Sahibkarlığın inkişafını stimullaşdıracaq addım

 

Mütəxəssislərin fikrincə, dövlətin sahibkarların güzəştli maliyyə resurslarına çıxışı prosesində yaxından iştirakı əhəmiyyətli məsələdir

 

Bakı Biznes Mərkəzində sahibkarlar və müvəkkil kredit təşkilatlarının nümayəndələrinin iştirakı ilə "Sahibkarlığın güzəştli kreditləşdirilməsində yeni qaydalarmövzusunda tədbir keçirilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir müavini Sahib Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkədə sahibkarlığın genişləndirilməsi və özəl bölmənin iqtisadiyyatda rolunun artırılması, biznesinvestisiya mühitinin daha da yaxşılaşdırılması tədbirlərinin sistemli və ardıcıl olaraq davam etdirildiyini vurğulayıb.

Bildirilib ki, sahibkarlığın maliyyə resursları ilə təmin olunması əsas mexanizmlərdəndir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu fəaliyyət göstərdiyi dövrdə investisiya layihələrinin ümumi dəyəri 4,9 milyard manat olan 35 mindən çox sahibkara 2,2 milyard manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 164 minə yaxın yeni yerinin açılması imkanı yaradılıb. Güzəştli kreditlərin 72%-i aqrar sektorun, 28%-i sənaye və digər sahələrin inkişafına yönəldilib. Bu kreditlərin 75%-i regionların, 25%-i Bakı qəsəbələrinin payına düşür. 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara minimum 170 milyon manat güzəştli kreditin verilməsi təmin ediləcək. Artıq sahibkarlıq subyektlərinə 113,1 milyon manat güzəştli kredit verilib.

 Özəl sektorun dəstəklənməsi, sahibkarların hüquq və mənafelərinin qorunması sahəsində yeni iqtisadi şəraitə uyğun islahatlar həyata keçirilir. Sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsalemal müəssisələrinin, infrastruktur sahələrinin yaradılması, ixrac əməliyyatlarının maliyyələşdirilməsi, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə dövlət başçısının "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək, İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və "Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilib.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edən Arif Vəliməmmədov Fondun vəsaitlərindən istifadə qaydası, eləcə də güzəştli kreditin verilməsi mexanizmi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6%-dən 5%-ə endirilib. Eyni zamanda, yeni qaydalarda orta həcmli kreditlərin hədləri dəyişdirilərək 50 001 manatdan 1 000 000 manatadək artırılıb.

Yeni qaydaların tətbiqi sahibkarların güzəştli maliyyə resurslarına çıxışının, eləcə də qeyri-neft istehsalının və ixracının genişlənməsinə, istehsal xərclərinin azalmasına, məhsulun maya dəyərinin aşağı düşməsinə, yeni istehsal sahələrinin yaradılmasına, özəl bölmənin dövlət dəstək mexanizmlərindən daha geniş istifadəsinə imkan yaradacaq.

Məlumat verilib ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun strukturunda Təhlil və risklərin idarə edilməsi şöbəsi yaradılıb və bu şöbə Fondun vəsaitlərinin səmərəli yerləşdirilməsi məqsədilə mütəmadi olaraq təhlil və araşdırmalar aparacaq. Yeni yaradılmış Daxili audit şöbəsi isə Fondun risklərinin idarə olunması, daxili idarəetmə və nəzarət sistemlərinin, idarəetmə prosesinin təkmilləşdirilməsi, eləcə də struktur bölmələrinin auditini həyata keçirəcək.

Aparılan dəyişikliklər, həmçinin beynəlxalq təcrübənin və innovativ yanaşmaların öyrənilərək sahibkarlara daha faydalı təklif və tövsiyələrin verilməsinə, eləcə də maarifləndirmə işlərinin genişləndirilməsinə əlavə imkanlar yaradacaq.

Atılan addımların növbəti mərhələdə sahibkarlığın inkişafına necə təsir edəcəyinizi öyrənməyə çalışdıq.

 İqtisadçı Rəşad Həsənov deyir ki, dövlətin prosesdə iştirakı əhəmiyyətli məsələdir: "Azərbaycan müstəqillik əldə etdikdən sonra bazar iqtisadiyyatına demək olar ki, sıfır kapitalla daxil oldu. İnsanlarda hər hansı bir biznes fəaliyyətini maliyyələşdirmək imkanları yox idi. Belə şərtlər daxilində yeganə maliyyə mənbəyi banklarbank vəsaitləri idi. Təəssüf ki, bank sektoru da son 3 ildə zəifləyib. 2015-ci ildə bazarda əgər 25 milyard manat bank kapitalı var idisə, bu gün 11,5 milyarda qədər azalıb. Yəni təxminən bankların bazarda olan vəsaitlərinin həcmi 60 faiz azalıb. Bu isə o deməkdir ki, artıq mövcud situasiya daha da mürəkkəbləşib. Alternativ maliyyə mənbələri də demək olar ki, inkişaf etməyib. Bu şərtlər daxilində dövlətin prosesdə iştirakı əhəmiyyətli məsələlərdən biridir. Bu günə qədər bu siyasəti həyata keçirən əsas qurum Sahibkarlara Kömək Milli Fondu idi. Bildiyiniz kimi, bu fond ötən ay ləğv olundu. Çünki bu qurumun reputasiyasında çox ciddi problemlər müşahidə olunmuşdu. Qurum korrupsiyalaşmışdı və faktiki olaraq Azərbaycanda biznesin iqtisadi inkişafına hər hansı bir töhfə vermirdi. Üstəlik də, illeqal sövdələşmələr fonunda verilmiş kreditlərin əslində real xətləri kommersiya bankları tərəfindən verilən kreditlərdən daha yüksək idi. Düşünürəm ki, fondun ləğv olunmasının əsas səbəblərindən biri də məhz bu məqamdır. Çünki fondun reputasiyasının üzərində işləmək kifayət qədər uzunmüddətli bir prosesdir. Və əgər hökumət bu istiqamətdə daha effektiv bir siyasət həyata keçirmək istəyirsə, yeni və təmiz səhifə ilə başlamaq daha doğru addım idi”.

 İqtisadçı deyir ki, sahibkarlara kömək fondunun yaradılması bu istiqamətdə ümidləri artırıb: "Həm fondun idarəetməsində, həm də fond vəsaitlərinin istifadə olunması ilə bağlı qaydalarda müəyyən dəyişikliklər də baş verdi. Fondun müşahidə şurasının tərkibi də genişləndirilib. 7 nəfər müşahidə şurasının üzvü var idisə, hazırda 9 nəfərə çatdırılıb. Maliyyə Bazarlarına Nəzarət Palatası bundan sonra fondun müşahidə şurasında təmsil olunacaq. Yəni bank sektorunun əsas daxili qurumu kimi. Faiz dərəcələri məsələsinə gəlincə isə, bir faiz fiksləşdirilmiş Sahibkarlara Kömək Milli Fonduna məxsus faiz olacaq. Lakin əvvəlki qaydalarla müqayisədə müvəkkil kommersiya banklarının faizləri 5-dən 4 faizədək azaldıldı. Yəni faktiki olaraq yekunda sahibkarın krediti əldə etməsi əvvəlki kimi 6 faizə deyil, 5 faizə başa gələcək”.

 Atılan addımların bu reallıqda daha ciddi fərqlər formalaşdıracağını deyən R.Həsənov bildirir ki, bu, iqtisadi baxımdan çox əhəmiyyətlidir: "Əvvəlki dövrdə Sahibkarlara Kömək Milli Fondu kifayət qədər ciddi faizlərlə geri ödənişlər tələb edirdi. Bu da bəzi hallarda 10-15 faizə yüksəlirdi ki, ümumi yekunda faiz dərəcəsi hətta kommersiya banklarının faizlərindən yuxarı olurdu. Yeni qurumun artıq bu kimi illeqal sövdələşmələrə getməyəcəyi ehtimalı ilə əvvəlki illərlə müqayisədə sahibkarların fondun vəsaitlərindən təxminən 5 dəfə daha aşağı faizlərlə kredit əldə etməsi üçün imkan yaradır. Bu, Azərbaycan iqtisadiyyatı üçün kifayət qədər əhəmiyyətlidir. Alternativ maliyyə çıxış imkanları olmalıdır və düşünürəm ki, hətta, növbəti illərdə dövlət büdcəsindən fondun maliyyələşməsi prosesi də intensivləşdirilməlidir. daha çox vəsait ayrılmalıdır bu istiqamətə. Çünki kifayət qədər mənbələrin əhatə dairəsi daralıb və bu istiqamətdə müəyyən konkret addımların atılmasına ehtiyac var. Əgər həqiqətən də qeyd etdiyimiz pozitiv dəyişikliklər baş verərsə, bu zaman biz artıq həm regionlarda, həm də paytaxtda sahibkarların fond vəsaitlərindən daha səmərəli şəkildə istifadə etməsi və eyni zamanda, öz təşəbbüslərini maliyyələşdirməsi, biznesin genişləndirilməsi, inkişaf etdirilməsi istiqamətində fəaliyyətlərin intensivləşməsini müşahidə edə biləcəyik”. 

 "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin rəhbəri, sabiq maliyyə naziri Fikrət Yusifov sahibkarlığın inkişafı üçün belə bir addımın atılmasını müsbət qiymətləndirir: "Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 5 il ərzində layihələrə ayrılan vəsaitlərin həcmi və 2018-ci ildə qaytarılan vəsaitlərin hesabına ayrılacaq kreditlər təbii ki, çox əhəmiyyətlidir. Tədbirdə qeyd edildiyi kimi, haradasa 2 milyarddan yuxarı vəsait sahibkarlara ayrılmışdır. Amma bütövlükdə biznes mühitinə daha çox kreditlərin ayrılmasını digər banklarımız da həyata keçirməlidirlər. Təəssüf ki, banklarımızın bu istiqamətdəki fəaliyyəti çox zəifdir. Yəni biznes kreditlərinin verilməsi işini qətiyyən qənaətbəxş hesab etmək olmaz. Çünki banklar daha çox istehlak kreditlərinə üstünlük verirlər. Prezident 2018-2020-ci illər üçün rəqəmsal ödəniş sisteminin inkişafı ilə bağlı dövlət proqramını təsdiq etdi. Dövlət proqramında məqsəd eyni zamanda nağdsız hesablaşmaları genişləndirməklə banklarda resurs problemini həll etməkdir. Yəni dövlət bütün səviyyələrdə imkan düşən anda banklara maliyyə imkanlarını yaxşılaşdırmaq, resurs ehtiyatlarını artırmaq üçün yardımçı olur. Əsas məsələ budur”.

 

Günel Azadə

 

Kaspi.- 2018.- 4 oktyabr.- S. 6.