Türkiyə kino aləminə ayaq açan aktyorlarımız

“Savaşçı” serialında rol alan Kənan M.M: “Hazırda aid olduğum yerdə deyiləm, layiq olduğum yerdəyəm”

Türkiyə kino dünyasının "Yeşilçam” filmlərini izləyərək böyüyən nəsilik. Hansı ki, o filmlərin aktyorlarına pərəstiş edir, onlar kimi görünməyə can atırdıq. Daha sonra Türkiyənin serial və kino aləmində sürətli inkişaf gözümüzü qamaşdırdı və oradakı türk aktyorlarını daha da sevməyə və onların əsl ulduz olduğuna özümüzü inandırmağa başladıq. Öz yerli filmlərimiz çəkildikcə isə, biz niyə onlar kimi çəkə bilmirik - deyə, suallar yağdırdıq.

Hardasa 15-20 il əvvəl Türkiyə kino və serial aləmində əməkdar artistimiz Məlahət Abbasova iştirak edəndə ona qibtə edir və onunla qürur duyurduq. Hesab edirdik ki, hansı aktyor bu aləmə düşürsə, onun üçün bütün qapılar taybatay açılır. Bizim üçün o zamanlar bu, əlçatmaz bir arzu idi və bir növ qeyri-adi gəlirdi. İndi isə qonşu ölkələrin kino və serial aləmində özünü təsdiqləmiş, sözünü demiş aktyorlarımız yer alırlar. Türkiyədə yayımlanan sevimli seriallarımızda yerli aktyorlarımızı görmək isə bizi sevindirir. Hər zaman da ekspertlər müsahibələrində qeyd edirlər ki, aktyorlarımız heç də türk aktyorlarından zəif deyil, əksinə, bəzən daha istedadlıdırlar. El arasındakı "oğlanlar var, şərait yoxdur” misalındakı kimi. Deməli, onların özlərini realizə etmələri üçün özümüzdə keyfiyyətli ssenari və filmə pul yatıran sponsorlarımız yoxdur. Bu, məsələnin başqa bir tərəfidir.

Ümumiyyətlə isə, son zamanlar aktyor və aktrisalarımız Türkiyənin yerli film və seriallarında rol alması ilə medianın gündəmini zəbt edib. Kimisi bunu yüksək qiymətləndirir, kimisi də "aktyorlarımız filmə çəkilmək üçün türk rejissorlarına özləri xahiş-minnət edir” deyərək məsələyə dırnaqarası baxır. İstənilən halda Avropada, ərəb ölkələrində yayımlanan türk seriallarında azərbaycanlı aktyorların rol alması bizi ancaq sevindirə və aktyorlarımızın simasının tanınmasında ən böyük vasitə ol bilər.

Son zamanlar diqqətimizi çəkən Türkiyə serial və reklam, eyni zamanda kino aləmində rol alan aktyorlarımızla mövzu ilə bağlı söhbət etdik. Onlara qonşu ölkənin film sektorundan edilən təkliflərin kim tərəfindən gəldiyini və bu obrazlarda məsuliyyətlərinin nə qədər böyük olduğunu soruşduq.

Axır vaxtlar bir ayağı Türkiyədə olan aparıcı, aktrisa Aysel Nazim Türkiyənin "Bonne Vie” jurnalına müsahibə verib. Aparıcı ilə bərabər bu jurnalda türk şou-biznesinin məşhur simaları da yer alıb. Aysel Nazim ötən həftə Türkiyə-Azərbaycan aktyorlarının birgə layihəsi olan "Milyonluq kuş” filminin təqdimatında iştirak edib. "Kaspi”yə açıqlama verən aktrisa türklərlə eyni layihədə yer almağı sevindirici hal kimi qiymətləndirdi: "Türkiyədə ilk layihəm Barış Kömürcüoğlunun klipində çəkilməyim oldu. Bu, Barış Kömürcüoğlu ilə dicey Kanun Yıldırımın layihəsi idi. Azərbaycan mahnısı üzərində işləmişdilər. Hər kəsin sevdiyi bir mahnıdır, yeni aranjemanda təqdim edilməsi tamaşaçıların marağına səbəb oldu. Klip çəkilişləri Almaniyada baş tutdu, Türkiyənin "Kral TV”, "Power” musiqi kanallarında nümayiş olundu. Həmin klip "Youtube”da çox izlənildi. Türkiyədə olanda mənə belə bir təklif etdilər və bu da çox uğurlu alındı. Daha sonra qardaş ölkədən reklam və film təklifləri aldım. Sonuncu dəfə "Milyonluq kuş” layihəsində çəkildim. Bu günə qədər Türkiyədə iştirak etdiyim heç bir layihədə sınaq çəkilişlərində iştirak etməmişəm. Onlar mənim işlərimə baxıb və sonra dəvət ediblər. Aktyorluq təhsilimi Türkiyədə aldığıma görə, orada filmlərə çəkilmək şanslarım daha çox olub”.

Son zamanlar media və sosial şəbəkələrdə gündəm mövzusuna çevrilən Türkiyənin "Fox” televiziyasında yayımlanan "Savaşçı” serialında rol alan tanınmış rejissor Kənan M.M-in Azərbaycan hərbiçisi obrazı oldu. Rejissorla bərabər, aktyor Elvin Əhmədov da həmin layihədə yer alıb. Rejissor bizimlə söhbətində təklifin qarşı tərəfdən gəldiyini bildirdi: "Onlar serialın bəzi kadrlarını Azərbaycanda çəkmək istəyirdilər və yerli aktyorlardan mənim üzərimdə dayandılar. Ancaq Azərbaycanda çəkilişlər baş tutmadığı üçün həmin kadrlar Türkiyədə çəkildi. İlk bölümdən sonra Bəxtiyar obrazının xəttini böyütdülər. Türkiyə serialına dəvət aldıqda heç bir sınaq çəkilişlərində iştirak etməmişəm. Onlar mənim filmlərimi izləmişdilər və sınaq çəkməyə ehtiyac olmadı. Türklərin layihəsində iştirak etmək bir aktyor kimi mənə sərf etdi. Çünki onlar aktyorlara rahatlıq vəd edirlər. Bizdə aktyor meydançaya gəlir, özü ilə paltar gətirir və gətirdiyi paltarı geyinməyə yeri olmur. Orada isə belə bir problem yoxdur. Özünü sənətçi kimi hiss edirsən”.

Rejissor qeyd edir ki, onlar serialda 1 il öncə Azərbaycan bayrağını qollarına vurmuşdular, bizdən danışmışdılar: "Mən də əlimdə Türkiyə bayrağını tutub şəkil çəkdirdim. Paylaşıb "bu da bizim bayrağımızdır” şərhini yazdım. Həmin foto Türkiyədə sosial şəbəkədə geniş yayıldı. Onlar da girib, profilimə baxıblar. Görüblər ki, aktyor, rejissoram. İki ay mənə yazıblar, görməmişəm. Sonra dostumuz vasitəsilə əlaqə qurdular. Bir bölümdə çəkiləcəkdim. Sonra aktyorluğumu bəyəndilər, davam etməyimi istədilər. Dostumuz, aktyor Elvin Əhmədovu da bizimlə çəkilməsi üçün çəkiliş komandasına təklif etdim. Bəyəndilər. Hələ ki rolumuz davam edəcək”.

Aktyor Türkiyədə sənətçilərə verilən yüksək qiymətdən də bəhs etdi: "Burada 1 adam 5 adamın işini görürsə, Türkiyədə 5 adam 1 adamın işini görür. Bir günün yemək pulu... Deməyə utanıram. Türkiyədə məni Kənan M.M kimi yox, azərbaycanlı Kənan Mahmudov kimi tanıyırlar. Hazırda aid olduğum yerdə deyiləm, layiq olduğum yerdəyəm”.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa, yazar, "P.S. Zaten boyun da küçüktü...”, "Ve bir americano...” kitablarının müəllifi Gülay Hüseynova "Yeni gəlin” serialında maraqlı obraz canlandırıb. Onun canlandırdığı psixoterapevt obrazı diqqət çəkib. Aktrisa mətbuata açıqlamasında bildirib ki, 57-ci bölümdən etibarən bioenerji mütəxəssisi və fizioterapevt Oksana xarakteri ilə "Yeni gəlin” serialının aktyor heyətinə daxil olub.

Məlumat üçün bildirək ki, adıçəkilən layihə Türkiyənin ən reytinqli kanalı "Show tv"də nümayiş olunur. Baş rolları Cessika May və Tolqa Mendi ifa edir. Həmyerlimiz bundan əvvəl "Kalbimin Sultanı” adlı böyük büdcəli serialda rol almışdı: "Aktrisalıq komanda işidir, yazarlıqsa fərdi bacarıq. Uğurlu bir film və ya serial ərsəyə gətirmək üçün o komandada gərək heç olmasa 80% bacarıqlı insanlar olsun ki, uzun illər yadda qalsın. Yazarlıqda isə belə deyil. Çünki yazar layihənin bir parçası deyil, birbaşa yaradıcısıdır. Ürəkdən çalışdım, nəticəsini də gördüm. Artıq 3 ilə yaxındır ki, İstanbulda yaşayıram. Türkiyəyə çatan kimi çəkilmək istəmirdim, düzü. Bir az mühitə alışmaq, Türkiyədəki film sektorunu incələmək və ən əsası, kino təhsilimə fokuslanmaq istəyirdim. Gəldiyim gündən peşəkarlardan kino dərsləri almağa başladım. Paralel olaraq da 2 kitabım nəşr edildi və Türkiyənin dörd bir yanında onlarla imza günlərim keçirildi. "Kalbimin Sultanı"na gəlincə... Aktrisa olaraq, bir ildə 3 yadda qalmayan layihədə görünməkdənsə, üç ildə 1 layihədə görünüb "voov" dedirtməyi üstün tuturam. "Kalbimin Sultanı" da məhz o cür layihələrdən olduğu üçün sevə-sevə qəbul etdim. Təklif serialın rejissorundan gəlmişdi. Türk-Rus ortaq yapımı olan beynəlxalq bir layihə olduğu üçün aktyor seçiminə Rusiya və Türkiyə tərəfi birlikdə qərar verirdi. 80 milyondan çox əhalisi olan böyük bir ölkədə, təbii olaraq önə çıxmaq çətindir. Üstəlik, hər il daha gözəl, daha yaraşıqlı, ən əsası, daha istedadlı minlərlə gənc aktyor və aktrisalar məzun olur. Rəqabətin bu qədər professional və güclü olduğu bir sahədə diqqət çəkə bilmək üçün dayanmadan öz üzərində çalışmalı, inkişaf etməli, yeni dillər öyrənməli, xüsusi bacarıqlarını sürətlə artırmalısan”.

Xəyalə Rəis

Kaspi  2018.- 17 oktyabr.- S.12.