Əsil Şərq nağılına bənzəyən ölkə

Və ya qədim tarixə, zəngin mədəniyyətə, əvəzsiz mətbəxə, koloritli bazarlara və hökmlü qayınanalara sahib Özbəkistan

Bakı Hava Limanında Daşkənd istiqamətinə uçan insanların çoxluğunu, üstəlik sərnişinlərin əksəriyyətinin özbəklər olduğunu görüncə, ölkələrimiz arasında turizm əlaqələrinin get-gedə daha da inkişaf etdiyinə əminlik yaranır. Böyük İpək Yolunun turizm istiqaməti işə yarayır: özbəklər Bakıdan ölkələrinə iri çantalarla yola düşürlər. Həftədə iki dəfə AZAL-ın, bir dəfə Özbəkistan Hava Yollarının uçuşları bu münasibətlərə daha da rahat yol açır. Ölkələrimiz arasında vizasız rejim  ticarət, mədəniyyət, ədəbiyyat, iqtisadi və s. əlaqələr də inkişafa təkan verib. Əvvəllər Bakı-Moskva-Daşkənd marşrutu ilə uzun-uzadı uçan sərnişinlər  üçün bu imkanların yaradılması, qarşılıqlı uçuşların sayını xeyli artırıb.

iki saat yarım vaxt aparan uçuşun necə keçdiyindən demək olar ki, xəbərim olmadı. Özbək stüardessaların nəzakətli davranışı, tez-tez su, çay, yemək təklifləri ilə müşayiət olunan uçuş, gözümü açınca Daşkənddə bitdi.

Sonra da sanki yamyaşıl meşənin içində yerləşən şəhərə doğru irəlilədikcə, çoxdan görmək arzusunda olduğum ölkənin bu paytaxt şəhərinə, gözümü az qala dörd açıb baxıram. Daşkəndin sovet dövründən bəri qoruyub saxladığı təkcə müəyyən tikililər, rus dilinin ölkənin ikinci dili olması, bu dildə yazılan mağaza və ya restoran adları, metro jetonları, avtobus biletləri və s. deyil, həm də hər küçədə rast gəlinən yamyaşıl parklar, qocaman ağaclarıdır.

Daşkənd - yenidən qurulan şəhər

"Əgər əsil Şərq nağılı görmək istəyirsənsə, Özbəkistana get” fikrinin formalaşması heç şübhəsiz, bu ölkənin qədim tarixinə, mədəniyyətinə söykənir. Elə təkcə ölkənin tarixi, Əmir Teymur kimi sərkərdəsinin şöhrəti, milli koloritlə yoğurulan memarlığı, mədəniyyəti, Şərq mətbəxi və s. amillər kifayətdir. 

Özbəkistanın ən gözəl şəhərləri Böyük İpək Yolunun arxitekturasını özündə qoruyub saxlayan Daşkənd, Buxara və Səmərqənddir. Hərçənd, tarixi nə qədər qədim olsa da, turistlər üçün həmişə bu şəhərlərin kölgəsində qalan Daşkənd, daha çox paytaxt şəhər kimi gələnlərə qucaq açır.

Daşkəndə sovet Orta Asiyasının ruhunu qoruyan şəhər də demək olar. Hazırkı Daşkənd - yenidən qurulan şəhərdir. 1966-ci il zəlzələsindən sonra  paytaxt demək olar ki, tamamilə dağılıb, ancaq üç il ərzində yenidən bərpa edilib. Xoşbəxtlikdən bir sıra abidələr xilas olub. Məsələn, Daşkəndin dini və mənəvi mərkəzi olan Həzrət-İmam məscidi bu tikililərdəndir.

Daşkənddə keçirilən "İpək Yolunda Turizm” sərgisinə dəvət olunan müxtəlif ölkələrin jurnalistlərinə şəhərlə tanışlıqda bələdçilik edən Turizm İnkişaf Komitəsinin nümayəndələrinin tikililər haqqında verdiyi müfəssəl məlumatlar da, bu ölkənin qədim tarixə söykəndiyini təsdiqləyir.                                                  

Məscidlər, mədrəsələr, mavzoleylər...

Bu şəhərdə tarix ayaq altından başlayır. Yerə döşənmiş kərpiclər 15-16-cı əsrlərdə sexlərdə hazırlanıb. Hər sex də hazırladığı məhsula öz nişanını qoyub ki, yerlilər bunları  uzaqdan tanıyırlar. Həzrət-İmam ansamblı da 16-cı əsr quruluşuna uyğun yenidən qurulub.

Məscid və mədrəsələrin naxışlı mozaikaları şəhərin görkəmini fərqləndirir. Hətta bu ölkədə bircə dəfə olmayanlar da, Özbəkistanı yəqin ki, bu mozaikalarla xatırlayır və tanıyırlar. Bu naxışlar şəhərin vizit kartıdır.  Ölkədə saymaqla qurtarmayan bütün məscidlər, mədrəsələr və mavzoleylərin üzərində isə bu qeyri-adi ornamentlər yer alıb.  

Daşkənd metrosu keçmiş sovet respublikalarında tikilən  metrolardan fərqlənmir. Demək olar ki, oxşar layihələr əsasında tikilib. Keçən müddət ərzində aparılan bərpa işləri metro stansiyalarına fərqli görkəm verib. Şəhərdə 3 xətt üzrə  29 stansiya var. Divarların hər biri də ölkənin simvolları, yaxud tarixi ilə bəzədilib.  Mərkəzi stansiyalardan biri olan "Əlişir Nəvai” bizim "Nizami” stansiyasını xatırladır.  Stansiyada məşhur özbək şairin poemalarından illüstrasiyalar, bir-birini təkrarlamayan bəzəklər görmək mümkündür. "Paxtakor” stansiyası isə özbək dilindən tərcümədə ölkənin fəxri – pambıq sənayesi deməkdir. Ona görə, stansiyanın divarlarını pambıq rənglərini andıran mozaikalar bəzəyir. Bu stansiyadan sonra turistlər üçün məşhur olan Teymurilər Tarixi Muzeyinin ərazisində yerləşən "Əmir Teymur” stansiyası gəlir. Metroda təhlükəsizlik yüksək həddədir. Nəinki içəridə keçidlərin, metro girişlərinin ağzında da polislər gecə-gündüz növbə çəkir. Bu baxımdan, Daşkənd  təhlükəsiz şəhərlər sırasında yer alıb.             

Koloritli bazarlar

Daşkənddə çeşidli və koloritli bazarlar var. Quru meyvə, dağ çayı, qoz, düyü, kurkuma, zirə, aromatlı kinza – Daşkənd bazarları bu rayihələrlə müşayiət olunur. Bu qoxular istənilən evdar xanımı və ya qurmanı bihuş edə bilər. Əksər Şərq bazarları kimi Daşkənd bazarları da təzə meyvə-tərəvəz, quru meyvə, göyərti, qoz-fındıqla doludur.  Yerlilər deyirlər ki, özbəklərin plovu və samsası bu ölkəyə gəlmək üçün əsas səbəbdir. Amma plovun da fərqli dadla bişirildiyi yerlər var. Turistlər bilməsə də, yerlilər daha yaxşı məlumatlıdırlar.

"Çorçu” bazarı ən ucuz bazar hesab olunur. Burada ölkənin kənd təsərrüfatına aid hansı məhsulu istəsən tapmaq mümkündür. Satıcıların çoxu eynən bizdəki kimi, malın ucuzluğuna and içir və min bir zəhmət və qayğı ilə həyətyanı sahəsində yetişdirdiklərini deyirlər. Burada ticarətin "qızıl qanunu” belədir - bir dəfə kimdən mal aldınsa, növbəti dəfə yenə məhz onun yanına qayıdırsan.

Daşkənddə ən məşhur bazarlardan biri "Oloy” bazarıdır. Burada hətta Böyük İpək yolu Mərkəzi Asiyadan keçməyə başlayandan alver edirlər. Bazar meyvələri, ədviyyatları, quru meyvələri ilə çox məşhurdur. Ümumilikdə, Daşkənddə 20 dən çox iri bazar var. Şəhər ticarət məntəqəsi kimi Böyük İpək Yolunun əsas istiqaməti kimi formalaşıb. Satıcılar alıcıları  heyrətləndirməkdə uzun əsrlərdir ki, təcrübə qazanıblar.

Bərəkət simvolu olan xalça

Daşkənddə xalçalar sənət əsəri sayılır. Əgər xüsusi texnologiyalarla toxunan əsil özbək xalçası almaq və ya heç olmasa görmək istəyirsənsə, bu da ölkəyə gəlməyin səbəblərindən biridir. Bu ölkədə xalçaçılıq sənət əsəri olmaqla bərabər, böyük biznes sahəsidir.

"Müəssisələrdə  rəssamlar hər gün yeniliklər haqqında düşünürlər”- deyə sahibkar Faxurəddin adlı gənc bildirdi: "Bizim bazar açıq və işıqlı rənglərə üstünlük verən Rusiya və Çin bazarlarından fərqlənir. Alıcıların yaş kateqoriyasından da çox şey asılıdır. Valideynlər çox vaxt uşaqlarının otaqları üçün maraqlı şəkillərdən ibarət xalçalar sifariş verirlər”. Xalça Özbəkistanda bərəkət simvoludur və evlənən gənclərin toyuna ən qiymətli hədiyyədir. Özbəklərin milli geyimləri içərisində mühüm yer tutan araxçın (doppi) də bölgələr üzrə rəng və naxışlarına görə fərqlənir. Qadınların araxçınları onların evli-subay və ya uşaqlı olub-olmamağından xəbər verir. Küçələrdə milli geyimli qadınlara, başlarında araxçın olan əsasən yaşlı kişilərə rast gəlmək olur.

Daşkəndin təmiz, enli küçələrində  tıxaclar  adi hala çevrilməyib. Sakinlər əsasən yerli istehsal olan yığcam "Şevralet” markalı avtomobillərə üstünlük verirlər. Əlbəttə, bu seçimdə əhalinin yaşayış səviyyəsi də rol oynayır.

Gənclər görkəmlərini çox dəyişməyib. Məsələn  "cırıq cins”ə, saqqal və ya gur saçlara özbək gənclərində rast gəlməzsən. Özbəklər zahiri görkəmlərində klassik simalarını  qoruyub saxlayıblar.

Özbək plovu

Özbəkistan mətbəxi Şərq xalqlarının ən dadlı mətbəxlərindən hesab edilir. Plovu burada hər gün yeyirlər. Dadı dillərdə gəzən bu yeməyə hətta bayram da həsr ediblər – sakinlər Milli Plov Gününü qeyd edirlər. Ölkə, 50 aşpazın hazırladığı 70 min insana çatan 7 tonluq plova görə, "Ginnesin Rekordlar Kitabı”na da düşüb. Milli mətbəxdə həmçinin samsa, mastafa supu və ənənəvi özbək kababının da dadına baxmaq məsləhətdir. Bunlar bir dollardan (8 min sum) aşağı qiymətə başa gəlir. Yerlilər deyirlər ki, mətbəxləri, Daşkənd, Buxara və Səmərqəndə səyahət etmək üçün əsas səbəblərdəndir.

Özbəkistanın çay mədəniyyəti çox fərqlidir. Məşhur "Yalla” ansamblının oxuduğu "Çayxana”  mahnısı heç də turistlərin çay dəstgahına rast gəlməsi anlamını vermir. Yerlilər əsasən yaşıl çay içirlər. Çay istehsalı kütləvi olmadığından, əsasən Çindən ixrac edilir. Özbəklərin çay mətbəxində stəkan və nəlbəkini piyalələr əvəzləyib. Süfrəyə çayı şirniyyatsız verirlər. Əgər hər hansı restoranda  çay içmək istəsən, mütləq "şirniyyat da verin” sözlərini əlavə etməlisən. Mürəbbəyə isə ümumiyyətlə rast gəlməzsən. Küçələrdə sıralanan meyvə ağaclarına heç kəs toxunmur. Həyətlərdə yetişən meyvələrdən də mürəbbə bişirməyə o qədər adət etməyiblər. Torpaqları münbit olduğundan, yetişdirdikləri meyvə və tərəvəz çox dadlıdır. Pambıq ölkəsi olduğundan, bazar-dükanda pambıq yağları nəinki çoxluq təşkil edir, hətta xaricə də ixrac olunur. 

Qayınananın hökmü

Özbək mentalitetində ailəyə bağlılıq güclüdür. Saat 6-dan sonra  bu şəhərdə həyat sanki donur. Gün ərzində iş-gücdən yorulan zəhmətkeş özbəklər sabah sübhdən oyanmaq üçün evlərinə çəkilirlər. Kafe və restoranlarda yalnız gəncləri görmək olar. Bütün gününü restoran və kafelərdə keçirən qərblilərdən fərqli olaraq, özbəklər ailə ocaqlarını daha çox sevirlər.

Ailədə qayınana mühüm şəxsdir. Evi demək olar ki, qadın idarə edir. Ailə üzvləri aldığı əmək haqqını gətirib evin qadınına verirlər... Büdcəni formalaşdıran də, xərcləyən də odur. Odur ki, bizim məşhur "Qayınana” filmini buralarda çox sevirlər. Ayda bir dəfə telekanallarda göstərilən "Qayınana”ya hətta kliplər də çəkilib. Restoranlarda Azərbaycan mahnısı sifariş etmək istəyərkən, həmin filmdəki məşhur "Biz mehriban ailəyik” mahnısını səsləndirirlər.

Özbəklər də qızları tez ərə verir, oğlanları da erkən evləndirirlər. Adətə görə, qızlar erkən oyanıb küçəni, həyət-bacanı süpürürlər ki, onları gözaltı edən olsun. Oğlanlar da nadir hallarda ailənin izni olmadan evlənə bilərlər. Evlilikdə ailənin namizədi əsas sayılır.

Daşkənddə məhəllələr çox məşhurdur. Kiçik evlər, yaşıl ağaclı və güllü küçələrlə əhatə olunan məhəllələrin öz ağsaqqalı və çayxanası var. Bu çayxanalarda ölkədə və dünyada baş verən hadisələri müzakirə etməyə yığışırlar. Keçmişdən, qadınların çayxanaya getməsinə  pis baxılıb və bu gün də baxışlar dəyişməyib. Ancaq müxtəlif yaşda qadınlar rahatlıqla kafe və restoranlarda yemək yeyirlər.

Təhsil ölkə üçün vacib amillərdəndir. Özbəkistanın 40 ali təhsil müəssisəsindən 32-si Daşkənddə yerləşir. Üstəlik, dünyanın heç bir yerində olmayan iki qız mədrəsəsində təkcə dini elmlər deyil, müasir elmlər də keçilir. 

Özbəklər çox mehribandır. Tanıdı-tanımadı, əllərini sinələrinə qoyub "salam aleykum” deyərək, xüsusən də qonaqlara təzim edirlər. Əsil Şərq nağılını görmək, yumşaq iqlimi hiss etmək, zəngin mədəniyyət və tarixlə tanış olmaq üçün Daşkəndə gələn turistlərin sayı isə nəinki ilbəil, hətta aybaay artır.

Təranə Məhərrəmova

Daşkənd

Kaspi  2018.- 6-8 oktyabr.- S.6.