Venesiyada Azərbaycan çayı üçün
darıxan tələbə
Venesiyada Azərbaycan çayı üçün darıxan tələbə - Xaricdə
təhsilNicat Misirli: “İtaliya
Avropanın Azərbaycanıdır”
"Həm ziyarət, həm ticarət” düşüncəsi ilə yola çıxıb. Deyir ki, məqsədi həm təhsil almaq, həm də müxtəlif ölkələrə səyahət etmək idi. Buna görə də, dostu ilə birgə xaricdə təhsil almaq qərarına gəlirlər. Ailəsinə yük olmaq istəmədiyinə görə, bir müddət təqaüd axtarışında olan həmsöhbətim, nəhayət, İtaliyada təqaüdlü təhsil şansı qazanır. Müsahibim İtaliyanın Venetsiya şəhərində Ca Foscari universitetində beynəlxalq əlaqələr üzrə magistr təhsili alan Nicat Misirlidir. Qeyd edək ki, o, bakalavr təhsilini Bakı Dövlət Universitetində amerikaşünaslıq ixtisası üzrə alıb.
- Necə düşünürsünüz, sizcə, təhsil
bir gəncin həyatında nə dərəcədə
önəmli rol oynayır?
- Düşünürəm ki, bu məsələ gənclərin istedadına və cəmiyyətin dəyərvermə qabiliyyətinə görə dəyişir. İstedadı olan istənilən gənc qabağa gedə bilər. Öz ayaqları üstündə durmaq və sərbəst yaşaya bilmək üçün təhsil müəyyən qədər rol oynayır. Lakin məqsəd inkişafa meylli bir həyat yaşamaqdırsa, o zaman macəralar qaçılmaz olur.
- Bəs sizcə,
bir insanın təhsilə yönəlməsində
ailənin rolu nə qədərdir? Ailəniz
sizə necə dəstək oldu?
- Məncə, ailə təhsilin ilkin mərhələsində çox böyük rol oynayır. Amma bu kömək müəyyən yerə qədər olmalıdır. Yəni körpə uşaq ilk vaxtlar ayaq açıb yeriyəndə necə kömək ediriksə, bu da elə olmalıdır. Çünki bir müddət sonra o özü sərbəst gəzməyi öyrənir. Bu mərhələdən sonra sən onun əlindən tutmaqla kömək etmək əvəzinə, sadəcə, mane olacaqsan. Təhsilin ilk pilləsində ailəmiz bizə doğru məktəbin seçimi və s. kimi vacib məsələlərdə kömək edir. Bu dövr hər bir uşaq üçün çox önəmlidir. Çünki həmin ərəfədə qərarlarımız normal olaraq valideynlərimiz tərəfindən alınır. Növbəti pillədə isə sərbəstliyin tərəfdarıyam. Çünki gənclərin ixtisas seçimində ailənin "kömək” adı altında etdiyi hər hansı bir təzyiq, insanı istər-istəməz, sıxır və bezdirir.
- Necə oldu ki, xaricdə təhsil
almaq qərarına gəldiniz və nə
üçün məhz İtaliya?
- Əslində, xaricdə təhsil almaq qərarını dostumla
birgə verdim. Məqsədimiz isə həm
bir az səyahət
etmək, həm də təhsildə uğura
imza atmaq idi. "Nə üçün
İtaliya?” sualına isə cavab olaraq deyə bilərəm
ki, mən beşuşaqlı ailədə
böyümüşəm və orta təhsilimi
türk liseyində almışam. Orada təhsil almaq ödənişli
idi. Təqribən, ailəm buna görə 2500 manat
ödəyirdi. Universitetə qəbul olan
zaman fikirləşdim ki,
artıq ailəmə yük
olmamalıyam. Bunu özümə təlqin
etməyə başladım. Beləcə, ödənişsiz
əsaslarla BDU-ya qəbul oldum.
Həmin vaxt təqaüd alaraq
özümü bir növ həyata atılmış gənc kimi görməyə başladım. Hesab edirdim ki,
17 yaşlı bir gəncin ən böyük missiyası məhz bu olmalıdır. Bakalavr
təhsilini bitirdikdən sonra isə
araşdırmalara başladım. Bakalavrda
oxuyarkən ailəsinə yük olmaqdan qaçan biri kimi, magistr
dərəcəsində də eynilə onlara
əziyyət vermək istəmədim. Müxtəlif növ təqaüd proqramları ilə
maraqlandım. Araşdırmalar zamanı akademik
göstəricilərimə uyğun olaraq, İtaliyada təqaüdlü
təhsili qazanmaq şansımın daha yüksək olduğunu
gördüm. Buna
görə də seçimim İtaliya oldu.
- İtaliyada
təhsil sistemi necədir? Hansı oxşar və fərqli məqamlar var?
- İtaliyada təhsil sistemi ümumilikdə götürdükdə, qənaətbəxşdir. Bir çox mübadilə proqramlarının olması İtaliyada təhsilin vacibliyindən xəbər verən amildir. Əsas fərqli xüsusiyyətlərdən biri - azərbaycanlı tələblərin sevdiyi əsas məqam olan "qayıb” söhbətinin olmamağıdır. Burada tələbə dərsə 30 dəqiqə gec girə bilər. Həmçinin, dərsdən 40 dəqiqə tez də çıxa bilərsən. Yəni belə deyim, burada Azərbaycandakı kimi "müəllim, Ayşənin ürəyi bulanır, olar, beş nəfər qız birlikdə onunla çölə çıxaq?” söhbəti yoxdur, tələbələr sərbəstdir. Tələbələrin mühazirə gedən zaman deyiləni kompüterdə yazdıqlarını görəndə də təəccüblənmişdim. Oxşar cəhəti tapmaq üçün əslində, xeyli fikirləşmişəm. Onu deyə bilərəm ki, burada da müəllim zarafat edərkən, gülməli olmasa da, gülməyə çalışan tələbə toplusu var.
- Dərsləriniz
necədir, imtahanları vermək çətindir?
- Dərslərin maraqlı olanı da var,
olmayanı da. İmtahanlar isə müəllimin kefinə görə dəyişir. Yəni
imtahanları bəzən yazılı,
bəzən isə şifahi formada veririk.
- Təhsil aldığınız ölkədə
sizi təəccübləndirən
nə olub?
- İtaliyada mənə ən qəribə gələn məqam, orada marketlərin erkən saatlarda bağlanması
olub. Demək olar ki, axşam saat 7-8 radələrində bütün
marketlər bağlanır.
Amma ümumilikdə, çox da təəccübləndirəcək
bir şey yoxdur. Çünki italyanlar bir
çox xüsusiyyətlərinə
görə, bizə oxşayır. Bəzi məqamlarda
isə hətta bizim kimidirlər.
- Ümumiyyətlə,
italyanları necə xarakterizə edərdiniz?
- İtalyanlar mənim
yaddaşımda tənbəl,
öz dillərinə
önəm verən bir xalq kimi
xarakterizə olunur. Orada ingilis dili çox
az işlədilir.
Demək olar ki, çox az sayda
adam ingiliscə bilir. "Alora”
sözünü eşitməkdən
təngə gəldiyimi
deyə bilərəm.
İtaliya bir növ Avropanın Azərbaycanıdır.
- Yaşadığınız
ölkədə nədən
razı, nədən narazısınız?
- Mən İtaliyanın Venetsiya şəhərində
yaşayıram, burda demək olar ki, müsəlmanlara qarşı təzyiq görməmişəm. Amma eşitdiyimə
görə, digər qeyri turistik şəhərlərdə belə
mənfi hallar yaşanır. Əslində, onları da qınaya bilmirəm.
Çünki burada olan müsəlmanların çoxu
özünü apara bilmir. Əsas narazılığım isə qeyd etdiyim
kimi marketlərin tez bağlanmasıdır.
İtaliyaya gələn
hər yeni azərbaycanlı "burada
24 saat işləyən
market açsaq, partlayar!”
düşüncəsindədir. Əlbəttə, razı olduğum
məqamlar da var. Burada şəxsə hörmət, dəyər
vermək üst səviyyədədir.
- Təhsil və yaşayış xərclərinizi necə ödəyirsiniz?
- Mən təqaüdlə təhsil alıram. Təhsil və yaşayış xərclərimi təqaüdlə
ödəyirəm. İtaliyada orta
aylıq yaşam
350-400 avro təşkil
edir. Çalışmaq
lazımdır ki, büdcəni 1 manat - 1 avro düşüncəsi
ilə tənzimləyəsən.
Bundan başqa, dostlarımla birgə "EDDE” şirkətini
təsis etmişik.
Təhsilimlə bağlı olaraq
mən hələ ki, onlayn menecer
olaraq işləyirəm.
Şirkətin Bakıdakı ofisini
isə dostuma həvalə etmişik.
Təhsili başa vurduqdan
sonra şirkəti daha da böyütmək
niyyətindəyik.
- Çox vaxt aş, dolmadan
sonra başqa ölkənin mətbəxinə
uyğunlaşmaq azərbaycanlılara
çətin gəlir. Bəs siz yemək işini
necə həll edirsiniz? Özünüz bişirə bilirsiniz?
- Çox məşhur olmasına baxmayaraq, demək olar ki, italyanların mətbəxləri yoxdur.
Əsas yeməkləri pizzadır.
Mən xaricdə təhsil almaq qərarını ona görə dostumla verdim ki, o, həm dərslərdə, həm
də mətbəxdə
bacarıqlıdır. Bu mənada çox
çətinlik çəkmirəm.
Buradan onu çox istədiyimi demək istəyirəm. Biz burada işləri paylaşmışıq. Mənim
edəcəyim iş ucuz biletlər tapmaq, əyləncələr
təşkil etməkdir.
O isə digər məsuliyyətləri öz
üzərinə götürüb.
Bizdə
hər kəsin bir missiyası var.
- Azərbaycanın
nəyi üçün
darıxırsınız?
- Ən çox
çay üçün
darıxıram. Çayı çox sevən
biri kimi burada çox əziyyət çəkirəm.
Həmçinin, dönər yemək
üçün darıxıram.
Venetsiyada demək olar
ki, türk restoranı yoxdur.
- Azərbaycanda İtaliya kifayət qədər tanınır.
Bəs orda necə, Azərbaycanı tanıyırlarmı?
- Burada təhsil alan azərbaycanlıların
sayı ilbəil artmaqdadır. Artıq çoxsaylı tələbələr
sayəsində Azərbaycanı
tanıyanların sayı
artır. Əsas odur
ki, müsbət yöndə tanısınlar.
Onu deyim ki, italyanlar
Bakını, Azərbaycandan
çox tanıyırlar.
- Təhsil aldığınız ölkədə
qalmaq istəyərdiniz,
yoxsa təhsili bitirib vətənə qayıdacaqsınız?
- Əslində İtaliyada qalmaq fikrim yoxdur. Təhsili bitirdikdən sonra hər zaman arzusunda olduğum Baltikyanı ölkələrdən birinə getmək istəyirəm.
- Sonda gələcək planlarınızdan danışaq...
- Azərbaycana qayıtmalı olsam,
qurduğumuz şirkətin böyüməsinə
və daha da genişlənməsinə
öz töhfəmi verəcəyəm.
Əgər Avropada qalsam,
çox böyük ehtimalla, təhsilimi doktorantura
pilləsi üzrə davam etdirəcəyəm.
Yəqin ki, bu haqda danışmaq hələ tezdir.
Şəbnəm
Mehdizadə
Kaspi 2018.- 23 noyabr.- S.13.