Sənətdə iz qoyan qüdrətli qadın

50 ildən çox kino və səhnə fəaliyyəti, 500-dən artıq obraz və ya sadəcə - Amaliya Pənahova

Orta məktəbdə oxuyurdum. ”Bakıdan teatr kollektivləri gəlib” deyərək,  məktəblərdə şagirdlərə bilet paylayırdılar. O zaman məktəblilərin tamaşalara aparılması az qala tədrisin bir hissəsi sayılırdı. Lənkəran şəhər Mədəniyyət Evində görkəmli dramaturq İlyas Əfəndiyevin "Büllur sarayda” pyesi əsasında hazırlanan eyniadlı tamaşaya baxdım. Amalya Pənahova baş qəhrəmanı – Aynuru oynayırdı. Məlahətli səsi, üstəlik, ifasında səslənən və tamaşaya ayrıca gözəllik qatan mahnıları da indiyədək qulağımdadır. Aktrisanın hər hərəkətinə diqqət kəsilmişdim. Ona qədər isə Amaliya xanımın füsunkar səsini televiziyada oynadığı tamaşalar və filmlərlə bərabər, müxtəlif filmlərdə səsləndirdiyi rollardan, dublyajdan eşitmişdim. Çəkildiyi filmləri – "Babək”i , "Arxadan vurulan zərbə”ni, "Əhməd hardadır?”, "Sən niyə susursan?”ı görmüşdüm. Televiziyadan izlədiyim "Mahnı dağlarda qaldı”, "Unuda bilmirəm”, "Sən həmişə mənimləsən” tamaşaları da yaxşı yadımda idi. Ona görə də, indi onu səhnədə canlı görmək, o zaman mənim üçün az qala inanılmaz hadisə idi. Mən səhnəni heyranlıqla izləyir, tamaşanın bitməsini istəmirdim...

Sonradan həm tələbəlik illərindən çalışdığı Milli Dram Teatrın səhnəsində, həm rəhbəri olduğu Bakı Bələdiyyə Teatrının səhnəsində aktrisanın oynadığı tamaşaları canlı izlədim. Hətta həyat elə gətirdi ki, jurnalist fəaliyyətimdə ekran qəhrəmanımla üz-üzə oturub, ondan müsahibə aldım. Lap aktrisanın oynadığı "Ən vacib müsahibə” filmində olduğu kimi...

Dünən səhərə açılar-açılmaz elektron və sosial media "Amaliya Pənahova vəfat etdi” başlıqlı xəbərlər paylaşdı. Heç şübhəsiz, sənətsevərlər, aktrisanın sənətinə yaxından bələd olanlar bu ölümü Azərbaycanın teatr və kino sənəti üçün böyük itki hesab edirlər. Həqiqətən, Amaliya Pənahovanın gedişi ilə milli teatr və kino sənətimizin qiymətli  bir səhifəsi qapandı...

O, Azərbaycan teatr və kino sənətinin böyük aktrisası idi. Səhnəmizin Mərziyyə Davudova, Hökümə Qurbanova, Fatma Qədri, Leyla Bədirbəyli... kimi böyük sənətkarlarından sonra tamaşaçılara layiqli sənət bəxş etmək missiyası sanki onun çiyinlərinə düşmüşdü. O da bu vəzifəni həmişə ləyaqət və məsuliyyətlə yerinə yetirirdi.

Bu, həm də tale idi...

Amaliya Pənahova Gəncə şəhərində anadan olub. Qonşuluqlarında yerləşən teatr binasından gələn aktyorların səsi, ona uşaqlıqan təsir edib. Üstəlik, atasının teatra marağı da onun bu sənət dünyasına vurğunluğunu artırıb. Vaxt tapdıqca aktyorların məşqlərinə baxmağa qaçıb, onların tamaşalarını sonsuz uşaq marağı ilə izləyib. Teatra ilk sevgisi belə yaranıb. Sonradan isə "Mən aktrisa olmaq üçün dünyaya gəldim. İllər keçdikcə buna daha çox əmin oluram. Hərdən özümə sual verirəm: ola bilərdimi, başqa sahədə işləyim? İnanın, bunu təsəvvürə gətirmək qeyri-mümkündür. Görünür, hər bir adamın taleyi, eləcə də sənəti, hələ dünyaya gəlməzdən əvvəl müəyyən olunur” deməyi haqq edəcəkdi.

Atası Moskva Kinematoqrafiya İnstitutunda oxumaq arzusuna qarşı çıxsa da, Bakıda bu sahədə təhsil almaq istəyinə mane ola bilmədi.  1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu ixtisasına daxil oldu. Bəxtindən Adil İsgəndərov, Tofiq Kazımov kimi azman sənətkarlardan dərs almaq ona nəsib oldu. Elə qarşısında açılan qapılara görə də, Tanrısına şükranlıq etdi: "Bu, həm də tale idi. İnstitutun rektoru Rahib müəllimin qarşıma çıxması, Adil İsgəndərovun kursunda oxumağım, Tofiq müəllimin mənimlə kurs tamaşası hazırlaması və üstəgəl, teatrda «Sən həmişə mənimləsən» kimi yeni üslublu bir əsərin qəbul olunması… Görün, nə qədər uğurlu təsadüflər üst-üstə düşür. Bu, şans idi. Tofiq müəllim pyesi oxumağımı və öz qeydlərimi etməyi tapşırdı. Oxudum, qeydlərimi də etdim. Kazımov məni ölkənin əsas teatrında qoyulan və hər mənada yeni sayılan tamaşaya baş rola dəvət etdi. Mən bu şansı əldən verə bilməzdim”.

Aktrisa sənət taleyində rol oynayan həmin tamaşanı yaradıcılığı boyu unutmadı. Müsahibələrində, xatirələrində təkrar-təkrar dilə gətirdi: "Əgər teatra «Sən həmişə mənimləsən» tamaşasındakı Nargilə ilə gəlməsəydim, bəlkə də mənim tamam başqa taleyim olardı. İkinci kurs tələbəsinə belə bir rolun tapşırılması teatrda böyük qısqanclıq yaratmışdı. Ancaq mənim bu roldakı çıxışım haqqında İlyas Əfəndiyev sonradan yazırdı: "Məşqdən-məşqə rolu az qala bu cavan qıza qısqanırdım. Necə ola bilir ki, hələ təcrübəsi olmayan bu gənc aktrisa, yaratdığım surətin duyğularını belə tamlığı ilə qavrayıb çatdıra bilir?!”

A.Pənahova əlli ildən çox kino və səhnə fəaliyyəti müddətində 500-dən artıq obraz yaradıb. Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza və s. rolları onu tamaşaçılara təkcə aktrisa kimi tanıtmayıb, həm də sevdirib. Aktrisa 1968-1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülüb. Teatr və kino sənətinin inkişafındakı xidmətlərinə görə, ona 1974-cü ildə Azərbaycan SSR-in əməkdar artisti, 1985-ci ildə isə xalq artisti fəxri adları verilib. A.Pənahova 1982-ci ildə "İlin aktrisası” elan edilib, 1998-ci ildə isə türk dünyasının Birinci Kino Festivalında adı altı populyar aktyor sırasında yer alıb.

A.Pənahovanın yaradıcılığında rejissorluğu da mühüm yer tutur. O, rejissor kimi 12 teletamaşaya və teatr tamaşasına quruluş verib. Həmin tamaşaların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl Fondunda saxlanılır. Bu tamaşalar sırasında İ.Əfəndiyevin "Mənim günahım”, M.Muradın "Təkan”, M.Qurbanovun "Sənsiz”, O.Altunbayın "Tomris”, A.Məmmədovun "Dəli Domrul” və s. tamaşaları xüsusi yer tutur.

Çox dözümlüyəm, ancaq...

Amaliya xanımın fəaliyyətində 1992-ci ildə yaratdığı Bakı Bələdiyyə Teatrının xüsusi yeri var. Aktrisa, səhnəsində 200-dən çox qadın rolları yaratdığı Akademik Milli Dram Teatrından inciyərək ayrılmışdı. Səbəbini çox açıb-ağartmasa da, konkret şəxsləri günahlandırmasa da, incikliyini gizlətmirdi. "Nə vaxtsa o doğma səhnəyə qayıdarsınızmı” sualına belə cavab vermişdi: "Yox, mənim öz teatrım var. Mən çox dözümlüyəm, ancaq qırılanda bərk qırılıram, sonra ora qayıtmıram. 30 il o teatrın səhnəsində 200-dən artıq qadın obrazları yaratdım. O teatrın bütün ağrı-acısı ilə yaşadım və repertuarını 30 il çiynimdə daşıdım. Amma nəticədə naxələflərlə, haqsızlıqlarla üzləşdim, son nəticədə də bu teatrı yaratdım və ora ilə birdəfəlik üzülüşdüm. Mən bir daha o teatra qayıdan deyiləm. Kim ifamı görmək istəyirsə, öz teatrım var və mənim yaradıcı heyətim heç bir teatrdan aşağı səviyyədə deyil, əksinə, üstündür. Mən buna başımla cavabdehəm. Çox böyük məsuliyyətlə deyirəm ki, burada çox böyük istedadlar, gözəl gənclik, inkişafa aparan yaradıcı heyət var və bununla fəxr edirəm. Kimin arzusudur, kim gözəl nümunə görmək istəyirsə, gəlsin, teatrımda tamaşa qoysun, mən də çıxış edim, aktyorlarım da oynasın”.  

Aktrisa yaratdığı Bələdiyyə Teatrına orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaratmışdı. Həmçinin Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi bilik və bacarıqlarını tələbələrlə bölüşməkdən zövq alırdı. Dərs dediyi tələbələrin əksəriyyəti rəhbərlik etdiyi teatrda onunla birgə çalışırdılar. "Teatrın özünəməxsus, digər teatrlardan fərqli repertuarı var. Teatr respublikada birinci olaraq vətənpərvərlik, qəhrəmanlıq mövzusunda tamaşalar hazırladı, cəbhə bölgələrində qaçqın-köçkünlər, əsgərlər qarşısında çıxış elədi” deyərək,  Bələdiyyə Teatrının fəaliyyətindən həvəslə söz açırdı. Hərçənd bu teatrı yaradana qədər çox maneələrlə qarşılaşmışdı. Şəhriyar adına Mədəniyyət Klubunda fəaliyyətlərindən sonra yersizlik problemi ilə üzləşmişdilər. Amma nüfuzu sayəsində rəhbərlik etdiyi teatrın, kiçik də olsa yerlə təmin olunmasına nail olmuşdu: "15 il Şəhriyar adına klubda fəaliyyət göstərdik. Bir günün içində bizi küçəyə atdılar, üç-dörd il harada olduğumuzla heç kim maraqlanmadı. Sağ olsun, yenə Mədəniyyət Nazirliyi bizə balaca bir yer ayırdı. Arada bu hadisələr baş verəndə söhbət qalxdı ki, bunların binası yoxdur, gəlin bu teatrı bağlayaq. Prezidentimiz İlham Əliyev cənablarına minnətdaram, onun sayəsində bu teatr bu gün də fəaliyyətdədir. O ildən bu ilə, biz yenə də sübut etdik ki, bu teatr yaşamalıdır”.  Amaliya xanım fədakar aktrisa idi. Teatrların həmişə fədakarların çiyinləri üzərində yaşadığını da yaxşı bilirdi. "Bu fədailər olmasa, teatrda çalışmaq, yaratmaq, yaşamaq, dolanmaq çox çətindir. Tarixə nəzər salsaq, görürük ki, teatrda çalışanlar gülləyə də, böhtana da, zaman-zaman haqsızlıqlara da tuş gəliblər. Mən nə birinciyəm, nə sonuncu...” deyirdi.

Kimsə onu bizdən yaxşı ifa edə bilməz

A.Pənahovanın peşəkar kino aktrisası kimi kinoya da öz baxışı vardı. Kinoda əvvəlki entuziazmın olmaması onu narahat edirdi: "Artıq kinoda milli mənsubiyyətimizdən kənara çıxdığımızı görürəm. O filmlərdə sevdiyimiz sənətkarları görmürük. Bunlar çox böyük amildir. Eyni zamanda, bu gün biz kinolarımızda ürəyimizə yaxın mövzuları görmürük. Qərbə meyl edirik və eyni zamanda kinomuzda Qərb ünsürləri olanda yaxşı qarşılamırıq, çünki bütün bunlar bizə yabançıdır. Bəlkə mən geri qalmışam, bütün bunlar inkişafdan xəbər verir. Bir şeyi nəzərə çatdırım, Qərbi dünyaya tanıtdıran onların böyük kino sənayesi oldu. Eyni zamanda onlar bu filmlərə böyük vəsait buraxdılar və bütün dünyaya yaydılar. Bir çox zəif, sənəti inkişaf etməyən ölkələr onların sənətini bayraq edib göylərə qaldırdılar. Bizim filmlərimizin öz dəsti-xətti var. Təsadüfi deyil ki, ən çətin dövrdə - 1945-ci ildə "Arşın mal alan" dünyanı zəbt etdi. Niyə? Milli mənsubiyyəti, milli kadrları, fərqliliyi ilə... Biz yalnız bununla maraq kəsb edə bilərik. Muğamımız bütün dünyaya səs salıb, çünki o bizimdir. Kimsə onu bizdən yaxşı ifa edə bilməz. Həmçinin kinomuz da, teatrımız da belə olmalıdır. Bizdə olan istedad, enerji başqa xalqlarda yoxdur. Bizi sevənlər azdır və təbliğ edənlər yoxdur. Kinomuzu milli mənsubiyyətə, milli kökə söykənən, milli kadrlarımızla tanıtmalıyıq, nə Depardye ilə, nə bir başqası ilə tanıda bilmərik, yeni söz deyə bilmərik”.

Amaliya Pənahovanın ölüm xəbəri, yadıma onu ilk dəfə səhnədə gördüyüm o günü saldı - Lənkərandakı Mədəniyyət Evinin o zaman üçün çox da böyük olmayan səhnəsini. Divarları yarıb keçən, tamaşaçıları ovsunlayan o ecazkar səsi... "Nə qədər səhhətim imkan verirsə, ömür vəfa edərsə, teatr üçün çalışacağam...” deyən fədakar aktrisanı...

Allah rəhmət eləsin!

 

Təranə Məhərrəmova

Kaspi  2018.- 9-12 noyabr.- S. 6.