“24-lər”dən on səkkizinci
BDU-100
O, riyaziyyat elminə yeni üsullar gətirmişdi
Danılmaz bir faktdır ki, BDU həmişə Azərbaycanda azadfikirliliyin,
müstəqil düşüncənin
və demokratiyanın
beşiyi olub. Bu amil
1980-ci illərin sonlarında
ölkədə gedən
proseslərdə bir daha özünü büruzə verdi
və universitet Azərbaycanda gedən dəyişikliyin beşiyinə
çevrildi. Qarşıda onu çətin, amma şərəfli bir zaman gözləyirdi.
20-ci yüzilliyin sonlarında baş verən ən əlamətdar hadisə şübhəsiz,
1980-ci illərin sonundan
başlanan milli azadlıq hərəkatı,
1990-cı illərin əvvəllərində
Azərbaycan yenidən müstəqilliyinə
qovuşması oldu. Bu azadlıq hərəkatının
önündə inamla
addımlayan vətənpərvərlər
arasında BDU-nun professor-müəllim
heyəti, tələbələri,
əməkdaşları və
məzunları da var idi. Belə çətin bir anda BDU-ya görkəmli
alim Yəhya Cəfər oğlu Məmmədov rektor təyin edilir.
Yəhya
dünyaya gələndə
təkcə Naxçıvan
deyil, bütöv Azərbaycan od
içində qovurulurdu.
1930-cu il. Azərbaycanın çiçəklənməsi
naminə işləyə
biləcək başların
məhv edildiyi zaman. Tədqiqatçıların fikrincə, repressiyanın
daha güclü dalğası otuzuncu illərə düşür
və bu dalğa minlərlə azərbaycanlının məhvinə
səbəb olub.
Ailələr dağıldı,
ocaqlar qaraldı, nəsillərin izi-tozu qalmadı...
Yəhya belə çətin anda böyüdü, təhsil aldı. Naxçıvanda orta məktəbi əla qiymətlərlə
başa vuran gənc, Bakıda da BDU-nu (1954) fərqlənmə
diplomu ilə qurtardı. Amma bununla kifayətlənmədi.
Elimin daha çətin sirlərini açmaq, dərinliklərindən agah
olmaq üçün
BDU-nun aspiranturasına daxil
oldu. 1957-ci ildə
aspiranturanı başa
vuranda rəhbərlik onun
istedadını nəzərə
alaraq, universitetdə saxlayır. Gənc alim bir müddət elmi ixtiralarını Azərbaycandan
kənarda aparmalı olur. O, ilk olaraq Voronej Mühəndis-İnşaat
İnstitutunda fəaliyyətə
başlayır və
1960-65-ci illərdə burada
işləyir. 1965-ci ildə Rostov Dövlət
Universitetində doktorluq
dissertasiyasını müdafiə
edir. Qafqazlı balasının bu
uğuru böyük əks-səda doğurur.
Elə həmin universitetdə ona yüksək maaş,
vəzifə təklif
edilsə də, Yəhya müəllim buna razı olmur və vətənə
qayıdır. Tələbəliyinin, gəncliyini ən xoş günlərini hər an ona xatırladan BDU-ya üz tutur. Beləliklə, 1965-ci ildən
2000-ci ilə qədər
(2000-ci ildə dünyasını
dəyişib) BDU Yəhya
müəllim üçün
təkcə iş yeri yox, həm
də ikinci ev olur.
1965-ci ildən mexanika-riyaziyyat fakültəsində
hesablama riyaziyyat kafedrasına rəhbərlik
etməyə başlayan
Yəhya müəllim,
ömrünün sonuna,
2000-ci ilə qədər
bu fəaliyyətini davam etdirib.
35 il ərzində
Yəhya müəllimin
böyük əməyi
hesabına respublikada hesablama riyaziyyatı bir elm sahəsi kimi yaranaraq inkişaf edib. Onun rəhbərliyi ilə təkcə bu kafedranın əməkdaşları
deyil, Rusiya, Almaniya, Polşa, Türkiyə, İraq kimi ölkələr üçün də onlarla gənc mütəxəssislər hazırlanıb.
Məhz bu xidmətlərinə görə
o, 1981-ci ildə "Xalqlar
dostluğu” ordeni ilə təltif edilmiş və ABŞ-ın Minneapolis şəhərinin
"Fəxri vətəndaşı”
seçilmişdir. Yəhya müəllim
dəfələrlə Polşada,
Almaniyada, Bolqarıstanda,
Türkiyədə konfranslarda,
beynəlxalq qurultaylarda
çıxışlar etmiş,
elmi mülahizələrini,
fikirlərini dünya
alimləri ilə bölüşmüşdür.
Əslində, onun tətbiq etdiyi üsullar hazırda dünyanın bir çox riyaziyyatçıları tərəfindən
müxtəlif məsələlərin
həlli üçün
tətbiq olunur. 1974-cü ildə işıq üzü görən
"Adi diferensial tənliklərin təqribi
hallarının tapılması
üsulları” adlı
monoqrafiyası bu gün də tələbələrin bəhrələndiyi
ən dəyərli mənbədir. Bu monoqrafiya analitik təqribi üsulların verildiyi ilk kitabdır və buna görə
o, dövlət mükafatına
layiq görülmüşdü.
Keçmiş SSRİ miqyasında
tanınan istedadlı
alim, 100-dən çox
elmi məqalənin, (bu məqalələrin böyük əksəriyyəti
beynəlxalq aləmdə
nüfuzu olan elmi jurnallarda çap olunub) beş dərsliyin
və yeddi monoqrafiyanın müəllifidir.
Məqalələrinin, əsərlərinin çoxunu həm azərbaycan, həm də rus dilində
yazan alimin "Metodı vıçleniy”
dərsliyi hal-hazırda
tələbələrin, gənc
alimlərin stolüstü
kitabıdır və
türk dilinə çevrilərək Türkiyədə
də çap edilib.
Mütəxəssislərin fikrincə, hesablama riyaziyyatı, riyaziyyatın
ən vacib bölmələrindən biridir
və elmin bu sahədəki inkişafında Yəhya müəllimin özünəməxsus
yeri olub. O, sağ
tərəfi birtərəfli
qiymətləndirməyə tabe olan qeyri-xətti
operator-diferensial tənliklərin
təqribi həlli üçün yeni üsullar vermişdir. Eləcə də, abstrakt qeyri-xətti Volter operator-tənliklər nəzəriyyəsinin
yaradıcılarından biridir.
Y.C.Məmmədov həllin, tez
yığılan iterasiyalar
şəklində axtarılan
ekvivalent tənliklərə
gətirilməsi üçün
maraqlı üsul təklif etmişdir.
Bu üsul riyazi
ədəbiyyatda "Məmmədov
üsulu” adlandırılır.
1980-ci ildə Əməkdar elm xadimi adına
layiq görülən
Yəhya müəllim,
1983-cü ildə AEA-nın
müxbir üzvü seçilir. Yuxarıda qeyd etdiyimiz
kimi, 1980-ci illərin sonunda ölkəmizdə baş verən siyasi hadisələr universitetin həyatında
da çətinliklərə
səbəb oldu.
Belə çətin bir zamanda - 987-ci ilin sonunda Yəhya Məmmədov BDU-ya rektor təyin edildi və o, 1989-cu ilin əvvəllərinə
kimi bu vəzifədə
işlədi. Yəhya
müəllimin BDU-ya rektor təyin edildiyi ili
(1987) əksər tədqiqatçılar
yenidənqurmanın "ikinci
mərhələsi və
aşkarlığın genişlənməsi,
qeyri-rəsmi ictimai hərəkatların fəallığı
dövrü” adlandırırlar.
Tarixi hadisələr də sübut edir ki, bir
siyasi rejimdən başqasına keçmək
hədsiz dərəcədə
çətin bir prosesdir və bu, özünü bir daha "əzəmətli” Sovet hökuməti dağılanda
büruzə verdi. Sözsüz ki, həm ağır iqtisadi, həm də ictimai, mənəvi böhran şəraitinə
düşmüş universitetə
belə bir zamanda rəhbərlik etmək çox çətin idi. Ölkədə baş verən
özbaşınalıq, xaos
tədris prosesində
əngəllər yaratmağa
başladı. Tədricən təhsilin keyfiyyətində,
elmi-tədqiqatların aparılmasında
geriləmə özünü
əks etdirdi. Bütün bunlara baxmayaraq, Yəhya müəllim universiteti bu sınaqdan üzüağ çıxarmağa
çalışırdı...
Yeri gəlmişkən,
bir faktı da qeyd etmək
lazımdır ki,
BDU-nun tarixi ilə bağlı yazılan əksər əsərlərdə,
universitetin 1987-1992-ci illər
fəaliyyəti şərh
edilməyib. Məsələn,
Aslan Atakişiyevin
"Bakı Dövlət
Universitetinin tarixi” adlı əsərinin
I hissəsində (1991) BDU-nun 1987-88-ci illərdəki
fəaliyyətindən çox,
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin
plenumlarından (xüsusən
də M.S.Qorbaçovun
çıxışlarından) bəhs edilir. Müəllif universitetin partiya
təşkilatının işindən
bəhs edərək oxucusunu yenidən sosializmin qələbəsinə
ruhlandırır (Baxmayaraq
ki, əsər 1991-ci ildə çap olunub). Artıq bu zaman, müəllifin,
hər səhifədə
az qala
beş-altı dəfə
adını fəxrlə
çəkdiyi M.S.Qorbaçovun
"xeyir-duası ilə”
Azərbaycan torpaqları
işğal edilmiş,
yüzlərlə soydaşımız
doğma yurdundan-yuvasından
didərgin düşmüşdü,
xalqımız hər
gün onlarla şəhid torpağa tapşırırdı.
Doğrudur, 1988-ci ilin sonundan 1992-ci ilin sonlarına kimi ölkəmizdə həm siyasi, həm iqtisadi vəziyyət çox ağır olub. Ölkədə hökm sürən iqtisadi böhran hər sahədə özünü büruzə verirdi. Amma bu o demək də deyil ki, bu illərdə universitetdə heç bir iş görülməyib. 1988-ci ildə universitetdə xalq təsərrüfatının kadrlara real tələbatını təmin edən yeni mexanizmə keçid prosesi güclənməyə başladı. Müəssisə və təşkilatların təsərrüfat hesabına və özünümaliyyələşdirməyə keçməsi ilə əlaqədar, fakültələrin hazırladığı mütəxəssislərə cari və perspektiv tələbatı öyrənmək məqsədilə fakültələrdə komissiyalar yaradıldı. Universitetdə kadrların hazırlanması üzrə vaxtında və birbaşa məqsədli müqavilələr bağlanmasını təmin etmək üçün xüsusi briqadalar təşkil olunurdu. Bu briqadalar məzunların bölüşdürülməsinə təminat verirdi. Universitet rəhbərliyi Xalq Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyi, birliklər, müəssisələrlə məqsədli hazırlıq, eləcə də universiteti əyani bitirən məzunların beşillik və illik bölgüsü planlarının tərtib edilməsində müqavilə münasibətlərini müəyyən edirdi. Deməli, çətin də olsa, tədris prosesi davam edirdi, universitetin ictimai-siyasi, elmi-mədəni həyatında yeniləşməyə doğru atılan ilk cəhdlər boşa çıxmırdı və mən də bunların şahidi oldum (o zaman jurnalistika fakültəsinin sonuncu kurslarında təhsil alırdım).
Yəhya müəllim kommunist olmasına baxmayaraq, deyilənə görə, o qədər də "partiyapərəst” olmayıb. Əksinə, universitet partiya təşkilatında avtoritar metodların xiffətini çəkənləri, partiyaya "sadiqlik” göstərənləri xalqın mənafeyi naminə dəyişməyə sövq edib və qismən buna nail də olub.
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist
Kaspi 2018.- 11 sentyabr.- S.15.