Ceyhun Dadaşov: Mənim
yaradıcılığımı əlimdən almaq
mümkün deyil
Müsahibimiz Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin müəllimi, Rebus teatrının
yaradıcısı və rəhbəri, aktyor və rejissor
Ceyhun Dadaşovdur.
-Özünüz
haqqında qısa məlumat verin.
-Ceyhun Dadaşov, 1983-cü ildə Sumqayıt
şəhərində anadan olmuşam. Elə orada da orta məktəbi
bitirmişəm. Demək olar ki, incəsənətin
bütün sahələrində özümü
sınamışam. Yadımdadır, hələ ikinci sinifdə
oxuyarkən özəl kukla teatrında çıxış
edirdim. 2001-ci ildə Mədəniyyət və İncəsənət
Universitetinin teatr rejissorluğu fakültəsinə qəbul
olmuş, 2004-2006-ci illərdə rejissorluq üzrə magistr təhsilimi
başa vurmuşam. Tələbə vaxtlarımdan Pantomim
teatrında çalışmışam. Arada Sumqayıtda
dram dərnəyində də işləmişəm. 14 ildən
sonra Pantomim teatrından ayrılıb özəl
teatrımı yaratmışam.
-Pedaqoq, rejissor,
aktyor, bunları bir arada tənzimləmək çətin
olmur ki?
-Rejissor olanda aktyor olmaq vacib hala çevrilir.
Aktyor kimi rejissor olmaya bilərəm, ancaq rejissor kimi aktyor olmaq
mütləqdir. Çünki aktyorun nə istədiyini, nə
hiss etdiyini bilməliyəm. Pedaqoqluq isə tamam başqa sahədir.
Möhtəşəm rejissorlar var ki, pedaqoq deyil, yaxud da əksinə.
Bu normaldır. O ki qaldı tənzimləməyə, əgər
istək varsa, mümkündür.
-Bəs, bu fəaliyyət
sahələrindən hansı ruhunuza daha yaxındır?
-Açığı deyim, bu barədə
çox fikirləşməmişəm. Tək pedaqoji fəaliyyətlə
məşğul olmaq istəmirəm. Çünki səhnədən
uzaq qala bilmirəm. Rejissorluq və aktyorluq – bunları
ayırmaq mənimçün çətindir. Təhtəlşüurda
biri digərindən mütləq çox sevilir. Amma bilirəm
ki, hansını seçsəm, fikrim o birində qalacaq (red.
gülür).
-Uzun illər
Pantomim teatrında həm aktyor, həm də rejissor kimi
çalışmısınız. Bəs, nə baş verdi
ki teatrdan ayrılmaq qərarına gəldiniz?
-Bəzən nəyisə dəyişmək
ehtiyacı duyursan. Yaradıcı tərəfdən nailiyyətlərə
əl atmaq üçün uğurlu da olsan, uzun müddət
bir yerdə qaldıqca eyni müstəvidə davam etdiyini
görəcəksən. Başqa mərhələyə
keçmək üçün nələrdənsə əl
çəkmək lazımdır. Orada bizim hər problemimizi Bəxtiyar
müəllim (Bəxtiyar Xanızadə - red.) həll edirdi.
Teatrımız, məşq etməyə yerimiz, həmçinin
məvacibimiz, bir sözlə, yaradıcılıq
üçün bütün şəraitimiz var idi. Amma son
zamanlar hiss etdim ki, nə isə çatışmır.
Başa düşdüm ki, mənə mübarizə
çatmır. Ordan imtina etdim, Elnur İsmayılzadə və
Əli Əlizadə ilə birgə yeni teatr yaratdıq.
İndi məşq etmək üçün də, tamaşa
qurandan sonra oynamaq üçün də məkan
axtarırıq. Beləliklə, mübarizə yarandı. Bəxtiyar
müəllimin bir sözü var: "Bir müəssisədə
iki nəfər eyni düşünürsə, biri mütləq
getməlidir. Yaxud iki nəfər fərqli
düşünürsə, onlardan biri yenə getməlidir”.
Bilirəm, bu sözümün ardınca dərhal belə bir
sual yarana bilər ki, mən hansıyam? Cavabında deyim ki,
bilmirəm hansıyam (red. gülür). Onun üçün
Pantomim teatrından ayrılmalıydım.
-Maraqlıdır, 21 tamaşada rol almısınız, 8 tamaşaya rejisorluq etmisiniz, 9 tamaşaya plastik həll vermisiniz, üstəgəl filmoqrafiya və elmi məqalələr. Düzünə qalsa, gənc sənətçi üçün bu qədər iş böyük nəticədir. Bununla belə, digər həmkarlarınızdan fərqli olaraq, diqqət mərkəzində deyilsiniz.
- Bu gün məşhur olmaq üçün
yeganə platforma var ki, bu da seriallardır. Bir serialın
üç seriyasına çəkilmək kifayət edər
ki, məşhur olasan. Mən bu haldan incimirəm. İllərlə
tanıdığım aktyorlar var ki, heç də məndən
nə çox, nə az tanınmır. Ona baxanda
düşünürəm ki, platforma başqa yerdədir.
Əgər məni sənətimə görə tanıyanlar
varsa, bu mənimçün daha rahat, daha özəldir.
-Özəl
demişkən, son illər özəl teatrların sayı
artır. Elə birini də siz yaratdınız - Rebus. Niyə
Rebus?
-Teatrın yaranması çox təsadüfi
oldu. Əvvəldən teatr yaratmaq fikrimiz olmayıb. İranda
meydan festivalı keçirilirdi və belə bir təklif gəldi
ki, dövlət teatrı istəmirik. Biz də qərara
aldıq ki, yeni teatr truppası yaradaq. Üç-dörd nəfər
birləşib bir tamaşa qurduq. Sonda düşündük,
bu truppanın adı olmalıdır. Və Rebus adını
seçdik. Niyə, çünki Rebus işarə və
simvollarla hansısa fikrin ifadə olunmasıdır. Bizim
tamaşalarda istəsək də, istəməsək də,
sözdən istifadə etsək də, işarə və
simvollar əsasdır. İşarələr oxunsun, fikir
çıxsın dedik və yaratdıq.
-Digər özəl teatrlarla müqayisədə sizin teatrınız o qədər də aktiv deyil.
-Bu günə qədər "Teserak”,
"Hamlet”, "Onlar hələ də gülürlər”,
"Mən və mən” kimi tamaşalarımız olub və
onlardan yalnız birini 2017-ci ildə Teatr Xadimləri
İttifaqında oynamışıq. Qalanlarını ancaq
festivallarda göstərmişik. Yəni iş elə gətirir
ki, tamaşalarımızı ancaq festivallarda oynamalı
oluruq. Belə deyək, gizli fəaliyyətimiz var
(gülür- red.). Bundan başqa özəl təşkilatlar
üçün də tamaşalar oynamışıq.
-Tamaşalar oynayanda, festivallara gedəndə mediada bu haqda məlumata rast gəlinmir .
-Bəli, tamamilə razıyam. Sizin həmkarlarınızı
da deyəcəm, hərdən mənə elə gəlir ki, mətbuatı
bu kimi məlumatlar maraqlandırmır. Bir aylıq yay məktəbinə
getdim, Azərbaycandan tək mən
düşmüşdüm, heç bir səs-soraq olmadı.
Şəkil belə paylaşmışdım. Artıq bu barədə
düşünmürəm. Fikirləşirəm ki, bu mətbuata
lazım deyil. Ona görə lazım deyil ki, ictimaiyyətə
lazım deyil.
-Dövlət tərəfindən
maliyyələşdirilən teatrlarda çətinlik olmur.
Ancaq özəl teatrlarda həmişə maddi problem
yaşanır. Siz necə, qorxmursunuz, bir gün
teatrınız bağlana bilər?
-Düşünürəm ki, bir gün teatrımız bağlana bilər, ancaq qorxmuram. Mən yalnız bircə şeyi bilirəm, bir sənətimi, teatr fəaliyyətimi, bir də dinimi-imanımı – bu ikisini Allahdan başqa heç kim mənim əlimdən ala bilməz. Mənim yaradıcılığımı əlimdən almaq mümkün deyil.
-Hazırda
teatrınızın fəaliyyəti necədir?
-Daimi olaraq bizim teatrda dörd aktyor var – Natəvan
Abbaslı, Əli Əlizadə, Elnur İsmayılzadə və
mən. Bəzən festivallar üçün tamaşalar
quranda əlavə olaraq bizə aktyorlar lazım olur. Bizimlə
həvəskar olaraq bir şagird işləyirdi, hazırda onu
əsgərliyə yola salmışıq. Tərcüməçilik
üzrə təhsil almış Arzu adlı bir xanım
vardı, "Hamlet” tamaşasında oynayırdı, çox
da istedadlı idi. Universitetimizdən tələbələr
var, Yunus var İrandan. Qısacası, kimi dəvət
etmişiksə, etiraz etməyiblər. Bilirlər ki,
yaradıcılıq işidir.
-Hazırda
teatrınızda hansı tamaşanın məşqləri
gedir?
-Bu dəqiqə iki tamaşanın məşqləri
gedir. Çoxları düşünür ki, Rebus Pantomim
teatrından çıxdığına görə ancaq
sözsüz tamaşalar olar. Bu belə deyil, bizim uşaq
tamaşamız olub. Sözlü, interaktiv tamaşa idi.
Hazırda üzərində işlədiyimiz əsərlərdən
biri "Müfəttiş”dir, digərini isə deməyəcəyəm.
Soruşsanız, deyəcəyəm, paxılam
(gülürük - red.). Çünki əsərin
adını kimsə eşidib, bizdən öncə
hazırlaya bilər. Moskvada gənc rejissorlarla söhbət əsnasında
deyilmiş bir əsərdir. Gəlib araşdırdım və
gördüm ki, doğrudan da, maraqlı əsərdir,
üç personajı var. Hazır olanda görərsiniz.
-Bir müddət öncə Gənc Tamaçılar Teatrından Səbinə Məmmədova ilə birlikdə Moskvada baş tutan təhsil proqramından qayıtdınız.
-Demək olar ki, hər il keçirilən
Artmiqrasiya festival-forumu idi. Proqram belədir, Rusiyada təhsil
alan tələbələr bölgə teatrlarına göndərilir
və orada tamaşalar hazırlayırlar. Festival-forum ərəfəsində
həmin teatrlar tamaşalarını gətirirlər.
Tamaşalara baxırıq, müzakirələr olur. Eyni
zamanda tamaşalar ərəfəsində ustad dərsləri
keçirilir. Bəxtimiz gətirdi ki, bu dəfə Meyerhold
haqqında mühazirələrdə iştirak etdik. Sonra
GİTİS-in (Dövlət Teatr Sənəti İnstitutu -
red) doktorantı olan bir xanımın səhnə hərəkəti
mövzusunda ustad dərsi oldu. Vaxtanqov teatrına 3 saat
yarımlıq ekskursiyamız baş tutdu. Deyilənə
görə, teatrı tam gəzə bilmədik. Bəxtim gətirdi
– Çexov festivalı ərəfəsində Yaponiyanın
Kabuki teatrının tamaşasına da baxa bildik. A.Efrosun
oğlu Krımovla görüşümüz oldu. Çox qəribə
dəsti-xətti olan bir rejissordur. Onun məşhur bir
tamaşası var - "İblis. Yuxarıdan
görünüş”. Dramatik sənətlər məktəbinin
səhnəsi Qlobus teatrının formasındadır,
tamaşaya yuxarıdan baxırsan. Məhz ona görə də
tamaşa belə adlanırdı. İyirmiyə yaxın
tamaşanı izləmək imkanımız oldu. Bir sözlə,
çox möhtəşəm təəssüratlarım var.
-Haqqında
danışdığınız bu iki tamaşa nə ilə
diqqətinizi cəlb etdi?
-Ümimiyyətləə, Şərq mədəniyyətini,
ələlxüsus da, Yaponiyanı çox sevirəm.
Yadımdadır, hələ tələbə ikən Aydın
Talıbzadə bizə Şərq teatrından, No, Kabuki
teatrlarından çox böyük maraq və həvəslə
danışırdı. O vaxtdan vurulmuşdum. Onların
tamaşasın izləyəndə qəribə həyəcan
keçirirdim. Hər dəfə baxanda
düşünürdüm, indi filankəs gələcək,
Aydın müəllimin dedikləri eynilə göstərilirdi.
Yapon teatrını onların dəqiqliyinə görə
sevirəm, özüm də dəqiq insanam deyə. Bəlkə
Pantomim teatrından getməyimə də bu səbəb oldu.
"İblis” tamaşası isə forma olaraq tam fərqli
olduğuna görə diqqətimi çəkmişdi.
-Özünüz
üçün nəyi öyrəndiniz?
-Moskva elə bir yerdir ki, nə isə öyrənməmək
mümkün deyil. Yaradıcı sərbəstliyi öyrənmişəm
ordan. Yaxşı mənada, aktyor həyasızlığını
gördüm və öyrəndim. Bu gün dünya
teatrları simvolikadan daha çox istifadə edir və zaman
ona doğru gedir.
-Asudə
vaxtlarınızda nə işlə məşğul olursunuz?
-Asudə vaxtlarımdakı məşğuliyyətim
də sənətə aiddir. Gitarada ifa edirəm, şeir
yazıram, hekayə yazıram, ümimiyyətlə, nə
edirəmsə edim, hamısı sənətə gəlir.
-Dövlət
Uşaq Filarmoniyasında da fəaliyyət göstərirsiniz.
Uşaqlarla işləmək necədir?
-Uşaqlarla iş prosesi çox çətindir.
Əvvəla, ona görə ki, onlar uşaqdırlar.
İkincisi, həvəskardırlar. Uşaq üçün
problem yoxdur, asudə vaxtını bu cür keçirir.
Kaprizlər çox olur, bəzən küsürlər.
Filarmoniyada beş yaşından yuxarı uşaqlarla işləyirəm.
Bir dəfə tamaşanın başlamasına beş dəqiqə
qalmış uşaqlardan biri səhnəyə
çıxmaqdan imtina etdi. İnanırsınız,
qarşısında diz çöküb yalvarırdım.
Sözündən dönmürdü. Səbəb isə
yanındakı uşaqla danışmırdı. İndi gəl,
bunları barışdır. Bax, uşaqlarla belə hallar da
olur. Uşağı incitmək olmur, incisə, səninlə
işləməyəcək.
-Bu günlərdə Mingəçevir teatrının 50 illiyi münasibətilə keçirilən tədbirdə Rebus teatrının çıxışını gördük.
-Yubileyin rejissoru Bəhram Osmanov idi. Mən də
GTT-da onunla tamaşalarında plastik həll üzrə işləyirəm.
Təklif etdi ki, açılış mərasiminə gəlib
nömrə göstərək, mən də qəbul etdim. Niyə
də yox?! Qoy, burda da bilsinlər ki, Rebus teatrı var.
Nigar Pirimova
Teatrşünas
Kaspi.-2018.-1 noyabr.-S.12.