Milli-mənəvi dəyərlər qloballaşmanın süzgəcində

Bizə miras qalan dəyərlərin qiymətini elə bilməliyik ki...

- Ana, milli-mənəvi dəyər nə deməkdir?

- Dilimiz, tariximiz, dinimiz, adət-ənənələrimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. Dəyərlərimizə hörmətlə yanaşmalı, göz bəbəyimiz kimi qorumalıyıq. 

- Bəs onu necə qorumalıyıq? 

8 yaşlı qızımla kiçik dialoqdan yaranan bu sual elə araşdıracağımız mövzunun "açar” sualı olacaq. Milli-mənəvi dəyərlər anlayışının mahiyyəti nədən ibarətdir, bir millət üçün nə dərəcədə önəmlidir və biz onu necə qorumalıyıq? Mövzuya ilk olaraq şəhər sakinləri arasında apardığımız kiçik sorğu ilə başlayırıq: 

Dizayner Vüsal Əliyev: "Bizim millətin evini elə milli dəyərlər, mentalitet yıxacaq. Şəxsən mən, bunlarsız da həyatımı gözəl yaşayıram. Dini ayinlər, nə bilim, Novruz, Qurban bayramı və başqa ənənələr bizə nə verir axı? Əksinə, geridə qalırıq, Qərb ölkələrində "intellekt müharibəsi” getdiyi halda, bizdə kosa ilə keçəl yumurta toqquşdurur, gülməlidir”.  

Təqaüdçü Ramiz Zeynalov: "Ailəmdə milli adət-ənənələrimiz qorunub saxlanır. Övladlarım böyüklərə sayğı ilə yanaşır. Adətlərimizi dəyişmədən, olduğu kimi yerinə yetiririk. Evimizdə əzəl gündən qoyulan qayda-qanunlar necə idisə, eləcə də, nəvələrimizə ötürürük”.

Tələbə Emin Fətəliyev: "Milli-mənəvi dəyər dedikdə adətlər, din yada düşür. Fikrimcə, dinlər insanları bir-birindən ayıran amillərdir. Nəyə görə yüz illər əvvəlin ünsürləri bu gün həyatımızı yönləndirməli və ya mane olmalıdır? Məsələn, məhərrəmlikdə toy etməmək kimi adət niyə hələ də bir maneə olaraq qalır, anlamıram”.

Evdar xanım Elmira Quliyeva: "Ay qızım, indi dəyəri, ənənəni sayan var? Avtobusa girirsən, gənclər əllərində telefon, qulaqlarında qulaqcıq adamı heç görmürlər. Bu gənclərin axırı necə olacaq, bax, bu, məni narahat edir”.

Beləliklə, 20-yə yaxın respondent arasında apardığımız sorğunun nəticəsi onu göstərdi ki, əsasən gənclər milli-mənəvi dəyərlərin onların yaşam tərzlərinə uyğun olmadığı fikrindədirlər. Bəziləri, hətta milli-mənəvi dəyər anlayışının nədən ibarət olduğunu belə tam izah edə bilmədi.

Yaşlı nəsil isə belə qənaətdədir ki, on-on beş il əvvəlin gəncləri ilə müasir dövrün gəncləri arasında xeyli fərq var. Onların fikrincə, gənclər adətlərimizə yad, köhnənin qalığı və ya geridə qalmışlıq kimi baxırlar. Bizimlə söhbətdə Vəkillər Kollegiyasının üzvü, "Müasir İnkişaf” İctimai Birliyinin sədr müavini Aqsin Atalızadə də bildirdi ki, son dövrlər kənar qüvvələrin milli və mənəvi dəyərlərin aşındırılması, gənclərin öz dəyərlərinə qarşı qoyulması, Qərb dəyərlərinə meyl etmək, bütün bunların nəticəsi kimi, öz dövlətinə və cəmiyyətinə qarşı bəzi hallarda düşmən münasibətə keçən ifrat kosmopolitizm toxumlarının səpilməsi müşahidə edilməkdədir: "Xarici qüvvələrin maraqlarına xidmət edən təlim-tədris mərkəzləri yaradılaraq, xüsusən bilikli, intellektual və perspektivli gənclər mərkəzlərdəki təlimlərə cəlb edilirlər. Bu istiqamətdə informasiya texnologiyalarından olduqca səmərəli şəkildə istifadə edilir. Bütün bunlar göz qabağında baş verir, labüd proses, qloballaşmanın təzahürü kimi təqdim edilir.

Ümumiyyətlə, qloballaşma dünyada cərəyan edən labüd bir prosesdir. Onun əsl mahiyyətinə gəldikdə isə bu proses dünya miqyasında inteqrasiya anlayışından daha çox, dünyanın bir qütbünün öz xüsusiyyətlərini, dəyərlərini digərlərinə qəbul etdirmək xarakteri daşıyır. Bu isə istər-istəməz, ünvanlandığı təbəqəyə, xüsusən gənclərə öz mənfi təsirini göstərir”.

Hansı millət, hansı adət 

Məhz gənclərin bilməli olduğu vacib amil ondan ibarətdir ki, hər bir xalqı, milləti yaşadan elə onun özünəməxsus adətləri, ənənələri, dəyərləridir. Düzdür, dəyərlər həm də mənəvi kateqoriya olduğundan insanları düzgün, müsbət davranışa sövq edir. Amma bəzən qrupları müəyyən edən əhəmiyyətli dəyərlər mənfi xüsusiyyətlər də daşıya bilər. Məsələn, ispan xalqı üçün korrida yarışları milli dəyərdir. İspaniya deyəndə ilk ağla gələn də budur. Baxmayaraq ki, bu yarışlar heyvanların iztirablı qətlləri ilə müşayiət edilir və heyvansevərlər tərəfindən ciddi tənqid olunur, müasir qloballaşan dünyada belə bu mərasim hər bir ispanın həyatında mühüm rol oynayır.

Bir vaxtlar qəddar və işgəncəli ölümlə müşahidə edilən xarakiri mərasimi yapon elitası üçün öz şərəf və nüfuzunu qorumaq üçün bir vasitə olmuşdu. Dövrümüzdə demək olar ki, saxlanmayıb. Ancaq ötən əsrin ortalarında böyük yapon yazıçısı Yukio Misime ABŞ-ın imperialist siyasətinə qarşı baş tutmayan hərbi çevrilişdən sonra yapon əsgərlərinin samuray ruhunun ölməsindən dəhşətə gələrək, yapon milli kimliyini yaşatmaq üçün xarakiri edərək intihar etmişdi.

Spirtli içkinin insana mənfi təsirlərinin olmasına rəğmən, bir çox xalqlar üçün ayrı-ayrı spirtli içki növləri (məsələn, ruslar üçün vodka, şotlandlar, irlandlar üçün viski, meksikalılar üçün tekila və s.) az qala milli özünəməxsusluq rəmzidir.

Eyni sözləri azərbaycanlıların milli dəyərlərindən biri hesab edilə biləcək məhərrəmlik mərasimi barədə də deyə bilərik. Əsasən, şiəliyə aid olan adət olsa da, ölkəmizin sünni təbəqəsi tərəfindən də hörmətlə yanaşılır. Xüsusən də, Qərb meylli ünsürlər bu mərasimdə zorakılıq elementlərinin olmasını, insan haqlarının pozulmasını iddia edir, bundan çəkinməyə çağırır. Elə Qafqaz Müsəlmanları İdarəsi də artıq neçə illərdir ki, məhərrəmliklə bağlı mərasimlərdə qan tökməkdən, baş yarmaqdan çəkinməyi, əvəzində qan verməyi dindarlara tövsiyə edir. Ancaq tam əminliklə demək olar ki, bu, heç də ənənəvi dini düşüncəli təbəqəyə o qədər də təsir etmir. Amma gəlin buna, insan haqları prizmasından yox, dini-sosial cəhətdən yanaşaq. Uzun illər əvvəl peyğəmbərlərinin haqq-ədalət uğrunda şəhid olmuş nəvəsi üçün hər il 2 ay yas tutan, bu qədər göz yaşı tökən, onun acısına şərik olmaq üçün səmimiyyətlə özünə xəsarət yetirən, əzab çəkməyə hazır olan fərd Allah yolunda döyüşə girdikdə onun qarşısını hansı düşmən ala bilər? Onun içində yığılan enerjini kim soyuda bilər? Məgər hazırda torpaqlarının iyirmi faizi işğal altında olan dövlətimizə belə insanlar lazım deyil?

Dəyərlərimizi qoruyan milli irs

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün həyatı və fəaliyyəti dövründə milli-mənəvi dəyərlərin ən sadiq və layiqli qoruyucusu kimi gələcək nəsillər üçün örnəkdir. Dövlət başçısı 19 oktyabr 2013-cü ildə 3-cü dəfə prezident seçilməsi ilə bağlı rəsmi andiçmə mətnindən sonra müqəddəs Qurani-Şərifə əl basaraq deyib: "Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam”. Bu amilin özü milli mənəvi dəyərlərimizin Azərbaycan dövləti üçün nə dərəcədə əhəmiyyət kəsb etməsinin bariz nümunəsidir. Dövlət başçısı hər dəfə öz andına sadiq qalır, onu pozmur. O, hər prezidentlik dövrünün sonuna kimi milli-mənəvi dəyərlərə sadiqliyini nümayiş etdirir, dövlətin adından onlara sahib çıxır. Onun simasında milli-mənəvi dəyərlər dövlətin fəaliyyətində sanksiyalaşaraq, dayaq rolunu oynayır.

İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda milli və dini mərasimlər, o cümlədən Ramazan və Qurban bayramları hər il təntənə ilə qeyd edilir. Ənənəvi olaraq hər il, dövlət başçısının iştirakı ilə ölkədə fəaliyyət göstərən bütün dini icmaların nümayəndələrinin iştirakı ilə iftar mərasimi keçirilir. Bu ənənənin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, dövlət başçısı İlham Əliyev tərəfindən davam etdirilir.

"Azərbaycanda din-dövlət münasibətlərini əks etdirən dini abidələrə olan münasibətdir”- deyən dövlət başçısının bilavasitə qayğısı və yaradılmış münbit şərait sayəsində, Azərbaycanda sadəcə son 10 il ərzində 140-a yaxın məscid tikilib, 80 məscid isə əsaslı təmir edilib. Məscidlərdə ən yüksək səviyyədə yenidənqurma, tikinti və tərtibat işləri görülüb. Bunların arasında Təzəpir, Bibiheybət, Əjdərbəy məscidləri, İmamzadə, Şamaxı məscidi və digər məscid və dini ocaqları göstərə bilərik. Məscidlərlə yanaşı, digər dinlərin dini ocaqları, məbədləri də tikilib, təmir edilib. 

Dövlət başçısı İlham Əliyev milli-mənəvi dəyərlərin kənar qüvvələrin mənfi təsirlərinə məruz qalmasından da narahatlığını ifadə edib: "Qloballaşan dünyada bəzi hallarda sərhədlər silinir. Bəzi hallarda ölkələr arasında sərhədlər, mənəvi sahədə sərhədlər pozulur, sərhədləri keçirlər. Buna yol vermək olmaz. Bizi xalq kimi qoruyub saxlayan milli mənəvi dəyərlərimizdir, islami dəyərlərimizdir, dilimizdir, ədəbiyyatımızdır. Əgər biz bundan sonra da ölkəmizin uğurlu inkişafını istəyiriksə, bu məsələlərə mütləq diqqət göstərilməlidir. İqtisadi islahatlar daha da sürətlə gedə bilər, ləng gedə bilər. Bu, o qədər də böyük problem yaratmaz. Ancaq əgər milli dəyərlərimizdə hər hansı bir boşluq yaranarsa, yaxud da ki, milli mənəvi əsaslarımız zərər görsə, onda əlbəttə, ölkə böyük çətinliklərlə üzləşər”.

Gəncləri kənar təsirlərdən necə qorumalı?

Qeyd etmək lazımdır ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən də milli mənəvi dəyərlərin təbliği işinə xüsusi yer ayrılıb, bu işə peşəkar kadrların cəlb edilməsi canlanmaya səbəb olub. Komitənin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun əsas iş prinsiplərindən biri də mənəvi dəyərlərin qorunması və inkişafı, bu sahədə sosial layihələrin reallaşdırılmasından ibarətdir. Fond nümayəndələri tərəfindən bununla bağlı mütəmadi olaraq bölgələrdə məktəblilərlə görüşlər keçirilir, maarifləndirmə işləri aparılır.

Amma bu iş yalnız bir qurumun fəaliyyəti iləmi yekunlaşmalıdır? Gəncləri kənar təsirlərdən qorumaq üçün daha nə kimi addımlar atılmalıdır?

Yazının əvvəlində qeyd etdiyi kimi, vəkil Aqşin Atalızadə gənclər arasında milli-mənəvi dəyərlərin qorunması istiqamətində görülməli işlərdən söz açdı: "İlk olaraq vətənpərvərlik və vətəndaşlıq hissləri gücləndirilməlidir. Xüsusən, bu istiqamətdə təhsil prosesinin keyfiyyəti artırılmalı, elmi-nəzəri və metodiki tövsiyələr işləyib hazırlanmalı, normativ-hüquqi bazanın yaradılmasına nail olunmalıdır. Qanunvericiliyin ifrat dərəcədə beynəlmiləlləşdirilməsinə də son qoyulmalı, qanunvericilik aktlarında xüsusən ailə-nikah münasibətləri sferasında milli xüsusiyyətlər nəzərə alınmalıdır. Gənclərin yad təsirlərdən qorunması üçün həm ailə daxilində, həm də təhsil ocaqlarında tərbiyəvi işlər aparılmalıdır. Bütün bunlar dövlətin bilavasitə nəzarəti altında, məqsədyönlü şəkildə aparılmalıdır”.

Deyilənlərdən belə bir nəticəyə gəlmək olur ki, gənclər arasında maarifləndirmə və təbliğat işləri daha da gücləndirilməlidir. Əlbəttə, milli dəyərlər haqqında az biliyə malik olan və ya anlayışı olmayan gənclərin başqa dinlərə, başqa siyasi cərəyanlara cəlb edilməsi daha asandır. Bu baxımdan təbliğat, maarifləndirmə işləri kompleks şəkildə aparılmalıdır. İlk olaraq ailə daxilində valideynlər övladlarını düzgün yönləndirməli, dəyərlərimiz onlara kiçik yaşlarından aşılanmalıdır. Eyni zamanda, kütləvi informasiya vasitələrində milli dəyərlərimizlə bağlı mövzular daim gündəmdə olmalı, televiziyalar intellektual verilişlərində milli mənəvi dəyərlərə xüsusi yer ayırmalıdır. Ən əsas isə tədris müəssisələrində müxtəlif səpgili tədbirlər, layihələr təşkil edilməli, ədəbiyyat dərslərində milli-mənəvi dəyərlər mövzusunda stendlər hazırlanmalı, mütəmadi olaraq inşa müsabiqələri təşkil edilməli, milli dəyərlərə, adətlərimizə aid kiçik teatr-tamaşalar təşkil olunmalıdır.

Bir sözlə, bizi keçmişimizə bağlayan və gələcəyə aparan bütün dəyərlərimizə o qədər sıx bağlanmalıyıq ki, kimsə onu əlimizdən almağa, sahiblənməyə cürət etməsin. Necə ki, mənfur düşmənlərimiz milli mətbəximizdən tutmuş milli rəqslərimizədək bütün dəyərlərimizə sahib çıxmaq iddiasından əl çəkmirlər.  Bizə miras qalan dəyərlərin qiymətini elə bilməliyik ki, millətimizin, xalqımızın dayağı, sütunu zədələnməsin, daha da möhkəmlənsin. Bu missiya isə hər bir Azərbaycan vətəndaşının-əsas da gənclərimizin öhdəsinə düşür! 

Yazı Mənəvi Dəyərlərin Təbliği Fondunun "Media və mənəvi dəyərlər” mövzusunda elan etdiyi müsabiqəyə təqdim edilir

Afaq Mirayiq

Kaspi.-2018.-13 noyabr.-S.11.