ŞEİRLƏRİNDƏN
TANIDIĞIM ŞAİR
Əbülfət qarabağlıdır, Xocavənd rayonunun Tuğ kəndində anadan olub. Doğma ocağı erməni tapdağında inildəməkdədir. Bu ağrı onun ictimai-siyasi mövzuda yazdığı şeirlərində qırmızı bir xətt kimi keçir. İnanır ki, (biz də inanırıq) azad edilmiş doğma yurduna qovuşmayanadək nə qocalmayacaq, nə də ölməyəcək. Vüsala inam arzusu onu yaşadacaq…
Əbülfət Mədətoğludur dərdini,
sevincini, ümidini
şeirlərində paylaşıb. Onları göz
içinə alan, danışdıran həssas
oxucu şairin nəyin
üstündə əsdiyini, nəyi asıb-kəsdiyini dərhal
anlayır.
Bu qocalan ümidlərim,
Vaxtsız-vədəsiz qarıdı…
Ümidsiz, ümidli yetim –
Güldü, həsrətim yarıdı!..
***
…Hay vermir məscid, kilsə,
Gələn də deyil ta kimsə,
Sən deməsən də, kim isə –
Deyər: Əbülfət varıdı…
Əbülfət gerçəyi söyləyən şairdir. O, yaxşı bilir ki, yalançı təsəllilərə uymaq, şirin vədlərə aldanmaq heç bir yaranı sağaltmır. Bunun üçün də oxucusuna yuxarıda söylədiyi fikri bir az da dərinləşdirir:
Bu yer bir tala
– düşmüsən,
Tapmısan bəla – düşmüsən!
Çıxılmaz hala düşmüsən –
Daha… tora ehtiyac yox!..
Valideyn övlad
üçün istək,
qayğı, bütün
acılara sinə gərən səddir. Bu sədd ata olanda
daha möhkəm, daha keçilməz olur. Düşmənin yenə bilmədiyi
bu səddi vaxt yenir. Onda övlad yetimliyin çeşidli sınaqları
ilə üz-üzə
dayanır. Elə
atasını itirən
Əbülfət kimi:
Uçdu
söykəndiyim zirvə
kökündən,
Həzm
edə bilmirəm bu yetimliyi…
Səndən ayrılmağın lap ilk günündən,
Duymağa başladım mən
çətinliyi…
***
Sözümün söykəyi göyə
çəkildi,
Başıma qoyulan ağılla
birgə…
Dünyanın ölçüsü itdi, kiçildi,
Uşaqlıq adlanan nağılla
birgə…
Şairlər lirikadan – eşq, məhəbbət sınaqlarından,
macəralarından yan
dura bilməzlər. Sirdən danışan
bu kəsim sanki sirlərini aləmə car çəkmədən
həzz alırlar.
Bəlkə də, ürəklərində
gəzdirdikləri bu yükü oxucuları ilə bölüşməklə
yüngülləşir, ovunurlar.
Əbülfətin lirik «Mən»i məhəbbət məbədinin
bütün hücrələrində
dolaşır. O, məşuqun
sevincindən çox,
əzabını dadır;
həsrətin üzərindən
vüsal körpüsü
salmağa çalışır,
neyləmək ki, zəhməti əlində
qalır. Bu cür
uğursuz sevdalarda Əbülfət babası
Füzuli yolunu tutur. Füzuli dərdi bəyirin
(dəvənin) başına
qoyur. Bu dərdi, əzabı çəkən bəyir
o qədər incəlir
ki, axırda sap kimi iynənin deşiyindən keçməli
hala düşür.
Zərif duyğuları
kövrək misralara çevirən Mədətoğlu
da həmin halı yaşayır:
Özümü Məcnun bildim,
–
Bitməyən dərdə dözümdə…
Bir şair gözümdə öldü –
Bir sevən isə özümdə!..
Keçmişli, indili Azərbaycan poeziyasında gözəllərlə,
sevgi ilə bağlı bir xristianlıq xətti də görünür. Əsli, Kərəm,
Qara Keşiş əhvalatı bir nakam sevgi dastanı
yaradıb. Bundan başqa
ayrı-ayrı məqamlarda
da mənfili-müsbətli
xristianlıq (tərsalıq)
çaları özünü
büruzə verir.
Ələsgərin vəsfə çəkdiyi
türk qadını
o qədər gözəldir
ki, Aşıq inanır ki, onu tərsa görsə, çönüb
müsəlman olar.
Şəhriyarın xristian gözəlinə vurulan lirik «Mən»i sevgilisinə qovuşmaq naminə onunla bərabər ibadət etməyə kəlisaya (kilsəyə)
getməyə hazırdır.
Şeyx Sənan da xristian
dinli gürcü gözəlindən ötrü
irəli sürülən
şərti qəbul edir, müsəlmanların
müqəddəs kitabı
sayılan Quranı oda atıb yandırır.
Mədətoğlu da bu qəribə
versiyalardan birinə müraciət edir. O, hər
şeyini – ümidini,
inamını, eşqini
tapşırdığı ürəyi ilə mükaliməyə girir. Ürəyini istədiyinə əsirgəmir.
Bununla belə, yolunu sapanda «cəzalandırmaqdan» da çəkinmir:
Qu tükündən yumşaq,
Bir beşikdi
ürəyim.
Sığışa bilmədiyin –
Ev-eşikdi ürəyim.
Hisslərin toqquşmasından, əzabın
çoxluğundan, etinasızlığın,
vəfasızlığın, ədalətsizliyin ağırlığına,
ağrılarına tab gətirmir
ürək:
Gözümə Yer-Göy dəyir,
Qamətimi Göy əyir.
Hava çəkir, göynəyir
–
Gəl, deşikdi
ürəyim.
Hansı tərəfin təqsiri üzündən ortada fikir ayrılığı
yaranır? Ürək yolunu-ərkanını, əvvəlki and-qəsəmini,
ibadət etdiyi, tapındığı dinini
geri itələyib yeni istiqamət götürür. Ayırıcı
rəmzə qucaq açır, ruhun candan, aşiqin məşuqdan ayrılmaq acısına meydan verir:
Batıb
aha, günaha,
Əlin
açıb Allaha…
Dinindən dönüb daha
–
Bax, keşişdi
ürəyim.
Qələm əhli oxucularının
görüşünə gedən kimi, vaxt da şairin
görüşünə gəlib – 60 yaş!
Bu illərin indi də
davam edən qələmli mərhələsində
Əbülfət Mədətoğlu çox
şeirlər yazıb, çox kitablar ərsəyə gətirib. Sözlərini
bir Allaha, bir də kitablara
tapşırıb. Nə vaxt arzuları çin olacaq? Nə vaxt parçalanmış vətəninin
yarasına məlhəm qoyulacaq?
Yuxarıdakı da gözləyir,
aşağıdakı da. Nəyi gözləyirlər?
Suallarına cavab istəyən şairin ruha çevrilməsinmi?
Əbəs gözləntidir. Şairin insanla açılan, bütöv
Vətənlə bitən öz gözləntisi
var. Bu gözlənti
gerçəkləşməyincə şair
nə ruhdan düşəcək, nə
öləcək!.. 60 yaşlı Əbülfət Mədətoğlu
bu fikri
aşağıdakı misralarıyla təsdiqləyir:
İçimdəki səsdi O,
Aldığım nəfəsdi O…
Sabaha həvəsdi O –
Ruhumda, canımdadı…
Qərib Mehdi
Kaspi 2018.- 17-19 noyabr.- S.23.