“Abdulla Şaiqin nəsr
yaradıcılığı” monoqrafiyasının təqdimatı
keçirilib
Abdulla Şaiqin mənzil-muzeyində filologiya
üzrə elmlər doktoru, Azərbaycan Yazıçılar
Birliyinin üzvü, qabaqcıl maarif xadimi, AMEA-nın Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun əməkdaşı
Baba Babayevin "Abdulla Şaiqin nəsr
yaradıcılığı” monoqrafiyasının təqdimatı
keçirilib.
Muzeydən bildirilib ki, monoqrafiyada müəllif
görkəmli ədib Abdulla Şaiqin nəsr
yaradıcılığını, onun ədəbi irsini
konseptual şəkildə araşdırıb. Kitabda nəsr əsərlərinin
müxtəlif nəşrləri arasındakı fərqlər
üzə çıxarılıb, janr, metod və digər sənətkarlıq
məsələlərinə aydınlıq gətirilib.
Bildirilib ki, "Abdulla Şaiqin nəsr
yaradıcılığı” monoqrafiyası müəyyən
əlavələrlə, 1999-cu il nəşri əsasında
hazırlanaraq çap olunaraq elmi ictimaiyyətə təqdim
edilib.
Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun alimləri, Azərbaycan Menecment
və Turizm Universitetinin, Azərbaycan Dövlət Pedaqoji
Universitetinin müəllim və tələbələri
iştirak ediblər.
Mənzil-muzeyinin direktoru Ülkər
Talıbzadə, Abdulla Şaiq irsinin tədqiqatçıları,
professorlar Təyyar Salamoğlu, Əlizadə Əsgərli,
Alxan Bayramoğlu, İslam Qəribli, filologiya üzrə fəlsəfə
doktoru Arzu Hacıyeva və başqaları Abdulla Şaiqin epik
yaradıcılığını milli nəsr tariximizdə
özünəməxsus mərhələ adlandıraraq,
yazıçının epik irsini XX əsrin əvvəllərindən
altmışıncı illərədək nəsrin bədii
yaradıcılıq axtarışlarının inkişaf səciyyələri
və istiqamətlərinin müəyyənləşməsi
baxımından etibarlı məxəz kimi dəyərləndiriblər.
Tədbir bədii hissə ilə davam edib. Muzeyin könüllüsü Pərvin Niftəliyeva tədbir iştirakçıları üçün Abdulla Şaiqin "Köç” hekayəsindən "Məşğələlərim” parçasını səsləndirib.
Sonda Baba Babayev tədbirin təşkilatçılarına
və iştirakçılarına minnətdarlığını
bildirib.
Kaspi 2018.- 20-22 oktyabr.- S.9.