Şərqin yetişdirdiyi böyük dühalar

Onları biz özümüz tanımırıqsa...

Orta əsrlərdə müsəlman Şərqində elm, fəlsəfə, ədəbiyyat və incəsənət sahəsində böyük nailiyyətlər qazanılmışdı. Bu dövrdə yaşayıb fəaliyyət göstərmiş filosoflar, alimlər dini və dünyəvi elmlərə dair qiymətli əsərlər qələmə almış, tarixdə özünəməxsus mövqe tutmuşlar.

IX əsrin böyük Azərbaycan mütəfəkkiri, fəqih alimi Əbubəkr Əhməd Harun oğlu Bərdici Bərdəinin (844-914) vaxtilə Kür çayı sahilində, Bərdənin on dörd fərsəxliyində yerləşən Bərdic şəhərində anadan olmuşdur. Əhməd Bərdicinin ilk araşdırıcısı Zakir Məmmədov yazmışdır ki, o, doğma yurdunda dövrünün zəruri biliklərinə yiyələndikdən sonra müxtəlif yerlərə - İraq, Suriya, Misir, Əlcəzair, Hicaz, İranbaşqa ölkələrə səyahət etmiş, təhsilini artırmışdır. Ömrünün axırına - 914-cü ilin aprelinə qədər müxtəlif ölkələrlə bağlı olmuşdur. O, nüfuzlu müəllim sayılanda hələ iyirmi beş yaşı tamam deyilmiş. Əhməd Bərdicinin "Əshabələr, ardıcıllar və hədis müəlliflərindən nadir adların təbəqələri traktatı daha məşhurdur. "Nadir adların təbəqələrində 426 Peyğəmbər əshabəsinin, davamçılarının və hədis alimlərinin adları, onların mənsub olduqları yerlər göstərilir. Əhməd Bərdici traktatın əvvəlində onun yeniliyinə işarə edərək yazır: "Mənim (araşdırdığım) nadir adlardır. Onlar Peyğəmbər əleyhissəlamın əshabələridir. Alimlərdən heç birinin həmin adlardan hansınısa çəkmiş olduğunu bilmirik. 2018-ci ildə Əbubəkr Əhməd Bərdəi Bərdicinin "Nadir adların təbəqələri kitabının yazılmasının 1125 illiyi tamam olur.

Əbülhəsən Əli ibn İsmayıl Əşəri (873-935) ortodoksal islam sxolastikasının - Əşəriliyin banisidir. O, mütəzilizmin yaradıcı ideoloqları ilə uzun müddət həmfikir olmuş, həm də onlarla mübahisələr aparmışdır. Əvvəllər mütəzilizmin nümayəndəsi, qızğın təəssübkeşi sayılmasına baxmayaraq, sonralar ona qarşı çıxmışdır. Əbülhəsən Əşəri və onun ardıcılları məntiq və fəlsəfə istilahlarını işlədirdilər. Bu il Əbülhəsən Əşərinin doğumunun 1145 illiyidir.

Mötədil sufizmin məşhur nümayəndəsi, Azərbaycanın məşhur mütəfəkkiri Əbunnəcib Əbdülqahir Abdulla oğlu Sührəvərdi (1097-1168) Zəncan yaxınlığındakı Sührəvərd qəsəbəsində anadan olmuş, Bağdada gedib orada Nizamiyyə mədrəsəsində təhsil almışdır. AMEA-nın müxbir üzvü Zakir Məmmədov yazmışdır ki, Əbunnəcib Sührəvərdi görkəmli alim, böyük sufi şeyxi kimi şöhrət qazanaraq Nizamiyyə mədrəsəsində dərs demiş, bir müddət ona başçılıq etmişdir. Əbunnəcib xalq içərisində böyük nüfuza malik sufi şeyxi kimi tanındığı üçün onun hüququ hakim dairələr tərəfindən toxunulmaz olmuşdu: mütəfəkkir təqib olunan şəxslərə belə öz sufi ribatlarında yer verməkdən çəkinmirmiş. Tacəddin Sübki yazır: Əbunnəcib Sührəvərdi sultandan, xəlifədən və başqalarından qorxub, ona pənah gətirənləri müdafiə etmiş, onlar təhlükədən sovuşmuşlar. 2018-ci ildə Əbunnəcib Sührəvərdinin vəfatının 850 illiyidir.

Şərq peripatetizminin ilk böyük nümayəndəsi, mütəzilizm cərəyanına mənsub ərəb filosofu Yəqub Kindidir (800-873). Ensiklopedik alim Əbunəsr Farabi (874-950) tərəfindən Şərq peripatetizminin mükəmməl sistemi yaradılmış, ensiklopedik alim İbn Sina (980-1037) və onların ardıcılları tərəfindən inkişaf etdirilmişdir.

Azərbaycanda bu təlimin ilk böyük nümayəndəsi, Şərqin nurlu dühası İbn Sinanın şagirdi Əbülhəsən Bəhmənyar Mərzban oğlu Azərbaycanidir (993-1066). Müsəlman Şərqi ölkələrində peripatetik fəlsəfənin inkişaf etdirilməsində Bəhmənyarın, ondan təhsil almış alimlərin və onların şagirdlərinin böyük rolu olmuşdur.

AMEA-nın müxbir üzvü Zakir Məmmədov ilk dəfə olaraq göstərmişdir ki, böyük filosof, riyaziyyatçı, rübailər ustası kimi məşhur olan Ömər Xəyyam (1048-1131) Bəhmənyarın şagirdidir.

XI əsrdə təbiətşünas filosofu Əbureyhan Məhəmməd ibn Əhməd Biruni Xarəzmi (973-1043) tarix, etnoqrafiya, coğrafiya, riyaziyyat, astronomiya, təbiyyat, minerologiyab. elmlərə dair sanballı əsərlər yazmışdır. Zakir Məmmədovun fikrincə, Əbureyhan Biruninin zəngin yaradıcılığı göstərir ki, o, qədim Şərq, xüsusən Hindistan mütəfəkkirlərinin ictimai-siyasi, dini-fəlsəfi və elmi təlimlərini öyrənmiş, qədim yunan alimlərinin (Platonun, Aristotelin və başqalarının) əsərlərini dərindən bilmiş, bəşər elmi-fəlsəfi fikrinin o zamankı nailiyyətlərindən geniş istifadə etmişdir. Əbureyhan Biruninin dünyagörüşü müxtəlif təlimlərin təsiri altında formalaşsa da, onun fəlsəfi fikirləri daha çox peripatetizmə yaxındır. Dövrünün ən görkəmli peripatetik filosofu İbn Sina ilə yaxından dostluğu, onun Şərq aristotelizminə marağını daha da artırmışdır. 2018-ci ildə Əbureyhan Biruninin doğumunun 1045 illiyidir.

Şərq filosoflarının yaratdıqları fəlsəfi təlimlər onların şagirdləri tərəfindən inkişaf etdirilərək məktəblərə çevrilirdi. Azərbaycan filosofları arasında Bəhmənyardan başlanan müəllim-şagird ardıcıllığı, yəni onun məktəbinin ənənələri də ensiklopedik alim Nəsirəddin Tusi (1201-1274) tərəfindən davam etdirilmişdir. Beləcə, Nəsirəddin Tusi tərəfindən yaradılan fəlsəfi məktəb də öz ardıcıllarını hazırlamışdı. Bu dövrdə fəlsəfə, məntiq, riyaziyyat təbiət elmləri, habelə ictimai-siyasi etik məsələlərlə məşğul olan filosoflar, mütəfəkkirlər arasında Nəsirəddin Tusi onun məktəbinin nümayəndələri vardı.

Bəhmənyar məktəbinin nümayəndələrindən Əfzələddin Xunəci (1194-1248) və Siracəddin Urməvi (1198-1283) irsinin yeganə tədqiqatçısı olan Zakir Məmmədov hər iki filosofun ardıcıl Şərq peripatetizmi mövqeyində duraraq məntiq və təbiətşünaslığa dair qiymətli əsərlər yazdığını, elmi-fəlsəfi fikrin inkişafında böyük xidmətləri olduğunu bildirmişdir.

Nəsirəddin Tusi Marağa rəsədxanasının nəzdində təsis etdiyi məktəbdə rəsədxanada çalışan alimlərin əksəriyyətinə dərs demişdi. Bu mənada Azərbaycan filosofu tərəfindən yaradılan fəlsəfi məktəb də öz ardıcıllarını hazırlamışdı. Həmin məktəbin görkəmli nümayəndəsi Nəcməddin Qəzvini (1203-1277) rəsədxanada çalışan ilk dörd astronomdan biri olmuşdur. O, mənbələrdə Nəsirəddin Tusinin şagirdi kimi təqdim edilməsinə baxmayaraq, Marağaya gəlməmişdən əvvəl də alim kimi tanınmışdır. Tarixdə böyük astronom, təbiətşünas filosof, məntiqçi alim kimi məşhurlaşan Nəcməddin Qəzvini fəlsəfi görüşlərində öz sələflərinin ideyalarından bəhrələnmiş, fəlsəfi məsələlərə peripatetik mövqedən yanaşmış, orijinal fəlsəfi təlim yaratmış dünyəvi elmlərin inkişafında misilsiz xidmət göstərmişdir.

Müsəlman Şərqi ölkələrində elmi-fəlsəfi təlimlərin mövcud olmasında Bəhmənyarın və onun şagirdlərinin misilsiz xidmətləri vardır. Nəsirəddin Tusionun məktəbinin nümayəndələri sonrakı əsrlərdə Bəhmənyar məktəbinin fəlsəfi ənənələrini yaradıcılıqla davam etdirərək onun xələfi sayılmışlar.

2018-ci ildə Şərq peripatetizminin görkəmli nümayəndələri Yəqub Kindinin vəfatının 1145, Bəhmənyarın doğumunun 1025, Ömər Xəyyamın doğumunun 970, Siracəddin Urməvinin doğumunun 820, Nəcməddin Qəzvinin doğumunun 815, Əfzələddin Xunəcinin vəfatının 770 illiyidir.

Böyük fəqih-mütəkəllim Fəxrəddin Məhəmməd ibn Ömər Razinin (1148-1210) yaradıcılığında hüquq sxolastik ilahiyyat aparıcı mövzu olmuş, fəlsəfi məsələlər məhz həmin mövqedən nəzərdən keçirilmişdir. Fəxrəddin Razi İbn Sinanın "İşarələr qeydlər kitabını şərh etmişdir. Qeyd etmək lazımdır ki, mütəkəllimlər (sxolastlar) bu qiymətli əsəri əsas etibarilə təkzib etməyə çalışır, peripatetik filosoflar isə elmi fəlsəfə tərəfində durur, mütərəqqi fikirlərin təhrifinə yol vermirdilər. Mütəkəllim Fəxrəddin Razinin filosof Nəsirəddin Tusinin şərhləri bu ideya mübarizəsinin aparıcı istiqamətlərini təmsil edirdi. Fəxrəddin Razi bu şərhi Nəsirəddin Tusinin anadan olduğu ayda ildə, yəni fevral 1201-ci (cümad əl-ula 597) ildə qələmə almışdır. Azərbaycan filosofu Fəxrəddin Raziyə "fəzilətli şərhçi kimi ehtiramla yanaşsa da, İbn Sinaya qərəzli münasibətinə görə onu kəskin tənqid etmiş, həmin şərhə qarşı özünün şərhini yazmışdır. Bu il Fəxrəddin Razinin doğumunun 870 ili tamam olur.

Şərq və Qərb aləmində böyük şöhrət tapmış Əbülvəlid Məhəmməd ibn Əhməd İbn Rüşd (1126-1198) fəlsəfə tarixində ikili həqiqət təliminin banisi kimi məşhurdur. İbn Rüşdün kreatsionizmdən (dünyanın ilahi hökm ilə xəlq edilməsi haqqında təlim) fərqli, səbəbiyyətə əsaslanan peripatetik təlimi, onun maddi aləmin əzəliliyi və əbədiliyi barədə doktrinasını müdafiə etmişdir. Bununla əlaqədar AMEA-nın müxbir üzvü Zakir Məmmədov yazmışdır ki, Şərq peripatetikləri, eləcə də sufi-panteistişraqi filosoflar ən ümumi ontolojiqnoseoloji məsələlərdə dini dünyagörüşü ilə əlaqəni kəsdikləri, yalnız elmi dünyagörüşü mövqeyindən çıxış etdikləri halda, İbn Rüşd öz fəlsəfi konsepsiyasında dini baxışların da müstəqil mövcudluğunu məqbul saymış, dünya fəlsəfəsi tarixində ikili həqiqət təliminin əsasını qoymuşdur. Türkiyəli alim Hilmi Ziya Ülkən (1901-1974) onun, Aristotelin ən böyük şərhçisi olduğunu bildirərkən, Avropada İslam aləminin ən böyük filosofu kimi qarşılandığını qeyd etmişdir. 2018-ci ildə İbn Rüşdün vəfatının 820-ci ilidir.

Şərqin yetişdirdiyi bu böyük dühalar bəşər elmi, fəlsəfəsi və mədəniyyəti tarixində əzəmətli mövqe qazanmışlar.

Aytək Zakirqızı (Məmmədova), fəlsəfə doktoru

Kaspi.-2018.-20 noyabr.-S.15.