Xanımına tanışlıqdan 20 dəqiqə sonra evlənmə təklif edən millət vəkili

Aydın Mirzəzadə: “Bir həftə ac qaldım, amma heç kimdən pul istəmədim”

Deyir ki, insanı nə ideallaşdırmaq, nə də onu dəyişməyə, yenidən tərbiyə etməyə çalışmaq lazımdır. Biri ilə uyğunluğunuz varsa, onunla düşünmədən evlənə bilərsiniz. Qalan məsələlər zamanla həll olur. Ona görə, ailə quran şəxslər yalnız evliliyə qədər yox, evlilikdən sonra da bir-birilərinə xoş sözlər deməlidirlər. İndiki gənclərin səhvi ondadır ki, çox qısa zamanda ev, maşın, iş, vəzifə sahibi olmaq istəyirlər.

 Hazırda bir povestin, fantastik janrlı romanın 50-yə yaxın hekayənin müəllifidir. Ancaq heç birini çap etdirməyib, çünki insanın bir sahədə tanınmasının tərəfdarıdır. Düşünür ki, bu gün deputat, politoloq kimi tanınmağı kifayətdir. "Keçmişdəki mənrubrikasının budəfəki qonağı millət vəkili Aydın Mirzəzadədir.

Ailəmizdə pul qazanmaqdan yox...

 Aydın Mirzəzadə 2 iyul 1957-ci ildə Mingəçevir şəhərində 6 uşaqlı, mehriban, sevgi dolu fəhlə ailəsində doğulub. Valideynləri uşaqların hər birinə ali təhsil almaq imkanı yaradıblar. Həm ata, həm ana tərəfdə nəsildə bəy, mülkədar və tacirlərin olmağına baxmayaraq, sadə, təmtəraqdan uzaq həyat tərzi yaşayıblar: "Bizim nəslimizdə kifayət qədər imkanlı, adlı-sanlı insanlar olub. Amma buna baxmayaraq, həmişə sadə həyat yaşamışıq. Mən indi də həmin həyat tərzini davam etdirirəm. Ailəmizdə həmişə pul qazanmaqdan yox, adı təmiz saxlamaqdan, əməksevərlikdən, insanlara yaxşılıq etməkdən, həyatda xeyirxah işlər görməkdən danışılıb. Düşünürəm ki, ailəmizin verdiyi tərbiyənin sonrakı həyatımızda çox köməyi oldu. Bu gün 6 uşaqdan olan 15 nəvənin iki məktəb yaşlı olanından başqa hamısı ali təhsillidir. Hər biri daşıdığı soyadın nüfuzunu qoruyub saxlamağa çalışır”.

 Evimizdə divar qəzeti hazırlayırdıq

Müsahibimiz uşaqlıq illərindən danışarkən ailəsində olan qəzet ənənəsindən də söhbət açır: "Kitab oxumaq həvəsim həddən artıq çox idi. Evdə kiçik kitabxanamız vardı. Məktəb kitabxanasından başqa, şəhər kitabxanasına yazılıb oradakı kitablarla da tanış olurduq. Atam bizim üçün kiçik yazı lövhəsi düzəltmişdi. Məktəbdən gətirdiyimiz tabaşirlə orada dərslərimizi hazırlayırdıq. Ən maraqlısı da budur ki, biz dərsləri kitabdan yox, bir-birimizdən öyrənirdik. Bizim maraqlı bir ənənəmiz vardı. Evimizdə divar qəzeti buraxırdıq. 60-cı illərin sonu, 70-ci illərin əvvəli idi. Molla Pənah Vaqifin 250 illik yubileyi keçirilirdi. Təbii ki, bizim evdə də buna hazırlıq gedirdi. Vaqifin yaradıcılığına həsr olunmuş divar qəzeti hazırladıq. Kimisi onun şəkillərini tapıb gətirir, kimisi şerlərini qəzetə köçürürdü. Həmin dövrdə eyni zamanda məktəbimizdə də Vaqifin yaradıcılığından bəhs edən siniflərarası divar qəzeti müsabiqəsi keçirilirdi. Müəlliməm bizdə hazır qəzet olduğunu bilib, təklif etdi ki, onu sinfimiz adından təqdim edək. Məktəbdə həmin müsabiqənin qalibi elə bizim qəzetimiz oldu”.

Dünyaya ancaq dərs oxumaq üçün gəlmişəm

Məktəb illərindən danışarkən ilk olaraq yadına Xanım müəllimə düşdüyünü deyir: "10 nömrəli orta məktəbdə təhsil almışam. Məktəbimizdə iki rus, bir Azərbaycan sinfi vardı. Bütün tədbirlər rusca keçirilirdi, rus əhval-ruhiyyəsi daha çox duyulurdu. Bu, bir tərəfdən rus dilini və mühitini öyrənməyə kömək edirdi, digər tərəfdən həyatı, özümüzü qorumağı öyrədirdi. Çox yaxşı müəllimlərimiz var idi. İbtidai sinif müəllimim indi də yaşayır. Adı Xanımdır, hər fürsətdə onunla əlaqə saxlayıb, həmsöhbət oluram. Bu, müəllimin çox maraqlı dərs keçmə metodu var idi. Dərsini zəif mənimsəyən uşaqları evinə aparıb, tam təmənnasız olaraq növbəti günün dərslərini hazırlamasına kömək edirdi. Çünki bilirdi ki, həmin uşağı evdə oxudan olmayacaq. Mən həmin dövrün şanslı uşaqlarında idim ki, atam dərslərimə xüsusi qayğı ilə yanaşırdı. 1-ci sinfin yanvarına qədər atam dərslərimə kömək etsə də, daha sonra təkbaşına etməyə başladım. Oxumağı, öyrənməyi çox sevirdim. Mənə elə gəlirdi ki, dünyaya ancaq dərs oxumaq üçün gəlmişəm. Həmin dövrdə yaxşı oxuduğum üçün verilən fəxri fərmanları hələ də saxlayıram. Hətta gündəliklərim də indi şəxsi arxivimdə durur. Azərbaycanda ikinci elə bir insanın olduğuna inanmıram ki, orta məktəb gündəliklərini saxlasın (gülür)”.

Kürü üzüb keçmədinsə, kişi sayılmırdın

Yeniyetməlik illərini xatırlayan həmsöhbətimiz Kür çayı ilə bağlı xatirələrini də bizimlə bölüşdü: "Evimiz Mingəçevirdən keçən Kür çayının 100 metrliyində yerləşirdi. Qardaşlarım və qonşularımızla tez-tez balıq tutmağa gedirdik. Mən pis balıqçı deyiləm (gülür). Həmin dövrdə Mingəçevirdə belə bir qayda var idi ki, oğlanlar Kürü üzüb keçmədisə, hələ kişi sayılmırdılar. Ona görə oğlanlar üzməyi öyrənib, Kürü keçməyə çalışırdılar. Yalnız ondan sonra hörmətli olurdular. Balıq tutmağı, çətinliyə düşüb çıxmağı, Kürü keçməyi bilmək, dövrün yaşlılarını müşahidə edib, onlardan nələrisə öyrənmək bizim üçün böyük məktəb idi. Kinorejissor olsaydım, yəqin ki, uşaqlıq xatirələrimdən silsilə filmlər çəkərdim”.

Gəncliyin formalaşmasındakı problem

Universitetə hazırlıq illərindən danışan millət vəkili indiki gəncliklə öz dövrlərini müqayisə edir: "Bizim dövrümüzdə gənclər arasında görünməyən bilik yarışması var idi. Hamımız yaxşı oxumağa, bilikli olmağa çalışırdıq. Biz nəinki ali məktəbə qəbul olmaq, ali təhsili bitirdikdən sonra harada işləyəcəyimiz barədə düşünürdük. Amma indiki gəncliyin müəyyən qismində sadəcə, universitetə daxil olmaq məqsədi var. Sonrakı dövr üçün məqsədləri, planları yoxdur”.

"Sən məktəbin komsomol katibi olacaqsan?”

 Uşaqlıqdan böyüməyə tələsdiyini deyən Aydın Mirzəzadə sosial-ictimai işlərdə də fəal iştirak edib: "Bilmirəm niyə, amma uşaqlıqdan tez böyümək, hansısa işləri görmək istəyirdim. Təhsil illərində həm yaxşı oxuyan, həm də ictimai fəal olmuşam. Həmişə sinif nümayəndəsi seçilmişəm. 8-də oxuyanda sinfin, 9-10-cu sinifdə isə məktəbin komsomol katibi kimi fəaliyyət göstərmişəm. Mənə qədər hələ heç kim Azərbaycan bölməsindən məktəbin komsomol katibi olmamışdı. Çünki adətən, bu posta rus bölməsində oxuyan ruslar və ya ermənilər seçilirdi. Yadıma gəlir, azərbaycanlı olmayan bir müəlliməmiz bunu biləndə sinfimizə gəlib, yüksək səs tonu ilə "sən? sən məktəbin komsomol katibi olacaqsan?” deyə əsəbiləşmişdi. Özünə gələ bilmirdi ki, azərbaycanlı biri məktəbin gənclərini təmsil edəcək”.

Evimizdə kiçik Milli Məclis vardı

Müsahibim deyir ki, məktəb illərində yaxşı oxuduğu üçün konkret hansısa sahəni, ixtisası seçməkdə çətinlik çəkib: "Fənlərin hamısı maraqlı gəlirdi deyə, həm riyaziyyatçı, siyasətçi, tarixçi, hüquqşünas, diplomat, mühəndis, aqronom, həm də yazıçı, şair olmaq istəyirdim. Məncə, bu, orta məktəbdə yaxşı oxuyan bütün şagirdlərin problemi olur. 10-cu sinfi bitirənə qədər fikrim riyaziyyatçı olmaq idi. Amma evimizdə olan kiçik, iki deputatdan ibarət olan Milli Məclisin söhbətləri mənim fikrimi dəyişdi (gülür). Atam və əmimdən ibarət olan bu Milli Məclis həmin dövrdə görülən quruculuq işlərini, ulu öndər Heydər Əliyevin qəzetdə çıxan məqalələrini oxuyub, müzakirə edirdilər. Digər tərəfdən, 70-ci illərdə Mingəçevirdə çoxlu yeni binalar tikilirdi. Bu, mənə çox maraqlı gəlirdi. Həmin söhbətlərin təsirindən sənədlərimi inşaat fakültəsinə verdim. Birinci il alınmasa da, ikinci il yeni açılan İnşaat Mühəndisləri İnstitutunun inşaat fakültəsinə qəbul oldum. Və beləcə, həyatımın çox maraqlı və xatirələrlə zəngin olan ikinci hissəsi başladı”.

 

 

 

1 həftə ac qaldım, amma heç kimdən pul istəmədim

Tələbəlik illərindən danışan millət vəkili günlərlə ac qaldığı vaxtları xatırlayır: "Tələbəlik deyəndə əsasən iki xatirə yadıma düşür. İlk olaraq hiss edirdim ki, böyüyürəm. Sanki həyata daha açıq gözlə baxırdım. Bəzi məsələləri daha aydın şəkildə görüb, analiz edirdim. İkincisi isə yaşadığım maddi çətinlikləri xatırlayıram. Günlərlə ac qaldığım zamanlar olub. Pulumun çatmadığı, valideynlərimin göndərəcəyi yardımı səbirsizliklə gözlədiyim günləri heç vaxt unutmaram. Bir dəfə təqaüdüm bitmişdi və valideynlərimin də göndərəcəyi pul gecikirdi. Onda hiss etdim ki, bir həftə ac qalmalıyam. Amma buna baxmayaraq, heç kimdən pul istəmədim. O vaxtı paket suplar var idi. Həmin bir həftəni günorta və axşam sup içdim. İndi də paket sup görəndə onu əlimə alaraq, o illərimi yada salıram”.

6 manatın toxunulmazlığı

Həmsöhbətim o dövrdə qəzetə verdiyi önəmdən də danışdı: "Tələbəlik illərimdə ac qalsam da, istər təqaüdümdən, istər evdən gələn puldan 6 manatın toxunulmazlığı vardı. Onu xərcləmək olmazdı. Bir həftə ac qaldığım günlərdə belə o puldan istifadə etmirdim. Çünki həmin pulla hər gün 20 qəpik verib qəzet alırdım. 30 gün 20 qəpikdən hesabladıqda 6 manat edir. Əgər bir gün mən həmin puldan 20 qəpik yemək üçün xərcləsəydim, o zaman gərək qəzet almazdım. Lakin mən qəzet almağı, oxumağı seçirdim. "Pravda”, "İzvestiya”, "Kommunist” qəzetlərini hər gün oxuyurdum. Ac qalırdım, hətta, elə vaxt olurdu ki, 8 ay kinoya getmirdim. Düşünürdüm ki, ora verdiyim pula qəzet alaram. Bu gün məlumatlı, siyasi ideologiyaya yaxından bələd olmağım bəlkə də, onun nəticəsidir. Universitetdə siyasi fənlər üzrə müəllimlər məndən dərs soruşmadan qiymət yazırdılar.”

"Mən sizinlə evlənmək istəyirəm” 

"Mən 27 yaşımda ailə qurmuşam. Həyat yoldaşım kiçik bacımın ingilis dili müəlliməsi idi” deyən millət vəkili ailə həyatından da danışdı: "Həmin dövrdə də mənim ailə qurmağım evdə aktual və müzakirədə olan məsələlərdən idi (gülür). Bir gün bacım dedi ki, belə bir müəllimi var. Anam da məndən xəbərsiz qızı görüb bəyənibmiş. Mənə dedilər ki, bəlkə görüşəsən. Mən isə xanımı təsadüfən bir dəfə məktəbə gedərkən yolda görmüşdüm. Görüş məsələsinə etiraz etmədim. Təbii ki, müəllimi açıq şəkildə görüşə dəvət edə bilməzdim. Bacım danışıb evimizin yanındakı parka çağırdı. Görüşə bacımın yerinə mənim gəldiyimi görəndə çox təəccübləndi. Xanıma bildirdim ki, bacım haqqında danışmağa gəlmişəm. Yəni, onun təhsil həyatı, gələcəyi ilə bağlı. Biz beləcə söhbət etməyə başladıq. O çox gözəl şəkildə bacımla bağlı fikirlərini bildirir, məsləhətlər verirdi. 20 dəqiqə sonra birdən onun sözünü kəsib, "üzr istəyirəm bir dəqiqə dayanın, mən sizinlə evlənmək istəyirəm” dedim. O isə susdu. Bir neçə saniyəlik sükutdan sonra "anam bilər” deyib getdi. 6 ay sonra noyabrın 24-ü bizim toyumuz oldu. Amma bizim ilk görüşdüyümüz gün 1984-cü il mayın 27-si bazar gününə təsadüf edirdi. Və mən hər il mayın 27-si həyat yoldaşıma 17 qızılgül hədiyyə edirəm”.

Millət vəkilindən gənclərə məsləhət

Aydın bəydən yenicə tanıdığı xanıma 20 dəqiqəyə necə evlilik təklif etdiyini soruşduq: "Mən insanları tanıya bilirəm. Düzdür, səhv elədiyim məqamlar da olub. Amma əsas etibarilə insanı müşahidə edərək necə biri olduğunu anlayıram. Xanım danışarkən onu müşahidə edərək fikirləşdim ki, ondan mənə yaxşı həyat yoldaşı olar. Amma təəssüf ki, indiki gənclər 100 faizlik təmin etmə istəyirlər. Bəlkə də ona görə bu qədər ailə qurmayan və ya ailə qurub boşanan gənclərimiz var. Düşünürəm ki, bir insanı nə ideallaşdırmaq, nə də onu dəyişməyə, yenidən tərbiyə etməyə çalışmaq lazımdır. Bəzən gənclərimiz elə bilir ki, xoş sözü yalnız evliliyə qədər demək lazımdır. Amma belə deyil. Evlilikdən sonra da buna davam etmək laızmdır. Əlbəttə, hər kəsin mənfi tərəfləri var. Amma çalışın onları görməzdən gəlin”.

Millət vəkili son olaraq gənclərə pozitiv olmağı, çətinliklərdən qorxmamağı və həyatı sevərək yaşamağı məsləhət gördü.

Günel Azadə

Kaspi.-2018.-19 oktyabr.-S.12