“Bu məsuliyyəti dərk etdikdə, uğursuz olmaq mümkünsüzdür”

 

Yaşar Musayev: “Azərbaycan Qafqazda Almaniyanın iqtisadi cəhətdən ən güclü partnyorudur”

 

Vətən, torpaq sevgisi insana sonradan aşılanan  bir məfhum deyil. Vətən, sadəcə, müəyyən sərhədləri olan coğrafi bir məkan da  deyil. Bəzən vətənin sərhəddən başladığını deyirlər. Ancaq müsahibim, Almaniyada doktor-mühəndis elmi dərəcəsi almış Yaşar Musayevlə söhbət etdikdən sonra anladım ki, harada yaşamasından asılı olmayaraq, insanlar ayaq basdığı torpaqlarda özlərinə kiçik də olsa bir vətən düzəldə bilərlər. Hazırda "Schaeffler qrupu” şirkətinin "Səthlərin emal texnologiyası” üzrə vitse-prezidenti, "Schaeffler Baltic” şirkətinin baş meneceri olan Yaşar Musayev o məmləkətdə qəlbində kiçik bir Azərbaycan daşıyır. Doğma torpaqdan danışanda gözlərindəki vətən həsrətini sezməmək mümkün deyil.

 

"Kaspi”nin qonağı olan Y.Musayevlə söhbətimizdə onu qürbətə aparan səbəblərdən tutmuş qazandığı uğurlara və ən əsası, vətənimizə olan sevgisinə qədər danışdıq. Müsahibimizin timsalında, vətən məhəbbəti, sevgisi ilə döyünən ürək sahibinin zəkasının da elmlə işıqlanmasının təzahürünü görmüş olduq. Belə ki, Azərbaycanlı tədqiqatçı Almaniyada "Səthlərin emalı texnologiyası” elmi mərkəzində öncə kiçik həcmdə işə başlayıb. Yaşar Musayevin rəhbərliyi altında maşın hissələrinə örtükçəkmə texnologiyası sahəsində bir çox yeniliklər tətbiq olunub. Yeyilməyə davamlı üstqatlar avtomobil mühərriklərində və digər intiqallarda tətbiq olunan hissələrin triboloji xassələrini yaxşılaşdıraraq, həm mühərriklərin uzunömürlülüyünü artırmağa, həm də yanacağa qənaət etməyə imkan yaradıb. Bu texnologiyalar dəfələrlə Almaniyanın mötəbər təşkilatları tərəfindən mükafatlara layiq görülüb. Yaşar Musayev örtükçəkmədə məşğul olduğu nanotexnologiyalar üzrə 120-dən çox elmi məqalə çap etdirib. Avropa və dünyanın bir çox ölkələrində qeydiyyatdan keçmiş 30-dan çox patentə malikdir. Müsahibimiz Almaniyada "Azərbaycanlı Tələbələr və Elmi İşçilər” birliyinin üzvüdür. Eyni zamanda "Baku-Nürnberq” Mədəniyyət və Təhsil Mərkəzinin rəhbəridir.

 

- Yaşar müəllim, sizi vətəndə xoş gördük.

- Diqqətiniz üçün təşəkkür edirəm. Xüsusilə də "Kaspi” qəzetinin yaradıcı heyətinə, rəhbərliyinə minnətdarlığımı bildirirəm. Azərbaycan mənim doğma ocağım, torpağım vətənim, yurdum, məmləkətim, varlığımdır. Dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, bizim də ürəyimiz vətən üçün döyünür.

 

- Almaniyada xeyli uğur əldə edibsiniz. Maraqlıdır, necə oldu ki, Almaniyaya ezam olundunuz və orda işləmək qərarına gəldiniz?

- Azərbaycan Texniki Universitetində Maşınqayırma texnologiyası və maşınların təmir texnologiyası kafedrasının baş müəllimi idim. 1997-ci ildə Alman Akademik Mübadilə Xidmətinin layiq gördüyü bir illik təqaüd əsasında Erlangen-Nürnberq Universitetinə ezam olundum. Doktorantura təhsilimi isə Almaniyada keçirilən müsabiqə nəticəsində qazandım. Alman akademik elmi xəttinin təklifi ilə müsabiqənin qalibi olaraq Bavariyada Nürnberq Universitetinin doktoranturasına ezam olundum.

 

- Başqa bir məmləkətdə elmi fəaliyyət, yeni kəşflər, səmərəli təkliflər... Çətin idi?

- Yeni yol həmişə çətin olur. Öz məqsədlərinə nail olmaq hər bir insanın həyatında vacib amillərdən biridir. Qarşıda həm dil, həm də milli mentalitet baxımından həyata yenidən başlamaq kimi çətin bir missiya dururdu. Əgər insan öz məqsədinə çatmaq üçün qarşısına plan qoyursa, nizam-intizamla işləyirsə və bu işinə bir az da məsuliyyət qatırsa, o, öz istəyinə daha tez yaxınlaşır. Təhsilimi davam etdirmək üçün ilk növbədə alman dilini elmi səviyyədə mənimsəmək lazım idi. Orada mentalitet, milli dəyərlər, insanların həyata baxışı tamamilə fərqli idi. Bu fərqliliyi görmək, dəyərləndirmək, orada özünə yol tapmaq bir qədər məşəqqətli görünürdü.

  

- Rəhbərliyiniz altında maşın hissələrinə örtükçəkmə texnologiyası sahəsində bir çox yeniliklər tətbiq olunub. Bu sahənin vacibliyi nədən ibarətdir?

- Bu, çox vacib bir sahədir. İstər maşınqayırma texnologiyası, istərsə də nanotexnologiyalar sahəsində Almaniya ən qabaqcıl ölkələrdəndir. Almaniyada sənaye istehsalı, istehsalat prosesləri dünyada qabaqcıl yerlərdən birini tutur. Onlara "Mercedes”, "Audi”, "BMW”, Siemens, Schaeffler kimi məşhur alman markalarını misal göstərə bilərəm. Əlbəttə, bu siyahını uzatmaq  da olar. Bunlar hamısı dünyada tanınmış şirkətlərdir. Təbii ki, söhbət sənaye iqtisadiyyatından gedir. Bu iqtisadiyyatda başqa bir ölkədən gələn insanın mühəndis-alim kimi yer tapması çətin prosesdir, ancaq mümkünsüz deyil. Bunun üçün ilk növbədə cəmiyyətə inteqrasiya etmək lazım idi. Cəmiyyətin vəziyyətini öyrəndikdən sonra orada hər hansı yenilikdən söhbət etmək olardı. Bu yeniliyi tətbiq etmək mənim elmi dissertasiyam olduğu üçün onun öhdəsindən gəldim. O da mənə şərait yaratdı ki, alman müəssisələrində uyğun mühəndis statusu ilə öz işlərimi davam etdirim.

 

- Böyük bir şirkətdə öncə sıravi işçi kimi fəaliyyətə başlayıb, daha sonra Elmi Tədqiqat Mərkəzinin rəhbəri oldunuz. Bu gün isə şirkətin beynəlxalq təmsilçisisiniz. Bu çətin yolu sizin üçün asanlaşdıran nə oldu?

- Hər böyük yolun kiçik başlanğıcı olur. Pilləli şəkildə o başlanğıc inkişaf edirsə, insanı müəyyən bir yerə gətirib çıxara bilir. Qarşımda duran layihə belə idi: nanotexnologiya Almaniya səviyyəsində mənim ideyalarım əsasında qurulsun və sənayeyə təqdim olunsun. Təbii ki, bir Azərbaycan vətəndaşı kimi bu da mənə böyük qürur hissi verirdi. Eyni zamanda, bu işin məsuliyyəti də çox idi. Başqa bir məmləkətdən gələn mütəxəssis kimi layihənin bütün məsuliyyəti üzərimdə idi. Bu məsuliyyəti dərk edərək layihənin smetasından tutmuş inkişafına, reallaşdırılmasına dair güclü intizamla yanaşı, zamanında doğru addımlar atmaq vacib amillərdən biri idi. Əgər insan bir şeyə zamanında vaxt tapmaq istəyirsə, mütləq buna nail olacaq.

 

- Yəqin ki, bu, sizin məsuliyyətinizin və daxilinizdə olan nizam-intizamın nəticəsidir ki, bu gün həmin şirkətin beynəlxalq təmsilçisiniz.

- Təvazökarlıqdan uzaq olsa da, qeyd edim ki, mən Azərbaycanda da orta məktəbi qızıl medalla bitirmişəm. Azərbaycan Texniki Universitetini xüsusi təqaüdlə başa vurmuşam. Universiteti fərqlənmə diplomu (qırmızı diplom) ilə bitirmişdim. Almaniyada xarici dil, mentalitet, daha yüksək standartlar olsa da, həmin standartların formasını tapıb, ona uyğunlaşmaq heç də asan başa gəlmədi. Bu işi həyata keçirmək mənim ən ümdə vəzifəm idi. Xaricdə yaşayan elmi işçilər, həmvətənlərimiz, xalqımızı təmsil edənlər bilməlidirlər ki, onlar nəinki öz ailələrini, getdikləri ölkədə Azərbaycan xalqını təmsil edirlər. Bu məsuliyyəti dərk etdikdə, uğursuz olmaq mümkünsüzdür.

 

- Almaniyada təhsil alan azərbaycanlı davamçılarınız varmı? Ümumiyyətlə, orada təhsil alan həmyerlilərimiz barədə nə deyə bilərsiniz?

- 2008-ci ildə Nürnberq şəhərində azərbaycanlı alimlərin tövsiyəsi ilə orada təhsil alan tələbələrin və elmi işçilərin təşkilatını təsis etdik. Bu təşkilat çox böyük işlər görür. Orada yaşayan elmi işçilərin və tələbələrin koordinasiyasını həyata keçirir.

 

- Məlumatlara görə, Almaniyada erməni lobbisi güclü inkişaf edib. Onlar bir azərbaycanlının bu qədər uğur əldə etməsini rahatlıqla qəbul edə bilməzlər. Orada erməni qısqanclığı ilə necə, qarşılaşdınızmı?

- Rastlaşmamışam desəm, yalan olar. Elmi işçilər, sənət adamları xarici ölkələrdə uğur qazanan, xüsusilə Azərbaycanı təmsil edən şəxslər bilməlidirlər ki, əlavə erməni faktoru hər zaman gözlənilir. Uyğun cavabın layiqli şəkildə hazırlanması ən vacib şərtlərdəndir. Nizami Gəncəvi "Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” deyib. Dahi şair hər işi kamil görməyi tövsiyə edir. Məhz o kamilliyin göstəricisi olaraq erməni lobbisinə xaricdə yaşayan həmvətənlərimiz uyğun cavab verməlidirlər. Mən dünyanın ən azı 120 ölkəsində olmuşam. Ancaq dünyada azərbaycanlılar, türklər qədər sülhü, insanpərvərliyi sevən ikinci bir ölkə və millət görmədim. Bunu ona görə demirəm ki, mən azərbaycanlıyam. Erməni faktoru bütün dünyada, eləcə də Almaniyada var. Ancaq bu, çox zaman qərəzli faktor olduğu üçün heç bir çətinlik yaratmır.

 

- Azərbaycanın Almaniya ilə iqtisadi əlaqələri yetərlidirmi?

- Azərbaycan Qafqazda Almaniyanın iqtisadi cəhətdən ən güclü partnyorudur. Əlbəttə, Azərbaycan Avropa Birliyinin, ilk növbədə onun bir dövləti olan Almaniyanın neft, qaz, enerji təhlükəsizliyinin təminində vacib ölkələrdən biri kimi tanınır. Bir müddət əvvəl Almaniya kansleri Angela Merkel Qafqazın üç ölkəsinə səfər etdi. Bu səfərin Azərbaycanda tamamlanması heç də təsadüfi deyildi. Azərbaycanın neft-qaz resurslarının Avropaya çatdırılması, Avropanın enerji təhlükəsizliyinin yerinə yetirilməsi bütün Avropa üçün vacib məsələlərdən biridir. Eyni zamanda, qeyri-neft sahəsində də Almaniyanın 100-dən çox firması Azərbaycanda fəaliyyət göstərir. Bir çox layihələrin reallaşdırılmasında alman sənayesi,iqtisadiyyatı yaxından iştirak edir. Maşınqayırma, avtomobilqayırma sahəsi üzrə dünyada ən qabaqcıl sənayelərdən biridir. Həmin sənayenin Azərbaycana gəlişi və təmsili Almaniyanın Azərbaycanla iqtisadi əlaqələri baxımından çox dəyərlidir.

 

- Bugünkü Azərbaycan elmini necə dəyərləndirirsiniz? Həqiqi, peşəkar, hərtərəfli bir mütəxəssis olmaq üçün nələr edilməlidir?

- Həqiqi peşəkar və hərtərəfli elm xadimi olmaq üçün dünya elminin bütün sahələrində inkişaf etmək lazımdır. Mənim təmsil etdiyim nanotexnologiyalar üzrə digitalizasiya çox böyük rol oynayır. Azərbaycanın bir çox ali məktəbləri ilə əlaqədəyəm. Onlar dünya elminə inteqrasiya olmalıdırlar. Əlbəttə, burada maliyyə məsələləri böyük rol oynayır. Müəllimlərimizin maliyyə baxımından peşəsini layiqincə yerinə yetirməsi üçün yeni işlər görülməlidir. Misal üçün, məvacibləri müəyyən standartlara uyğun olmalıdır ki, müəllim öz peşəsini layiqincə yerinə yetirə bilsin. Məni elmi universitetlərimizin, akademiyamızın, binaların təmiri sevindirir. Maddi-texniki bazaları, son illərdə baş vermiş inkişafı görməmək mümkün deyil. Bu amillər əsasında dünyanın qabaqcıl universitetlərinə inteqrasiya etmək vacibdir. Öz milli dəyərlərimizi saxlayaraq dünyanın müxtəlif sənaye ölkələrində  elmimizin paylaşılması və orada Azərbaycan elm bazasının yaradılması vacib amillərdən biridir.

 

- Almaniyada azərbaycanlılar çoxdur?

- Rəsmi qeydiyyatdan keçmiş azərbaycanlıların Almaniya Federativ Respublikasında sayı 20 mindən yuxarıdır. Son illərdə gəlmiş azərbaycanlılar da var. Bu da çox normal haldır. Almaniyanı özünə ikinci vətən seçən insanlar burada məskunlaşmağa başladılar. Diaspora Komitəsinin yeni sədri Fuad Muradovla görüşdüm. Almaniyada və dünyada yaşayan azərbaycanlıları bir araya toplamaq üçün onun da cox münasib təklifləri var.

 

 

 

- Siz də diaspora işində çox fəalsınız.

 - Biz nəinki elmi işimizlə, eyni zamanda diaspora fəaliyyəti ilə də məşğul oluruq. Bu diaspor təşkilatı da Baku-Nürnberg Mədəniyyət və Təhsil Mərkəzidir. Bu mərkəzin timsalında çalışırıq ki, azərbaycanlıları bir araya toplayaq, Azərbaycan dilini, mədəniyyətini, adət-ənənələrimizi qoruyub saxlayaq. Hazırda bu təşkilatın da rəhbəriyəm. Diaspora təşkilatı kimi ənənələrimizə uyğun olaraq milli bayramlarımızı qeyd edir, matəm günlərimizi də keçirir, xalqımızın başına gətirilən müsibətləri dünya xalqlarına çatdırırıq. Bu yaxınlarda Almaniyada almanların Azərbaycana gəlişinin 200, Cümhuriyyətimizin 100 illiyini qeyd etdik. Çox nüfuzlu qonaqlar həmin tədbirlərdə iştirak etdi. Bu tədbirlərin təşkili orada yaşayan azərbaycanlılara şərait yaradır ki, bizim dəyərlərimizi öyrənsinlər. Hər dəfə buraya qızlarımla gəlirəm. Onlar Azərbaycanı hədsiz çox sevirlər. Buranın havasını alırlar...

 

- Belə görürük ki, Almaniyada vətən həsrəti çəkirsiniz.

- Vətəni, valideynləri dəyişmək mümkünsüzdür. Hər zaman bu həsrət içində yaşayıram. Hər gün torpağımı düşünürəm. Təmsil etdiyim xalq vətəndədir. Vətən bizə doğmadır, əzizdir.

 

- Azərbaycana tez-tez gəlirsiniz?

- Demək olar ki, ildə bir dəfə gəlirəm. Bu gəliş bizdə vətən həsrətini bir az soyudur. Məni bura vətən, doğmalarım, valideynlərimin qəbri bağlayır. Qohumlarım, tanışlarım, dostlarım hamısı burdadır. Bəzən Azərbaycanın havası üçün çox darıxıram. Mənim üçün övladlarımın vətəni tanıması, buranın mədəniyyətini öyrənməsi önəmlidir. Təbii ki, onlar ancaq buna öz vətənlərində nail ola bilərlər.

 

Xəyalə Rəis

 

Kaspi 2018.- 6 sentyabr.- S.14.