Azərbaycanda uşaqları
zərərli informasiyalardan qoruyacaq proqram təqdim olundu
Ekspertlər deyir ki, bu
proqram vasitəsilə uşağın
hansı informasiyalar qəbul etdiyini bilmək və bunun
qarşısını almaq
imkanımız olacaq
Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin təşəbbüsü ilə
"Uşaqların internet təhlükəsizliyi" layihəsi
çərçivəsində "Valideyn nəzarəti və
internet təhlükəsizliyi" proqramı (kidsafe)
yaradılıb.
Komitədən
Trend-ə verilən məlumata görə, proqram Birləşmiş
Millətlər Təşkilatının Uşaq
Hüquqları Komitəsinin tövsiyələrinə əsasən
hazırlanıb. Proqram təminatı uşaqların internet məkanında
müdafiəsinə, valideynlərin uşaqların daxil
olduğu elektron səhifələri və sorğuları
haqqında məlumatlandırılmasına xidmət edəcək.
İcra edilən tədbirlər Hökumətin Uşaq
Hüquqları haqqında Konvensiyaya dair hesabatında əks
etdiriləcək. Sadalanan problemlərin aradan
qaldırılması uşaqların inkişafına, təhsilinə
təsir göstərəcək.
"www.kidsafe.az"
proqramı 1000-dən çox pornoqrafik, ekstremist amillər,
zorakılıq, spam və virus xarakterli və s. kimi filtrləmə
məlumat bazası, tam formada qoruyucu funksiya ilə təmin
olunub. Proqram istifadəçi tərəfindən spesifik
filtrləmə funksiyasının yerinə yetirilmə
imkanı da yaradır.
Proqramda
uşağın istifadəsi zamanı "keylogger" sistemi
işə düşərək, istifadə etdiyi vebsaytlar,
proqramlar və sözlər kimi istənilən məlumatlar
qeyd edilərək valideynə ötürülür.
Kompüterə uzaqdan vaxt limiti təyin etmək kimi funksiya da
yüksək formada çalışır. Sistemdə əlavə
olaraq boş vaxt modulundan irəli gələrək bloq sistem də
yaradılıb ki, onunla səhiyyə, psixoloji aspektlər,
hüquqi maarifləndirmə, sual-cavab kateqoriyalar üzrə məlumatlar
yerləşdirmək mümkündür. Proqram təminatı
"E-Box" şirkətinin texniki dəstəyi ilə
hazırlanıb.
Noyabrın
1-də Hökumət Evinin akt zalında www.kidsafe.az
proqramının təqdimat mərasimi keçirilib. Tədbirdə
uşaq hüquqlarını qoruyan müvafiq dövlət
qurumları, yerli və beynəlxalq təşkilatların
nümayəndələri iştirak edib. Təqdimatda
çıxış edən dövlət komitəsinin sədri Hicran
Hüseynova qeyd edib ki, uşaqlar da bizim kimi bütün
kompüter yeniliklərini – sosial şəbəkələri,
onlayn oyunları, müxtəlif proqramları sürətlə
mənimsəyir: "Bu çox normaldır, onlar da inkişaf
edir, daha yeni və son texnologiyalardan istifadə etməyi öyrənirlər. Bu, uşaqlar
üçün həm əyləncə, həm də tədris
vasitəsidir. Nəzərə alsaq ki, bu gün internetdə
xeyirli məlumatlarla bərabər, bir sıra müxtəlif
ziyanlı informasiyalar da mövcuddur. Və bu məlumatlardan
bizim övladlarımız, uşaqlar da istifadə edir. Onda biz
düşünməliyik. Bu mövzuda həm valideynlər, həm
də uşaqlar düzgün istiqamətləndirilməlidir.
İnformasiya və internet asılılığının
yaranmasına insanların yaş xüsusiyyətləri
bilavasitə təsir göstərir. İnternetin istifadəçiləri
olan uşaq və yeniyetmələr bu təsirə daha
çox məruz qalırlar. Uşaqlar valideynlərin diqqətindən
yayınaraq şiddət, müxtəlif pis vərdişlər
aşılayan videolara asanlıqla çıxış əldə
edirlər. Bu isə uşaqlarda hələ kiçik
yaşlardan aqressiya, şiddətə meyillilik və mənəvi
travmalara gətirib çıxarır”.
Komitə
sədri bildirib ki, uşaqların yaşlarına uyğun məlumatları
rahat şəkildə əldə edə bilməsi, lakin zərərli
kontnetdən uzaq qalması üçün provayderlər tərəfindən
təklif olunan "informasiyanın filtrlənməsi” xidmətindən
istifadə olunmalıdır. BMT-nin Uşaq Hüquqları
Komitəsinin tövsiyələrinə əsasən, Komitənin
təşəbbüsü, "Kapital Bank”ın dəstəyi
ilə "Uşaqların internet təhlükəsizliyi”
layihəsi çərçivəsində hazırlanan
"Valideyn-internet təhlükəsizliyi və nəzarət”
proqram təminatı uşaqların internet məkanında
müdafiəsinə, valideynlərin uşaqların daxil
olduğu elektron səhifələri və sorğuları
haqqında məlumatlandırılmasına xidmət edəcək.
Yaradılan
proqramın uşaqların zərərli informasiyalardan
qorunmasında, onların təhlükəsizliyinin təmin
edilməsində nə dərəcədə effektiv
olacağını mütəxəssislərlə müzakirə
etdik.
Sosioloq,
"Sağlam Cəmiyyət” İctimai Birliyinin sədri Lalə
Mehralı proqramın çox lazımlı və uzun müddətdir
ki, cəmiyyətdə ehtiyac duyulan bir yenilik olduğunu
bildirdi: "Günümüzdə internetdən istifadə
qaçılmazdır. Xüsusilə də uşaqları
kompüterdən, planşetdən uzaq tutmaq müşkül məsələdir.
Deyərdim ki, internetdən istifadə yaşının da
getdikcə aşağı düşməsi belə bir
proqramın yaradılmasını tələb edirdi. Həm
bir valideyn, həm də mütəxəssis kimi bu
addımı çox yüksək qiymətləndirirəm. Məncə,
bundan sonra valideynlərin müəyyən qədər də
olsa, ürəkləri rahat olar. Çünki uşaqların
internetdən ayrı qalması çox çətin məsələdir.
Bu proqram vasitəsilə, ən azı, uşağın nə
tip informasiyalar qəbul etdiyini bilmək və bunun
qarşısını almaq imkanımız olacaq. Sadəcə
proqramın işləmə mexanizmi bir az qaranlıq qaldı.
Proqramın ödənişsiz olmasının tərəfdarıyam”.
"Qadın
və Uşaq Akademiyası” İctimai Birliyinin sədri Sevinc Fədai
qeyd etdi ki, bu proqramın təminatı uşaqların
qorunmasına hesablandığı üçün
faydalıdır: "Ancaq bir məqam var, yaxşı
olardı ki, övladına nəzarəti ciddiyə almayan
valideynlərin bur proqram barədə məlumatlanması təmin
edilsin, geniş şəkildə təbliği
üçün bütün vasitələr işə
salınsın. Yəni bu proqramın tətbiqi zərurətə
çevrilsin. Bütün hallarda uşağa valideyn nəzarəti
vacibdir. Onların nəyi izlədiyini, nəyi axtardığını
və bunun hansı ehtiyacdan, maraqdan doğduğunu bilməlidirlər.
Biləndən sonra da, onlarla bu barədə söhbətlər
etməli, bu kimi materialların niyə zərərli
olduğunu məhz özləri izahını verməlidirlər.
Qarşısını almaq üçün nələr edilməlidirsə, o barədə ilk olaraq özləri
məlumatlı olmalıdırlar”.
Birliyin
sədri qeyd etdi ki, bu gün bir çox valideyn istər
işin çoxluğundan, istər biganəlikdən, telefonu,
uşağı sakitləşdirməyin, onun nadincliklərindən
yaxa qurtarmağın yolu kimi bilir və əlinə telefona verərək
özündən uzaqlaşdırır: "Nəyə
baxdığı, nə qədər baxdığı onu
düşündürmür və sonra ortaya çıxan
problemlərin öhdəsindən gələ bilmir. 3
yaşlı oğlumun izlədiyi məntiq oyunları, rəngləmə
proqramları, eləcə də, cizgi filmlərinin, onun
nitqinin, məntiqi qabiliyyətinin inkişafında müsbət
təsirini görürəm. Ancaq bu inkişaf təkcə həmin
vasitələrlə yox, həm də birbaşa valideynin
uşağı ilə etdiyi söhbətlər,
danışdığı nağıllar, oynadığı
oyunlar sayəsində olmalıdır. Yəni deyək ki,
uşağa ümumiyyətlə telefon verməyin, bu, ona tamamilə
ziyandı, yox. Sadəcə, nəyi və nə qədər
izlədiyinə mütləq nəzarət edilməlidir.
Bütün hallarda bu nəzarəti uşaq özü də
hiss etməlidir.
Sözügedən
proqram da valideynlərin işini xeyli asanlaşdıracaq və
narahatlığını aradan qaldıracaq. Ancaq daha çox
uşaqlarını nəzarətsiz qoyan, bu kimi yeniliklərdən
xəbərdar olmayan valideynlərin bu istiqamətdə ciddi
şəkildə bilgiləndirilməsi çox yaxşı
olardı. Valideyn bilməlidir ki, övladının
ümumilikdə psixoloji sağlamlığı, gələcəyi
onun az yaşda hansı mühitdə böyüməsindən,
nələri eşidib, gördüyündən çox
asılıdır”.
Günel Azadə
Kaspi.-2018.-2 noyabr.-S.6.