Azərbaycanın texnoloji
inkişafının əyani təsdiqi
Sofiyanın
ölkəmizə səfəri gənc sahibkarlar,
startapçılar, elm adamları üçün yeni
motivasiya mənbəyi rolunu oynayır
Elmi-texniki tərəqqinin ən son nailiyyətlərinə əsaslanmaqla müasir informasiya texnologiyalarının sürətlə inkişaf etdirilməsi dövlətimizin qarşısında duran prioritet vəzifələrdən biridir. Vaxtilə ulu öndər Heydər Əliyevin imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə (2003-2012-ci illər) Milli Strategiya” müasir informasiya texnologiyalarının Azərbaycanda tətbiqi sahəsində prioritet vəzifələri müəyyənləşdirib. Prezident İlham Əliyev də respublikamızda İKT-nin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşıb. Ölkədə İKT-nin sürətli inkişafı ilə bağlı mühüm fərman və sərəncamlar imzalanıb. Dövlət başçısının 2005-ci il 22 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (ElektronAzərbaycan)”, eləcə də "Xüsusi iqtisadi zonaların yaradılması haqqında” 2007-ci il 6 mart tarixli fərmanı ölkədə İKT sektorunun inkişafına münbit şərait yaradıb.
Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2008-ci il 11 avqust tarixli sərəncamı da bu sahədə həyata keçirilən dövlət siyasətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına səbəb olub. Ölkə başçısının 29 dekabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası isə respublikanın uzunmüddətli inkişafını təmin edəcək strateji əhəmiyyətli sənəd olaraq, informasiyalı cəmiyyətin qurulması üçün İKT-nin tətbiqinin genişləndirilməsini önə çəkib. Konsepsiyada 2020-ci ilədək İKT və rabitə xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi, informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi istiqamətində etibarlı təhlükəsizlik sisteminin yaradılması, milli standartların formalaşdırılması, ölkə üzrə tam rəqəmsal yayımın tətbiq olunması və analoq yayımın dayandırılması, eləcə də "e-dövlət” xidmətlərinin 100 faiz tətbiqi başlıca vəzifə kimi qarşıya qoyulub.
Sevindirici haldır ki, məhz bu konsepsiyada nəzərdə tutulan tədbirlərin böyük bir hissəsi uğurla həyata keçirilib, İKT sahəsində nəzərəçarpacaq nailiyyətlər əldə edilib. Son beş il ərzində Azərbaycanın orbitə 3 peyk çıxara bilməsini də belə nailiyyətlərdən biri hesab etmək olar. Qeyd edək ki, 8 fevral 2013-ci ildə "Azerspace 1” telekommunikasiya peyki, 2014-cu ilin iyun ayında Azərbaycanın ilk yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki "Azersky”, 2018-ci il sentyabrın 26-da isə "Azerspace 2” peyki orbitə buraxılıb. "Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edir. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edir. Yeni peyk "Azərkosmos”un xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı, həm də birinci telekommunikasiya peyki - "Azerspace-1” peykinin orbitdəki ehtiyatı da sayılır. Bu da öz növbəsində "Azərkosmos”a bu günədək ehtiyat peykin olmaması səbəbindən iştirak edə bilmədiyi irihəcmli beynəlxalq tenderlərdə iştirak etmək imkanı yaradır. Bir sözlə, "Azerspace-2” kifayət qədər mühafizəkar və yüksək rəqabətli peyk xidmətləri bazarındakı dəyər təklifini və mövqeyini gücləndirir. Sevindirici haldır ki, "Azerspace-2” peyki hələ orbitə buraxılmamış artıq onun tutumlarının 46 faizi dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan "İntelsat”a satılıb. Bu, müqavilə üzrə ödənişlər layihə dəyəri və maliyyələşmə xərclərinin 60 faizinin geri qaytarılmasını təmin edir. Peykin qalan tutumlarının satışı ilə əlaqədar digər ölkələrlə aktiv biznes danışıqları da aparılır. Ümumilikdə dəyəri 190 milyon ABŞ dolları olan "Azerspace-2” peykinin ölkə iqtisadiyyatına 400 milyon ABŞ dolları gəlir gətirəcəyi proqnozlaşdırılır. İqtisadi dvidentlərlə bərabər, bu peyklər Azərbaycanın təhlükəsizliyi baxımından da böyük önəm daşıyır.
Ümumilikdə bu peyklər sayəsində Azərbaycan dünyanın kosmik klubunun üzvünə çevrilib və kosmik sənayedə öz mövqelərini möhkəmləndirib. Hər üç peykin orbitə çıxarılması Azərbaycanın İKT sahəsində əldə etdiyi nailiyyətləri əyani sübutu olmaqla yanaşı, dövlətimizin gücünü, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurunu dünyaya nümayiş etdirib. Belə uğurlara daha bir nümunə kimi Azərbaycan brendi olaraq dünyada tanınan "ASAN” Xidmət Mərkəzlərinin fəaliyyətini də göstərmək olar. Ölkə vətəndaşlarına nümunəvi xidmət təqdim edilən ASAN mərkəzlərdə İKT-nin bütün yeniliklərindən, eləcə də innovativ yeniliklər istifadə edilir. Prezidenti İlham Əliyev İmişliyə səfəri çərçivəsində "ASAN Həyat” kompleksinin açılışında robot "Sofiya” ilə dialoqu və robotun söylədikləri də buna misaldır.
Məlumat üçün qeyd edək ki, "Sofiya” dünyada ilk süni intellektli humanoid robotdur. Bu robot 2015-ci ildə "Hanson Robotiks” şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirməsidir. "Sofiya” bu günə qədər dünyada bir çox məşhur simalarla görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramlarında və teledebatlarda iştirak edib. Sofiya BMT-nin İnkişaf Proqramı (BMT İP) tərəfindən dünyanın birinci Birləşmiş Millətlər İnnovasiya Çempionu adına layiq görülüb. O, davamlı inkişafı təşviq etmək və insan hüquqları və bərabərliyini təmin etmək üçün BMT İP ilə əməkdaşlıq edir. Sofiya davamlı olaraq dünyanı gəzir və müxtəlif böyük həcmli beynəlxalq tədbirlərdə çıxışlar edir. Bu robot dünya mətbuatı tərəfindən yaxından izlənilir və davamlı olaraq yüksək səviyyəli media proqramlarda və müsahibələrdə iştirak edir. Gələcək səfərlərində Sofiyanın Azərbaycana bir daha səfər edəcəyi istisna olunmur.
Hanson Robotics-in verdiyi məlumata əsasən, Sofiya-nın potensial media əhatəsi milyardlarla insan səviyyəsində ölçülür. Bu humanoid robotun Azərbaycan haqqında dediyi yüksək fikirlər dünyada ölkəmizin yüksək imicə malik olduğunu bir daha təsdiqləyir. Sofiya BMT baş katibinin müavini Amina Jane Mohammed, məşhur biznesmen İlon Mask və başqa məşhur şəxslərlə mükalimələrə girib və bu, dünyada böyük maraq doğurub. Sofiyanın Azərbaycanda apardığı dialoq da dünya mətbuatının diqqətini cəlb edib. Onun Bakıda deyil, məhz İmişlidə təqdim olunması isə dünyaya həm də Azərbaycanın regionlarının yüksək inkişaf səviyyəsini göstərib.
Əminliklə demək olar ki, Sofiyanın Azərbaycana səfər etməsi gənc sahibkarlar, startapçılar, elm adamları və ideya müəllifləri üçün yeni motivasiya mənbəyi rolunu oynayır. Bundan başqa, Sofiyanın ölkə başçısının təşəbbüsü ilə yaradılan ASAN brendi haqqında dediyi xoş sözlər və ASAN-ın binasının açılışında iştirak etməsi heç də təsadüfi deyil. Çünki ASAN da cənab prezidentin təşəbbüsü və liderliyi ilə yaradılan mühüm innovativ layihədir. ASAN və Sofiya - hər ikisi BMT-nin mükafatlarını alıblar. Sofiyanın "Azərbaycan dilini yeni öyrənməyə başlamışam...” ifadəsi isə onu göstərir ki, gələcəkdə bu robotun proqram təminatında Azərbaycan dili də yer tuta bilər. Ən nəhayət, Sofiyanın "Ölkənizin gənc olmasına baxmayaraq, o, dünya miqyasında böyük layihələr həyata keçirir, yüksək texnologiyaların inkişafına töhfə verir” fikri Azərbaycan haqqında qlobal miqyasda formalaşan müsbət rəyin göstəricisidir.
F.Qəhrəmanlı
Kaspi 2018.-25 oktyabr.- S.4.