“Günayın miniatürləri” “Alov qüllələri”ndə

Rəssamın milli-mənəvi dəyərlər ruhlu əsərləri Bakının simvolu olan kompleksdə ziyarətçilərin ixtiyarına verilib

Ötən cümə "Fairmont Baku-Flame Towers”-də Azərbaycan və Türkiyənin tanınmış rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Günay Mehdizadənin fərqli formatda sərgisi keçirildi. "Günayın miniatürləri” adlanan sərginin açılış mərasimində biz də iştirak etdik. Otelin ikinci mərtəbəsinin divarlarını rəssamın milli-mənəvi dəyərlərə xidmət edən əsərləri öz bəzəyirdi. Bu əsərlər istiliyi, səmimiliyi və rəngli boyaları ilə göz oxşayırdı. Sərgi xüsusən əcnəbi turistlərin diqqətini cəlb etmişdi. Onlar Günay xanımın əl işlərini izləyərək Azərbaycan xanımının milli koloritini, mənəvi dəyərini məhz bu tablolar vasitəsilə öyrənmiş olurdular. Soyuq, boz divarlara bu əsərlər bir növ istilik, canlılıq qatmışdı.

Sərgidə təqdim olunan əsərlərdə xanımlarımızın milli bayramımız olan Novruza hazırlıq prosesi əks olunur. Novruz bayramında xanımların xonça bəzəməsi və süfrədə yer alan milli təamlarımız  nümayiş olunur. Günay xanımın əsərlərində Azərbaycan xanımları milli geyimdə, üzəri xüsusi ornamentlərlə işlənmiş əlbisələrlə əks olunub. Bu xanımlar milli bayramlarımızda kamança ifa edir, öz ağırlığını və sanbalını həmin əsər vasitəsilə tamaşaçıya çatdırırlar. Digər bir əsərdə  Azərbaycan xanımları bayramda milli rəqslərimizi nümayiş etdirir. Başqa bir taploda nehrə çalxalayan nənələrimizi görmüş oluruq. Bu, bir mədəniyyət, bir tarixdir və bunların məhz sərgi şəklində nümayiş etdirilməsi təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.

Sərgidə rəssamın 15 miniatür üslublu tablosu yer alır. Bundan başqa, üzərində müxtəlif tarixi işləmələrin əks olunduğu boşqablar da müəllifin əl işləri sırasındadır.

"Günayın miniatürləri” sərgisinin müəllifi G.Mehdizadə bizimlə söhbətində sərgisinin keçirilməsi təklifinin onun üçün bir sürpriz olduğunu qeyd etdi: "Belə bir təklif alanda çox məmnuniyyətlə qəbul etdim. "Alov qüllələri” Azərbaycanın bir simvoludur, bura xarici  qonaqlarımızın sevərək təşrif buyurduğu maraqlı bir məkandır. Mənim üçün böyük bir şərəfdir ki, məhz belə bir yerdə miniatür əsərlərim sərgilənir. Azərbaycanımızın milli-mənəvi dəyərlərinin gələn qonaqlarımıza təqdim olunması üçün məhz bu vasitədən istifadə olunması həqiqətən sevindirici haldır. Əsərlərimi izləyən yerli və xarici qonaqlar onlar haqqında gözəl fikirlər səsləndirirlər. Əlbəttə ki, bu məni çox sevindirir. Nümayiş olunan miniatürlərdə Azərbaycan xanımlarının timsalında milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasını əyani şəkildə göstərməyə çalışmışam. Milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, onun milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Milli ideologiya, milli tarix, milli dil, dinimiz, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, fərd yaddaşı, etnos yaddaşı, millətin, xalqın yaddaşını ehtiva edən folklorumuz bizim milli-mənəvi dəyərlərimizdir. Çalışdım ki, bütün bunları özündə ehtiva edən əsərlərimi sərgidə nümayiş etdirim. Çünki Azərbaycan xanımı bir zəriflik, gözəllik simvoludur. Mən bu miniatürlərdə həm xanımlarımızın zərifliyini, həm də milli adət-ənənələrimizi nümayiş etdirməyə çalışmışam. Aldığım rəylərə və fikirlərə görə, öz istəyimə haradasa nail olmuşam. Mənə bu sərgini nümayiş etdirməkdə yardımçı olan hər kəsə minnətdarlığımı bildirirəm. "Alov qüllələri”ndə əsərlərimin davamlı olaraq sərgilənməsi məni sevindirməklə bərabər, həm də qürurlandırır”.

 Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev sərginin qonaqları arasında idi. O da Günay xanımın sərgidəki əsərlərini yüksək qiymətləndirdi. Sərgidə, həmçinin xarici qonaqlar, diplomatik nümayəndələr də vardı. Onlardan Xorvatiya və Avstriya səfirləri, Türkiyə səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi, Əməkdar artist Suğra Bağırzadə və digər tanınmış insanlar bu sərgidə iştirak edirdi.

İrfan Çiftçi bizimlə söhbətində bildirdi ki, bu sərgi təzadların və ziddiyyətlərin görüşməsidir: "İlk olaraq qeyd edim ki, Günay xanımın bu sərgidə yer alan miniatür əsərləri, millilikdən və ənənələrdən postmodern dünyaya bir meydan oxuyub. İkincisi isə, Bakının ən modern binasının modern kafesində bu əsərlərin yer alması günümüzdə dünyanın yaşadığı bir ziddiyyətdir. Günay Mehdizadənin bu janrdakı əsərləri Novruz mədəniyyətinin rəngarəngliyini, təndir, nənə, nehrələr, ev və ailə, milli çalğı alətləri və sair - əslində bütün türk dünyasının əsas dəyərlərini Azərbaycan motivləri ilə izah edir. Onun əsərləri fərqli ölkələrdəki sərgilərdə özəlliyi ilə dünyaya açıldı və bu da böyük diqqət çəkdi. Çünki ortada universal əsərlər var. Mövzular gerçək tərzi ilə orijinaldır. Bu əsəslərdə miniatürdən gələn rəng, xətlər, xalq rəsmi texnikası, həqiqi tərz müşahidə olunur. Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev Günay xanımın əsərlərini "Miniatürün gənçliyi” deyə izah etmişdi. Mən isə bu əsərləri  dövrümüzün "Miniatür sayağı rəsmləri” kimi görürəm. Yəni rəssamın özünməxusus bir tərzi var. Tamaşaçılar üçün belə bir məkanda tarixə və milli dəyərlərə səyahət etməyin özü bir yaradıcılıq olacaq... Düşünərək və zövq alaraq istirahət etmək istəyənlər bu sərgini qaçırmasınlar”.

Ümumilikdə sərgiyə qatılan hər kəs bu tip sərgilərin müntəzəm şəkildə keçirilməsini yüksək qiymətləndirdi. Bildirildi ki, oteldə daha çox əcnəbi vətəndaşlar olur və məhz burada Azərbaycanın milli-mənəvi dəyərlərini, o cümlədən tariximizi, mətbəximizi təbliğ etmək olduqca faydalıdır. Bu xoş amal uğrunda atdığı addıma görə, qonaqlar rəsm əsərlərinin dili ilə danışan və istəklərini bu vasitələrlə izah edən, həyata keçirən Günay Mehdizadəyə uğurlar dilədilər.

Sərgidə iştirak edən Səabil rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Nuru dedi ki, Günay Mehdizadənin sərgidə nümayiş olunan əsərləri ona xüsusi zövq verir: "Azərbaycan qadınının belə gözəl və keyfiyyətli şəkildə təsviri mənə xüsusi zövq yaşatdı. Bu gün izlədiyimiz bu əsərlərdə Azərbaycan koloritləri, mentalitetini açıq-aydın hiss edə bilirik. Burada Azərbaycan xanımının necə zərif olması, gözəllikləri, incəlikləri ustalıqla Günay xanım tərəfindən əks olunub. Günay xanımın işlərini görəndə, artıq müəllifini tanıyıram. Azərbaycanı layiqincə təmsil edən rəssamımızın fırçasına bələdəm. Ona bu sərgisində də uğurlar arzu edirəm”.

YARAT Müasir İncəsənət Məkanının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Hökümə Kərimova Günay xanıma uğurlar arzuladı və onun işlərinin hər zaman seçildiyini qeyd etdi. Bildirdi ki, istedadlı rəssam YARAT İncəsənət Məkanının ən yaxın dostlarındandır.

Sərginin sonunda otelin idarə heyətinin üzvləri rəssama xoş sözlərini çatdırdılar. Bildirdilər ki,  Günay xanımın əsərləri otelin divarlarını rənglərə boyadı və oteli daha da gözoxşayan etdi. Onlar rəssamın istifadə etdiyi boyaların gözəlliyindən bəhs edərək, bu əsərlərin möhtəşəm əl işləri olduğunu qeyd etdilər. Bu əsərləri otelin müştərilərinin də bəyənəcəyinə əminlik vurğulandı.

Qeyd edək ki, otelin divarlarında əks olunan əsərlər iki aydan bir mütəmadi olaraq dəyişdiriləcək. Əsərlərin satışı da həyata keçirilir. Rəssam yaradıcılıq dövrü ərzində öz üslubunu dörd dəfə dəyişdiyi üçün hər dəfə fərqli üslublarda olan əsərləri nümayiş olunacaq.

Xəyalə Rəis

Kaspi 2018.- 16 oktyabr.- S.12.