Sənətdə nəhəng, zəhmətdə nümunə insan

 

Görkəmli aktyor Kamal Xudaverdiyev unudulmaz obrazlarında və isti xatirələrdə yaşayır

 

Xalq artisti Kamal Xudaverdiyevin oynadığı teletamaşaları vaxtilə ekrandan maraqla izləmişəm. "Alov, "Atayevlər ailəsi, "Sarıköynəklə Valehin nağılı, "Bizim qəribə taleyimiz... Daha sonra "Nəsimi, "Dağlarda döyüş, "Gözlə məni, "Ən vacib müsahibə filmlərindən aktyorun oyununu sevmişəm. Milli Dram Teatrının səhnəsində oynadığı tamaşaları sevə-sevə salondan izləmişəm. İllər sonra jurnalistlik fəaliyyətimdə ekrandan və səhnədən izlədiyim aktyorla canlı müsahib olmuşam. Artıq illər sözünü demişdi. Bir qədər pessimist görkəmi vardı. Yaxın aktyor yoldaşlarının yoxluğu onu sanki küsdürmüşdü. Teatrın əvvəlki ab-havasının, görkəmli pleyadanın yoxluğu da bir tərəfdən... Aktyorun ruhu başdan-ayağa nostaljiyə köklənmişdi. Keçirdiyi ağır əməliyyatdan sonra həyata baxışları da dəyişmişdi.

 

Kamal Xudaverdiyevlə söhbətimizdə aktyorun uşaqlığına da boylanmış, gəncliyindən də, sənətə gəlişindən də söhbət açmışdıq.

 

Gərək nizam-intizama əməl edəsən

 

Onun uşaqlığı müharibə illərinə təsadüf edib. Atasını erkən itirib. Ailənin yükü onun çəlimsiz çiyinlərinə düşüb. Fəhləlik edib, ailələrini dolandırıb. Ancaq əzablı günlərin içərisində qəlbinə işıq tutan ümidini itirməyib. Oxumaq, ali təhsil almaq istəyib. Arzuları onu 1961-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dramkino fakültəsinə yönəldib. Bəxti onda gətirib ki, Adil İsgəndərov, Mehdi Məmmədov, Rza Təhmasib kimi böyük sənətkarların sinfində oxuyub. Sənətin sirlərini azman aktyorlardan öyrənib. Onun istedadı, bacarığı və həvəsi də müəllimlərinin gözündən yayınmayıb. Ali təhsilini uğurla başa vuran Kamal Xudaverdiyev həmin illərdə teatrın baş rejissoru Tofiq Kazımovun təklifi ilə truppaya qəbul edilib və qısa fasilələri çıxmaqla bütün yaradıcı ömrü Akademik Milli Dram Teatrında keçib. Bu teatrın səhnəsində çoxsaylı rollar oynayıb. "Almazda İbad, "Aydında Surxay, "Kral Lirdə Kral Lir, "Xoşbəxtlərdə Sadıq, "Yalanda Fərman, "Vaqifdə Eldar, "Mahnı dağlarda qaldıda Bahadır, "Bağlardan gələn səsdə Kamandar, "Yollara iz düşürdə Loğman (B.Vahabzadə), "Ah Paris... Parisdə süpürgəçi və s. rollar tamaşaçıların alqışları ilə qarşılanıb. Böyük sənətkar olmaqları öz yerində, həm də necə dəqiq idilər. İşlərinə çox məsuliyyətlə yanaşırdılar - deyə müəllimlərini məhəbbətlə xatırlayırdı: "Bizim işimizdə təkcə istedad azdır, gərək nizam-intizama əməl edəsən. Onlardan keçib bəlkə də mənə. Çalışmışam ki, kimsə məni gözləməsin. Aktyorluq yaradıcılığı elədir ki, beş dəqiqə yubanmaq bir məşqin dayanması, bir tamaşanın pozulması deməkdir. Onu da istəmişəm ki, tərəf-müqabilim güclü aktyor olsun. Sənin inkişafın tərəf-müqabilindən çox asılıdır. Doğrudur, aktyorlar arasında elələri var ki, tərəf-müqabilin zəif olmasını istəyir. Bu, özünə xəyanətdir.

Aktyorun Azərbaycan Televiziyasında hazırlanan tamaşalarda da çəkildiyi rollar tamaşaçıların yaddaşına yazılıb. İlyas Əfəndiyevin Atayevlər ailəsi (İldırım), Ənvər Məmmədxanlının Şərqin səhəri (Cavanşir bəy), Mehdi Hüseynin Alov (Qaşqay), Əlibala Hacızadənin Yadigar (Müəllim), Nazim Hikmətin Bayramın son günü (Firuz) və Şöhrət və ya unudulan adam (doktor), Elçin Mehrəliyevin Yurd yeri (Mahal kişi) əsərlərində canlandırdığı rollar minlərlə tamaşaçını ekran qarşısına cəlb edib.

 

Azərbaycanfilm kinostudiyasında İstintaq davam edir (Çingizov), Ən vacib müsahibə (Həsənov), Dağlarda döyüş (Rüstəmov), Nəsimi (Yusif), Abşeron (Əli), Üzü küləyə (kombinat müdiri), Adanı özünlə apara bilməzsən (ata), Otel otağı (alim), Dədə Qorqud (ata) filmlərində xaraktercə fərqli obrazlarla filmoqrafiyasını zənginləşdirib.

Əgər sənət aləmində qalsaydı...

 

Kamal Xudaverdiyevin tamaşaçıların yaddaşına yazılan obrazları onu insanlara nə qədər sevdiribsə, aktyor yoldaşları arasında da eyni sevgi və hörməti qazandırıb.

Xalq artisti Rafiq Əzimov sənət dostu haqqında keçmiş zamanda danışmasından dərin təəssüf hissi keçirir: Kamal Xudaverdiyev, Hamlet Xanızadə və Məcnun Hacıbəyov institutda bizdən sonrakı məzunlar olublar. Onlar yaxın dost idilər. Teatra qədəm qoyandan sonra isə bizimdostluğumuz yarandı. Kamalın ətrafında bir neçə yaxın dostları vardı. Yadımdadır, hər il may ayının 2-də onun ad günündə biz onların evinə yığışar, həm 1 May bayramını, həm də onun sabahkı ad gününü qeyd edərdik. Kamalın çox mehriban anası var idi. O bizə öz övladı kimi qulluq edirdi. Kamal uşaqlıqda çox əzablı günlər yaşamışdı. Təzə Pir məscidinin yaxınlığında, Mirzə Fətəli küçəsində evləri vardı. Biz onunla istər evlərinə get-gəl edəndə, istər teatrda çalışdığımız illərdə, istərsə də qastrol səfərlərində həmişə mehriban münasibətdə olmuşuq. Ümumiyyətlə, teatrda bu cür isti münasibət olanda, o, səhnəyə də sirayət edir. Çünki xoş günlər olanda dostlar arasında dedi-qodudan uzaq olursan, yalnız sənət haqqında fikirlərini bölüşürsən. BizimKamalla belə münasibətimiz var idi.

 

R.Əzimov sənət dostunu istedadlı aktyor kimi xatırlayır. Belə ki, aktyor teatra gələn gənclər arasında öz istedadı ilə seçilib. Səhnəyə yaraşan boyu-buxunu, amiranə səsi, obrazdan-obraza başqalaşmaq bacarığı onu çoxlarından fərqləndirib. "Bir neçə tamaşada onunla tərəf-müqabili olmuşam- deyə qocaman aktyor xatırlayır: "Hamımız səhnədə kiçik rollardan başlamışıq. Rejissorlar hər bir gəncin istedadını duyurona get-gedə böyük rollar həvalə edirdilər. Vaqif dramında Eldar rolunu vaxtilə Rza Əfqanlı, Mövsüm Sənani, Həsənağa Salayev oynamışdılar. Sonradan bu rolu Kamal Xudaverdiyevə də həvalə etdilər. Get-gedə Vaqif tamaşasının aktyorları cavanlaşırdı. Necə ki Vaqif rolunu oynamağa Həsən Turabov, Səməndər Rzayev kimi aktyorlar dəvət alırdı, eləcə də Eldar roluna zamanla gənc aktyorlar dəvət olunurdu. Kamal bu rolu özünəməxsus tərzdə oynayırdı. Ona hər rol tapşırıldıqca, istedadının yeni imkanları üzə çıxırdı. İstər Azərbaycan, istərsə də Qərb dramaturqlarının əsərlərində mükəmməl obrazlar yaradırdı. Teatra yeni gələn rejissorlar da onun istedadına yüksək qiymət verirdilər. Şekspirin Kral Lir faciəsində Kral Lir surətinin Kamal Xudaverdiyevə tapşırılması çoxlarına təəccüblü görünsə də, o, bu rolun öhdəsindən məharətlə gələ bildi. Hətta Moskvada keçirilən Beynəlxalq Çexov Teatr Festivalında da bu tamaşada müvəffəqiyyətlə oynadı. Kamalın təkcə klassik əsərlərdə deyil, müasir əsərlərdə də rolları var idi. İnsanlar onun oynadığı televiziya tamaşalarını çox sevirdilər. Bu mənada Kamal xoşbəxt aktyor idi.

 

R.Əzimov sənət dostunun yüksək insani keyfiyyətlərə malik olmasından danışır, onu mehribansadiq insan kimi yada salır: "Kamal dost qədri bilən idi. Hamlet Xanızadə, Məcnun Hacıbəyovla yaxın dost idilər. Sonradan bu dostluğa Fuad Poladov da qoşuldu. Demək olar ki, onlar can bir qəlbdə idilər. Kamal zəhmətkeş insan idi. Bunun kökündə uşaqlıqda çəkdiyi əzab-əziyyət dayanırdı. Kamal evlərinə o qədər bağlı idi ki, ona yeni mənzil veriləndə , ata evini tərk edib getmək istəmirdi. Təzə mənzilində yaşamaq ona qismət olmadı. Əgər Kamal Xudaverdiyev sənət aləmində qalsaydı, hələ çox rollar oynayacaq, teatr kinomuzu maraqlı obrazlarla zənginləşdirəcəkdi. O cür aktyorlar yaşasaydı, bəlkə durğunluğa düşdüyümüz illərimiz az olardı. Çünki onlar böyük məktəb görmüş, Rza Təhmasib, Adil İsgəndərov, Mehdi Məmmədov kimi müəllimlərdən dərs almışdılar. Böyük sənətkarlardan öyrəndiklərini səhnədə dəqiqliklə tətbiq edirdilər. Onların səhnəyə hər çıxışı aktyorun rol üzərində necə işləməsi ilə bağlı təcrübə idi. Mən indi o cür aktyorların teatrda olmasını çox arzu edərdim! Onda teatrımızın səhnəsində monumental əsərlər daha çox oynanılardı. Onda rejissor da, aktyor da böyüyür, teatrın nüfuzu da qalxır, tamaşaçılar da sevərək tamaşalara baxmağa gəlirlər.

Maraqlı obrazlar qalereyası

 

Rejissor Mərahim Fərzəlibəyov onu milli teatrımızın parlaq siması kimi xatırlayır: Kamal Xudaverdiyevə hələ gənclik illərindən rejissorlar etimad göstərərək böyük rollar veriblər. O da həmişə rolların öhdəsindən məharətlə gəlib. Mən rejissor kimi onunla bir neçə əsərdə görüşmüşəm. Nəriman Həsənzadə 80-ci illərdə Atabəylər dramını yazanda Qızıl Arslan obrazını məhz Kamal Xudaverdiyevdə görüb. Çox istərdim ki, Qızıl Arslanı Kamal oynasın. Bir aktyor kimi mən onun gücünə bələdəm - deyib. Həqiqətən Kamal Atabəylər əsərində Qızıl Arslanı özünəməxsus tərzdə oynadı. yaxşı ki, bu əsər Azərbaycan Televiziyasının filmotekasında saxlanılır. Daha sonra Kamalla işbirliyimiz Çingiz Aytmatovun Sokratı anma gecəsində oldu. Mən Çingizxan obrazını ona həvalə etdim. Çünki onun sərt baxışları, obrazda başqalaşmaq bacarığı rola çox uyğun gəlirdi. Kamal Xudaverdiyev böyük fateh Çingizxan obrazını xüsusi məharətlə yaratdı. Sonra da onunla müxtəlif əsərlərdə işbirliymiz oldu. Kamal Xudaverdiyev ümumiyyətlə, böyük obrazlar qalereyası yaradıb. Onun Nəsimi, Sahil əməliyyatı filmlərində oynadığı obrazlar çox parlaq rollardır. Bu gün də həmin filmlər ekranda göstərilir, tamaşaçılar da bu böyük sənətkarı izləyirlər. Həmçinin teatr tamaşalarının lentlərində onun obrazları qorunur. Tamaşaçılar onu filmlərdə görürlərsə və teatr xatirələri haqqında eşidirlərsə, demək o, yaşayır.

 

Kamal Xudaverdiyev yaşasaydı, mayın 3-də 80 yaşı olacaqdı. Doğma teatrının barmaqla sayılacaq qocaman aktyorlarından biri kimi repertuardakı tamaşalara rəng qatacaqdı. "Bizim kimi aktyorlar teatra çox lazımdır - deyən aktyorun yeri isə təkcə səhnədə və ekranda deyil, həyatda da görünür...

Təranə Məhərrəmova

 

Kaspi 2018.- 3 may.- S.7.