Milli-mənəvi sərvətimiz olan muğamın inkişafına mühüm töhfə

Ağdam Muğam Mərkəzində həm məşhur ifaçılarımız öz məharətlərini göstərəcək, həm də gənclər muğam sənətinə cəlb ediləcəklər

Muğam sənəti Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsidir. Xalqımızın mədəni ənənələrində və tarixində dərin köklərə malikdir. Bu gün muğam sənətinin inkişafı ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva saysız işlər görür. Onun  muğamın yaşadılması ilə bağlı həyata keçirdiyi layihələr öz nəticəsini göstərir. Muğamımızın sədası beynəlxalq arenalardan eşidilir, tanıdılır. Mehriban xanımın milli-mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan məhz Muğam mərkəzlərinin inşasıdır. Onlardan birinin - Ağdam Muğam Mərkəzinin açılışı srağagün baş tutub.

Muğam Mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşüblər. Dövlət başçısı Ağdam rayonunun tarixində çox əlamətdar bir gün olduğunu qeyd edib: "Bu gözəl, möhtəşəm bina onu göstərir ki, Azərbaycan xalqı və dövləti öz milli sənəti olan muğama çox böyük sevgi ilə yanaşır. Bina həm xarici görünüşü və memarlıq baxımından çox gözəldir, həm də daxili tərtibatı göz oxşayır. Dərs otaqları, eyni zamanda, gözəl konsert salonu ən yüksək standartlara cavab verir. Bu Muğam Mərkəzində həm məşhur ifaçılarımız öz məharətlərini göstərəcəklər, həm də gənclər muğam sənətinə cəlb ediləcəklər. Bir sözlə, bu mərkəzin çox böyük əhəmiyyəti, çox böyük mənası var. Mən şadam ki, bu mərkəzin açılışında bizim görkəmli muğam ifaçıları, incəsənət xadimləri, Ağdam rayonunun ziyalıları, nümayəndələri iştirak edirlər. Bu mərkəzin yaradılması Heydər Əliyev Fondunun təşəbbüsü ilə mümkün olmuşdur və mən bu təşəbbüsü yüksək qiymətləndirirəm. Ölkəmizdə bir neçə Muğam Mərkəzi fəaliyyət göstərir. Biz, ilk növbədə, Bakı Beynəlxalq Muğam Mərkəzinin yaradılmasını təmin etdik. Şəhərimizin ən gözəl yerində - bulvarda yerləşən mərkəz həm memarlıq, həm də bütün başqa keyfiyyətlər baxımından ən yüksək səviyyədədir. Ondan sonra Füzuli, Ağcabədi rayonlarında Muğam mərkəzləri yaradılmışdır və bu gün biz Ağdam rayonunda mərkəzin açılışını qeyd edirik. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğama göstərdiyi diqqət, hesab edirəm ki, bütün cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Biz son illərdə muğamın demək olar ki, dirçəlməsini görürük. Biz əsrlər boyu bu gözəl milli sənətimizi yaşatmışıq, inkişaf etdirmişik, ancaq son illərdə muğamın Azərbaycanda inkişafına çox böyük təkan verildi. Ənənəvi muğam müsabiqələri keçirilir və Azərbaycan televiziyası ilə canlı yayımlanır. Bu müsabiqələrin çox böyük əhəmiyyəti var. Həm gənc nəsil yetişir, həm gənc istedadlar gələcəyə yol tapırlar, həm də muğamın nə qədər gözəl sənət olduğunu bütün Azərbaycan vətəndaşları görür, peyk vasitəsilə dünya da görür. Doğrudan da ənənəvi muğam müsabiqələri çox əhəmiyyətli hadisəyə çevrilmişdir. Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq beynəlxalq muğam festivalları da keçirilir. Bu təşəbbüsün də çox böyük əhəmiyyəti var. Çünki biz bu festivalların keçirilməsi ilə bir daha göstəririk ki, muğam milli sənətimizdir və muğamın bu gün dünyada yaşaması böyük dərəcədə Azərbaycan xalqının zəhməti, istedadı hesabına mümkündür. Biz haqlı olaraq hesab edirik ki, muğamın vətəni Azərbaycandır və beynəlxalq festivalların keçirilməsi, əlbəttə, bu tezisi daha da möhkəmləndirir”.

Birinci xanım Mehriban Əliyeva isə çıxışında muğamın nadir sənət olduğunu bildiribonu Azərbaycanın ən böyük sərvətlərindən biri kimi qiymətləndirib: "Bu gün biz muğam sənətinin inkişafı üçün atılan addımlar haqqında danışdıq. Yəqin ki, siz xatırlayırsınız, Heydər Əliyev Fondunda biz ilk dəfə bərabər toplaşdıq və bu proqramları, gələcək planlarımızı birgə müzakirə etdiksonra həyata keçirməyə başladıq. Mən sizin hər birinizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki bütün bu nailiyyətlər bizim birgə fəaliyyətimiz nəticəsində mümkün olub. Biz doğrudan da vahid bir komanda kimi çalışırdıq və hər bir yeni ideyanı müzakirə edirdik, fikirləşirdik ki, müsabiqələri necə keçirək, növbəti addım hansı olsun. Bu gün qeyd etdiyimiz bütün bu addımlar yalnız və yalnız sizin dəstəyinizlə, iştirakınızla mümkün olub. Mən buna görə sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun".

Mərkəzin açılışında iştirak edən xalq artistləri, muğam ustaları səfərdən sonra təəssüratlarını "Kaspi” ilə bölüşdülər. Bildirdilər ki, Ağdam tarixən Qarabağda bir mədəniyyət mərkəzi rolunu oynayıb. "Xarı bülbülkimi festivallar məhz orada keçirilib. Hazırda ərazisinin 80 faizi düşmən işğalı altında olan Ağdam, vaxtilə çal-çağırlı mədəniyyət ocağı olub.

Xalq artisti Arif Babayev bizimlə söhbətində bildirdi ki, Ağdam Muğam Mərkəzinin tikilməsi və istifadəyə verilməsi çox təqdirəlayiq haldır: "Muğam mərkəzlərinin sayının çoxalması sevindiricidir. Bizim muğamımızı, milli musiqimizi dünya səviyyəsinə məhz Mehriban xanım yüksəldib. Bu, əvəzolunmaz bir işdir. Ölkəmizdə beynəlxalq muğam müsabiqələrinin keçirilməsi gənclərimizin öz sənətlərini dünya miqyasında göstərməsinə imkan verir. Muğam sənətini bu qədər inkişaf etdirən, bu zirvəyə qaldıran dövlətimiz var olsun. Biz muğam sahəsində bu dirçəlişi görüb şad oluruq. Xalqımızın mədəni sərvətlərini dünyaya tanıtmaq çox böyük işdir, böyük bir tarixdir”.

Xalq artisti Mənsum İbrahimov isə Qarabağın gözəl guşəsində Muğam Mərkəzinin açılmasını Azərbaycan muğamına bir töhfə kimi qiymətləndirdi: "Dövlətimizin muğamımıza diqqət və qayğısını hər zaman hiss etmişik. Bu ənənənin təməlini bizim ümummilli liderimiz Heydər Əliyev qoyub. Bu ənənə bu gün çox layiqincə davam etdirilir. Heydər Əliyev Fondu yaranan gündən bizim muğamımızın yeni inkişaf dövrü başlayıb. Keçirilən muğam televiziya müsabiqələri, beynəlxalq muğam müsabiqələri nəticəsində onlarla gənc muğam ifaçısı sənətimizə gəlib. Heç bir dövrdə bizim sənətimizə bu qədər gənc ifaçı gəlməyib. Bu, çox böyük bir rəqəmdir. Biz hər dəfə müsabiqədən əvvəl hörmətli Mehriban xanımın tapşırığı ilə bölgələrə gedib seçim turları keçiririk. Qarabağ muğamın məskənidir”.

Xalq artisti bildirdi ki, açılışda Mehriban Əliyeva ilə Azərbaycan muğamının inkişafı və perspektivləri ilə bağlı söhbət ediblər: "Mehriban xanım muğam müsabiqələrinin keçirilməsini vacib hesab edir. Qeyd etdi ki, bu, xalqa lazımdır. Çünki müsabiqə muğama yeni gənclər və yeni səslər gətirir. Bu da Azərbaycan muğamının nəsildən-nəslə keçməsi və yaşaması üçün lazımdır. Eyni zamanda, Mehriban xanım Azərbaycan muğamının inkişafından da razı olduğunu bildirdi. Mehriban xanımla söhbətdən çox gözəl təəssüratlarla ayrıldıq”.

Xalq artisti Aygün Bayramova muğamı milli sərvətimiz, mənəvi dəyərimiz hesab edir: "Biz muğamı yaşatmalıyıq, qorumalıyıq, inkişaf etdirməliyik. Mehriban xanım bizə çox doğma, əziz bir insandır. Çünki muğamımıza, ümumiyyətlə, incəsənətə xidmət edən insanları həmişə dəyərləndirir, həmişə diqqəti bizim üzərimizdə olur. Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən "Muğam dünyası”, "Qarabağ xanəndələri” layihələri bizim əməyimizə verilən çox böyük qiymətdir. Biz Mehriban xanımın təşəbbüsü ilə dəfələrlə tədbirlər keçirmişik, konsert proqramlarında bir araya gəlmişik. Biz çalışırıq ki, muğamımızı həm də xarici dövlətlərdə gözəl təbliğ edək, musiqimizi, muğamımızı xarici vətəndaşlara öz çıxışlarımızla, öz ifalarımızla yüksək səviyyədə çatdıraq”.

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas bizimlə söhbətində son illər muğam sənətinin inkişafını görməməyin mümkünsüz olduğunu dedi: "Ölkəmizdə, başqa sahələrə olduğu kimi, mədəniyyət sahəsinə, xüsusilə də milli musiqimizin, muğamlarımızın inkişafına ciddi fikir verilir. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətləri əvəzsizdir. Muğam milli-mənəvi sərvətimizdir. Bu mərkəzin Ağdamda açılmasına sevinmək lazımdır. Zamanında Ağdamda böyük musiqi festivalları keçirilirdi. Şəhərin mərkəzində musiqi məktəbləri var idi. Muğam məktəbi isə fərdi şəkildə fəaliyyət göstərirdi. Qarabağda Ağdam muğam məktəbi vardı. Məlum hadisələrdən sonra Ağdamda o şərait yox  oldu. İndi orada "Şur” ansamblı yenidən fəaliyyət göstərir. Vaxtilə fəaliyyətini dayandırmışdı. Bu gün Ağdamda Muğam Mərkəzi açılırsa, bura təkcə konsert vermək üçün nəzərdə tutulmayıb. Orada siniflər, tədris yerləri var və hər cür şərait yaradılıb. Əslində bu, bir məktəbdir. Bu artıq Qarabağda istifadəyə verilən üçüncü muğam mərkəzidir. Bu da dövlətimizin Qarabağ muğamına olan sevgisindən irəli gəlir”.

Xalq artisti Nəzakət Teymurova Muğam Mərkəzinin açılmasının Azərbaycan muğamına çox böyük töhfə verəcəyini qeyd etdi: "Mehriban xanım hər zaman bizim milli musiqimizə dəyər verib. İstər gənc, istərsə də ustad sənətkarlarımıza öz qayğısını əsirgəməyib. O ustad sənətkarlarımıza xüsusi diqqət göstərir. Məhz Ağdamda, vətənindən uzaq düşmüş insanların əhatəsində belə bir mərkəzin açılması çox təqdirəlayiq haldır. Çünki qaçqınların, məcburi köçkünlərin qəlbi kövrək olur. Artıq Qarabağda üçüncü muğam evi fəaliyyət göstərir. Bu da orada yaşayan vətənindən uzaq düşmüş həmvətənlərimiz üçün bir sevincdir. Orada yeni kadrlar yetişdiriləcək, konsert proqramları təşkil olunacaq. Çalışacağıq ki, bizorada iştirak edək. Bu mərkəz düşmənlə üz-üzə yaşayan insanlara yaxşı bir stimuldur, onlara ruh yüksəkliyi verir. Həmin insanlar hiss edirlər ki, dövlət onların arxasındadır, sahibsiz deyillər. PrezidentMehriban xanım Əliyeva öz çıxışlarında bunları dönə-dönə vurğuladılar. Mehriban xanım bu layihələrə yeni-yeni başlayanda, muğam ustadlarını ətrafına cəm edib, hansı problemlərin olduğunu xəbər almışdı. Bu gün o problemlər öz həllini tapıb”.

Doğrudan da, indiyədək istifadəyə verilmiş Muğam mərkəzləri ölkəmizdə muğamın inkişafına mühüm töhfələr verib. İnanırıq ki, bu mərkəzdə də yeni-yeni istedadlarımız yetişəcək, onların səsləri böyük səhnələrdən eşidiləcək.

Xəyalə Rəis

Kaspi.-2018.-7 noyabr.-S.9.