Ədliyyə sisteminin yüz
illik yolu
Bu sahədə
yenidən islahatların aparılması ümummilli lider Heydər
Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf
edir
XX əsrin əvvəllərində dünyada
baş verən ictimai-siyasi hadisələrin fonunda yaranan şərait
olduqca ağır məşəqqətlərlə
müşahidə olunub. Bir yanda böyük güclər, digər
yanda isə millətlərin istiqlal savaşı uğrunda
mücadiləsi dayanırdı. Nəticədə
dünyanın siyasi xəritəsində yeni mənzərə
yaranmağa başlamışdı. Osmanlı dövləti
kimi böyük bir imperiya süquta uğramış, Rusiya
imperiyasının sərhədləri daxilində xalqların
azadlığı uğrunda mübarizəsi geniş vüsət
almışdı. Belə bir şəraitdə Qafqazdakı
hadisələr də yeni dövlətlərin yaranmasına
şərait yaratmışdı. 1918-ci ildə Qafqazda Azərbaycan,
Gürcüstan, Ermənistan Respublikalarının meydana gəlməsi
artıq reallığa çevrilmişdi.
Xalqımız çoxəsrlik dövlətçilik
ənənələrinə
malikdir. Ən qədim sivilizasiyaların Azərbaycan ərazisində
mövcudluğu sirr deyil. Manna, Midiya , Atropatena, Albaniya kimi qədim
dövlətlər xalqımızın tarixi ilə sıx
bağlıdır. Albaniyadan sonra Xilafət dövrü , Cacilər,
Salarilər, Şirvanşahlar dövlətləri, bunun
davamı olaraq Qaraqoyunlu, Ağqoyunlu dövlətləri və
ən güclü Azərbaycan dövləti kimi tariximizdə
yer almış Səfəvi xanədanlığı bir xalq kimi dövlətçilik ənənələrinə
sahib olmağımızın bariz sübutudur. Səfəvilərin
hakimiyyətindən sonra mövcud xanlıqlar dövrü isə
böyük gücə çevrilən Rusiya və İrana
qarşı müqaviməti təşkil eləməyə
imkan vermədi. Nəticədə Gülüstan və
Türkmənçay müqavilələri dövlətçiliyimizin
itirilməsinə gətirib çıxartdı. Ancaq buna
baxmayaraq, xalqımızın ruhundakı azadlıq istəyi, əyilməzliyi,
qəhrəmanlığı sayəsində az keçmədi
ki, yenidən müstəqilliyimizə və dövlətçiliyimizə
qovuşduq.
Əsrin əvvəllərində
babalarımızın qurduğu AXC-nin yaranmasına müxtəlif
aspektlərdən yanaşsaq, onlardan birincisi təhsilli və
ziyalı vətənpərvər nəslin yetişməsidir.
Çar Rusiyası dövründə ucqarlarda məktəblərin
açılması, Azərbaycandan, canişinlik mərkəzi
Tiflisə və imperiyanın paytaxtı Sankt-Peterburqa azərbaycanlı
uşaqların göndərilməsi milli davamızın əbəs
yerə getmədiyinə səbəb oldu. Formalaşan siyasətçilərimiz
, hüquqşünaslarımız,
iqtisadçılarımız millətə layiq bir dövlət
qurmaqla, böyük dövlətlərin diplomatları və
başçıları ilə yüksək mədəniyyətə,
zəkaya məxsusluqla danışıqlar aparmağı, Azərbaycanı
təmsil etməyi bacardılar. Bu gün keçmişə,
tarixə baxanda babalarımızın gördüyü
işlərə görə qürur hissi keçiririk.
Əsrin əvvəllərində Azərbaycanda da siyasi vəziyyət olduqca ağır idi. Böyük güclər Qafqazı oda qalamışdılar. Təbii ki, Qafqazda əsas böyük xalq olduğunu qeyd etməklə, deməliyik ki, ermənilərin iştirakı ilə törədilən dəhşətli hadisələrin əsas qurbanları məhz azərbaycanlılar olmuşdular. O dövrdə Gürcüstan ərazisi gürcülərə məxsus olduğu halda, Ermənistanda belə vəziyyət mövcud deyildi. Ermənilərin sayı azərbaycanlılardan qat-qat az idi. 100 faiz əhalinin 70 faizini azərbaycanlılar, 30 faizini ermənilər təşkil edirdi. Ərazi, feodal dövlət quruluşuna məxsus olan İrəvan xanlığından sonra Rusiya tərəfindən ilhaq edilib, imperiya sərhədlərinə qatılsa və burada xanlığı quberniya əvəz eləsə də, erməni dövləti məhz 1918-ci ildə Azərbaycanla Gürcüstanın müstəqilliklərini bəyan eləməsi nəticəsində yarandı.
Belə bir şəraitdə, 28 may 1918-ci ildə
Azərbaycandan kənarda, qonşu Gürcüstanda AXC elan
olundu. Təbii ki, həmin dövrdə Azərbaycan ərazisində
ictimai-siyasi vəziyyət ağır idi. Bolşevik-daşnak
ünsürlər Bakıda və digər şəhərlərdə
xalqımıza qarşı qanlı qırğınlar
törədirdilər. O vaxta qədər Rusiyanın bir əyaləti
kimi yanaşılan Azərbaycan özünümüdafiə
imkanlarına malik deyildi. Bir sözlə, babalarımız
dövlətimizi yaradana, onu möhkəmləndirənə qədər,
milli təhlükəsizliyimiz indiki qədər etibarlı
deyildi. Xülasə, AXC elan olunanda ilk atdığı
addım demokratik dövlət yaratmaq oldu. Bu isə Şərqdə
ilk demokratik dövlətin qurulması demək idi. Avropa
ölkələrində qadınlara seçib-seçilmək
hüququ verilmədiyi halda, AXC seçkilərdə qadınların
iştirakını təmin etdi. Bütün bunlar AXC-nin
qanunların yaradılması, hüququ dövlətin
qurması istiqamətində gördüyü işlərin
prioritet təşkil etdiyini göstərir. AXC elan olunarkən yaradılan ilk hökumətin tərkibində
Ədliyyə Nazirliyinin təsis olunması, hüquqi
islahatlara çox önəm verildiyinin təzahürüdür.
Odur ki, şanlı tariximizə nəzər yetirməklə,
Ədliyyə Nazirliyinin keçdiyi yolu bir daha yada salaq.
Nazirlik 1918-ci il, mayın 28-də Azərbaycan
Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə
yaradılmışdı. Fətəli xan Xoyskinin Tiflisdə
təşkil etdiyi 1-ci hökumət kabinəsində ilk ədliyyə
naziri Xəlil bəy Xasməmmədov olmuşdur. Həmin il
iyunun 17-də Fətəli xan Xoyski tərəfindən Gəncədə
təşkil olunmuş 2-ci Hökumət kabinəsində
özü Nazirlər Şurasının sədri vəzifəsi
ilə yanaşı, ədliyyə naziri vəzifəsini də
icra etmişdir. 1918-ci il iyunun 27-də keçmiş Tiflis məhkəmə
palatasının üzvü Teymur bəy Makinski nazirin
müavini təyin olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti
Parlamenti fəaliyyətə başladıqdan (1918, dekabr) sonra
F.X.Xoyskinin dekabrın 26-da təşkil etdiyi 3-cü Hökumət
kabinəsində ədliyyə naziri vəzifəsi boş
qaldı və 1919-cu il aprelin 14-də Nəsib bəy Yusifbəyli
yeni Hökumət təşkil edənə qədər həmin
vəzifənin icrası T.Makinskiyə
tapşırıldı. N.Yusifbəylinin təşkil etdiyi
Cümhuriyyətin 4-cü Hökumət kabinəsində bu vəzifəni
sosialist Aslan bəy Səfikürdski tutdu. N.Yusifbəylinin təşkil
etdiyi 5-ci Hökumət kabinəsində isə ədliyyə
naziri vəzifəsi X.Xasməmmədova həvalə olundu.
Yarandığı ilk günlərdə
Ədliyyə Nazirliyinin ştatı yalnız nazirdən ibarət
idi. Gəncəyə köçdükdən sonra isə
Cümhuriyyət Hökumətinin 1918-ci il 26 və 30 iyun
tarixli qərarları ilə nazir müavini ştatı verilməklə,
nazirliyin idarə strukturu, dəftərxanası
yaradıldı. Həmin ilin sentyabrın 15-də Bakı
Qafqaz İslam Ordusu tərəfindən azad edildikdən sonra
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti sentyabrın
17-də Bakıya köçdü. Ədliyyə Nazirliyi
sentyabrın 26-dan Bakıda fəaliyyətə başladı.
Noyabrın 22-də nazirliyə yeni ştat vahidləri - dəftərxanasına
5 nəfər kargüzar və 8 nəfər dəftərxana
xidmətçisi ştatı verildi, bu struktura direktor və
direktor müavini təyin olundu. 1919-cu il avqustun 11-də
Hökumətin qərarı ilə Ədliyyə Nazirliyi
sistemində həbsxana işləri şöbəsi də
yaradıldı. Cümhuriyyət Parlamentində qəbul olunan
qanun layihələrinin əksəriyyətinə Ədliyyə
Nazirliyində baxıldığından, 1919-cu il noyabrın
28-də nazirliyin ştatını artırmaq barədə
qanun layihəsi hazırlanıb, Parlamentin müzakirəsinə
təqdim olundu. Layihə üzrə qəbul edilmiş qanuna əsasən,
Ədliyyə Nazirliyi sistemində tərcüməçilər,
hüquq məsləhətxanası şöbələri və
mühasiblik yaradılır. Ədliyyə Nazirliyi ilk günlərdən
ölkədə anarxiya zamanı dağıdılmış
məhkəmə aparatı sistemini, birinci növbədə,
Bakı və Gəncə dairə məhkəmələrinin
və onların yanındakı prokuror nəzarətinin, habelə
yerlərdə barışıq məhkəmələrinin fəaliyyətini
bərpa etməyə başladı. Fəaliyyətinin birinci
ilində nazirlikdə şəxsi heyət üzrə 272 nəfər
işə təyin edilmiş, 153 nəfər işdən azad
olunmuş, 20 nəfər isə müxtəlif vəzifələrə
keçirilmişdi.
1918-ci il, oktyabrın 9-da Fövqəladə Təhqiqat
Komissiyası Ədliyyə Nazirliyinin sərəncamına
verildi. Məhkəmə sahəsində işlərin bərpa
olunması ilə əlaqədar, Ədliyyə Nazirliyi Məhkəmə
Palatasının yaradılması barədə məsələ
qaldırdı. Noyabrın 14-də Azərbaycan Xalq Cümhuriyyəti
Hökuməti Ədliyyə Nazirliyi tərəfindən
hazırlanmış Azərbaycan Məhkəmə
Palatasının Əsasnaməsini təsdiq etdi. 1919-cu il,
mayın 21-də nazirlik ayrı-ayrı idarələrdə vəzifədən
sui-istifadə hallarının və xidməti cinayətlərin
təhqiqi ilə əlaqədar xüsusi Təftiş-İstintaq
Komissiyasının yaradılması barədə qanun layihəsini
Parlamentə təqdim etdi. İyulun 27-də Parlament həmin
layihə əsasında qanun qəbul etdi. Qısa müddətli
fəaliyyəti dövründə Ədliyyə Nazirliyi
ölkədə hüquq mühafizə orqanlarının təşkili
ilə yanaşı, hüquq mühafizəsi, qanunvericilik,
normativ aktların hazırlanması və tətbiqi sahəsində
də böyük iş gördü. 1920-ci il, aprelin 27-də
Azərbaycan Sovet Rusiyası tərəfindən işğal
edildikdən sonra Ədliyyə Nazirliyi də fəaliyyəti
dayandırdı.
SSRİ dövründə Ədliyyə
Nazirliyinin funksiyaları azaldılaraq, səlahiyyətləri
digər dövlət qurumları arasında
bölüşdürüldüyündən, adı çəkilən
nazirlik, demək olar ki, əhəmiyyətini itirmişdi.
Ədliyyə Nazirliyinin yenidən
yaradılması ümummilli lider Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə
ki, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 27 oktyabr,
1970-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi təsis
edilmiş, bununla da Azərbaycanın ədliyyə tarixində
yeni mərhələ başlanmışdır. Ədliyyə
Nazirliyi məhkəmə orqanlarına təşkilati rəhbərliyi
həyata keçirmiş, əhaliyə hüquqi
yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin
və məhkəmə ekspertizalarının
aparılmasını təmin etmiş, ümumiyyətlə, ədliyyə
işi təkmilləşdirilərək, onun gələcək
inkişafı üçün əlverişli zəmin
yaranmışdır.
Ümummilli lider Heydər Əliyevdən sonra,
onun layiqli davamçısı, Prezidentimiz cənab İlham
Əliyevin davam etdirdiyi ədliyyə
islahatları ölkəmizin inkişafı, ədalətin təmin
edilməsi yolunda müstəsna əhəmiyyət kəsb
etdi. Məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi,
vətəndaşlarımızın hüquqlarının
qorunması, ədalətin təmin olunması yönündə
aparılan siyasət özünü doğrultmaqdadır. Məhkəmə
islahatının tərkib hissəsi olan İnzibati-İqtisadi
Məhkəmənin yaradılması da bu qəbildən həyata
keçirilən tədbirlərdəndir. İndi vətəndaşlar
hüquqlarının məhkəmələr yolu ilə təmin
olunmasını daha rahat təmin etmiş olurlar.
Ədliyyə naziri cənab Fikrət Məmmədovun
rəhbərliyi altında islahatlar bundan sonra da davam etdiriləcək.
Bizim buna zərrə qədər də şübhəmiz yoxdur.
Şərqdə ilk dəfə demokratik respublika qurduğumuz
kimi, ədliyyəmizin də dünyanın ən qabaqcıl
ölkələri ilə müqayisə olunacağına
inanırıq.
Bərdə rayon
qeydiyyat
şöbəsinin
rəis əvəzi Nəriman İsmayılov,
Kaspi 2018.-25 oktyabr.-S.6.