Özbəkistan var
gücü ilə turizmi inkişaf etdirməyə
çalışır
Əbdüləziz
Akkulov: “Azərbaycanda tətbiq olunan elektron viza sistemini öyrənmişik
və bizə çoxlu məsləhətlər veriblər”
Özbəkistanda turizmin inkişafı prioritet
istiqamətlərdəndir. Ölkədə turizm obyektlərinin
bərpa və tikintisi, peşəkar personalın hazırlanması,
başqa ölkələrlə hava yollarının
açılması, viza sisteminin sadələşdirilməsi
və s. bu istiqamətdə atılan addımlardır. Ölkə
"İpək Yolu vizası”nın yaradılması istiqamətində
də planları gerçəkləşdirmək niyyətindədir.
Daşkənd şəhərində "Turizm Böyük
İpək Yolunda” adlı beynəlxalq turizm sərgisində
iştirakımız zamanı Turizmin İnkişafı
Dövlət Komitəsinin sədr müavini Əbdüləziz
Akkulov jurnalistlərlə keçirdiyi mətbuat
konfransında və "Kaspi”yə ölkədə turizmin
inkişafı məqsədi ilə görülən və
bundan sonra da həyata keçiriləcək işlərdən
danışdı.
Birgə dinimiz, mədəniyyətimiz, ənənələrimiz
- Azərbaycanla Özbəkistan
arasında turizmin inkişafı hansı səviyyədədir?
Azərbaycanı bu bazarda özünüzə nə qədər
əlverişli tərəfdaş hesab edirsiniz?
- Biz Azərbaycanla Daşkənddə fəaliyyət
göstərən Heydər Əliyev adına Mərkəz
çərçivəsində yaxından əməkdaşlıq
edir, birgə tədbirlər keçiririk. İlin əvvəlində
Azərbaycandan mətbuat nümayəndələrini qəbul
etdik və gələcəkdə bu istiqamətdə işləri
davam etdirməyi nəzərdə tuturuq. Əməkdaşlığa
dair müəyyən planlar var, ancaq hələ ki
detallarını açıqlamaq istəmirəm. Elə
ölkələrin insanları var ki, Azərbaycanı və
Özbəkistanı yaxın region ölkələr kimi
görürlər. Təbii, yaxın ölkələr deyəndə
birbaşa Mərkəzi Asiya ölkələri nəzərdə
tutulur, o cümlədən Azərbaycanla Özbəkistan, həmçinin
Türkiyə ilə birgə turizm layihələrinin həyata
keçirilməsi mümkündür. Biz öz məhsulumuzu
reklam edərkən əsasən birgə dinimiz, mədəniyyətimiz,
ənənələrimiz olduğunu nəzərdə tuturuq və
bu istiqamətdə planlarımız var. Azərbaycandan yeni
uçuşların həyata keçirilməsi bizi sevindirir.
Azərbaycanın Turizm Agentliyi və Mədəniyyət
Nazirliyi ilə sıx işləyirik. Mənim Azərbaycanda
dostlarım çoxdur və daim onlarla təmasdayıq. Azərbaycanda
tətbiq olunan elektron viza sistemini öyrənmişik və
bizə çoxlu məsləhət veriblər. Gələcəkdə
bu əməkdaşlığı davam etdirmək niyyətindəyik.
- Siz elektron viza
sisteminin fəaliyyətində hansısa çətinliklərlə
qarşılaşırsınızmı? Ümumiyyətlə,
viza siyasətini genişləndirməklə bağlı
planlarınız nədir?
- Təbii ki, sistemin tətbiqi prosesində
müəyyən çətinliklər ortaya
çıxır. Biz bunları bilir və texniki nasazlıqlar
üzərində işləyirik. Bu çətinliklər əsasən
şəkillərin yerləşdirilməsi və ödəmələrlə
bağlıdır. Biz indi ikinci hökumət qərarının
üzərində işləyirik ki, bu, əsasən
ikigirişli və çoxgirişli elektron vizaların üzərində
tətbiq olunacaq. Bunların qeydiyyatı ilə
turoperatorların da işləyə bilməsi
üçün onlara şərait yaratmağa
çalışırıq ki, turistlər çətinliklərlə
qarşılaşmasınlar. Bundan başqa, elektron viza
sisteminin portalının müxtəlif dillərə tərcümə
olunması üzərində işləyirik. Planımız
var ki, ilin sonuna kimi sadələşdirilmiş vizanın tətbiq
edildiyi 51 ölkə bu elektron viza sisteminin portalından
faydalana bilsin. Elektron viza sistemini genişləndirmək
planımız var ki, bu sistemdən istifadə edə biləcək
bütün ölkələri əhatə etsin.
Təhlükəsizliyə görə 5-ci yer
Yoxsa bütün
ölkələr üçün açıqsınız?
-
Turizmin inkişafı çərçivəsində
hansı ölkələr sizin
üçün prioritetdir?
- İnkişaf etmiş və inkişafda olan
ölkələrin turizm tendensiyalarına əsaslanaraq
marketinq siyasəti və reklam işlərini o Avropa və
Asiya ölkələrində aparırıq ki, Özbəkistandan
6 saatlıq uçuş istiqamətində yerləşirlər.
Bundan başqa, xüsusi diqqət MDB ölkələrinə
ayrılır. Və 2018-ci ildən başlayaraq biz 30 günədək
7 ölkə üçün viza rejimini açdıq ki,
onları dini turizmə cəlb edək. Bu ölkələrin
sırasında Sinqapur, İndoneziya, Malayziya, Türkiyə,
İsrail, Yaponiya və Koreya yer alıb. Bu ölkələrin
yarısından çoxu, o cümlədən Yaponiya və
Koreya üçün açıq viza sistemi tətbiq olunur.
Ümumiyyətlə, bütün ölkələrə təyyarə
reyslərinin çoxalması bizim prioritetlərimizdən
biridir. Özbəkistan Hava Yollarının fəaliyyətinə
dair Dünya Bankı ilə birgə analiz aparılır. Bu
analizə əsasən bizim planlarımızda
aviadaşımalar və ayrıca ölkələrə
birbaşa reyslərin açılması və həmin reyslərin
sayının artırılması
planlaşdırılır. Bundan başqa, planlarımızda
aviaşirkətləri daha çox cəlb etmək
üçün xarici aviaşirkətlər üçün
"Açıq səma adında” proqram
planlaşdırılır. Məsələn, son zamanlar
Çindən turistlərin sayının artması bizi
sevindirir. 2018-ci ilin 15 iyulundan başlayaraq elektron viza sistemi
işləməyə başladı. Açılışdan
sonrakı iki ay ərzində xarici vətəndaşlar
üçün 15 minə yaxın viza verildi. Bu sistemlə
sayın 30 faizini Çindən gələn turistlər təşkil
edir. Həmçinin Çinin Loyan və Siyan şəhərlərinə
də yeni uçuş istiqamətlərinin
açılması planlaşdırılır.
- Ölkədə
turistlərin təhlükəsizliyi üçün hansı
addımlar atılır?
- 2017-ci ilin sonlarından 5 vilayətdə DİN nəzdində xarici turistlər üzrə idarələr yaradılıb. Onlar bizim çarğı mərkəzi ilə birbaşa əlaqəni yaradırlar. Call-mərkəzimiz 24 saat və üç dildə fəaliyyət göstərir. Səmərqənd, Buxara, Xarəzm - Xivə, Şəhrizabs və Termezdə bu xidmət mövcuddur. Bundan başqa, təhlükəsizliyin tam təmin edilməsi məsələsi normativ sənədlərdə turoperatorların üzərinə qoyulur. Onlar da həmin sənədlərə görə məsuliyyət daşıyırlar. Gallup ictimai sorğular xidmətinin nəticələrinə əsasən Özbəkistan ölkələr sırasında təhlükəsizliyə görə 5-ci yerdədir. Bu da ölkənin xarici turistlər üçün təhlükəsiz olduğunu göstərir. Bu, dövlət tərəfdən turizmin təhlükəsizliyinə dair addımlar atıldığını göstərən reytinqdir. Dövlət tərəfindən turistlərə təhlükəsiz şərait yaradılması üçün mərkəz tərəfindən anketləşdirmə aparılıb.
İslam, buddizm, iudaizm, xristianlıq...
- Daxili turizmin inkişafı sizi qane edirmi?
- İlk növbədə daxili turizmi
inkişaf etdirməyə çalışırıq.
Keçən il 10 milyon 600 min nəfər ölkədaxili
turizmdə iştirak edib. Biz bu məsələdə əsasən
əhalimizə güvənirik. 2018-ci ildə onların
sayını 40 milyona çatdırmaq istəyirik. Yerli ənənələr
dini turizmin inkişafına kömək edir. Əsas problem
mövsümlə bağlıdır. İqlim şəraitinin
incəliklərinə görə qışda bizdə çətinliklər
yaranır. Buna görə dini turizmin təşkilini
asanlaşdıran bəzi addımların atılması
planlaşdırılır. Məsələn, turistlər Səudiyyə
Ərəbistanından qayıdarkən "Ümrə+”
proqramı çərçivəsində ziyarətgahlarımızı ziyarət
etsinlər. Təbliğat çərçivəsində
"Konqres turizmini” inkişaf etdirməyi nəzərdə
tuturuq. Belə ki, otellərin qonaqla təmin edilməsi məsələsini
konfransların keçirilməsi hesabına həll etmək istəyirik.
Əgər qışda 3-4 ay ərzində turizm sahəsi
donursa, bu, sektorda çalışan subyektlərin fəaliyyətinə
təsir edir. Turizm sahəsində olan qurumları bu sahədən
qaçırmamaq üçün ilboyu ölkəyə gələnləri
təmin etməyə çalışırıq. Otellərin
qış mövsümündə doldurulmasını təmin
edə bilmək üçün əlimizdən gələn
bütün addımları atacaq və lazımi güzəşt
və imtiyazları tətbiq edəcəyik. İyul-avqust
aylarında xarici turistlər gəlmirdi. Biz daxili turizmi
inkişaf etdirməklə balansı qoruyub saxlaya bildik.
- Siz dini turizmdən
danışarkən islam ziyarətgahlarını nəzərdə
tutursunuz, yoxsa başqa dini obyektlər də bu sırada yer
alıb?
- Dini turizm deyəndə, biz bütün dinləri
nəzərdə tuturuq. Ölkədə turistləri cəlb
etmək üçün islam, buddizm, iudaizmə aid ziyarətgahlar
var. Səmərqənd və Buxarada xristianlığa aid dini
məbədlər, üstəlik, Daşkənddə və
Buxarada sinaqoqlar var.
- Qonaqları
qarşılamaq üçün neçə yer var? Bu istiqamətdə
planlar nədir?
- Planda otel fondunun artırılması məsələsi var. Bu gün üçün ölkə üzrə 20 min nömrə var, bu, 40 min adam deməkdir. Yəni otellər eyni zamanda 40 min adamı qonaqlaya bilər. Bu otellərin çoxu tarixi şəhərlərdə yerləşir. Həmçinin hostellərin sayının artırılması üzərində işləyirik. "Səmərqənd city” şəhərciyinin tikilməsini planlaşdırırıq. O cümlədən Buxarada da 10 hektar ərazidə "Qədim Buxara” adlı belə bir layihə həyata keçiriləcək. Biz həmin şəhərciklərdə XV əsrin ab-havasını bərpa etmək istəyirik ki, turistlər özlərini həmin dövrdə - Teymurləngin hakimiyyəti və ya Buxara əmirliyi zamanında hiss etsinlər.
Turizm – strateji istiqamətlər siyahısında
- Hazırda
ölkənizdə turizm sektoruna investisiyalar cəlb etmək
üçün böyük layihələr həyata
keçirilir. Bu sahədə hansı yeniliklər gözlənilir?
Məsələn, vergi güzəştlərinin təqdim
olunması və başqa addımlar atılacağı ilə
bağlı hansı planlar var?
- Turizm üzrə Dövlət Komitəsi 2016-cı ilə kimi milli şirkət kimi fəaliyyət göstərib. Bu, qeyri-kommersiya və qeyri-dövlət təşkilatı olub, amma dövlət qurumunun funksiyalarını həyata keçirirdi. 2016-cı ilin 2 dekabrından etibarən prezident Şavkat Mirzyoyevin təşəbbüsü ilə bu quruma dövlət statusu verildi və turizm sahəsi strateji istiqamətlər siyahısına əlavə edildi. Dövlət Komitəsi ilə yanaşı, rəhbərlik tərəfdən 30-a yaxın quruma, o cümlədən bəzi ölkələrdəki səfirliklərə turizm sahəsi üzrə fəaliyyət göstərmək tapşırılıb ki, bu istiqamətə turizmin inkişafı, xaricdə marketinq aparılması və s. daxildir. Son iki il ərzində bu sahədə 30 normativ aktdan çox sənəd qəbul olunub. Bundan öncə turizm deyərkən ayrıca sektor kimi qəbul olunmurdu, amma bizim təşkilatımız şirkətdən dövlət komitəsinə çevriləndən və prezident tərəfindən qoyulan tapşırıqlardan sonra bu sahə ilə bütün yerli idarəetmə orqanları da məşğul olur. Belə ki, icra hakimlərinin müavinlərindən biri turizmin inkişafı sahəsi ilə işləyir. 4 regionda yalnız turizm üzrə müavinlər fəaliyyətdədir, qalan regionlarda turizm və sərmayə üzrə müavinlər fəaliyyət göstərir. Bundan başqa, Dövlət Komitəsinin ştat üzrə işçilərinin sayı 3 dəfə artırılıb. Bütün regionlarda 35 işçidən ibarət departamentlər yaradılıb. Digər 5 regionda yalnız idarələr yaradılıb ki, bu işçilər hökumət tərəfdən qoyulan vəzifələri icra etməlidirlər. Son qəbul olunan sənədlərə əsasən 22 növdə güzəşt və imtiyaz, o cümlədən investorlar və turoperatorlar üçün tətbiq edilir. Həmçinin daxili turizmin inkişafından ötrü səy göstərmələri üçün adi vətəndaşlara da imtiyazlar tətbiq edilir. Belə ki, əgər onlar ölkə üzrə səyahət edirlərsə, gəlir vergisindən azad olunurlar. O cümlədən, yerli əhali üçün istehlak krediti tətbiq olunur ki, onlar ölkə üzrə səyahət edərlərsə, vergidən azad olunurlar. İnvestorlar üçün də müxtəlif güzəştlər tətbiq olunur. Turizm obyektlərinin tikintisi zamanı onlar 10 il, dörd ulduzdan çox ulduzlu otellərin tikilişi zamanı isə 5 il müddətinə bütün vergilərdən azad olunurlar. Xüsusi imtiyazlar xarici mütəxəssislər üçün tətbiq olunur. İdarəetməyə cəlb olunduğu hallarda xarici mütəxəssislər ikiqat vergidən azad olunurlar. Turoperatorlar üçün də müxtəlif güzəştlər həyata keçirilir. Bundan əvvəl onlara lisenziya vermək müddəti uç ay uzadılırdı. Hazırda isə 10 gün ərzində lisenziya alıb fəaliyyətlərinə başlaya bilərlər. Bundan əvvəl otellərin fəaliyyəti üçün də lisenziyalaşdırma var idi, ancaq biz bunu keçən ildən ləğv etdik və sertifikasiyanı sadələşdirdik. Cari problemimiz daxili turizmdə infrastrukturun inkişafı ilə bağlıdır. Bizim turistlərin rəylərini almaq üçün müxtəlif kanallarımız var. Həmin təkliflərin analizi üzərində iş gedir. Biz, həmçinin Çindəki kimi "tualet inqilabı” etmək niyyətindəyik. Turizm obyektlərinin yaxınlığında və yollar boyu tualetlərin tikilməsini nəzərdə tuturuq. Bundan başqa, tutumu 8 yerdən çox olan yeni avtonəqliyyat vasitələrini ölkəyə gətirilərkən gömrük vergisindən və digər bütün vergilərdən azad olunur. Bu sistemi biz ilin əvvəlindən tətbiq etdik və 9 ay ərzində ölkəyə 150-dən çox avtobus gətirilib. Bundan başqa, Daşkənd vilayətində prezidentin təşəbbüsü ilə "Çarvak” azad turizm zonası yaradılıb. Bu, ölkədə ilk eksperimental ərazidir. Fransanın bir qrup şirkəti ilə master planın hazırlanmasına dair razılaşma əldə edilib. Bu planın hazırlanmasına Fransa tərəfi 800 min avro büdcə ayırıb ki, gələn ilin aprel ayı üçün bu planın hazırlanmasının başa çatdırılmasını planlaşdırırıq. Digər məqam təbliğat və təhsil məsələsi ilə bağlıdır. Ölkədə turizm üzrə mütəxəssislər və yüksək ixtisaslı personal hazırlığı ilə məşğul olan professional səviyyədə kolleclər və 5 ali məktəb var. Prezidentin təşəbbüsü ilə Səmərqənddə yaradılan İpək Yolu universitetinə bu il 125 nəfər qəbul olunub. Onlar bir il ərzində dövlət hesabına oxuyacaqlar, gələn ildən fənlərə yiyələnmələri üçün kredit veriləcək. Yaxın 5 ildə yüksək səviyyəli tədrisi təmin etmək üçün bu ali məktəbi dünyanın 5 min ali məktəbi sırasına daxil etmək fikrimiz var. Təxminən 10 ölkə ilə professor- müəllim heyətini cəlb etmək üçün danışıqlar aparılıb. Bunlar əsasən Çin, Rusiya, Yunanıstan, İspaniya ali məktəblərinin professor-müəllimləri olacaq. Komitənin əsas məqsədi turizmin təbliğatını da təmin etməkdir.
Təranə Məhərrəmova
Bakı-Daşkənd
Kaspi 2018.- 16 oktyabr.- S.9.