"Segah" muğamını ifa edəndə özümü, kimliyimi tapıram

Xalq artisti Möhlət Müslümovun müsahibəsi

  Bildiyimiz kimi musiqidən uzaq, fəhlə ailəsində dünyaya gəlmisiniz. Buna baxmayaraq sizdə musiqiyə maraq  hələ çox kiçik yaşlardan başlayıb. Sənətdə özünüzü təsdiqləyənə qədər isə çox böyük çətinliklərlə qarşılaşmısınız. Mümkündürsə, həyat hekayənizin ən önəmli məqamlarını bizimlə bölüşərdiniz.                                                                                       

  – Məndən çox zaman soruşurlar ki, yəqin, ailənizdə musiqiçi olub, olubsa, bəlkə, bu istedad o adamdan keçib. Dərinliyə gedə bilmirəm, bəlkə də, iki yüz il bundan əvvəl yaşamış dördüncü babalarımdan kiminsə istedadı olub. Ancaq onu deyə bilərəm ki, əgər uşaq təmiz azərbaycanlı ailəsində göz açıb, dil açıb böyüyürsə, milli kökə bağlılıq görürsə, milli musiqimizi eşidirsə, o uşaq da istər-istəməz o ruhda yetişəcək. Bəlkə də, onun genində iki yüz il bundan əvvəl istedad olub, sonra gələn nəsil-şəcərəsində isə ortaya çıxmayıb. Ancaq o istedad bugünkü uşaqda büruzə verə bilər. Mən göz açdığım ailədə anam evdar qadın, atam isə fəhlə idi. Anam evdar qadın olsa da, savadlı idi. Anam gündəlik qəzetlər oxuyardı, mütaliə edərdi, gündəlik danışığında ən qəliz sözlərdən istifadə edərdi, ərəb dilini yaxşı bilirdi. Anamın atası ruhani alim olub, on yaşında Nəcəfə, Quma gedib, otuz beş yaşında qayıdıb. Amma anamın təhsil almasına babamın imkanı olmayıb. Anam mənə deyərdi ki, kitabı ürəyində oxuma, səsli oxu. Səbəbini soruşanda deyərdi ki, dilin qəliz sözlərə alışması üçün belə oxumalısan. Həm anamın, həm də atamın milli musiqiyə marağı var idi. Tarda ifa etməyə o qədər həvəsim olduğu halda özümə bir tar ala bilmirdim. Mən dil açan vaxtdan musiqini sevirdim, canımda, qanımda ritm vardı. Əvvəlcə mənə uşaq musiqi alətləri aldılar. Deyirlər ki, iki yaşım olanda uşaq gitarasını əlimə alıb deyirdim ki, mən gitara çalıram. Sonra mənə nağara aldılar. Birgözümü açdım, gördüm ki, musiqi məktəbində təhsil alıram. Atam məni musiqi məktəbinə yazdırmaqda bir az gecikmişdi. Dərslər sentyabr ayında başlamışdı, atam isə məni məktəbə oktyabr ayında aparmışdı. Məktəbin direktoru atama dedi ki, əslində, məktəbə qəbul sona çatıb, ancaq qoy bir uşağın səsini yoxlayım. Səsimi yoxlayan kimi katibəni çağırıb dedi ki, bu uşağın sənədlərini qəbul et. Məktəbə bir ay gec qəbul olunmağıma baxmayaraq, əvvəl gedə bilmədiyim dərslərə hazırlaşaraq qısa müddətdə digər uşaqlarla eyni səviyyəyə çatdım. O gündən bu sənətə bağlandım.                                                                                               

  Sizin ifanızda muğamlarımızı dinlədikcə adama elə gəlir ki,tarın, muğamın yaşı hardasa insanlığın, dərdin, qəmin yaşı qədərdir. Bu sehr bəlkə elə sizin də müsahibələrinizin birində dediyiniz kimi köhnə kişilərdən və yaşamağa davam edən, amma heç zaman da köhnəlməyən ənənələrdən gəlir.

  – Mən bu barədə iyirmi il əvvəl də düşünmüşdüm, bu gün də düşünürəm. Sənəti dərk etdiyim zaman düşünürdüm ki, görəsən, muğamın nə qədər tarixi var? Hələ də onu öyrənməyə çalışıram, amma tapa bilmirəm. Düşünürəm ki, torpaq yaranandan, Azərbaycan milləti yaranandan, insan özünü dərk edəndən muğam yaranıb və nəsildən-nəslə ötürülüb. Şərq dünyasının hər yerində muğam var. Əllidən artıq ölkədə olmuşam. Sovet dövründə Hindistana gedib iki ay orada qaldım. Hər gün raqalara qulaq asırdım, özüm üçün müqayisə edirdim. Deyirdim, ilahi, bunların muğamı budur, bizdə başqa cürdür, farslarda bir başqa, türklərdə də fərqlidir. Nəyə görə bizim muğam bunlardan seçilir? Bu yaxınlarda Amerikada arxivindən tapıb bir kitab gətirmişdilər, onlar tarı şumerlərlə bağlayırlar. Tar daş kitabələrdə, qayaüstü rəsmlərində yer alır, tarzən ayaq üstə təsvir olunub, tarı tutmaq da, tarın quruluşu da eyni ilə bizimki kimidir. Bunu görəndən sonra lap dərindən düşünməyə başladım. Yəqin, Sadıqcan da mən indi gördüklərimi tarın dizin üstündə çalındığını görübtar sənətində inqilab edib, tara pərdələr, simlər artırıb və tarın sinədə çalınması ənənəsini qoyub. Üzeyir Hacıbəyov tardakı beş pərdəni ləğv etməklə, bizim tarı başqa ölkələrin tarlarından fərqləndirib. Beləcə, təmiz, düzgün Azərbaycan tarı meydana gətirilib. Dahi Üzeyir Hacıbəyov tarı Avropanın not sistemi ilə eyni səviyyəyə qaldırıb. Bu gün tar dünyanın ən mötəbər salonlarında orkestrlə bərabər öz sözünü deyir. Buna görə də Üzeyir Hacıbəyova minnətdarıq Sovet dövründə Özbəkistana, Tacikistana simpoziumlara gedirdim. Düşünürdüm ki, muğam Azərbaycanda inkişaf etdiyi halda nəyə görə bizdə belə simpoziumlar keçirilmir, onlara qibtə hissi ilə baxırdım. Sonralar Birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində muğama qayğı artdı. Hərdən kövrəlirəm ki, bizim böyük ustadlarımız olub, onların heç biri tarın bugünkü vəziyyətini, verilən qiymətləri görmədilər. Bu, bizim musiqinin, xalqın, millətin uğurudur. Bu gün  biz baş ucalığı ilə deyirik ki, tar, kamança, balaban bizim musiqi alətlərimizdir. Sovet dövründə xarici ölkələrə gedəndə bizdən soruşurdular ki, hardan gəlmisiniz? Deyirdik, Azərbaycandanıq, tanımırdılar. Hər dəfə  Azərbaycanın  yerini xəritədə göstərirdim. Sonralar tar haqqında professor Vaqif Əbdülqasımovun ingilis dilində bir kitabı çıxdı. Hər dəfə qastrol səfərlərinə gedəndə o kitabdan 25 dənə aparırdım. Getdiyimiz ölkələrdə bizimlə yaradıcılıq görüşləri keçirilən zaman mən onları tar alətiylə maraqlanan adamlara paylayırdım. Bir dəfə Avropa ölkələrindən birində ermənilər bir orkestrə tar hədiyyə edərək demişdilər ki, tar ermənilərindir. Mən o tarı götürdüm, simlərini dəyişdim, pərdələrini çəkdim, düzəltdim. Həmin orkestrdə mübahisəm oldu. O gün bu məsələ ilə bağlı radioya müsahibə də verdim. Axşam ermənilər qaldığım mehmanxanaya gəldilər. Mənə dedilər ki, sən sənətkarsan yoxsa, siyasətçi? Dedim ki, buna siz bizi məcbur etmisiniz. Niyə deyirsiniz  ki, tar ermənilərindir? Onlara da o kitablardan verdim, sonra gəlib məndən  "tar ermənilərindir” sözünə görə üzr istədilər. Bu təbliğatı təkcə mən yox, hamı etməlidir. Ancaq bu gün rahatam. Çünki arxamızda dövlətimiz var.

  Vücudunuza hopmuş muğam salonları doldurur...

  Özümü tapdığım, tarı özüm kimi ifa etdiyimböyük bir tarzənlər ordusu yetişdirdiyim zaman tənqid eşitməyə başladım. Otuz yaşım vardı, görürdüm ki, məni təqlid edirlər, utanırdım o adama deyim ki, məni təqlid edirsən. Bir muğam çalırdım, beş gün sonra onu başqa tarzən çalırdı, mən elədiyim nüansları edirdi. Bilirdim ki, o incəlikləri məndən başqa heç kim etməyib. Gənclik illərində məni böyük sənətkarlar dəstəkləyiblər. Bu gün ifa etmədiyim muğam yoxdur. Təkcə Dövlət televiziyasının qızıl fondunda 200-dən çox muğam dəstgahım, mənim müşayiətim, solo ifalarım var. Gecə istənilən saatda məni yuxudan oyadıb desələr ki, ən az işlənən muğamı ifa et, edərəm. İstənilən muğamı məşqsiz, bədahətən ifa etməyim çox olub.                                             

  Möhür vurduğunuz muğam varmı?  

  – Əslində, muğamlara övladlarım kimi baxıram. Onları bir-birindən ayırmıram.  Ən çox sevdiyim bir muğam var. "Segah” müğamını ifa edəndə özümü, kimliyimi tapıram, torpağımı, xalqımı daha da yaxından duyuram. Bu, "Segah” muğamıdır. Çünki "Segah”ın növləri, rəngarəngliyi başqa Şərq ölkələrində yoxdur. Heç bir millət deyə bilməz ki, mənim belə  "Segah”ım, muğamım var. Bu gün ifa etdiyim "Segah”ı bir ay sonra bəyənmirəm, yenidən ifa etmək istəyirəm. Xalq mənim ifamda "Segah”ı qəbul edir, çox sevir. Mənə bu barədə facebook, instaqramdan yazırlar. Bir haşiyə çıxmaq istəyirəm. Xalq şairi Zəlimxan Yaqub sənətimi çox sevir, yüksək qiymətləndirirdi. Bir dəfə qış aylarından biri idi, möhkəm qar yağmışdı. İctimai televiziyada Xeyrəddin Qocanın yaradıcılıq gecəsində canlı verilişdə iştirak edirdim. Xeyrəddin müəllim mənə demişdi ki, mənim üçün bir  "Segahçalarsan. ”Segah”ı ifa etdim, gördüm ki, Xeyrəddin müəllim ağlayır. Onun ağlamasından təsirlənərək, bədahətən bir neçə xallar, gəzişmələr etdim. Qar yağdığına görə evə çox çətinliklə gedə bildim. Xeyrəddin müəllim mənə zəng elədi ki, Zəlimxan Yaqub sənə zəng edir, telefonun bağlıdır. Verilişə baxıb, ifanı çox bəyənib, ona zəng elə, sənə sözü var. Zəlimxan Yaquba zəng elədim. Mənə dedi ki, telefonunu səsyazmaya qoy, bir şeir yazmışam. Əslində, bu şeir sənin üçün azdır, sənə   "Möhlətnamə” adlı bir poema yazacağam. Amma o poemanı yazmağa ömür vəfa etmədi. Şeiri telefonda oxudu, bir az da kövrəldi. Mənə dedi ki, görəsən, niyə "Segahancaq Azərbaycanda var? Dedim, mən bilirəm, siz şairsiz, bu sualın cavabını sizin dilinizdən eşidim. Dedi, mənə elə gəlir ki, bizim millət qədər əzilən başqa bir millət yoxdur. O tay, bu tay gör nələr görüb bu millət, nə qədər əzablar çəkib, Qarabağ hadisələri. Buna dözmək olar? Ancaq buna görə bizim millət "Segah”ı bu qədər sevir. Əgər ürək dağılmırsa, onu verirsən alətə, o alətə çatır gücün. Anam laylay oxuyurdu.  Amma onun "Segah” üstündə olduğunu bilmirdi. İndibizim kəndlərimizdə elə  yaşlı insanlar var ki, ”Segah” üstündə laylay oxuyurlar. Ona görə də bizim beşiyimizin, qəbrimizin üstündə  "Segahoxunanda insanlar ağlayır. Bax, buna görə də mən  "Segah”ı digər muğamlardan üstün tuturam. Görün, necə muğamdır ki, onu həm şad, həm də kədərli günündə ifa edirsən. Yəni, bu, muğamlarımızın böyüklüyündən xəbər verir. Belə musiqi hər xalqa nəsib olmur. 1989-cu ildə Dövlət radiosunda beş muğamı lentə yazdırmaq üçün çox çətinliklə yer almışdım. Mənə bu vaxtı dekabr ayında verdilər. Ağlıma da gəlməzdi ki, bir ay sonra 20 Yanvar hadisələri baş verəcək. Gəldim studiyaya, soyuqdan içəri girmək olmurdu. O zamanlar gənc idim, fikirləşdim ki, nə olursa-olsun bu muğamları yazdıracağam. Barmaqlarım simə yapışırdı, göynəyirdi, amma lent yazılarımı dinləyəndə o soyuqluq yox, ifalarımdakı istilik hiss olunur. O muğamlar görün nəyə qismət oldu. O günlərdə elə hönkür-hönkür ağlayırdım. Sonra mənə zəng edib dedilər ki, muğamların hamısı bəyənilib və fonda qəbul olunub.                                                                                        

  – Hazırda hansı layihələr üzərində işləyirsiniz?

  – Layihələr də, təkliflər də çoxdur. Əhməd Bakıxanov adına ansamblın 90 illiyi yaxınlaşır, inşaallah, 2019-cu ildə qeyd edəcəyik. Bilirsiniz ki, bu ansambl Üzeyir Hacıbəyov, Müslüm Maqomayev tərəfindən yaradılan Azərbaycanın ilk professional ansamblıdır. Dövlət televiziyasının nəzdində əvvəlcə solistlər, sonra xalq çalğı alətləri ansamblı olub. Mən ansamblın üçüncü rəhbəriyəm, iyirmi beş ildir ki, bu ansambla rəhbərlik edirəm. Amerikadan, Türkiyədən konsert təklifləri var, o ölkələrdə disklərimi də yazdırmalıyam. Burada da işlərim çoxdur. Milli konservatoriyada müəlliməm, professoram. Televiziya çəkilişləri, açıq konsertlər, işlərim gün-gündən artır.                                                                                                           

  – Hər ustadın yolunu davam etdirən tələbələri olur. Möhlət Müslümovun sənət yolunu davam etdirə biləcək tələbələri varmı?                                            

  Bir çox istedadlı tələbələrim var. Elçin Həşimov, Ələkbər Ələkbərov, Əliağa Sədiyev əməkdar artist adını daşıyan tələbələrimdəndir. Oğlum Rüstəm tələbəm olmasa da, o da tələbəm sayılır. Adını unutduqlarım gərək məni bağışlasınlar. Məni əyani görməyən, mənim də üzünü görmədiyim qiyabi tələbələrim də çoxdur. İrandan mənə instaqram vasitəsilə çox yazırlar. Elə gün olmur ki, mənə öz ifalarını göndərməsinlər. Yazırlar ki, kaş səni yaxından görə biləydik. Burada bizim müəllimimiz yoxdur, səni özümüzə ustad sayırıq. Yəni məni dinləməklə təqlid edənlər çoxdur.                                                                              

  Oğlunuz Rüstəmin adını çəkdiniz, bir övladyolunuzun davamçısı kimi Rüstəm istedadı sizi qane edirmi?                                                                                

  –Rüstəmdən razı olsam, onda deməli, özümdən də razıyam. Rüstə-mi hər gün öyrədirəm. Heç vaxt ona deməmişəm ki, səndən razıyam, yaxşısan. Hər gün çıxışını mənə göstərir, baxıram, deyirəm, get işlə, get məşğul ol. Çünki, mən özüm də belə olmuşam. Hamı məni tərifləyirdi, bu isə,x oşuma gəlmirdi. Deyirdim, kaş ki, kimsə məni tənqid etsin, tənqid edənləri sevirdim. Hər adam tənqidi qəbul etməyi bacarmır. Mən sağlam tənqidi qəbul edirəm. Rüstəmə də deyirəm ki, sən başqalarının da tənqidini qəbul et, atanınkını da. Bil ki, bu, sənin ümumi işinin xeyirinədir. Rüstəmdə bütün komponentlər var, onun gələcəyinə inanıram. görürəm.                               

  – Xanəndənin toylara getməsinə necə baxırsınız? 

  – Yaxşı baxıram. Amma indiki fonoqram toylarına yox, sənətkar toylarına, canlı ifalarla müşayiət olunan toylara yaxşı baxıram. Toy böyük məktəbdir, sənətkarı püxtələşdirir. Mən televiziyada ifa edəndə heç kəs mənə nöqsan demir. Ancaq toya gedəndə, mənə nöqsanımı deyəndə, düşünürəm ki, düz deyir, bir az da öz üzərimdə çalışmalıyam və yaxud nəyə görə sağlığında deməsinlər ki, sən  gözəl, dahi sənətkarsan. Biz bunu xalq üçün edirik. Konsertə gedirəm, xalq üçün konsert verirəm, televiziya çəkilişlərinə gedirəm, xalqa xidmət edirəm, amma xalqın şad günündə, kimsə iyirmi beş, otuz il gözləyir ki, oğluna, qızına toy edəcək, o toyda məni görmək  istəyir, niyə mən onun ürəyini qırım, o toya getməyim. İndi də mənə deyəndə ki, filan yerdə toy var, dur gəl, tarımı da götürüb gedirəm. Heç kim də deyə bilməz ki, kiməsə demişəm ki, mənə bu qədər pul ver. Bilirəm ki, məni istəyirlərsə, mənə hörmət də edəcəklər, hörmət etməsələr də, mən bunu yaxşı qəbul edirəm, çünki, məni yetişdirən xalq olub.                                                                                   

  Mançestrdən bir oğlan yazır, məndən xahiş edir ki, ona skypla dərs keçim. Deyir, ancaq sizi qəbul edirəm. Orada tibb üzrə təhsil alır. Deyirəm, ay oğlum, sən həkimsən, tar sənin nəyinə lazım? Zarafatla deyirəm, mən həkim işləyim,  sən gəl, tar çal. Bu yaşımda hələ də öyrənirəm. Muğam bir dəryadır. Əfsuslar olsun ki, bu dəryaya barmağını batıran deyir, mən üzürəm, metr enir deyir, mən üzürəm, yüz metr enir deyir, mən üzürəm. Amma Muğam dəryasının sonu görünmür. Mən deyə bilmərəm ki, bu dəryanın gözəl üzgüçüsüyəm. Onu xalq deyə bilər. Xalq da məni, yəqin ki, istəyir.                     

  Söhbətləşdi:     İntizar İsmayıl

Kaspi  2018.- 24-26 noyabr.- S.16.