Naxçıvandan
Danimarkaya uzanan yol
Naxçıvandan Danimarkaya uzanan yol
- ReportajEmil Məmmədov: “Facebook”a iş üçün
müraciət edəndə bu şəbəkədə
profilim yox idi”
Hazırda xaricdə təhsil almaq, yaxşı və
tanınmış şirkətlərdə işləmək
bir çox gəncin arzusudur. Bu arzusu yerinə yetənlər də
az deyil. Onların təcrübələrini
bölüşdüyü təlimlər, seminarlar isə digərləri
üçün həm bilgidir, həm də motivasiya. Belə təlimlərdən biri də "Facebook”a
necə işə düzəldim?” adı altında oldu.
Sualdan da hiss olunur ki, təlimçi dünyanın məşhur
"Facebook” şirkətinin Danimarka ofisində
çalışan bir şəxs – həmyerlimiz Emil Məmmədovdur.
Seminarın keçirildiyi məkanda qapıdan girərkən
qeydiyyat şöbəsində gənclərin çox
olduğunu görüb marağın böyük olduğunu
anladıq. Əslində, ilk olaraq gənclərlə həmsöhbət
olub seminara gəlmək məqsədləri, burdan gözləntiləri
ilə bağlı danışmaq istədik, amma
başlarının qeydiyyata qarışıq olduğunu
görüb, təşkilatçılarla söhbətləşmək
qərarına gəldik. Layihənin təşkilatçısı
olan "Dərs evi”nin marketinq meneceri
Əfşan Abdullayeva deyir ki, bu kimi təlimləri tez-tez
keçirirlər: "Belə tədbirlər keçirməkdə
ilk olaraq özümüz maraqlıyıq. Çünki
istəyirik ki, gənclərimizin inkişafı
üçün nə isə edək. Böyük
məqsədlər uğrunda böyük addımlar
atmaları üçün onları motivasiya edəcək təlimçilərlə
görüşdürürük. Bu
gün də dünyanın ən tanınmış və
böyük şirkətlərindən biri olan "Facebook”da
işə başlayan həmyerlimizi gənclərin
görüşünə dəvət etmişik”.
Artıq başlama vaxtıdır. Amma seminara
keçməzdən öncə təlimçi haqqında
qısa məlumat verildi. Emil Məmmədov
1992-ci ildə Naxçıvanda dünyaya gəlib. Orta təhsilini
doğulduğu şəhərdə alan
Emil, bakalavr və magistr təhsili üçün Azərbaycan
Dövlət Neft və Sənaye Universitetini seçir, orda
İstehsal proseslərinin avtomatlaşdırılması
mühəndisliyi fakültəsində təhsil alır. Emil Azərbaycanda magistraturanı qiyabi oxuduğu
üçün paralel şəkildə Londonda da təhsil
almaq imkanı yaranır. Beləcə, o
işlədiyi şirkətin köməkliyi ilə xaricdə
təhsilini davam etdirir.
Şirkətlərə
yazırdım ki, mənə ödənişsiz təcrübə
imkanı yaratsınlar
Emil
söhbətə bakalavr təhsili dövründən
danışmaqla başladı: "Bakalavr təhsili
dövrü gənclərin həyatında olduqca önəmlidir.
Hansı universitetə, neçə balla qəbul
olmağınızdan çox həmin 4 ili
necə dəyərləndirəcəyiniz əsasdır. Mən birinci kursun yay tətildən fəaliyyətə
başladım. Həmin dövrdə fəaliyyət
göstərən bütün şirkətlərə
yazırdım ki, mənə ödənişsiz təcrübə
imkanı yaratsınlar. Beləcə,
ölkəmizdə fəaliyyət göstərən bir
neçə şirkətdə təcrübə keçmək
imkanım oldu”.
Bir yerdə
maksimum beş il işləmək
lazımdır
Karyerasına
Azərbaycanda olan böyük şirkətlərdən birində
başlayan Emil bəy düşünür ki, bir yerdə beş il işləmək kifayətdir:
"Dörd il yarım bir şirkətdə mühəndis
işlədim. Həmin dövr ərzində
Norveç, Şotlandiya, İngiltərə, Almaniya və
Gürcüstanda keçirilən seminarlarda iştirak edirdim.
Bunun da karyerama çox böyük
qatqısı olurdu. Xaricdə olarkən oradakı iş
mühiti, həyatla tanış oldum və
zamanla işimi və təhsilimi xaricdə davam etdirmək qərarına
gəldim. Həm də düşünürəm ki, bir yerdə
maksimum beş il işləmək
lazımdır. Daha sonra fəaliyyətini
başqa şirkətdə, başqa mühitdə davam etdirmək
daha labüddür. Çünki uzun
müddət bir yerdə fəaliyyət göstərmək
insanı passivləşdirir, öz üzərində işləmək
prosesini ləngidir. Amma yeni iş yeri, yeni mühit
insanı daim nələrisə araşdırmağa, öyrənməyə
sövq edir”.
İnsan
ya gərək sevdiyi işi görə, ya da
gördüyü işi sevə
Çıxışçı
daha sonra beynəlxalq arenaya çıxmağın, xarici
şirkətdə işləməyin şərtlərindən
danışdı: "Harada, hansı xarici şirkətdə
işləməyinizdən asılı olmayaraq, ilk növbədə
ingilis dilini bilməlisiniz. Həmçinin,
gördüyünüz işi də sevməlisiniz. Bəziləri sırf xaricə çıxmaq
üçün nələrsə edir, ancaq elə
olmamalıdır. Harada işləməyindən
asılı olmayaraq, işini sevməlisən. Mən həmişə deyirəm ki, insan ya gərək
sevdiyi işi görə, ya da gördüyü işi sevə.
Əks halda uğurlu olmaq çətindir.
Uğurlu olmayan insan isə xoşbəxt ola
bilmir. İş seçimi həyat
yoldaşı seçimi qədər önəmlidir. Çünki günümüzün böyük bir
hissəsini həmin məşğuliyyətlə
keçiririk. Bu, bizə zövq verməsə,
işimizdə irəliləyə bilməyəcəyik”.
"Facebook”a
iş üçün müraciət edəndə bu şəbəkədə
profilim yox idi
Emil bəy "Facebook” şirkətində işə
başlamasından da danışdı. Sən demə, işə qəbul
olanda onun heç bu sosial şəbəkədə profili belə
yoxmuş: "Bir müddət işlətmişdim amma, 4 il əvvəl
feysbukdakı profili silmişdim. Yəni, elə
də aktiv istifadəçi deyildim. Sadəcə,
iş üçün müraciət edəndən sonra məcburən
yenidən sosial şəbəkəyə qayıtdım. İlk olaraq şirkətin karyera saytına daxil olub
mənə uyğun vakansiyalara müraciət etdim.
İxtisasım mühəndislik olduğu üçün elə
orada da mühəndislik sahəsi üzrə qeyd edilən
iş elanlarına qeydiyyatdan keçdim. Bir
müddət sonra mənimlə əlaqə saxlayıb
müraciətimi qeydə aldıqlarını və
müsahibə mərhələsinə keçdiyimi bildirdilər.
Müsahibə mərhələsi bir az
uzun oldu. Çünki ilk olaraq mənimlə bir
saatlıq telefon danışığı, daha sonra
görüntülü müsahibə oldu. Bunlardan sonra məni Danimarkaya dəvət etdilər.
Orada da tam 5 saat fasiləsiz müsahibədə
oldum. Yəni, əslində, bu 5 saat fasiləsizlik
mənə aiddir. Çünki
Danimarkadakı ofisdə olan müsahibədə də hərəsi
bir saat olmaqla 5 ayrı şəxslə söhbət etdik.
Onlar vaxtları tamam olduqca gedir, yerinə bir
başqası gəlirdi. 5 saat dayanmadan məni
hərtərəfli şəkildə sual-cavab etdilər.
Daha sonra mənimlə yenidən əlaqə
saxlayıb uyğun namizəd kimi bəyəndiklərini dedilər
və ən sonda işləyəcəyim ofisin rəhbəri
ilə müsahibəyə çağırdılar. Beləcə, həmin müsahibədən də
uğurla keçərək işə başladım”.
İş
müsahibəsində səmimi olun
İştirakçılardan
biri Emil bəydən bu tip şirkətlərdə
çalışmaq üçün beynəlxalq
sertifikatların, diplomun nə qədər önəmli
olduğunu soruşdu: "Digər şirkətlər
üçün bunun keçərliliyini bilmirəm, amma
"Facebook”da bununla bağlı bir tələb olmadı. Yəni, bayaq qeyd etdiyim kimi, o qədər müsahibədən
keçirsən ki, onlar üçün artıq sənin
bilik səviyyən bəlli olur. Onu da qeyd
edim ki, şəxsən məndən diplomumun
olub-olmadığını, hansı fakültəni bitirdiyimi
soruşmadılar. Sadəcə, müraciət etdiyim
iş üzrə sual-cavab etdilər. Hər
şeyi dərinliyinə qədər soruşur, insanın
hansı biliyə malik olduğunu tam dəqiq bilirlər.
Bir də məsləhət görərdim ki, istənilən
iş müsahibəsində səmimi olun. Nəyisə
bilmirisinizsə, deyin ki, bilmirəm. Onsuz da zəif
nöqtələriniz müsahibədə özünü dərhal
büruzə verəcək”.
Ailə
üçün yaşam şərtlərini və
ümumilikdə insanlarını
araşdırmışdım
Maraqlıdır,
yeni işə düzəlmişkən və işin bu
qızğın vaxtında Emil bəy nə əcəb
Danimarkada yox, ölkəmizdədir: "Danimarkada iş və
yaşayış şərait kifayət qədər
yaxşıdır. İş saatları
çox deyil. Maksimum 6-7 saat işləyirlər.
"Facebook” şirkəti də çox
humanist, işçilərinə hörmətlə yanaşan
qurumdur. Məsələn, bizim ölkəmizdə
atalıq məzuniyyəti yoxdur, olsa belə 3 gündür.
Amma orada 4 aydır. Bu
yaxınlarda qızım dünyaya gəldiyi üçün
mənə məzuniyyət veriblər. Bəzən
mənə sual verilir ki, nəyə görə məhz
Danimarkadakı regional ofisi seçdim. Əlbəttə,
bunun bir neçə səbəbi vardı. Getməmişdən öncə Danimarkadakı
yaşayış şəraitini, ailə üçün
yaşam şərtlərini və ümumilikdə,
insanlarını araşdırmışdım”.
İrqçi
deyillər, amma aşırı millətçidirlər
Elə bu
dəmdə iştirakçılardan biri
çıxışçıdan iki ölkənin
insanları arasında hansı fərqləri müşahidə
etdiyini soruşdu: "Ciddi fərqlər olduğunu deməzdim,
əksinə, oxşar cəhətlərimiz daha çoxdur. Məsələn, onlar da çox qonaqpərvər,
ailəcanlı insanlardırlar. Hətta,
iş saatı bitən kimi hamısı ailələri ilə
birlikdə vaxt keçirmək üçün evə tələsirlər.
Yəni, iş vaxtı bitibsə, onları heç kim 1 dəqiqə belə, işdə saxlaya
bilməz (gülür). İrqçi deyillər,
amma aşırı millətçidirlər”.
Emil bəyin çıxışı bitdikdən sonra
seminar iştirakçıların sualları ilə davam etdi.
Günel Azadə
Kaspi 2018.- 23 noyabr.- S.10.