Ömrünü radioya bağlayan jurnalist

Onun sayəsində Moskva da azərbaycanca danışıb

Tanınmış jurnalist, son dərəcə həssas, kifayət qədər qayğıkeş insan, əziz dost, mehriban ailə başçısı, Azərbaycan mediasında öz dəst-xətti olan İlyas Adıgözəllinin dünyaya göz açdığı, ulu Ləlvər dağının sazağını hiss etməyə başladığı gündən 80 il ötür. O, 1938-ci il oktyabrın 15-də Gürcüstan SSR-in Borçalı (indiki Marneuli) rayonunun Sadaxlı kəndində doğulmuşdur. Doğma kəndində orta məktəbi bitirdikdən sonra seçdiyi peşənin - jurnalistikanın arxasınca Bakıya yollanmış, Azərbaycan Dövlət Universitetinin (indiki BDU)  filologiya fakültəsinin jurnalistika şöbəsinə qəbul olunmuşdur. Bir çoxları kimi onun da, tələbə dostlarının da bəxti gətirmiş, Həmid Araslı, Mir Cəlal, Əli Sultanlı, Məmmədhüseyn Təhmasib, Cəfər Xəndan, Abbas Zamanov, Məmməd Cəfər, Feyzulla Qasımzadə, Pənah Xəlilov, Şirməmməd Hüseynov, Nurəddin Babayev, Bəxtiyar Vahabzadə kimi məşhurlar onlara elmlərin əsaslarını öyrətmişlər. İlyas Adıgözəllinin iftixar hissi ilə yazdığı kimi, bu şəxsiyyətlər biz tələbələrin ziyalı və insan kimi formalaşmasında misilsiz xidmət göstərmişlər.

İlyas Adıgözəlli 1962-ci ildə universiteti bitirdikdən sonra təyinatla Zaqatala rayon qəzetində işləməli idi. Lakin tale elə gətirmiş ki, Bakıda təzəcə nəşrə başlayan "Abşeron” qəzetində işə götürülmüşdür. Bir il keçdikdən sonra isə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsinə dəvət almışdır. Elə o vaxtdan etibarən həyatı Azərbaycan radiosu ilə bağlı olmuş və hələ orta məktəbdə oxuyarkən maraq göstərdiyi peşə ilə görüşmüşdür. Yeri gəlmişkən, demək lazımdır ki, onun doğma kəndi Sadaxlıda, digər kəndlərdən fərqli olaraq, elektrik stansiyası vardı. Gündüzlər orada dəyirman kimi dən üyüdülür, axşamlar, adətən gecə saat 12-dək kənd elektrik işığına qərq olurdu. İlk vaxtlar hamı kimi, İlyas da elektrik dirəklərinə bənd edilmiş radiodan Bakının verilişlərinə qulaq asırdı. Bir az keçdikdən sonra isə evlərə radio xətləri çəkildi və ailənin böyük uşagı kimi, ilk radioqəbuledicini də özü aldı və müntəzəm olaraq verilişləri dinlədi. Bəlkə də jurnalistikaya marağı elə buradan başladı. İlyas hələ yeddinci sinifdə oxuyarkən Tbilisidə nəşr olunan "Zarya Vostoka” ("Şərqin Şəfəqi”) qəzetinə Azərbaycan dilində göndərdiyi məktubunu ilk qələm məhsulu hesab edir. Elə o məktub nəticəsində mətbuatın böyük gücünü hiss etdi. Oxuduğu məktəbdə dərs vəsaitinin çatışmadığından yazdığı məktubda qaldırdığı problem tezliklə öz həllini tapdı, jurnalist olmaq istəyini, mətbuata gəlişini qətiləşdirdi.

Radioda başlanan jurnalist fəaliyyəti 2007-ci ilə qədər davam etdi. Bu müddət ərzində İlyas Adıgözəlli "Araz” radiostansiyasında şöbə müdiri, baş redaktorun müavini, baş redaktor, "Araz” proqramının baş direktoru, radioda şərhçi ştatlarında çalışdı. Onun apardığı canlı verilişlər dinləyicilər tərəfindən çox böyük maraqla qarşılanırdı. Mikrofon qarşısında özünü təmkinli və qətiyyətli aparması dinləyiciləri sözün həqiqi mənasında valeh edirdi.

        Mötəbər tədbirlərdə iştirakı və həmin tədbirlərdən hazırladığı canlı verilişlər radio dinləyicilərinin böyük səbirsizliklə gözlədikləri verilişlər idi. 1971-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının 24-cü qurultayından-Kremlin Qurultaylar sarayından apardığı canlı verilişlər yaşıdlarının və pərəstişkarlarının yəqin ki, hələ də yadındadır. İlyas Adıgözəlli oradan verilişlərini aşağıdakı sözlərlə başlayırdı: "Danışır Moskva! Kremlin Qurultaylar sarayından reportajımıza başlayırıq...” Bəli, Moskva da azərbaycanca danışarmış! İlyas Adıgözəllinin istedadı və bacarığı sayəsində bunu da görmüşdük.

Bu dövrü İlyas Adıgözəlli belə xatırlayır: "1971-ci ildə, 24-cü qurultaya tək getmişdim. Estoniya radiosunun baş redaktoru Feliks Kazik isə jurnalistləri ilə gəlmişdi. Qurultayın açılış günü - martın 30-da, Moskvada Kremlin saatı 10-u vurur və mən həmin an reportajımda deyirəm ki, hörmətli dinləyicilər, saat 10-dur, Kremlin Qurultaylar sarayındayıq. İndi qurultay öz işinə başlayır. Səfər Rzayev adında bir neftçimiz də qurultaya gəlmişdi, əvvəlcədən səsini yazmışdım. Lazım olan anda həmin söhbəti təqdim etdim. Gördüm ki, estoniyalı həmkarım çox dilxor vəziyyətdədir. Deyinirdi ki, mən efirə veriliş verməliyəm, ancaq çıxış tapa bilmirəm. Mən dedim ki, qurultay nümayəndəsinin səsini yazmışam, azərbaycanca danışır, mətni verərəm siz eston dilində təqdim edərsiniz, Bakıdan gələn neftçinin çıxışını verərsiniz. O çox sevindi və həmin reportajı Estoniya radiosu ilə də verdi. Radio jurnalisti öncədən işini elə tutmalıdır ki, efir anı çatanda əliboş qalmasın...”

İlyas təkcə Moskvadan deyil, Leninqraddan, Ukraynadan, Tatarıstandan, Belarusdan, Moldovadan, Özbəkistandan, Estoniyadan, Latviyadan, Litvadan, Gürcüstandan da radio reportajları aparmışdır. 1984-cü ildə Türkiyəyə, 1993-cü ildə Amerika Birləşmiş Ştatlarına səfəri heç vaxt yadından çıxmır. Bu ölkələrdə gördükləri, gələcək fəaliyyətində onun köməyinə gəlmişdir.

        İlyas Adıgözəllinin əməyi yüksək qiymətləndirilmişdir. Hələ 1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adına layiq görülmüşdür. O, 2 dəfə Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl Qələm” mükafatının laureatıdır.

        2007-ci ildən təqaüdə çıxmasına baxmayaraq yenə də, necə deyərlər, əli işdən soyumur. Müqavilə əsasında Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində proqramlar hazırlayır. Radionun tanınmış informatoru olan İlyas Adıgözəllinin fond yazıları, onun bu sahədə mükəmməl bacarığa malik olduğunu təsdiq edən sənədli nümunələrdir.

İlyas Adıgözəlli yaşının 80 olmasına baxmayaraq, yenə də gənclik eşqi ilə fəaliyyət göstərir. Yazdığı 3 kitab möhtəşəm abidələrdir. "Elim-obam Sadaxlı” kitabı 2000-ci ildə "Azərbaycan” nəşriyyatı, "Əzizim Vətən yaxşı...” kitabı 2004-cü ildə "Nurlan” nəşriyyatı, "Borçalının Sadaxlı dünyası” kitabı 2014-cü ildə "Nurlar” nəşriyyatı tərəfindən çap edilmişdir. Bu kitabların ümumi həcmi 1000 səhifəyə yaxındır. Bu kitablarda İlyas Adıgözəllinin yorulmazlığı, cəsarətliliyi, istedadı özünü büruzə verir. Faktlara münasibətində o qədər dəqiqdir ki, nəyinsə səhv gedəcəyi ehtimalı ola bilməz.

İlyas Adıgözəlli 80 yaşında belə "Araz”ı yenə də unutmur. Gəncliyində Araz üzərində inşa olunan su-elektrik stansiyasının tikintisindən hazırladığı silsilə reportajları, "Araz” redaksiyasında uzun illər can qoyması, uzaq Vaşinqtonda Güneylə Quzeydən olan iki gəncin sevgisinə Araz adının verilməsi, uzun illərdən sonra həmin Arazın müstəqil dövlətimizin ABŞ-dakı səfirliyinin açılışında iştirakı, ömrünün 80-ci baharından Güney üçün söz ünvanlayan jurnalistin əvvəl və axır sözünün Arazdan olması, hazırda Güney Azərbaycan redaksiyasında o tayda yaşayan soydaşlarımız üçün verilişlər hazırlaması və s. İlyas Adıgözəllinin radioda yaşadığı gerçək dolu anlardır.

Ad günün mübarək, böyük həmkarım, İlyas Adıgözəlli! Sənə möhkəm cansağlığı və yeni-yeni uğurlar diləyirəm!

Həmid VƏLİYEV,

Bakı Dövlət Universiteti

Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor

Kaspi 2018.- 20-22 oktyabr.- S.7.