Niyə həmişə yox,
ancaq yubileydən yubileyə?
Kitabı yaradan
müəllif, müəllifin taleyini yaradan isə cəmiyyətdir
"Yaşadığımız binanın
altında (Biləcəridə) Hüseyn Cavid adına kitabxana
fəaliyyət göstərir. Məni həmin kitabxanaya dəvət
etmişdilər. Mərhum Xalq yazıçısı İsa
Muğanna (Hüseynov) ilə bağlı tədbir
keçirilirdi. Bu il ölkəmizdə
yazıçının 90 illiyi qeyd olunur. Getdim,
çıxış da etdim. Tədbirdə
yazıçının oxucuları da iştirak edirdi.
Şükür, bizdə hələ ədəbiyyatı sevən
adamlar qalmaqdadır”. Yazıçı dramaturq Firuz
Mustafanın "Facebook” səhifəsində
paylaşdığı bu status "nə ucun ədəbiyyat
adamlarını daha çox yubileydən yubileyə
xatırlayırlar, ayrı vaxt onlarla bağlı
görüşlər, tədbirlər keçirmirlər”
sualını "Kaspi”nin "Müzakirə”si
üçün aktual etdi.
"Rəsmilər”ə aid
Sualımızı da elə öncə Firuz
Mustafaya ünvanladıq: "Prezident bu yubileylə
bağlı 1-2 ay əvvəl sərəncam verib. Bizim
xalqımızın əksər nümayəndələri
aşağıda oturub, yuxarıdan göstəriş gəlməsini
gözləyir. Bu, əlbəttə "rəsmilər”ə
aiddir. Adi oxucu isə göstərişsiz də mütaliə
edir, oxuyur. Səbəb budur. Vəssalam”.
Mənəvi dəyərlərə zidd
"Doğrudan da əksər ədəbiyyat
adamlarını, ümumiyyətlə, yaradıcı
adamları yalnız yubileylərdə yada salırlar” deyən
yazıçı-tərcüməçi Nəriman
Əbdülrəhmanlı bu müşahidənin həqiqət
olduğuna təəssüfləndiyini bildirdi: "Bir daha təəssüf
ki, bu "xalaxətir” diqqət də hamının yox,
yalnız müəyyən qisim adamların payına
düşür. Ədəbiyyatımızda elə ləyaqətli
simalar var ki, heç yubileylərində də
xatırlanmırlar. Məsələn, bir neçə il əvvəl
İsa İsmayılzadənin, Tofiq Abdinin, Eyvaz
Borçalının 75 yaşı tamam oldu, mətbuatda
bir-iki yazıdan başqa kimsə onları xatırlamadı.
Ancaq imkanları, havadarları olanların az qalırlar hər
il yubileylərini keçirsinlər. Bu, əlbəttə, mənəvi
dəyərlərə zidd olan hallardır”.
İnformasiya cəmiyyətinin günahı
"Mirzə Fətəli Axundovun, Həsən
bəy Zərdabinin, Mirzə Cəlilin, Hüseyn Cavidin, Mirzə
Ələkbər Sabirin və yüzlərlə dərin zəka
sahiblərinin arxasında dövlət dayanmasaydı, onlara
diqqət və qayğı göstərilməsəydi, cəmiyyət
onları bəlkə də çoxdan unutmuşdu. Acı da
olsa, həqiqətdir” deyən yazıçı-tərçüməçi
Kamran Nəzirli hesab edir ki, ədəbiyyat adamlarına bu
cür münasibətin səbəbləri çoxdur:
"Deyəcəklərimin mövzu ilə birbaşa əlaqəsi
olmasa da, dolayısı ilə çox
bağlılığı var, hətta deyərdim, daha
çox. Hüqodan bir sitat gətirmək istəyirəm:
kitabı yaradan müəllif, müəllifin taleyini yaradan isə
cəmiyyətdir. Bu və ya digər mənada, cəmiyyətdən
çox şey asılıdır. Bizim kəskin oxucu
problemimiz olduğu kimi, tamaşaçı, dinləyici
problemimiz də var. İnsanlar tədbirlərə, xüsusilə
teatrlara, yaradıcı adamlarla görüşlərə,
yazıçı və şairlərlə canlı təmaslara
az maraqlıdır. Ümumiyyətlə, dünyada da bu problem
var, amma keçmiş sovet respublikalarının əksəriyyəti
üçün daha çox xarakterikdir, o cümlədən,
bizim üçün də. Bunun da səbəbləri
çoxdur”.
Yazıçı keçən günləri ədəbiyyata
verilən dəyər kimi xatırlayır: "Mənim
yaşıdlarımın əksəriyyətinin yadında
olar: yetmişinci illərdə Azərbaycanda çox
maraqlı, həm də faydalı bir ənənə vardı
- şəhər və rayonlarımızda tez-tez ədəbi
görüşlər keçirilərdi, yazıçı və
şairlərimiz camaatla birbaşa təmasda olar, onlara öz
kitablarını hədiyyə edərdilər. Bundan başqa,
kitab günləri, bayramları, ədəbiyyat və incəsənət
günləri keçirilərdi. Hətta bu ənənənin
Azərbaycandakı təşəbbüskarı və
yaradıcısı ulu öndərimiz Heydər Əliyev rayon
və şəhərlərə gedəndə ədəbiyyat
və incəsənət adamlarını da aparardı, onlara
sağlığında da, ölümündən sonra da
xüsusi diqqət göstərilməsini tələb edərdi.
Ulu öndər özü nümunə göstərirdi,
bununla da şəhər və rayonların katiblərinə,
rəhbərlərinə bildirirdi ki, siz xalqın
işıqlı zəka sahiblərinə, elm, mədəniyyət,
ədəbiyyat adamlarına xüsusi diqqət göstərməlisiniz,
çünki bu xalqı, bu cəmiyyəti maarifləndirən,
onu dünya mədəni ailəsinə qovuşduran, dünya
mədəniyyəti ilə milli mədəniyyət
arasında körpü yaradan məhz bu adamlardır. Məncə,
yaxın keçmişimizin müsbət təcrübəsindən
yararlanmaq lazımdır”.
K.Nəzirli məsələyə daha geniş
aspektdən yanaşmağa çalışır:
"Müasir texnoloji inqilablar insanın həyat-ölüm
mübarizəsində ona lazım olan əsl diqqət və təminatı
verə bilirmi? İnsan ətraf aləmdən təcrid olunmur
ki? Reallıq qorxulu vədlər verir. Kompüter, internet,
telekommunikasiya sistemləri insanı robotlaşdıra bilər.
Əlbəttə, bu fikrimə qarşı çıxanlar da
ola bilər. Və deyə bilərsiniz ki, bunun mövzu ilə
nə əlaqəsi var? Məncə, var. Bəri başdan
deyim ki, bunlar təbii inkişafın amilləri olsa da,
insanı, daha geniş götürsək, cəmiyyəti tənbəlləşdirir,
kütləşdirir, onun fəal və canlı
tamasalarını, ünsiyyətlərini sükunətə, ətalətə
qərq edir, hətta bu sükunətli "sms
danışıqları" şifahi nitqi belə
öldürür, görürsən, uşaqların, tələbələrin,
xüsusilə gənclərin əksəriyyətinin nəinki
yazı savadı, heç nitq mədəniyyəti, cümlə
qurmaq, ifadə etmək, incələmək qabiliyyəti də
korşalır, onda texnoloji vasitələrə
kortəbii, ya da elə təbii aludəçilik yaradır. Nəticədə
həm də o baş verir ki, onun duyğu və hissləri
ölür, laqeydləşir, qəddarlaşır,
azğınlaşır, nəhayət, robotlaşır. Buna
görə də, bizim bəh-bəhlə dediyimiz
"informasiyalı cəmiyyət"i formalaşdıran və
təkmilləşdirən alətlər - kompüterlər,
sosial şəbəkələr, telefonlar həm də təhlükə
mənbəyinə çevrilməkdədir. Məncə,
onların kütləvi istehsalını azaltmaq, minimuma endirmək
lazım... Əlbəttə, belə bir şirnikləndirici
aludəçilik vasitələri, özü də sənin
evinin içində olursa, insan ədəbiyyat adamının
yubiley tədbirinə gələrmi heç? Yaxud
yazıçı, şair, alimlə canlı təmas
qurmağa can atarmı? Sizin qaldırdığınız məsələnin
bir tərəfi də məncə, budur. İnsanın sosial-mədəni
həyatı ilə onun mənəvi-əxlaqi dəyərləri
arasında məsafələr qısalmaq əvəzinə,
daha da uzanır. Bəlkə elə buna görədir ki,
şüurlarda və psixikalarda pozuntular çoxalır”.
Yazıçı hesab edir ki, canlı tədbirlər tez-tez
keçirilməlidir: "Televiziya kanallarında, radio
dalğalarında, teatr səhnələrində, mədəniyyət
saraylarında, kitabxana salonlarında ədəbiyyat
adamlarının nəinki yubiley tədbirlərini keçirmək,
onlarla xalqın, ictimaiyyət nümayəndələrinin
görüşlərini intensiv şəkildə təmin etmək
lazımdır”. Tarixən Azərbaycanda
elm, mədəniyyət, ədəbiyyat, incəsənətin
böyük inkişaf yolu keçdiyini və keçməkdə
olduğunu deyən yazıçının fikrincə, bu
yolda süni əngəllər törədən amilləri
aradan qaldıra bilsək, sözün həqiqi mənasında
daha varlı xalq ola bilərik: "Sonda bir sitat da Ayzek
Əzimovdan gətirmək istərdim (yeri gəlmişkən,
"Mət Robotam", "Həyat və Zaman",
"Allahların intiqamı" və s. kimi məşhur
elmi-fantastik romanlar müəllifi Əzimov 1920-ci ildə
Belarusun Petroviçi kəndində doğulub, üç
yaşında ABŞ-a köçən
yazıçının valideynləri bizim Quba
rayonundandır, dağ yəhudilərindən olub): "Robot,
bizim üçün çox qiymətli olan insanla müqayisəyə
belə gələ bilməz, qətiyyən gələ bilməz!
Biz robota gözəl hiss və duyğuları, estetikanı və
dini-mənəvi dəyərləri yeridə bilmərik!...
Elmə məlum olmayan anlaşılmaz hadisələr hələ
də çoxdur. Gözəllik, sevgi, xeyirxahlıq, sənət,
incəsənət nədir axı? Biz əbədi olaraq bu sahələrin
anlaşılmaz sərhədlərində vurnuxuruq,
axtarırıq, anlamağa çalışırıq, amma
biz beynimizin əslində nədən
qaynaqlandığını, ya da qidalandığını
axıradək anlamırıq... Bizi insan edən də məhz
elə budur!”
Bizdə həmişə gözləyirlər
ki...
Yazıçı-dramaturq Seyran Səxavət
Yazıçılar Birliyi səviyyəsində yubileylərin
tez-tez qeyd edildiyini deyir: «Hesab edirəm ki, ədəbiyyat
adamlarına birlik tərəfindən diqqətin göstərilməsi
mühüm amildir». Yazıçının fikrincə, ədəbiyyat
adamlarının yubileylərinin hər hansı təşkilatlarda
və ya müəyyən dairələrdə qeyd olunması
üçün heç də xüsusi göstərişlər
gözləmək lazım deyil: «Ancaq bizdə həmişə
gözləyirlər ki, ölkə
başçısının sərəncamı olsun və
ondan sonra hansısa ədəbiyyat adamının yubileyini qeyd
etməyə başlasınlar. Əslində isə belə
olmamalıdır. Cəmiyyətin sevdiyi yazıçı və
şairlərə elə cəmiyyətin özü də
diqqət göstərməlidir. Bizdə isə münasibət
fərqlidir. Yalnız dövlətin və hökumətin diqqət
göstərdiyi insanlara cəmiyyət də diqqət göstərir.
Azərbaycanda ədəbiyyatın ağırlığı
çiynində olan insanlar həmişə olub və bu
gün də var. Onların bəziləri dünyadan
köçüb. Bəziləri ümumiyyətlə, yada
düşmürlər, yubileyləri keçirilmir. Buna
yalnız təəssüf etmək olar».
Təranə Məhərrəmova
Kaspi.-2018.-27-29 oktyabr.-S.10.