“Ləzzətli yeməklərdən imtina etmişəm”
Leyla Quliyeva: “Açıq-saçıq
geyinmək məsələsində
o qədər də cəsarətli deyiləm”
Bu dəfə "Məşhurların gözəllik sirləri” rubrikamızın qonağı sevilən aparıcı, səsi, siması və şarmı ilə tamaşaçıları televiziya qarşına cəm edən Leyla Quliyevadır. Leyla xanımı hər zaman efirdə formada, səliqəli geyimdə və sadə makiyajda görmüşük. Onunla söhbətimizə elə bu məsələlərdən başladıq. Onu bu qədər şarmlı göstərən sirləri xanımlarımızla bölüşməsini istədik. Müsahibimiz qeyd etdi ki, daima formada qalmağın tək sirri var, o da...
- Leyla xanım, hər zaman fit və formadasınız. Buna necə
nail olursunuz?
- Formada qalmaq üçün xüsusi
bir sirrim yoxdur. Özümü mükəmməl bədən formasına malik biri hesab
etmirəm. Gözəllik hər hansı bir nailiyyət deyil. Bacardığım qədər özümə
qulluq etməyə və çəki almamağa çalışıram.
Bunun üçün qida rasionuma nəzarət edirəm. Əslində çəki almağa
meylli biriyəm.
Buna görə də yeməyimə çox nəzarət edirəm. Hansı saatda nələri
yemək lazım olması ilə bağlı peşəkarların
məsləhətlərindən yararlanıram. Bir müddət
dietoloqlardan məsləhətlər
alırdım. Bunun üçün
bir neçə mütəxəssisə müraciət
etmişəm. Ancaq belə
qənaətə gəlmişəm
ki, insan birinci növbədə özü özünün
həkimi olmalıdır.
Bədən formamızı özümüzdən
yaxşı kimsə tanıya bilməz. Hər insan öz orqanizmini
tanımalıdır.
- Dietoloqlardan məsləhət aldığınızı
qeyd etdiniz. Bəs onlara əməl
edirsinizmi?
- Deməzdim ki, dieta həyat tərzimə çevrilib.
Bir çoxlarının qida rasionunda olmazsa olmazları var ki, mən gündəlik
qidamda onlardan imtina etmişəm. Yediyim qidaları
seçirəm.
- Məsələn
nəyi?
- Misal üçün, şirniyyat, yağlı yeməklərdən və
çörəkdən imtina
etmişəm. Sağlam
şəkildə qidalanıram.
Yağda
qızardılmış yeməklərdən
imtina etməyə çalışıram. Bir
sözlə, bizim milli mətbəximizdə
"ləzzətli təamlar”
dedikdə ağlınıza
nə gəlirsə, onları qida rasionumdan çıxarmışam.
- Bədən quruluşunuzu qorumaq üçün idmanla məşğul olursunuzmu?
- Təəssüf ki, idmanla məşğul olmaq üçün zamanım yoxdur. Ancaq bunu da bəhanə
kimi qəbul edirəm. İnsan nəyəsə can atanda və onu ürəkdən
etmək istədikdə
mütləq ona vaxt tapır, az da olsa onunla məşğul
olur. Ancaq məndə alınmır.
Tip olaraq idman üslubunda olan biri deyiləm. Gün ərzində hərəkətdə
oluram və məşğul olduğum
sahə də buna imkan verir.
Təəssüf ki, heç bir idman növü ilə məşğul ola bilmirəm.
Bəlkə də idmanla
məşğul olsaydım,
daha da yaxşı
olardı. Hazırda öz
bədən ölçülərimi
qoruyub saxlamağa çalışıram. Bir vaxtlar
özüm də çox kilolu idim. Təbii ki, bu məndən asılı olan səbəblərdən
qaynaqlanmırdı. Müəyyən fizioloji proseslərlə bağlı idi ki, bu da
hər xanımın həyatında baş verir.
- Hər zaman dəbli və sizə yaraşanı geyinirsiniz. Geyim seçərkən nəyə
daha çox üstünlük verirsiniz?
- Geyim seçərkən ən çox özümə yaraşanı
seçməyə çalışıram.
Özümün geyim zövqüm
və geyim hissiyyatım var. Əgər
seçəcəyim hər
hansı bir geyim çox dəblidirsə, ancaq mənim üzərimdə
çox süni görünürsə və
onu mənə təqdim edən şəxs təkidlə
"bu sizə yaraşır” deyirsə, mən onu geyinmirəm.
Əgər bir geyim mənim ruh halımla uyuşmursa, heç zaman onu istifadə etmirəm. Daha çox özümü rahat hiss etdiyim geyimlərdən istifadə
etməyə çalışıram.
- Geyimdən söz düşmüşkən, heç
zaman sizi açıq-saçıq geyimlərdə
görməmişik. Belə geyimləri
geyinməkdə nə
qədər cəsarətlisiniz?
Açıq geyimə qarşı
kompleksləriniz varmı?
- Açıq-saçıq geyimlərə
qarşı hər hansı kompleksim yoxdur və bunun əleyhinə də deyiləm. Dekolteli geyimlərdən çox
nadir hallarda istifadə
edirəm. Bu daxildən gələn bir şeydir. Hər insan özünü nə qədər açıq görmək
istəyirsə, o qədər
açıq geyinir.
Bu bir az
da cəsarət məsələsidir.
Mən o qədər də
cəsarətli deyiləm.
Cazibədarlıq və cəlbedicilik
geyimin açıq olması ilə bağlı olan bir şey deyil.
Bəzən elə bir qapalı geyim ola
bilər ki, yüzlərlə açıq
geyimləri kölgədə
qoya bilər. Bir çox tanınmış
modellərin, aktrisaların
əynində biz bunu daim görmüşük.
Hər şey xanımın o geyimi təqdim etməsindən, geyimin ona yaraşmasından asılıdır.
- Xanımların çoxunda
olmayan şarm deyilən bir anlayış var ki, onu sizdə
görmək mümkündür.
- Təşəkkür edirəm.
Deyirlər ki, fransız
xanımları şarmlı
olur. Şarm əsasən davranışdan,
tərzdən, özünü
təqdim etmək bacarığından asılıdır.
Heç
bir geyimlə şarmı əldə etmək mümkün deyil. Bəzən də abartılı
makiyajla şarmlı görünmək istəyən
xanımlar olur. Şarm xanımın yerişindən,
gülümsəməsindən, davranışından, cəmiyyətdə
özünü aparmasından,
daxildən gələn
hissiyyatdır.
- Sizi heç zaman abartılı makiyajdan
istifadə edən görməmişik. Makiyaj edərkən
nələrə diqqət
edirsiniz?
- Makiyaj mənim üçün insanın
üz cizgilərinin aksentlənməsi, yəni
vurğulanmasıdır. Bəzən makiyajla
qrimi səhv salırıq. Bunlar tamam
başqa şeylərdir.
Makiyajın olunduğu məkandan
da çox şey asılıdır.
Çəkilişdə, gündəlik getdiyim
məkanda, xüsusilə
televiziya çəkilişlərində
bunlara önəm verirəm. Hər zaman çalışmışam
ki, verilişlərimə
gələn qonaqlara deyim ki, televiziya
qabarıq parıltılı
rəngləri sevmir.
Daha çox səliqəli və sakit tonlarını
sevir. Təkcə televiziya verilişlərində
deyil, gündəlik həyatımızda qatıldığım
tədbirlərdə də
hər zaman üz cizgilərinin vurğulanması vacibdir.
- Sizcə, efir üçün gözəllik daha vacibdir,
yoxsa istedad?
- Efir bilavasitə görüntülü olduğu
üçün siz kanalı çevirəndə
ekranda gördüyünüz
sima sizi cəlb edir. Hələ siz onun danışığına,
daşıdığı məna
yükünə nəzər
yetirməmiş, efirdəki
aparıcının vizual
olaraq görüntüsünü
görürsünüz. O görüntü ya çox gözəl olmalıdır ki, diqqəti cəlb etsin, ya da
çirkin olmalıdır
ki, siz ona
baxasınız. Bu iki təzad çox önəmlidir ki, televiziyada audiovizual məhsullarda özünü büruzə
verir. Mənim üçün birinci növbədə görüntüdür. İnsan gözəl
olmaya bilər. Belə olan halda, şarm
nüansı qabarır,
üzə çıxır.
Gözəllik standartlarından
baxsaq, özümü
gözəl hesab
etmirəm. Mənim üçün gözəl tamamilə başqa üz cizgilərinə malikdir.
Aparıcı üçün ilk dəqiqələrdə baxımlı
olması yetər.
Səliqəli, verilişin ruhuna
uyğun görünməsi
yetərlidir. İkinci planda
onun intellekti, müzakirəyə çıxardığı
mövzuya nə qədər bələd olması göz önünə gəlir.
Televiziya
məsələsində bunlar
ikisi də paralel olmalıdır.
- Bəzən də xasiyyət insanı gözəlləşdirir
deyirlər. Siz xasiyyətə önəm
verənlərdənsinizmi?
- Əlbəttə. Deyirlər ki, üzü gözəldirsə, demək daxili də gözəldir. Mən bu fikirlə razı deyiləm. Bəzən o qədər qəddar, kinli, xəbis ürəkli gözəl insanlar olur ki... Baxırsan ki, insanın üzü o qədər gözəldir ki, o kin üzünü qəddarlaşdırır, cizgilərini kəskinləşdirir və sən onu gözəl adlandıra bilmirsən. Xasiyyət bilavasitə insanın üzünə yansıyan bir məsələdir. Birinci dəfə insana baxanda, ayırd edə bilməzsən ki, onun xasiyyəti necədir. Birinci növbədə insanın üz cizgiləri görünür. Gözəllik nisbi anlayışdır. Hərə onu bir cür qəbul edə bilər.
-
Özünüzdə bəyənmədiyiniz hansısa
xüsusiyyət varmı?
- Bu hər insanda var. Dünyanın ən gözəl qadınına da bu sualı versəniz, özündə o qədər mənfi xüsusiyyətlər tapar ki. Siz onları heç hiss etmirsiniz. Təbii ki, mənim də komplekslərim var. Qeyd edim ki, bu komplekslər heç də az deyil. Mənim də gizlətmək istədiklərim var. Bunlar mənim özümün özümlə olan konfliktim və həlli yollarımdır.
Xəyalə Rəis
Kaspi 2018.- 11 sentyabr.- S.12.