Görkəmli şəxsiyyətin layiqli davamçısı
Məmmədəli Sidqi
- 130
Maarifçi və pedaqoq Məhəmməd Tağı Sidqinin ailəsində dünyaya göz açan Məmmədəli Sidqi (1888-1956) XX yüzilliyin sayılıb-seçilən nümayəndələrindəndir. Dövrün tanınmış adamları Kərbəlayi Nəsrulla Şeyxov, Mirzə Nəsrulla Əmirov, Məşədi Qurbanəli Şərifov, Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtinski, Şahbaz ağa Kəngərlinski və başqaları Məhəmməd Tağı Sidqinin ən yaxın dostları idi. O, Sultan Məcid Qənizadə, Həbib bəy Mahmudbəyov, Əlisgəndər Cəfərov və Nəriman Nərimanovla əlaqə saxlayırdı. İrandan, Türkiyədən, Baxçasaraydan və digər yerlərdən aldığı fars və türk dillərində olan qəzet və məcmuələri diqqətlə oxuyardı. Oğlu Məmmədəli Sidqi xatirələrində yazırd: "Atamın yaxın dostları, Naxçıvanın ziyalıları gecələr atamın ikinci mərtəbədə olan otağına yığışıb çox vaxt səhərə yaxın dağılışardı. Atam çox şirinsöhbət olduğuna görə, bizə yığışmaqdan əlavə, hər gecə atamı dəxi onlar öz evlərinə dəvət edərlərdi”. Belə bir mühitdə böyüyən Məmmədəli Sidqidə hələ uşaq vaxtlarından ədəbiyyata həvəs və məhəbbət olmuşdur. O, ilk təhsilini Naxçıvanda atası Məhəmməd Tağı Sidqinin təşəbbüsü ilə açılmış "Məktəbi-tərbiyə”də almışdır. Sonra təhsilini Naxçıvan şəhər rus-tatar məktəbində davam etdirmişdir. Hüseyn Cavid, Əliqulu Qəmküsar, İbrahim Əbilov, Əli Səbri Məmmədəli Sidqinin məktəb yoldaşları olmuşlar.
1906-cı ildə məktəbi bitirdikdən sonra Sidqi əvvəlcə "Məktəbi-tərbiyə”də, daha sonra Naxçıvan kəndlərində müəllimlik etmişdir.
"Molla Nəsrəddin” Məmmədəli Sidqinin Əliqulu Qəmküsar ilə birlikdə Naxçıvandan göndərdikləri yazıları dərc edirdi. Buna görə də hər ikisi nəzarət altına alınmışdı. 1910-cu il iyun ayının birindən Məmmədəli Sidqi vəzifəsindən kənar edilir.
Məhz belə bir vaxtda, 1910-cu il iyun ayının 9-da Cəlil Məmmədquluzadə Tiflisdən Məmmədəli Sidqiyə məktub göndərir: "Əzizim Məmmədəli! Mən bu ovqat kəndə getməliyəm və burada bir adam lazımdır ki, "Molla Nəsrəddin”i idarə eləsin. Əgər yay fəsli, yəni iki ay gəlib Tiflisdə qala bilsəniz... Tez gəliniz Tiflisə və bunu da biliniz ki, burada, bizim evdə yeyib-içəcəksiniz və bir qədər də xərclik hər ay evə göndərə biləcəksiniz. Qədərini indi müəyyən edə bilmədim, amma güman edirəm ki, narazı olmazsınız. Əgər iki aydan sonra Tiflisdə qalmaq istəsəniz, bəlkə yenə idarədə qalasınız. Bunu da biliniz ki, burada bizim uşaqlara dərs verə bilərsiniz. Bura gələndən sonra hər bir şey müəyyən olar. Amma güman edirəm ki, "Molla Nəsrəddin” işlərində mənə yaxşı köməkçi ola biləsiniz. Əgər mərhum Sidqi bəradərimin oğlu ilə gələcəkdə dostluğum baş tutsa, özümü xoşbəxt hesab edərəm.”
Beləliklə, M.Ə.Sidqi iyul ayında Tiflisə gəlib jurnalın mühərrirliyini öhdəsinə götürür. O, 1911-ci ilin sonlarınadək "Molla Nəsrəddin”in müvəqqəti redaktoru olsa da, sonrakı illərdə də məcmuənin nəşrində və yayılmasında yaxından iştirak etmişdir. Məlumdur ki, "Molla Nəsrəddin” Cənubi Qafqaz şəhərlərindən başqa Orta Asiya, Türkiyə, İran, Mərkəzi Rusiyanın bir çox şəhərlərinə göndərilirdi. Bu işdə də M.Ə.Sidqinin xidmətlərini qeyd etməmək olmaz. Cəlil Məmmədquluzadənin Sidqiyə ünvanladığı 7 mart 1912-ci il, 11 yanvar 1915-ci il, 10 fevral, 17 sentyabr 1917-ci il tarixli məktublarını nəzərdən keçirmək kifayətdir ki, deyilənlər bir daha təsdiq olunsun.
1912-ci ildə Məmmədəli Sidqi Aşqabada gedərək orada müəllimlik edir. Bir il sonra 1913-cü ilin iyun ayında o, Bakıya gəlir və Əmircan kəndində müəllim və məktəb müdiri vəzifəsində çalışır. M.Ə.Sidqi 1915-ci ildə "Açıq söz” qəzetində işləməyə başlayır. Sonralar həmin qəzet "Azərbaycan kommunisti” adı ilə dərc olunur və Sidqi 1943-cü ilədək orada fəaliyyət göstərir. 1944-cü ildə isə "Vətən yolunda” qəzetində işləmək üçün Sidqi İrana göndərilir. 1952-ci ildə "Sumqayıt işçisi” qəzeti dərc olunmağa başladıqda o, Sumqayıta gəlmiş və həmin qəzetdə ömrünün sonunadək fəaliyyət göstərmişdir.
Məmmədəli Sidqi "Molla Nəsrəddin”, "Babayi-əmir”, "Zənbur” məcmuələrində, "Açıq söz”, "Bəsirət”, "İttifaqi-tərəqqi”, "Sədayi-həqq”, "Həqiqət”, "Bakı”, "Kaspi”, "Azərbaycan”, "Kommunist”, "Vətən yolunda”, "Sumqayıt işçisi” və s. qəzetlərdə "Mozalan”, "Şeypur”, "Qəmiş” və digər imzalarla məqalələr yazırdı. O, Naxçıvanda, Tiflisdə, Bakıda mətbuatla yanaşı teatr sahəsində də çalışmış, suflyor, aktyor və müdir müavini vəzifələrində işləmişdir.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun xəzinəsində Məmmədəli Sidqinin şəxsi arxivi saxlanılır. Arxivdə Məmmədəli Sidqinin hekayə, pyes, məqalə və xatirələrinin avtoqraf nüsxələri, tərcümeyi-hal sənədləri, ailəvi sənədlər, müxtəlif şəxslərin Məmmədəliyə Sidqiyə məktubları, Məhəmməd Tağı Sidqiyə aid sənədlər və s. mühafizə edilir.
Sidqinin tərcümeyi-hal və xatirələri həm özünün, həm də atası Məhəmməd Tağı Sidqinin həyat və fəaliyyəti haqqında məlumatı səhih mənbədən əldə etməyə imkan verir. Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir kimi dövrün görkəmli nümayəndələri ilə ünsiyyətdə olan Məmmədəli Sidqi bu nümunələrdə sözügedən şəxsiyyətlərlə bağlı xatirələrini yada salır. Onun M.Ə.Sabir haqqında xatirəsi şairin yaradıcılığının bəzi məqamlarının canlandırılmasında əhəmiyyətli nümunələrdən sayıla bilər.
Arxivdə Məmmədəli Sidqiyə ünvanlanan məktublar üstünlük təşkil edir. Görkəmli adamların Məmmədəli Sidqiyə məktublarında onların şəxsi keyfiyyətləri, Sidqiyə olan səmimi münasibəti ilə yanaşı iqtisadi, siyasi məsələlər də işıqlandırılmışdır.
Tanınmış şəxsiyyətlərin həyat və fəaliyyətinin, yaradıcılıq əlaqələrinin öyrənilməsində, dövrün ictimai-siyasi, iqtisadi durumunun canlandırılmasında məktubların əhəmiyyəti əvəzsizdir. Məktublaşma qədim və zəngin ənənəyə malikdir. Şəxsi məktublar gündəliklər kimi asanlıqla memuar hekayəsi şəklini ala bilər. Şəxsi yazışmalarda ikitərəfli münasibətlər bu günlə əlaqələndirilir. Bu, çoxlu sayda maraqlarla və gündəlik həyatda baş verən hadisələrin reallaşması ilə zəngindir. Çünki məktub müəllifi ünvan sahibini mövzusu hər iki yazışan üçün aktual olan çağdaş varlığın olayları ilə xəbərdar edir. Məktubların onları yazanların şəxsi keyfiyyətlərinin işıqlandırılmasında müstəsna əhəmiyyəti vardır. Bu cəhətdən məktublar, qeyd edildiyi kimi, gündəliklərə daha yaxındır. Çünki burada uzaq keçmişin olayları deyil, çağdaş zamanın, bu günün hadisələri izlənilir.
Məmmədəli Sidqinin də şəxsi arxivinin əsas hissəsini məktublar – epistolyar nümunələr təşkil edir. Cabbar Əsgərzadə, Cəlil Mirzəyev, Firidun bəy Köçərli, İsmayıl Həqqi, Hüseyn Minasazov, İsa bəy Aşurbəyov, Həbib Yusifov, Məmməd Əkbər, Əziz Şərif, Əziz Mirəhmədov və başqalarının Məmmədəli Sidqiyə ünvanladıqları məktublarda həm onların şəxsi keyfiyyətləri əks olunmuşdur, həm də dövrün ictimai-siyasi, ədəbi-tarixi olayları canlandırılmışdır.
Cabbar Əsgərzadə məktublarında "Kəlniyyət”, "İqbal”, "Dirilik” və digər qəzet, məcmuələrin durumu, dövrün ziyalıları Salman Mümtaz, Əliqulu Qəmküsar, Seyid Hüseyn, Zülfüqar Hacıbəyov, Hüseyn Minasazov, Mirzağa Əliyev və başqaları haqqında fikirlərini M.Ə.Sidqi ilə paylaşır. Nəşr etdirdiyi "Qızıllı yarpaq” kitabının satılmasında ona kömək etməsini və kitab haqqında rəyini bildirməsini xahiş edir.
Ərəb, fars tərkibli sözlərdən azad sadə danışıq dilinə üstünlük verən Cabbar Əsgərzadə bəzi ziyalıların, özü də daxil olmaqla, yazılarında yabançı ifadələrin olduğunu təəssüf hissi ilə qeyd edir. 1913-cü il dekabr ayının 4-də yazdığı məktubunda fikirlərini 24 misralıq şeirlə bildirir:
Mən həqiqətdə türk desəm özümə
Qalıram mat özüm də öz sözümə.
Var isə gər cahanda türklük ikən
Niyə bəs yoxdu sadə türk dili?
Beş sözün yarısı fars, yarısı
ərəb
Türk dili demədə nədir mətləb?
Bir ədibin kəlamına baxsan,
Axtarıb türk dilin seçib çıxsan,
İki
pay fars, üç pay ərəbi
Türk dili qoymağın nədir səbəbi.
Beş söz olmaqla türk dili olsa,
Nə deyim bilmirəm ərəb, farsa.
Yaraşar söyləsək ərəbi,
farsı.
Çünki türkcə deyil onun yarısı.
Gər desək bir böylə dilə türki
Bizə əfzəldi o dilin türki.
Müştərək bir dilə əgər üdəba
Lütf
edib türk dili adı qoysa
Bunu bən hər zaman xəta sanıram.
Bilmirəm qanmıram və ya qanıram.
Gər çəkərsəm təəssübün
elmin
Qədrini bilməli mən öz dilimin.
Üdəba qoy özü qırıldatsın.
Necə istər elə fəryad etsin.
Araşdırıcılar, ədəbiyyatşünaslar Cəlil
Məmmədquluzadə və
"Molla Nəsrəddin”
jurnalının tarixi
haqqında məlumat almaq məqsədilə Məmmədəli Sidqiyə
məktublar ünvanlayır,
onun köməyinə
ehtiyac olduğunu bildirirlər. Əziz Mirəhmədov 31 yanvar
1951-ci il tarixli məktubunda Məmmədəli Sidqinin fəaliyyətini yüksək
qiymətləndirərək yazmışdır: "Bu gün
bilxassə "Molla Nəsrəddin”dən, XIX-XX əsr
Azərbaycan mətbuatı
və Naxçıvan
ədəbi mühitindən
söhbət düşəndə
Mirzə Cəlildən
sonra Məhəmməd
Tağı Sidqinin, Eynəli Sultanovun və Sizin adınız,
fəaliyyətiniz təsəvvürə
gəlir”.
Görkəmli ədəbiyyatşünas alim
Əziz Şərif də məktublarında Sidqidən müasirləri
haqqında məlumat verməsini xahiş edir. Arxivdə Ə.Şərifin M.Ə.Sidqiyə ünvanladığı
13 məktub saxlanılır.
Qeyd etmək lazımdır ki, Əziz Şərifin
bir ədəbiyyatşünas
kimi yetişməyində,
Azərbaycan ədəbiyyatının
M.T.Sidqi, C.Məmmədquluzadə,
M.Ə.Sabir kimi görkəmli nümayəndələrindən
bəhs edən araşdırmalarında M.Ə.Sidqinin
verdiyi məlumatların
da böyük önəmi olmuşdur.
"Molla Nəsrəddin” jurnalında M.Ə.Sidqinin
fəaliyyətini dəyərləndirən
Ə.Şərif məktublarının
birində yazır:
"Molla Nəsrəddin”
jurnalında sənin rolunu qətiyyən unutmaq olmaz. Mən öz əsərimdə bunların hamısını
işıqlandırmalıyam. Qoy həqiqət parlasın.
Mən heç kəsi həddindən artıq tərifləmək və
heç kəsi insafsızcasına unutmaq fikrində deyiləm.
Mənim məqsədim
Mirzə Cəlilin bütün həyatını
olduğu kimi göstərmək, jurnalın
nə kimi şəraitdə təşkil
edilib dünyanı sarsıtmasını aydınlaşdırmaq,
hər kəsin bu jurnalda olan
yerini müəyyən
etmək, söz, ədəbiyyat və ictimai fikir tariximizdə
bu günə kimi qaranlıq qalan bu dövrü
işıqlandırmaqdır. Bu böyük işdə kim mənə
kömək etsə, mənə yox, xalqa, tarixə, cəmiyyətimizə xidmət
etmiş olar. Mənim borcum bütün bu adamların adını çəkmək
və onlara əsərdə öz təşəkkürümü izhar etmək olacaqdır”.
M.Ə.Sidqiyə ünvanlanan məktubların
bəziləri onun daxili aləmini, mənəvi keyfiyyətlərini
aydınlaşdırmaq baxımından
əhəmiyyətlidir. Məmməd Əkbərin öz səmimiliyi ilə diqqətçəkən məktublarını
nümunə göstərə
bilərik. 29 noyabr
1941-ci ildə İranın
Rəşt şəhərindən
ünvanladığı məktubunda
yazır: "Mirzə,
sizdən uzaq olub, sizin həyatda
çox nadir insanlara xas olan nəcabətinizi
və təvazökar
sifətlərinizi xatırladıqca,
insan yaxşı dost və yoldaşdan ayrılmağın bir ürək əzabı olduğunu daima hiss edir. Buna görə
də gərək sevincli və gərəksə kədərli
dəqiqələrimdə siz
daima gözlərim qarşısında dayanırsınız.
Sizin səlamət olmağınızı
ürəkdən istəyirəm
və sizinlə görüşməyi yeganə
bəxtiyarlıq hesab
edirəm”.
Məmmədəli Sidqi fars
və rus dillərini mükəmməl
bilirdi. O, iranlıların
Tiflisdə yerləşən
"İttifaq” mədrəsəsinə
yazdığı ərizədə
bu dilləri bir çox dövlət müəssisələrində
tədris etdiyini və bu sahədə
təcrübəli olduğunu
bildirir. Sidqi, mədrəsənin Azərbaycan,
fars və
rus dillərini tədris edən müəllimə ehtiyacı
olduğu üçün
özünün orada
pedaqoq kimi çalışmaq istədiyini
qeyd edir.
Təkcə müəllim və jurnalist kimi deyil, M.Ə.Sidqi digər sahələrdə
də fəaliyyət
göstərmişdir. 22 və 30 avqust 1918-ci ildə verilmiş vəsiqəyə əsasən
məlum olur ki, o, İran səfirliyinin məmuru işləmiş və İran baş konsulunun sərəncamı
ilə xidməti işlə əlaqədar
Bakıdan Həştərxana
sərbəst və maneəsiz keçmək hüququna malik olmuşdur. Sidqi bir müddət
Xalq Maarif Komissarlığında fəaliyyət
göstərmiş, Azərbaycanı
tədqiq və tətəbbö cəmiyyətinin
üzvü olmuşdur.
1923-cü
il dekabr
ayının 30-da "Kommunist”
qəzetinin mininci sayının çıxması
münasibətilə Məmməd
Səid Ordubadi, Əzim Əzimzadə, Qədir Heydərov və digər mətbuat nümayəndələri
ilə yanaşı Sidqi də mətbuat
qəhrəmanı adını
almışdır.
Məmmədəli Sidqi bədii yaradıcılıqla da məşğul olmuşdur. Onun pyes,
hekayə, şeir və xatirələri şəxsi arxivində mühafizə olunur.
Pyeslərinin biri ailə-məişət
mövzusunda, digəri
siyasi mövzuludur.
9 səhifədən ibarət hekayəsi isə məhəbbət mövzusundadır. Bu nümunələr ərəb
əlifbasında yazılmış
avtoqraf nüsxələrdir.
Atası
Məhəmməd Tağı
Sidqi haqqında yazdığı irihəcmli
əsərində isə
M.Ə.Sidqi onun həyatı və pedaqoji fəaliyyəti haqqında müfəssəl
məlumat vermişdir.
Jurnalist,
pedaqoq, tərcüməçi,
mühərrir, nasir Məmmədəli Sidqinin
əsərləri, xatirələri,
ona aid sənədlər,
məktublar onun indiyədək tədqiqatdan
kənarda qalmış
həyat və fəaliyyətinin öyrənilməsində,
XX əsr Azərbaycan
mətbuatının inkişaf
mərhələlərində mövqeyini müəyyənləşdirməkdə dəyərli qaynaqlardır.
Nailə Səmədova
Filologiya üzrə elmlər doktoru
Kaspi 2018.- 6 sentyabr.- S.15.