalı ştrixlər tapmışdır. O, hələ həqiqi gerçəklikdən xəbərsizdir. O, heç kəsi dinləmək istəmir,  ətrafındakı adamların üzünə baxsa da, onların qəlbini görə bilmir. Çünki bu adam ömründə heç kəsi dinləməmiş, heç kəsin qəlb döyüntülərinə qulaq asmamış, bütün ömrü boyu mədhlər eşidib, ətrafında deyilən yalanları həqiqət kimi qəbul etmişdir. O, ölümün ondan uzaq olduğuna inanır.

 Mehriban Zəki qərarlı, cəsarətli, güclü qadındır. Tamaşa ərzindən qarşıya qoyduğu məqsəd "gözləmək” idi, bütün hakimiyyəti ələ almaq, qərar vermək, əslində o bütün həyatı boyu bu günü gözləyib. Dəqiqələri sayır, saniyələr belə çox əhəmiyyətlidir: Kral I Beranj bu saniyə öləcək, bu dəqiqə öləcək. Mehriban Zəki o qadınlardandır ki, qəddardır, hədəfinə doğru qəti qərarlıdır. Bəzi hallarda onun bu qərarlılığı tamaşaçını diksindirir. Yəni bu qədər də acımasız olmaq olar?

 

 

 

 Yararsız qulluqçu

 Tamaşada yer alan yararsız qulluqçu (Həcər Ağayeva) sanki sarayda illərdir yaşayıb, qocalıb, deməyə sözü, taqəti belə yoxdur. O, heç nəyi düzəltmir, dağıdır, uçurdur. Lakin sədaqətlidir... Kral I Beranjı sevir... Onun quru nəfəsi belə yararsız qulluqçuya kifayətdir.

 

 Acımasız həkim

 Həkim deyəndə ki... bakterioloq, astroloq... (o bizim cəmiyyətdə fəaliyyət göstərən bəzi həkimlərdən heç nə ilə fərqlənmir). Sonucda "Mərasim”ə həkim kimi qatılan (Oleq Əmirbəyov) acımasız həkim icraçıdır, kraliçanın qulluğundadır. Tezliklə Kral I Beranjın bakteriya kimi məhv olmasını gözləyənlərdəndir.

 Rejissor Ərşad Ələkbərovun absurd kimi müəyyənləşdirib, təqdim etdiyi "Mərasim” təyin olunmuş janrına heç bir şərtilik əlavə etmədən dəqiq mizanları, mükəmməl aktyor oyunu, təqdirəlayiq bədii quruluşu, sadə-düzgün hesaba alınmış səhnə tərtibatı ilə Rus Dram Teatrının səhnəsində yaxın zamanlarda baxdığım mükəmməl səhnə işi idi. Əlbəttə ki, mükəmməl təqdimatı yaradan absurdun atası Ejen İoneskonun "Kral ölür” əsəri, mükəmməl təqdimatı yaradan bənzərsiz Fəxrəddin Manafov-Mehriban Zəki oyunu, mükəmməl təqdimatı yaradan rejissor Ərşad Ələkbərovun peşəkar yanaşmasıdır.

 "Mərasim”i yaradan bu insanlardırsa, mərasimin baş tutması üçün ona düzgün dəyər verən tamaşaçının olması da çox vacibdir. Yarım saatdan artıq səhnədən aktyorların getməsinə "əngəl” yaradan teatrı, səhnəni, aktyoru, rejissoru dəyərləndirən MƏDƏNİ TAMAŞAçılara minnətdarıq....

 

Kaspi  2018.- 8-9 mart.- S.10.