Ədəbiyyatımızda 31 Mart soyqırımı
Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. 1998-ci ildən 31 Mart Azərbaycan Respublikasında dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Mart qırğını ilə bağlı tarixi, elmi araşdırmalar olsa da, bədi ədəbiyyatda hadisələr öz əksini lazımı qədər tapmayıb. Hər halda "Müzakirə”mizdə iştirak edən ədəbiyyat adamları, tənqidçilər bu sahədə sanballı əsərlərin yazılmasına ehtiyac olduğunu bildirdilər.
Soyqırımına obyektiv yanaşılmalıdır
Yazıçı Elçin Hüseynbəyli Mart qırğını ilə bağlı hər hansı bir əsəri xatırlamaqda çətinlik çəkir: "Ola bilsin ki, belə əsərlər var, ancaq mən xatırlaya bilmirəm. Əlbəttə, həmin dövrün ədəbiyyatımızda işıqlandırılması vacibdir. Etiraf edim ki, o hadisələrə ədəbiyyatımızda geniş yer ayrılmayıb. Yazılsa belə, populyarlıq qazanmayıb”. Yazıçı deyir ki, Mart hadisələrinə "26-lar” filmində toxunulub, ancaq o film sovet dövründə çəkildiyindən onun obyektivliyinə inanmır: "Mənə elə gəlir ki, sovet tarixçilərindən fərqli olaraq bu hadisələrə müstəqil yazıçılarımız müraciət etməli və soyqırımına obyektiv yanaşılmalıdır. Bu tarixdir və bu hadisələri olduğu kimi göstərmək lazımdır. Yəhudilərin başına gələn hadisələrlə bağlı çoxlu əsərlər yazıldığı kimi, bizim ədəbiyyatımızda da Mart qırğını yerini tapmalıdır”.
Sənədlər üzə çıxarılmayıb
Yazıçı-tərcüməçi Nəriman Əbdürrəhmanlı bədii ədəbiyyatda Mart qırğını ilə bağlı nümunələrə demək olar ki, rast gəlmədiyini deyir: "Ancaq tədqiqat əsərlərində, monoqrafiyalarda Mart qırğını kifayət qədər araşdırılıb”. Yazıçı deyir ki, tərcümə etdiyi Məhəmməd Əsəd bəyin "Şərqdə neft və qan” əsərində həmin qırğınlarla bağlı məqamlara rast gəlinir: "O əsərin xeyli hissəsi Mart qırğını ilə bağlıdır. Bu sənədli-bioqrafik əsərdir. Sırf bədii ədəbiyyatda isə o qırğınların geniş epik mənzərəsini verən bir əsərə rast gəlməmişəm”. Yazıçı Mart qırğını ilə bağlı əsərlərin yazılmamağını müstəqillik qazanana qədər həmin mövzuda sənədlərin üzə çıxarılmamağı ilə əlaqələndirir: "Ortada erməni faktoru olub və erməni təəssübkeşləri var idi. Ona görə də həmin sənədlər üzə çıxarılmayıb. Yalnız müstəqillik qazanandan sonra bu mövzu geniş araşdırılmağa başlandı və mart qırğını haqqında sərbəst danışmaq mümkün oldu. İndiyə qədər bu mövzuda əsərlər yazılmamasının əsas səbəbi də bununla bağlıdır. Çünki hər hansı bir informasiya ilə tanış olandan sonra müəyyən zaman keçməlidir. Ümidvaram ki, bundan sonra bu mövzuda əsərlər yazılacaq”.
Acıların bədii dilini tapmaq gücsüzlüyü
Ədəbiyyatşünas Rüstəm Kamalın fikrincə, ədəbiyyat millətin həyatında baş verən bütün hadisələri həm ifadə etmək məcburiyyətindədir, həm də buna məcbur deyil: "Yəni ədəbiyyata necə deyərsən ki, Şuşanın əldən getməsindən və yaxud Laçının, Kəlbəcərin işğalından yaz. Yəni yazıçılar özləri bu millətin həyatında, taleyində baş vermiş hadisələrə, fəlakətlərə bədii qiymət verir. Onu millətin bədii-ədəbi yaddaşının məhsulu kimi qeyd edir. Soyqırımı bu xalqın həyatında zaman-zaman baş vermiş ən böyük siyasi qəddarlığın nəticəsidir. Bu xalq tarixində çoxlu acılar görüb və soyqırımı ilə üzləşib. Bu hadisələr də nə yazıq ki, müxtəlif dönəmlərdə ört-basdır edilib. Məsələn, sovet ideologiyası bu hadisənin bizdə qabardılmasına yol verməyib. "Xalqlar dostluğu” ideyasının kölgəsində və yazıçılarımızın da o hadisələri təsvir etmək gücündə olmaması nəticəsində bu mövzu bizim ədəbiyyatda işıqlanmayıb”. Ədəbiyyatşünas alimin sözlərinə görə, 20-ci əsrin əvvəllərində soyqırımı ilə bağlı əsərlər, hekayələr, publisistik yazılar, Əli Bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, Yusif Vəzir Çəmənzəminlinin, Məmməd Əmin Rəsulzadənin, Seyid Hüseynin qələmi ilə işıqlandırılıb: "20-ci əsrin əvvəllərində Azərbaycan yazıçıları o soyqırımının içərisində idilər və bu hadisələrə operativ toxundular. Təəssüf ki, 20-ci əsrin sonunda baş verən soyqırımına Azərbaycan yazıçı və ziyalılarının həssaslığı fəal və sistemli olmadı. Nəticədə ortaya sanballı bədii əsərlər də çıxmadı. Bunun bir səbəbi odur ki, fəlakətdən, dərddən yazmaq üçün başqa bir ürək sahibi olmaq lazımdır və fərqli bir enerjini ifadə etməlisən. Görünür ki, mentalitet baxımından biz etnik fəlakətin miqyasını ədəbiyyat miqyasına sığışdıra bilmirik. Bunun səbəbləri müxtəlif ola bilər. Bu fərdi istedaddan da asılı ola bilər, materialların azlığı da səbəb ola bilər. Ancaq düşünmürəm ki, bu mövzuda materiallar azdır. Məsələn, 88-ci ildən başlayan hadisələrlə, ermənilərin Qarabağda, Xocalıda törətdiyi faciələrlə bağlı çoxlu sənədlər var. Sadəcə, görünür ki, bu, bizim yaşam fəlsəfəmizin və acıların bədii dilini tapmaq gücsüzlüyümüzdür. Əlbəttə, mən istərdim ki, tarixdən silinsə də, bu hadisələr gündəmdə olsun”. R.Kamal bizdə soyqırımı ilə bağlı səhnə əsərlərinin olmamasına da təəssüfünü bildirir: "Həmçinin səhnə əsərləri və filmlər də yoxdur. Məsələn, Qarabağla bağlı "Fəryad” və "Dolu” kimi bir-iki film var. Ekran əsərləri həm keyfiyyət, həm də kəmiyyətcə çox olmalıdır. Ümumiyyətlə, bizdə fəlakətlərlə bağlı – nə Böyük Vətən Müharibəsi, nə Qarabağ hadisələri, nə Xocalı soyqırımı, nə də 20 Yanvarla bağlı oxunmalı dram əsərləri var. Biz fəlakətlərin hətta səhnə təcəssümünü tapan əsərlər yazmamışıq. Əgər varsa da belə, o əsərlər haqqında heç kim danışmayıb. Yazılanlar da poetik kompozisiyalarıdır”. Ədəbiyyatşünas hesab edir ki, xeyirlə şərin qarşıdurmasını, həmçinin düşmənin obrazını yaratmağa, soyqırımı fəlakətinin miqyasını verməyə ədəbiyyat xüsusi hazır olmalıdır: "Ancaq mən bu hazırlığı görmürəm. Hələ ki, başımız ucuz mövzulara qarışıb. Mart qırğını isə psixoloji cəhətdən ağır mövzudur. Bu mənada Azərbaycan ədəbiyyatı bu millətin qarşısında borcludur. Ancaq bu sahədə nəsrin boynuna çox yük düşür. Düzdür, pafosla yazılmış şeirlər var. Hətta, şeir, qiraət də hələ o fəlakətin miqyasına cavab vermir. Bu mövzu nədənsə içimizdən keçə bilmir. 20-ci əsrin əvvəlində dövləti quran kişilər bu mövzunun içindən keçə bildilər və operativ yazılar yazdılar. O yazılar bu gün də öz qüvvəsini itirməyib. Sadəcə, o zaman bu mövzuya roman yazmaq imkanı olmadı. Sonra Xalq Cümhuriyyəti süqut etdi və başqa ideologiya yarandı. Çox təəssüf ki, o mövzunu roman səviyyəsinə qaldırmaq imkanı yaranmadı".
Ədəbiyyat həqiqətin yanında olmalıdır
"Sovet hökuməti qurulmamışdan əvvəl
bu mövzu ədəbiyyatda
öz əksini tapa bilməzdi” deyən tənqidçi Əsəd
Cahangir o zaman xalqlar dostluğu
ideyasının daha çox
təbliğ olunduğunu qeyd
edir: "Sovet
dövründə bu məsələlərə
o qədər də
toxunulmamışdı. O zaman yalnız xalqlar dostluğu
ideyası pərdəsi altında "Kür-Araz-Ararat,
gözəldir bu həyat, qardaş
olub Hayastan, Azərbaycan”
misraları ədəbiyyatda hökmran idi. Bu sözlər
mahnılara köçürülür,
kinofilmlərdə yer alırdı. Sovet dövləti də xalqlar
dostluğu ideyasını dəstəkləyirdi.
Hətta bizim metro
stansiyalarından birinin adı "Xalqlar dostluğu”dur. Bu gün
həmin ad qalsa da, o dövrdən fərqli
məna bildirir.
Eləcə də kinoteatrların adını "Xalqlar dostluğu” qoyurdular”. Tənqidçinin sözlərinə
görə, sovet dövründə bütün etnik
qarşıdurmalar və baş verən
dava-qırğınlar ört-basdır edilib.
O cümlədən də Martın 31-də baş
verən qanlı qırğın hadisəsi gizlədilib”.
Ə.Cahangir Məmməd Səid Ordubadinin "Qanlı sənələr”
adlı əsərinin bu günə qədər
də ermənilərin törətdiyi vəhşiliklərə
həsr olunan ən qiymətli əsər
adlandırır: "Bu, sənədli publisistik kitabdır. Ancaq bu, əsərin əhəmiyyətini qətiyyən
azaltmır, əksinə, daha da artırır. Müstəqillik qazanandan sonra təbii ki, yenidən bu mövzulara qayıtmaq imkanı əldə etdik. Amma ermənilərin
törətdiyi qırğınların müxtəlif mərhələləri
var. Belə ki, 1905,
1918, 1948 və 1988-ci illərdə ermənilər bizim xalqımıza qarşı genosid siyasəti törədiblər. Bu hadisələr içərisində ədəbiyyat daha çox 1988-ci ildən sonra
baş verən hadisələrə diqqət
göstərdi. Müəyyən qədər 1948-52-ci illərdə
azərbaycanlıların Vedibasar rayonundan deportasiyasına dair
hadisələr də bədii ədəbiyyatda əksini
tapdı. Bu hadisələrin ən gözəl
nümunəsi Məmməd Orucun
"Köçürülmə” romanı idi.
Ancaq 1918-ci ilin Mart qırğını ilə
bağlı fundamental bir
əsər xatırlamıram. Yazılanlar
da xırda bir məqalə səviyyəsində ola bilər”. Tənqidçi, millət
vəkili Musa Urudun ermənilərin qərbi azərbaycanlılara qarşı
törətdiyi hadisələrdən
bəhs olunun kitabını bu mövzuda sanballı nümunə adlandırır:
"Hesab edirəm ki, Azərbaycan həqiqətlərini dünyaya
çatdırmaq baxımından
hər hansı bir məqalənin, elmi kitabın görə biləcəyi
işdən bədii ədəbiyyat daha güclü iş görə bilər. Çünki bunun vizual effekti var. Bədii ədəbiyyatın təsir
gücü daha uzunmüddətlidir. Ona görə,
ədəbiyyatın bu
mövzuya diqqəti çox vacibdir. Bu, Azərbaycan həqiqətlərini
dünyaya çatdırmaq
baxımından böyük
rol oynaya bilər. Çünki Azərbaycan dövləti
uğurlu xarici siyasət yeridərək ölkə həqiqətlərini
dünyaya çatdırır
və bu siyasət özünün
ən gözəl bəhrələrini verməkdədir.
Amma ədəbiyyatımız da
bu məsələdə
dövlətçiliyimizə xidmət edərək, həqiqətlərin dünyaya
çatdırılmasında dövlətimizin, xalqımızın
ən başlıcası
da həqiqətin yanında olmalıdır”.
Ola bilsin ki, var...
Şair Musa Ələkbərli 31 Mart qırğını
ilə bağlı ədəbiyyatda - istər
nəsrdə, istərsə
də poeziyada sanballı bir əsərə rast gəlmədiyini bildirir:
"Vaxtilə bu mövzu yasaq olub. Mən ali təhsil
alsam da, orta məktəbdə oxusam da, son illərə qədər bu hadisələrlə bağlı heç bir məlumatım olmayıb. Bizə heç vaxt
tariximizi tarix kimi təqdim etməyiblər. Bu mövzu ermənilərin bizə qarşı münasibətlərinin daha
geniş şəkildə
təqdim etmək üçün gündəmə
gəldi. Bədnam qonşularımız
torpaqlarımızı işğal
edəndən sonra biz
ayılmağa başlamışıq”.
M.Ələkbərli 90-cı illərdə yazdığı
"Hanı bu xalqın yaddaşı” adlı şeirini xatırlayır: "Yaddaşımız
təzə-təzə oyanmaqdadır.
Elə bilirəm ki, indiki nəsillər, ədəbi qüvvələr
bu mövzunu da yetərincə işıqlandıracaq. Hələliksə bu mövzuda olan əsərlərin heç birini xatırlaya bilmirəm.
Ola bilsin ki,
bu mövzuda əsərlər var, ancaq mənim yadıma düşmür”.
Hazırladı:
Təranə Məhərrəmova
Kaspi 2018.- 31 mart.- S.19.