Qərənfil
Dünyaminqızı
“24-lər”dən iyirmi
birincisi - BDU - 100
O, ömrünü hüquq
elminin inkişafına, təbliğinə, tədrisinə həsr
edib
Tarixçi alim Ziya Bünyadov yazırdı ki:
"Repressiyanın ikinci, daha güclü dalğası
iyirminci illərə düşür və bu dalğa minlərlə
azərbaycanlı kəndlisinin həyatını
aparmışdır”. Əvvəl torpağı kəndliyə
paylamaqla özünü "yaxşı” göstərən
hökumət, sonra ağır "vergi və ərzaq
sapalağı” ilə onları boğmağa başladı.
Buna qarşı çıxan kəndlinin "payı” Uzaq
Sibirə sürgün və yaxud da güllələnmə
oldu. Azərbaycan kəndlisi 1920-ci ilin ortalarından 1940-cı
ilin sonlarına kimi bu vəziyyətdə
"yaşadı”...
1939-cu ilin 12 apreli. Saatlı rayonunun Molday kəndində Yusif kişinin ailə üzvlərinin sayı artır. Oğlu Firudin dünyaya gəlir. Od içində qovurulan Azərbaycan kəndlərində vəziyyətin nisbətən "yumşaldığı”, təhlükənin "sovuşduğu” bir zamanda. Firudinin atası kolxozçu idi. Ailəsini dolandırmaq üçün hər əzaba qatlaşırdı. Firudin böyüdükcə bu çətinlikləri görür, dərk edir, atasına kömək olmaq istəyirdi. Bu istəklə də gündüzlər tarlada atasına kömək edər, axşamlar sübhəcən kitab-dəftərdən ayrılmazdı. Xoşbəxtlikdən, Tanrı da onun bu əzab-əziyyətini illər sonra yüksək qiymətləndirdi...
Firudin çətin güzəran ucbatından
məktəbə bir qədər gec getsə də, məktəbin
fəxri oldu. 1958-ci ildə S.Vurğun adına Saatlı qəsəbə
orta məktəbini gümüş medalla qurtardı və elə
həm il hərbi xidmətə yola düşdü (Həmin
vaxtlar hərbi xidmət müddəti üç il idi).
1961-ci ildə hərbi xidmətini başa vuran Firudin,
birbaşa BDU-ya (o zaman ADU adlanırdı) gəlir və sənədlərini
universitetin hüquq fakültəsinə verir. Biliyinə
arxayın olan gənc, yanılmır. O, imtahanlardan yüksək
qiymət alaraq hüquq fakültəsinə daxil olur. Təhsil
illərində Firudin kollektivin yaddaşında tərbiyəli
və istedadlı gənc kimi qalır. Universitetin cinayət
hüququ kafedrasının aspirantı olan gənc, hüquq
elminin daha dərinliklərini öyrənmək
üçün saatlarla kitabxanalarda vaxt keçirir. 1970-ci ildə
"Qəsdən adamöldürmə əməllərini
doğuran halların və cinayət motivinin cəza təyininə
təsiri” mövzusunda namizədlik dissertasiyası işini
müdafiə edir. Beləliklə, Firudin Yusif oğlu Səməndərov
22 yaşından ömrünü tələbəsi,
aspirantı olduğu universitetə bağlayır. 55 ildən
çoxdur ki, o, hər səhər daşı, divarı onun
üçün əziz olan universitetə tələsir. Həmkarlarını,
tələbələrini, dostlarını görmək,
xoş xatirələrlə dolu olan anları yaşamaq
üçün ...
Gənc alim ilk gündən tələbələrinin
qəlbini fəth edə bildi. Onun oxuduğu mühazirələr
bir qayda olaraq dərinliyi, nəzəri və elmi fikirlərin
zənginliyi, həyatı faktlarla dolğunluğu ilə fərqlənir.
Hər an öyrənmək, öyrətmək arzusunda olan
pedaqoq, hər dəfə mühazirəyə başlamazdan əvvəl
tələbələrinə "yalnız qanunların
fövqündə güclü və qüvvətli
olmağı” tövsiyə edir. Mühazirədən sonra
saatlarla kafedrada, dəhlizdə tələbələri ilə
ünsiyyətdə olur. Bildiklərini səxavətlə
öyrədir, bəzən müəllim-tələbə yox,
dost-həmkar münasibəti yaradaraq, onlara hər işdə
dəstək olur.
Burada yadıma tələbəlik illərim düşdü. 1984-89-cü illərdə universitetdə bəzi fənlərin (məsələn, "Elmi kommunizim”, "Marksizm-leninizmin əsasları”, "Siyasi iqtisad”) tədrisi zamanı jurnalistlərlə hüquqşünaslar "patok” yoldaşı olurdular. Yaxşı yadımdadır, bir dəfə hüquq fakültəsinin tələbələrindən biri fakültədə "at oynadan” "müəllim”lərdən danışdı və sonra da dedi: "Dekanımız sağ olsun. Firudin müəllim heç vaxt qoymaz ki, oxuyan, savadlı tələbənin haqqı yerdə qalsın. O, "at oynadan” "müəllim”lərin imtahanlarına özü nəzarət edir. Fakültədə həmişə kimsəsiz, arxasız tələbələrə arxa-dayaq olur” (1985-1989-cu illərədə F.Səməndərov, hüquq fakültəsinin dekanı vəzifəsini icra edib).
Ömrünü hüquq elminin
inkişafına, təbliğinə, tədrisinə həsr
edən alim 1995-ci ildə "Hüquqi şüur və cinayət
hüquq yaradıcılığı” mövzusunda doktorluq
dissertasiyasını müdafiə edib və həmin ildən
fakültənin cinayət hüququ və kriminologiya
kafedrasının müdiridir. Hüquqşünas alimlərin
fikrincə, cinayət hüququ hüquq sahəsinin, mürəkkəbliyi
və çətinliyi ilə seçilən bir qoludur. Bu sahə
ilə bağlı hər hansı yeni fikir söyləmək
elə də asan deyil. Bütün bunlara baxmayaraq, Firudin
müəllimin cinayət hüququ sahəsində
yazdığı əsərlərdə, dərin tədqiqatların
nəticəsi olaraq gəldiyi qənaətlər, hüquq
elmi üçün böyük dəyər kəsb edir.
1997-ci ildən professor adına layiq
görülən tədqiqatçı alimin əsərlərində
nəzəriyyə ilə təcrübə bir-biri ilə səmərəli
şəkildə uzlaşır. 100-dən çox elmi məqalənin
müəllifi olan professorun əsərləri həm də
müstəqil Azərbaycanda hüquqi dövlət
quruculuğu prosesinə dəyərli töhfəsidir. Alimin
"Cinayətin subyektiv cəhəti”, "Cinayət
hüququ. Cinayət və cəza məsələləri”,
"Cinayət hüququ. Ümumi hissə” dərslikləri,
"Şəxsiyyət əleyhinə edilən cinayətlər”,
"Kriminologiya” adlı dərs vəsaitləri və
"Cinayət hüququnda cəza problemi: tarix və
müasirlik” monoqrafiyası təkcə tələbələrin
deyil, hüquqşünasların da dönə-dönə
müraciət etdikləri dəyərli mənbələrdir.
"Ömrünün müdriklik zirvəsini” yaşayan
Firudin müəllimin yetirmələri bu gün onunla
çiyin-çiyinə çalışırlar. O, uzun illər
BDU-da fəaliyyət göstərən Dissertasiya
Şurasının sədri olmuş və onun xeyir-duası ilə
onlarla gənc müdafiə edərək, alim adına layiq
görülmüşlər.
Təcrübəli hüquqşünas hazırda Azərbaycan Respublikası Prezidenti yanında Hüquqi İslahatlar Komissiyasının və respublika Ali Məhkəməsi yanında Elmi Məsləhət Şurasının, Respublika Prokurorluğu yanında Elmi Metodiki Şuranın üzvüdür. Uzun illər nəzəriyyə ilə təcrübəni vəhdət şəkildə həyata keçirən Firudin müəllimin əməyini ölkə və BDU rəhbərliyi həmişə yüksək qiymətləndirib. 2009-cu il ildə Əməkdar hüquqşünas adına layiq görülən F.Səməndərov, hazırda universitetdə fəaliyyətini davam etdirir.
Səməndərovun BDU-ya rəhbərlik etdiyi zaman, ölkəmizdə ictimai-iqtisadi, siyasi vəziyyət hələ də gərgin olaraq qalırdı. 1992-ci ilin 8 oktyabrında BDU-ya rektor təyin edilən Səməndərov bu vəzifəni 1993-cü ilin dekabrına kimi icra edib. Doğrudur, həm zaman baxımından, həm də universitetdəki "ab-hava” böyük işlərin görülməsinə mane olurdu (Məsələn, siyasi partiyaların, ictimai birliklərin, hətta dini təşkilatların BDU-nun fəaliyyətinə yerli-yersiz müdaxiləsi və s.). Məhz bunları aradan qaldırmaq üçün Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 1993-cü il noyabrın 2-də televiziya və radio vasitəsilə xalqa müraciətinə əsasən, respublikada yaranmış ictimai-siyasi vəziyyətlə bağlı müdafiə potensialının gücləndirilməsinə kömək göstərmək məqsədilə, görüləcək tədbirlərin əlaqələndirilməsi üçün rektor F.Səməndərov başda olmaqla, prorektorlar və dekanlardan ibarət Qərargah yaradıldı.
1993-cü ildə
tətbiqi riyaziyyat və kibernetika fakültəsində EHM və
proqramlaşdırma kafedrası yaradıldı.
Kitabxanaçılıq və informasiya fakültəsində
kitabşünaslıq və nəşriyyat işi
kafedrası kitabşünaslıq və kitab ticarətinin təşkili
adı ilə fəaliyyətə başladı. Elə həmin
il, rektorun əmrinə əsasən, şərqşünaslıq
fakültəsində İbri (yəhudi) dili şöbəsi
yaradıldı. BDU-da tədris-metodiki işlərin
yaxşılaşdırılması üçün rektorun əmrinə
əsasən 1993-cü ilin mart ayında universitetin elmi-metodiki
şurası yaradılır və şuranın sədri
professor Y.M.Seyidov təyin edilir. 1993-cü ilin iyun ayında
1993-94-cü tədris ilindən etibarən iki pilləli təhsil
sisteminə (bakalavr, magistr) keçid haqqında qərar qəbul
olundu, həmin il bakalavr pilləsinin I kursuna qəbul
keçirildi.
Burada bir faktı qeyd etmək yerinə
düşərdi ki, 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda
yenidən siyasi hakimiyyətə qayıtması bu təhsil
ocağına yeni həyat verdi. Ümummilli liderin dəfələrlə
BDU-ya gəlməsi, universitetə dayaq olması, ziyalı
sözünü deməsi, hərtərəfli
qayğısı nəticəsində universitet tədricən,
öz mövqeyini bərpa etməyə başladı.
F.Səməndərov bu gün də hüquq
fakültəsinin sayılıb-seçilən alimlərindəndir.
Təbiətən sakit və səbirli olan Firudin müəllim,
bu həyatda əldə etdiyi hər bir uğuru, sevinci, nailiyyəti
öz alın təri ilə əldə edib. Odur ki, hər kəsin
yanında üzüağ, alnıaçıqdır. Həmkarlarından
biri demişkən: "Qoy bundan sonra da belə olsun! Həyat
ona hər sahədə sevinc və uğur gətirsin, çəkdiyi
zəhmətlər daha bol bəhrələr versin”.
Qərənfil
Dünyaminqızı
Əməkdar
jurnalist
Kaspi $g 2018.- 2 oktyabr.- S.15.