“Bu konsert mənim hesabatımdır”

 Faytonçu Nazim: “İkinci həyatımda mülayim bir insana çevrilmişəm”

Faytonçu Nazim Pişyari noyabrın 29-da Heydər Əliyev Sarayında "Darıxmışam, Bakıdan danış” adlı konsert proqramı ilə çıxış edəcək. Uzun illərdir ki, səhnədə olan ifaçı ilk dəfə solo konsert proqramı ilə tamaşaçıların qarşısına keçəcək. Sağlamlığı ilə bağlı məsələlər bir müddət gündəmdə olduqdan müğənni solo konsertlə diqqət mərkəzinə qayıdacaq. İfaçı bizimlə söhbətində qeyd etdi ki, artıq keçmişlə yaşamaq istəmir və həyatında yeni bir səhifə açmaq niyyətindədir. Bunun üçün konsert vermək ən ideal vasitədir. 

- Nazim bəy, konsertdən gözləntiləriniz nələrdir?

- "Darıxmışam, Bakıdan danış” konsertimdən gözləntilərim çoxdur. İstəyirəm ki, tamaşaçılar burada məni fərqli Nazim kimi görsünlər. İnsanlar konsert zamanı asudə vaxt keçirsinlər, istirahət etsinlər, əylənə bilsinlər. Zalda əyləşən insanların əhval-ruhiyyəsini enerji olaraq qəbul etmək istəyirəm. Bilirsiniz ki, incəsənət adamları əhvaldan asılı olurlar. Hər xırda nüans onlara təsir edir. Ümid edirəm ki, zalda əyləşən insanların simasındakı təbəssüm mənə daha çox ruh verəcək. Demək olar ki, konsertin bütün proqramı hazırdır. Rejissorumuz Aqil M.Quliyev, aparıcımız isə Kamran Həsənli olacaq.

- Demək olar ki, ikinci həyatınızı yaşayırsınız, həm də bu il 50 illik yubileyinizdir. Belə olan halda, konsertinizin adını nə üçün "Darıxmışam, Bakıdan danış” qoydunuz?

- Sağlamlığımla bağlı Türkiyədə müalicədə olarkən Bakı üçün darıxırdım. Təəssüf ki, orada Azərbaycan televiziyaları göstərmirdi, yalnız internet vasitəsi ilə xalq mahnılarımızı dinləmək imkanım olurdu. Vətən, Bakım üçün burnumun ucu göynəyirdi. Bakının küçələri, qoxusu... Vətənə dönər-dönməz, belə bir konsert proqramı ilə çıxış etmək qərarına gəldim. Onu da deyim ki, konsertdə ifa edəcəyim bir mahnının sözlərində də "darıxmışam, Bakıdan danış” ifadəsi var. Konsertin adını mahnının sözlərinə uyğun seçmişik.

- Konsertin biletləri ucuzdurmu?

- Münasibdir. Belə ki, biletlərin qiyməti 10-80 manat arası dəyişir. İstədik ki, konsertdə mahnılarımı dinləmək istəyən bütün təbəqələrin nümayəndələrini nəzərə alaq. Hesab edirəm ki, biletlər o qədər də əlçatmaz deyil.

- Solo konsert verməyi necə qətiləşdirdiniz?

- Əslində dostlarım, ailəm, əhatəm hər dəfə mənə konsert verməklə bağlı irad tuturdular. Hətta mənə yarızarafat deyirdilər ki, 50 yaşın tamam olur, konsert ver ki, nə vaxtsa and içəndə deyəsən ki, 1 dəfə solo konsert vermişəm (gülür). Artıq 50 illik yubileyimdir. Düşündüm ki, niyə də yubileyimdə özümə hədiyyə etməyim? Bu yaşda konsert verməyib də nə vaxt edəcəm? Bu konsert mənim hesabatımdır.

- 50 yaşında konsert proqramı ilə çıxış etmək gec deyilmi? Sizcə, bu konserti verməyə gecikməmisinizmi? Axı sizin daha çox gündəmdə olan, mahnılarınızın dillər əzbəri olan zamanlar da olub.

- Razıyam. Qəbul edirəm ki, gecikmişəm. Mənim həmkarlarım silsilə konsert verdiyi halda, mən bundan imtina etmişdim. Hər işdə bir xeyir var. İndi fərqli düşünürəm və özümü kamilləşmiş hesab edirəm.

- Konsertdən gəlir götürməyi necə, düşünürsünüzmü?

- Düşünmürəm. Açığını desəm, indi hər şey bahadır, düşünürəm ki, başa-baş çıxsaq, böyük şeydir (gülür). Əsas odur ki, ziyanla çıxmayaq. Qalan hər şey düzələr. Qismətimdə nə varsa, o da olacaq. Əslində, mən çox təvazökar insanam. Hər şeyə həssas yanaşıram.

 - Konsertdə yeni mahnılarınızı eşidə biləcəyikmi?

 - Yeni mahnılarımdan Nadir Əzimov, Faiq Sücaəddinov, Xanım İsmayılqızıdan olan mahnılarımı səsləndirəcəm. Çalışacam ki, onları da sevilən mahnıların siyahısına daxil edə bilim.

- İndi müğənnilər daha çox xərcləri çıxmasın deyə, aranjeman olunmuş mahnılara üstünlük verirlər, yaxud da ki, ifa edəcəkləri mahnıları özləri yazırlar. Siz necə?

- Mənim elə bir istedadım yoxdur. Mahnı bəstələmək fikrində də deyiləm. Üç-beş günlük mahnılar ifa etmək istəmirəm. Heç zaman gündəmə gəlib-getmək üçün 3-5 günlük mahnı ifa etməmişəm və hər zaman bəstəkarlarla işləmişəm. Əgər bəstəkarlara verməyə pulum olmasa, retro mahnılarımıza müraciət edib, onları yeni bir tərzdə ifa edərəm.

- Konsertdə fayton olacaq?

- "Faytonçu” mahnısı ilk ifa etdiyim mahnı olacaq. Sizə bu barədə başqa heç nə deyə bilmərəm.

- Konsertdən sonra hansı işləri görmək istəyirsiniz?

- Dekabrda İsrailə gedəcəm, orada iki konsertim var. Qismət olsa, ondan sonra Amerikada - Filadelfiya və Kaliforniya ştatlarında iki konsert proqramı ilə çıxış edəcəm.

- Sizin sağlamlığınızla bağlı bir müddət mediada söz-söhbətlər gəzdi. O xəbərləri oxuyanda sarsıntılar keçirirdinizmi?

- İstər sağlam oldun, istər qeyri-sağlam, özü haqqında bu cür xəbərlər oxuyan hər kəs xəstəliyə düşərdi. Haqqımda o qədər şeylər yazırdılar ki. Hətta haqqımda danışılanlar mənə gəlib çatırdı və təbii ki, bu, sağlamlığıma pis təsir edirdi. Çalışırdım ki, medianı izləməyim. "İt hürər, karvan keçər” prizmasından yanaşmağa çalışdım.

- Həkiminizin sizi bu hala gətirdiyi və sizə yanlış diaqnoz qoyulduğu deyilirdi.

- Öd kisəmdən uğursuz əməliyyat oldum. Mənə onkoloji diaqnoz qoyuldu. Biz də İsrailə üz tutduq. Orada yoxlandım, dedilər ki, siz sağlamsınız, heç bir probleminiz yoxdur. Türkiyəyə getdik, məlum oldu ki, həqiqətən məndə onkologiya ilə bağlı heç bir problem yoxdur və sağlamam. Gördüyünüz kimi, bu gün sizlərin qarşısındayam. Uğursuz əməliyyatın fəsadlarını bir il çəkdim. O həkimi məhkəməyə verdim və artıq barışıq elan olunub. Həmin həkim   təzminatın bir hissəsini mənə ödədi.

- İnsan dar gündə dostu və düşmənini tanıyır. O çətin günləriniz sizə düşmənlərinizi tanıtdımı?

- İnsanlar üçün bu qədər önəmli bir şəxs olduğumu bilmirdim. Bu xəstəlikdə xalqın mənə olan sevgisini gördüm. Tanımadığım insanlar mənə dəstək oldu, yaşamağa ruhlandırdı. Kino və teatr xadimləri, xalq artistlərimiz, digər sənətçi dostlarım mənim səhhətimlə maraqlandılar. Sosial şəbəkədə, telefonla mesajlar yazdılar. Onların "darıxma, biz səninləyik” ruhlu mesajları mənə çox böyük dəstək oldu. O ərəfələrdə həmin sözlərə o qədər ehtiyacım var idi. Həmin an bu sözlərin özü belə insana dərman kimi gəlirdi. Məni pis günümdə xatırlayan hər bir dostuma təşəkkürümü bildirirəm. İncidiyim insanlar olmadı. Həyatımız o qədər mürəkkəb, zaman o qədər dardır ki, heç kimi günahlandırmıram və heç kimdən də incimirəm. Bəzən dostlarımın başına elə hadisələr gəlir ki, mən də zamanında onların yanında ola bilmirəm, çatdıra bilmirəm və ona görə də heç kimdən incimirəm. Həyatdır, ola bilsin ki, kimlərinsə başına nəsə gəlib və mən də onların köməyinə çata bilməmişəm. Bunun üçün də belə şeylərə normal baxıram.

 - Həkim sizə onkoloji diaqnoz qoyduqda hansı hissləri keçirdiniz?

- Sadəcə, ailəmi və övladlarımı düşündüm. Mənsiz onlara nə olacaq, necə yaşayacaqlar - deyə düşünməyə başladım. İnsana ən əziz, doğma kim ola bilər – təbii ki, onun ailəsi. Düzdür, şükür, bu gün hamı yaxşı-pis dolanır. Ancaq "onların taleyi necə olacaq, onları yenə görə biləcəyəmmi” kimi fikirlər keçdi ağlımdın.

- Bəs indi sağlamlıq durumunuz necədir?

- Şükürlər olsun ki, hər şey yaxşıdır. Heç bir müalicə almıram. Bu konserti məhz ona görə verirəm ki, insanlar görsünlər ki, faytonçu Nazim sağlamdır və bu mövzu bağlansın. İstəmirəm, yoldan keçən kimsə desin ki, başına gələnlər nə idi? Hadisə idi, oldu, bitdi... İstəyirəm ki, bu hadisə unudulsun və tamaşaçıların yaddaşında konsert proqramı ilə qalım, məni belə xatırlasınlar. İstəyirəm ki, həyatımın neqativ hissəsini hər kəs unutsun. Bilirəm ki, bunun üçün də vaxt lazımdır.

- Demək olar ki, ikinci həyatı yaşayırsınız?

- Əlbəttə, mən artıq ikinci həyatımı yaşayıram.

- Bəs bu həyatınızda nələri dəyişmək istəyərdiniz?

- Artıq çox şeyləri dəyişmişəm - həyata baxışımı, prinsiplərimi. Çalışıram ki, çox əsəbiləşməyim, hər xırda detala fikir verməyim. Mülayim insana çevrilmişəm. Əvvəl çox çılğın idim. İndi o çılğınlıq yoxdur. Hər şeyə normal baxıram. Əvvəllər nəsə alınmayanda çox əsəb keçirirdim, onu dərd edib deyinirdim.

- Siz Rusiyada Azərbaycan toylarında ən çox çıxış edən ifaçılardan idiniz. İndi necə, sizi dəvət edirlərmi?

- Səhhətimlə bağlı yaranan problemdən sonra Rusiyaya əvvəlki kimi toylara getmirəm. Bu problem mənim Rusiya toy biznesimə də təsir etdi. İnsanlar düşündülər ki, dəvət edərik, təyyarədə başına bir iş gələr, ya burda səhhətində bir problem yaranar. Ancaq yerli toy, şou-biznesə heç bir təsir göstərmədi. İnsanların beyinlərində suallar var idi və o suallar aradan götürülüb. Tamaşaçılar görürlər ki, efirlərə də çıxıram, radioya da gedirəm və ara-sıra mətbuatda da görünürəm. 

Xəyalə Rəis

Kaspi.-2018.-20 noyabr.-S.12.