Rza Təhmasib dedi ki, bu oğlan teatra yaramayacaq

 

Ağakişi Kazımov: 80 yaşım var idi və fikirləşdim ki, artıq getmək vaxtıdır

 

"Fiziki işdən heç vaxt xoşum gəlməyib. Amma məktəbdə oxuyanda bunu deməyə utanırdım. Elə bilirdim ki, bu, məndə olan bir qüsurdur heç kimə deməməliyəm. Amma Cek Londonun əsərlərini oxuyanda gördüm ki, o da belə imiş. O deyirdi ki, mən 50 saat oturub yazı yaza, danışa, oxuya bilərəm. Amma bir mismarı divara vura bilmərəm. Başa düşdüm ki, bu, mənim qüsurum deyil, sadəcə olaraq fiziki işə meylim yoxdur. Mən ancaq zehni işlə məşğul ola bilərəm.

Bu sözləri bizimlə söhbətində xalq artisti, tanınmış rejissor Ağakişi Kazımov söylədi. Bu dəfə rejissorun uşaqlıq və gənclik illərinə qiyabi səfər etdik. Qeyd edim ki, A.Kazımov 1935-ci ildə Ağcabədi rayonunun Ağcabədi kəndində anadan olub: "Ağcabədi rayonu iki yerə bölünürdüortadan bir kanal axırdı. Rayonun bir tərəfi Xəlfərəddin, o biri tərəfi isə Ağcabədi adlanırdı. O dövrdə bütün mədəni obyektlər, klublar, kinolar Ağcabədi tərəfdə yerləşirdi. Mən də qismətdən məhz o tərəfdə doğulmuşdum. Ailədə 7 qardaş 4 bacı idik. Onların içərisində elmə, kinoya, teatra maraq təkcə məndə var idi. Bu da mənə anamdan keçmişdi. Anamın yaxşı təqlid qabiliyyəti var idi. Bir dəfə məktəbdə oxuyanda müəllimimiz bizi çağırdı ki, pambığa gedəcəksiniz. Hamı getsə də, mən imtina etdim. Səhəri gün müəllim soruşdu ki, sən niyə dünən yox idin? Dedim ki mən pambığa getməyəcəm. Müəllim mənə bir şillə vurdu, sıradan çıxıb birbaşa evə qayıtdım. Atama dedim ki, mən biro məktəbə getməyəcəm, məni Xəlfərəddin məktəbinə yazdır. Yeni məktəbdə dörd yaxın dostum var idi. İsi Məlikzadə mənim sinif yoldaşım idi.

"Bu, Ağakişinin xəttidir

 

Müsahibimin kinematoqrafiyaya marağı məktəb illərində yaranıb: "9-cu sinifdə oxuyanda bir gün eşitdik ki, bir nəfər klubda dərnək açıb tamaşa hazırlayır. Mən gələndə artıq rollar da bölünüb paylanmışdı. "Aydın əsərində iki kəlməlik rol verildi. Sonradan bizi görənlər deyirdi ki, siz Ağcabədi də inqilab etdiniz. Ağcabədi hara, teatr hara? Teatrı, kinonu o qədər sevirdim ki, kinolarda işığı söndürüb-yandırmaq işini görürdüm. Bu işi görərkən bir çox filmlərlə tanış oldum. Məhz o dövrdə məndə kinorejissor olmaq sevgisi yarandı. Beləcə 10-cu sinfə keçəndə kinematoqrafiya institutuna rus dilində məktub yazdım. Bir ay sonra müsbət cavab aldım. O gün sevincimdən uçurdum. Həmin ərəfədə bizim dördlük Fadeyevin "Gənc qvardiyası adlı filmindən çox təsirlənmişdik. Biz yamanlığa, rüşvətxorluğa qarşı mübarizə aparmaq istəyirdik. Bir gün İsi Məlikzadə dedi ki, gəl mən məktəbdə olanları yazım, sən də vərəqə köçür. Beləcə bizi silkələyən məsələləri böyük hərflərlə yazıb gecə məktəbin giriş qapısına yapışdırdıq. Səhər məktəbin qabağında çaxnaşma var idi. Özümüzü elə aparırdıq ki, guya xəbərimiz yoxdur. Bir az keçməmiş direktor bizim dördlüyün üzvlərini çağırıb soruşdu ki, mən bunu kimin yazdığını bilirəm. Bu, Ağakişinin xəttidir. Bizi sinifdən sinfə keçirməyəcəyini, attestat verməyəcəyini dedi. Hətta bizi şər atdığımıza görə milisə verəcəyini bildirdi. Mən qorxuya düşmüşdüm. Sən demə, bizi qorxutmaq üçün deyirmiş.

"Ağcabədiyə qayıtmağa üzüm yox idi

 

Məktəbi bitirəndən sonra yük maşınının kuzasında Yevlaxa, oradan da Bakıya gedən həmsöhbətim Moskvaya instituta qəbul olmaq üçün gedir. Amma bu dəfə də bəxt onun üzünə gülmür: "Bizdən imtahanı Rusiyanın məşhur sənətkarları Sergey Gerasimov və həyat yoldaşı Tamara Makarova götürürdü. 12 yerə 800 ərizə yazılmışdı. Fikirləşdim ki, bura qəbul oluna bilməyəcəyəm. Cavablar çıxanda siyahıda adım yox idi. Kor-peşman hara gedəcəyimi bilmirdim. Pulum da bitmişdi. Yolda "Komsomolskiy pravda qəzetində Dağ-mədən İnstitutunun tələbə qəbulu elan etdiyini gördüm. Orada qeyd olunurdu ki, SSRİ-yə daxil olan ölkələrdən gələn gənclərə xüsusi güzəştlər tətbiq ediləcək. Birtəhər Rostova gəldim. Sənədlərimi instituta verdimorda oxumağa başladım. Ağcabədiyə qayıtmağa utandığımdan elə Rostovda qaldım. Bir neçə gün dərslərdə oturdumbaşa düşdüm ki, bu sahənin mənə aidiyyəti yoxdur. Azərbaycan Dövlət Teatr İnstitutunun direktoruna məktub yazıb xahiş etdim ki, məni aktyor şöbəsinə qəbul etsinlər. Sonralar direktor mənə dedi ki, belə yanıqlı məktub oxumamışdım. Sənədlərimi götürüb vağzala gəldim. Dedim ki, Bakıya qayıtmaq istəyirəm, amma pulum yoxdur. Uzun çək-çevirdən sonra məni biletsiz qatara keçirdilər. Bizim dördlükdən İsi Məlikzadənin və Xanməmmədin indiki Neft və Sənaye Universitetinə qəbul olunduqlarını bilirdim. Tramvaya minib universitetin yataqxanasını tapdım. Məni içəri buraxmadılar. Dostlarımı çağırdım və onlar məni gördülər. Yağış turbası ilə ikinci mərtəbəyə qalxdım. Gecəni orada qaldıqdan sonra səhəri günü Teatr İnstitutuna getdimdirektoru görmək istədiyimi dedim.

"Mən teatrsız öləcəm

 

Teatr İnstitutuna gələn A.Kazımov nəhayət, aktyorluğa qəbul olunur: "Direktor məni görən kimi dedi ki, Rostovdan gələn sənsən? Ona dedim ki, mən teatrsız öləcəyəm. Söylədi ki, Rza Təhmasib yoxlasın, görək teatra yarayırsanmı? Rza müəllim baxan kimi dedi ki, bu, teatra yaramayacaq. Direktor səbəbini soruşanda dedi ki, üzündə çapıq var. Direktor dedi ki, qrim edəndən sonra heç bir iz qalmayacaq. Mənə etüd rol verdi və oynamağımı istədi. Filmləri izlədiyimdən bu, mənə çox asan gəldi. Rza müəllim direktora dedi ki, məni öz kursuna götürmək istəyir. Mənə ya təqaüd, ya da yataqxana verə biləcəklərini bildirdilər. Mən təqaüdü seçdim. Orada oxuduğumuz vaxt bir dəfə bizə dedilər ki, kim kütləvi teatrda çıxış etmək istəyir? Mən tez əlimi qaldırdım. Beləcə bir sıra kütləvi tamaşalarda rol aldım. Mən bu işi həvəslə, sevərək edirdim. Bu minvalla bir müddət davam etdim. 1955-ci ilin fevralın 10-da - üçüncü kursda oxuyarkən Ədil İsgəndərov məni ştata işə götürdü və 690 manat maaş təyin etdi. Atama yazdım ki, daha mənə pul göndərməsin. Bu, mənim ilk maaşım idi. Bir müddət orada işlədim. Keçmiş baş rejissorumuz Tofiq Kazımov mənə ilk böyük rolumu verdi. Mən bir sıra rejissorun imtahanından uğurla keçdim. 1956-cı ildə institutu qurtarıb diplom aldıq. İki il sonra məndə daxili təlatümlər baş qaldırdı, çünki arzularımın ardınca getməmişdim, rejissor olmaq istəyirdim. Beləcə verilən rolları başdansovdu oynamağa başladım. Rejissorlar da bunu başa düşürdü. Mən həm də Azərbaycan Pedaqoji İnstitutunda dərnək rəhbəri idim. Bir dəfə məşqə gecikdim, köməkçi mənə dedi ki, Ədil müəllim sənin gecikdiyini bilir. Birgördüm ki, məni işdən çıxarıblar. Ədil müəllimdən soruşdum ki, məni həqiqətən işdən çıxarmısınız? Dedi ki, sən də o biri aktyorlar kimi məsuliyyətsizlik etmisən. Bir müddətdən sonra səni yenidən işə götürəcəyəm, amma bunu heç kimə demə. Evə gələndən sonra nə edəcəyimi bilmirdim.

"İşləmək istəmirəm

 

Nəhayət rejissorluq istəyi reallaşır: "Bir gün küçədə təsadüfən teatrın kadrlar şöbəsinin müdiri ilə rastlaşdım. Məndən soruşdu ki, sən niyə işdə deyilsən? Soruşdum ki, nə ? Sən demə, Ədil İsgəndərov məni yenidən işə bərpa edib. 690 manat əvəzinə 800 manat maaş təyin edib. Həvəslə işə başlasam da, daxili narahatlığım məndən əl çəkmirdi. Yenə rejissorluq istəyim baş qaldırmışdı. Həmin dövrdə Ədil İsgəndərov da işdən çıxarıldı. Qərara gəldim ki, işləmək istəmirəm. Ərizə yazdım və rəhbərliyə təqdim etdim. Sən demə, mənim getməyim onların da ürəyindənmiş. Mənə dedilər ki, əgər getsən birbura qayıda bilməyəcəksən. Mən də qayıtmaq istəmədiyimi söylədim. O dövrdə 60 min manata yaxın pulum var idi. Həm də yenicə ailə həyatı qurmuşdum. Yoldaşıma dedim ki, gedək Moskva, Sankt Peterburq, Soçidə dincələk. İyul ayında Sankt Peterburqa getdim. Bir qədər gəzəndən sonra gördüm ki, ordakı Kinematoqrafiya İnstitutu tələbə qəbul edir. Yoldaşıma demədən sənədlərimi ora təqdim etdim. Onu otelə yerləşdirdim və ora imtahana getdim. Bilet çəkdim və etüd tapşırıq hazırlamalı idim. Deyilən tapşırıq əsasında səhnəni qurdum və oynadıq. Amma digər imtahanlar qaldı. İmtahandan sonra həyat yoldaşım Afiqə xanıma dedim ki, sənədlərimi təqdim etmişəm, amma qəbul edəcəklərinə inanmıram. Bir qədər dincəlib yenidən Bakıya qayıtdıq. Bir gün küçədə dostlarımı gördüm, dedilər ki, rejissorluq institutuna qəbul olublar. Ayrılandan sonra öz-özümə dedim ki, Ağakişi, kül sənin başına, onlar rejissor oldular, sən yox. Amma sənədlərim Sankt Peterburqda qalmışdı. Qanıqara evə gəldim. Yoldaşım soruşdu ki, nə olub, dedim ki, mən öləcəyəm. Doğurdan da, elə hesab edirdim ki, sonum çatıb. Sənədlərimi geri istəmək üçün zəng vuranda soruşdular ki, Ağakişi, sən artıq qəbul olunmusan, niyə gəlmirsən? Soruşdum ki, axı, digər imtahanları verməmişəm. Dedilər ki, sənin sənətin və hazırladığın hər kəsin xoşuna gəlib.

Amma istəyinə çatsa da, təlatümlər onun yaxasını buraxmır: "Sankt Peterburqa gələn kimi məni ağlamaq tutdu. Fikirləşdim ki, təzədən biruniversitet oxumalıyam. O dövrdə 29 yaşım var idi. Amma birtəhər təhsili başa vurdum. Dördüncü kursda olanda dedilər ki, 5-ci kursda teatrda işləyəcəksiniz. İndidən öz qərarınızı verin ki, harada işləmək istəyirsiniz. O vaxt Kazan Dövlət Akademik Teatrı Sankt Peterburqa qastrola gəlmişdi. Direktorla söhbət etdimdedim ki, diplom tamaşasını burada işləmək istəyirəm. 1968-ci ilin sentyabr ayında yoldaşımla Kazana getdim bir il orada qaldım. Orada Şekspirin Çarəsinə görə çarə, Cəfər Cabbarlının Aydın tamaşalarına rejissorluq etdim. Aydın mənim diplom tamaşam oldu. Fikrət Əmirov da tamaşanın musiqisini yazmağa razılıq verdi. Bu, mənim üçün böyük bir bayram oldu. Tamaşadan sonra Bakıya dincəlməyə qayıtdım. Bu qədər əzabdan sonra mən rejissor olmuşdum. Pravda qəzetində diplom tamaşamın haqqında yazı çıxmışdı. Sonralar Bakı və rayon qəzetlərində tamaşa haqqında təəssüratlar əsas yer tuturdu. Beləcə məni Sumqayıt Teatrına direktor təyin etdilər. Amma bir müddət sonra ordan da öz istəyimlə ayrıldım. 1974-cü ilin axırında Musiqili Komediya Teatrının bədii rəhbəri təyin olundum. Bir ilorada işlədim. Daha sonra Gənc Tamaşaçılar Teatrına getdimorada baş rejissor olaraq 10 il işlədim. Ardınca Azdramaya, oradan Gənc Tamaşaçılar Teatrına gedərək bir ömrü başa vurdum. Mənim ən böyük uğurlarımdan biriböyük şairimiz Bəxtiyar Vahabzadə ilə əlaqələrim idi. Onun Şəhidlər poemasını Gənc Tamaşaçılar Teatrında hazırlamışdım. Bəxtiyar Vahabzadə məni çağıraraq Göy türklər və "Özümüzü kəsən qılınc əsərlərini də hazırlamağımı istədi. Tamaşaları hazırlayandan sonra ümummilli lider Heydər Əliyev də baxmışdı. 2011-ci ildə isə teatrdan ayrılmalı oldum. Teatrdan ayrılanda sonra Mədəniyyət və İncəsənət Universitetində dərs deyirdim. 2015-ci ildə oradan da ayrıldım və təqaüdə çıxdım. 80 yaşım var idi fikirləşdim ki, artıq getmək vaxtıdır.

 

Üç övlad atası olan rejissor sonda gənclərə öz məsləhətini də verdi: "Gənclərə tövsiyə edərdim ki, öz istəkləri, ideyaları və məqsədləri olsun. Əgər bir şeyə inanırsansa, mütləq onun ardınca getməlisən. Fərqi yoxdur, həkim, müəllim, rejissor, kim olursan ol.

 

Şəbnəm Mehdizadə

 

Kaspi 2018.- 25 may.- S.12.