Bu şəxs Flora Xəlilzadədir!

Bu, sevgidir, bu sevgini qazanmaq da gözəldir!

 

Oktyabrın 4-də Beynəlxalq Mətbuat Mərkəzində Əməkdar jurnalist Flora Xəlilzadənin 65 illiyinə həsr olunmuş mərasim keçirilib. Mərasimdə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, professor Cahangir Məmmədli, "Kaspi" Təhsil Şirkətinin və "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva, millət vəkilləri, media və ictimaiyyət nümayəndələri iştirak edirdi. Tədbiri giriş sözləri ilə açan millət vəkili Əflatun Amaşov qonaqları salamlayaraq Flora Xəlilzadə haqqında öz təəssüratlarını bölüşdü: "Bu gün biz dəyərli Azərbaycan jurnalistinin, publisistinin, şairinin, televiziya aparıcısının yubileyinə toplaşmışıq. Bu şəxs Flora xanımdır. Flora xanım Zəngəzur mahlı, Sisyan rayonunun Urud kəndində  dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Bakıya ali təhsil almaq üçün yollanıb. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra F.Xəlilzadə rayona qayıtmayıb və  Bakıda ayrı-ayrı redaksiyalarda çalışıb. Onun ilk işlədiyi redaksiya «Azərbaycan təbiəti» jurnalı  olub. Flora xanım həmçinin «Azərbaycan müəllimi» qəzetində çalışıb. Bir müddət isə o, "Azərbaycan qadını” jurnalının baş redaktoru olub. Flora xanım böyük ziyalıdır, jurnalistdir, publisistdir. O, eyni zamanda şairdir, 20-yə yaxın kitabın müəllifidir.  İnanıram ki, bir neçə ilə onun kitablarının sayı 30-35-ə çatacaq. Flora xanımın «Ruhumuzun ünvanı Şuşa » publisistik kitabını  oxuyanda, istər-istəməz insan özünü Şuşada hiss edir. Ona yeni yaradıcılıq uğurları arzu edirəm”.

Daha sonra Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavini, "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva qonaqları salamlayaraq onlara təşəkkür etdi: "Bayaq Flora xanım dedi ki, mənim ad günü keçirməkdən xoşum gəlmir. Flora xanım, onu bilin ki, bəzən biz, özünə ad günü etməyənlər üçün də bir tədbirlər düşünməyi özümüzə borc bilirik.  Sizi ürəkdən təbrik edir, sizə cansağlığı arzulayırıq. Sizin hər bir kitabınızı oxuyanda insanda yurd, vətən, millət sevgisi, xalqın ziyalısına qoyduğu qədir-urvatı görürük və bunlar hamısı bir məktəbdə, bir  məktəbin təlimi kimi  ötürülür. Mən inanıram ki, burda iştirak edən gənc jurnalistlər bu qədir-urvat qoyulan təlim məsələsini özləri ilə gələcəyə ötürəcəklər. Mən Flora xanımın bütün yaradıcılığı ilə tanışam. Təkcə bir sözüm hamınızda yəqin ki, onun böyüklüyü haqqında təəssürat oyadacaq və yəqin ki, çoxlarınızın belə bir fikirdə olduğuna da əminəm. Adətən, bir məsələ ilə bağlı sual  yarananda, biz bunu Flora xanımdan soruşuruq. Düşünürəm ki, bu, Flora xanım üçün ən böyük qiymətdir. Flora xanımın publisistik yaradıcılığı,  özünün şəxsi keyfiyyətləri, iradəli xarakteri, savadı, dünyagörüşü ilə yanaşı, həm də bir millətin  qədir-urvat məktəbi kimi qəbul olunur. Bəlkə elə ona görə də, Flora xanım İctimai Televiziyaya gedərkən illərlə ürəyində yatırdığı bir arzusunu reallaşdırdı. Həyatdan köçmüş insanları yeni nəslə, müstəqil Azərbaycanın yeni gəncliyinə tanıtmaq üçün onların yaxınlarını, doğmalarını dəvət etməklə, xeyirxah bir iş gördü. Bu, böyük bir ənənədir. Düşünürəm ki, bunu bizim gənc jurnalistlər davam etdirməlidir. Flora xanımın özünəməxsus yazı metodu var. O, imzasını qoymasa belə, yazılarını oxuyan kimi bilirik ki, bu, Flora xanımın yazısıdır. Dəst-xətt yaratmaq hər adama nəsib olmur. İnsanın özünün elmi dünyagörüşü, bədii görüşü ilə bərabər, bir də ruhundan gələn bir xətt var. Artıq həmin yazı üslubu ruhdan gələn bir şeydir. Bax o mənada, Flora xanımın yazılarında ruh həmişə sağlamdır, diridir. Flora xanım, mən sizi ürəkdən təbrik edirəm. Həmişə belə gənc qalın, işgüzarlığınız, həyat enerjiniz həmişə belə qalsın. Sizə cansağlığı arzulamaqla bərabər, həm də işgüzarlıq arzulayırıq. İnanıram ki, bizi yeni  layihələrinizlə sevindirəcəksiniz. Onlar, sizin «Yadigarlar» verilişinizdən də baxımlı olacaq. Buna əminliyimiz var”.

Tədbirdə çıxış edənlər arasında KİVDF-nin icraçı direktoru Vüqar Səfərli də var idi: Bu gün bizim üçün çox əziz və yaddaqalan bir gündür. Çünki bu gün Flora xanımın yubileyinə yığışmışıq. Flora Xəlilzadə imzası bütün ziyalılara, media nümayəndələrinə tanışdır. Flora xanım uzun müddət jurnallarda, qəzetdə çalışıb. Son illərdə Flora xanım İctimai Televiziyada çalışır. Biz onun rəhbəri olduğu layihələri çox peşəkarlıqla həyata keçirdiyinin şahidi oluruq. Əlbəttə, onun əməyi dövlət tərəfindən, prezident tərəfindən qiymətləndirilib. «Tərəqqi” medalı ilə təltif olunub, Əməkdar jurnalist fəxria dına layiq görülüb. Eyni zamanda onun xidmətləri nəzərə alınaraq, prezidentimiz tərəfindən mənzillə təmin olunub. Flora xanım çox obyektiv, düzü düz, əyrini əyri deyən bir insandır. Mən Flora xanıma can sağlığı arzulayır və bundan sonrakı işlərində uğurlar diləyirəm. Həmişə belə gənc qalın, Flora xanım, sizi təbrik edirəm”.

Millət vəkili Hikmət Babaoğlu F.Xəlilzadənin ədəbiyyata və jurnalistikaya verdiyi töhfələrdən bəhs etdi: "Biz günün gərginliyindən qaçıb, ədəbiyyata üz tuturuq. Ədəbiyyat ruhumuzu dincəldir. Bu ədəbiyyatda Flora Xəlilzadə imzası xüsusi yer tutur. Biz orada ədəbiyyatımızın təhlilini görürük, publisistikamızı görürük. Flora Xəlilzadə klassik ədəbiyyatımızı müasir qələmlə yenidən bizə tanıdıb. Bu, heç də sadə iş deyil. O, bir çox redaksiyalarda çalışdı. Bütün yerlərdə qələmə sadiq qaldığı kimi, doğulduğu yerə - Uruda, Zəngəzura, Şuşaya, Qarabağa da sadiq qalıb”.

Tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndəsi nazir Əbülfəs Qarayevin təbrik məktubunu səsləndirərək, Flora xanıma yaradıcılığında uğurlar arzuladı.

Sonda isə Flora Xəlilzadə tədbir iştirakçılarına minnətdarlığını bildirdi: "Məni dünyaya gətirən anamın, mənə ata kimi arxa-dayaq olan bacımın ruhuna dua oxuyuram . Həmçinin, orta məktəb müəllimlərimə, universitet müəllimlərimə ayrı-ayrılıqda minnətdaram. Mən Qərbi Azərbaycan doğulmuşam, ermənilərin hansı dəhşətləri törətdiyini görmüşəm. Ermənilər anamı 1988-ci ildə qətlə yetirdilər. Mən onu şəhid hesab edirəm. O vaxtdan bəri ad günü keçirməyi sevmirəm. Bu gün buraya dəyərli insanlar gəlib. Bu, sevgidir. Bu sevgini qazanmaq gözəldir, hər biriniz var olun”.

Qeyd edək ki, Azərbaycan jurnalistikasındakı fəaliyyətinə və "Kaspi” qəzeti ilə davamlı əməkdaşlığına görə, F.Xəlilzadə "Kaspi” qəzeti tərəfindən diplomla təltif olundu. Bundan başqa, Mətbuat Şurasının sədri Əflatun Amaşov da  Flora Xəlilzadəni diplomla təltif etdi.

Şəbnəm Mehdizadə

Kaspi.-2018.-5 oktyabr.-S.6.