Səfəvilərin
Taclı xanımı
O, bütün varidatını xeyriyyə
qurumlarına bağışlayıb
Salnaməçilərin,
tədqiqatçıların etiraf və qeyd etdiyinə görə Şah
İsmayıl Xətainin yaradıcısı olduğu Səfəvilər
dövləti, ümumiyyətlə, o dövrün özü
Azərbaycan tarixinin, mədəniyyətinin intibah mərhələsidir.
Görkəmli tədqiqatçı alım Əzizağa Məmmədov
hələ ötən əsrin 70-ci illərində
yazırdı: " XVI əsrdə Azərbaycan
dilinin rəsmi dövlət dili elan edilməsi Şah
İsmayılın vətənə-xalqa olan böyük xidmətlərindən
biridir.” Səfəvilərin hakimiyyəti
zamanı Təbriz şəhəri Yaxın Şərqin mədəni
mərkəzlərindən birinə çevrilmişdir.
Əlbəttə, mən bu yazımda Xətaidən deyil, onun
cəsur, vəfalı, dəyanətli həyat
yoldaşından -16 il Səfəvilər
dövlətinin Şahbanusu olmuş Taclı bəyimdən
söz açmaq istəyirəm. Taclı bəyim
əsil adı Şahbigə olan bu xanımın sonradan Xətai
tərəfindən verilən yeni ismi, daha doğrusu ləqəbidir.
Salnaməçilərin yazdığına
görə, Taclı bəyim Mosullu tayfasından olan Həmzə
bəy Bektaşlının oğlu Mihmad Bəyin qızı
olub. Başqa bir tədqiqatda isə qeyd
edilir ki, guya Şah İsmayıl onu əsirlərin içində
görərək bəyənib. Onlar evlənən
də Taclı bəyimin 14-15 yaşı olub. Taclı xanım barəsində bir neçə
araşdırma oxudum. Təəssüf ki,
bu xanımın fəaliyyəti, həyatı,
övladları, bir sözlə, taleyi ilə bağlı
söylənilən fikirlər bəzən bir-birinə
uyğun gəlmir, bəzən də mübahisəli, məntiqsiz
görünür. Üç mənbənin
doğruluğuna qəti şübhəm olmadı. İlk olaraq Əzizağa Məmmədovu ehtiramla yad
edirəm. Şah İsmayıl Xətainin ədəbi
irsini dünya arxivlərində böyük fədakarlıqla
əldə edərək Azərbaycana qaytarıb. Bu cəfakeş
alim Şah babamızın əsərlərinin iki cilddə tərtibinə
nail olaraq izah və şərhlərlə oxucuların
ixtiyarına verib. Yadımdadır, onunla bu barədə
maraqlı söhbətlərimiz olardı. Onun Taclı
xanım barəsindəki qeydlərini diqqətə
çatdırıram: "1514-cü ildə baş verən
Çaldıran müharibəsində Xətainin sevgilisi Taclı
xanımın cəsurluğu Qızılbaş əsgərlərinin
fədakarlığı XVI əsrin ikinci yarısında
aşıqlar tərəfindən xalq dastanına
çevrilmişdir. Şərti olaraq
"Şah İsmayıl və Taclı xanım” adlanan bu
dastandan ancaq ayrı-ayrı parçalar bizə gəlib
çatmışdır.” Bax elə bu dastandan
aydın olur ki, Taclı xanım Şah İsmayılın sərkərdələrindən
Şamlı Əbdi Bəyin qızı imiş, sonra
dastanın bir yerində Əbdi bəyin müharibədə həlak
olduğu bildirilir. Hətta Taclı
xanımın da ağır nizə yaraları
aldığı və qardaşı sərkərdə
Durmuş xanla birlikdə Şahın yanına gəlməsi təsvir
olunur. Şah İsmayıl Əbdi bəyin ölüm xəbərini
bildikdə çox qəmlənib və istəklisini belə
qarşılayıb:
İstərdim
səni, Allah gətirdi,
Odlu güllər
üstə güllər bitirdi,
Düşmənimmi
aralıqdan götürdü,
Əbdi bəydən ötrü, Taclı xanım
ağlama.
Taclı
xanım da Şah İsmayılı dərdli və ağlar
görərək deyib:
İranın şahısan, Türküstan xanı,
Mürşidi-kamilsən, cahanın canı,
Əbdi bəyim
oldu şahın qurbanı,
Taclıbəyim, sənə qurban, ağlama.
Əlbəttə, tədqiqatçı (Əzizağa Məmmədov-
F.X.) haqlıdır ki, Taclı bəyim "Türküstan”
deyərkən Azərbaycan ərazilərini nəzərdə
tuturmuş. Hərdən
təəssüflənirəm ki, biz "Əsli və Kərəm”i
daha çox bilirik, danışırıq, nəinki
"Şah İsmayıl və Taclı xanım”
dastanını… Xalqlar dostluğuna gedən yol
milli təəssübkeşlikdən keçməsə axırı
yoxdur. Nə isə…
Mənbələrin
məlumatına görə, Taclı xanımın sarayda
böyük nüfuzu olub. O, Şah İsmayılın
verdiyi qərarlara təsir edə bilirmiş. Qəzəbini
yumşalda, ölüm fərmanının ləğvini
bacararmış. Çox mərhəmətli
və əliaçıq olduğundan insanlara yardım etməyi,
qiymətli hədiyyələr bağışlamağı
sevərmiş. Bu mərd və qorxmaz
xanım həm də həddən artıq gözəl və
vəfalı olub. Mənəvi zənginliyi
ilə zahiri füsunkarlığı bir-birini
tamamlayırmış. Bu səbəbdən də Xətai
ona çox inanar, sözünü eşidər, qərarlarını
bəyənər, tapşırıqlarını yerinə
yetirər və cazibəsini də şüküranlıqla vəsf
edərmiş:
Can olmaz isə, sən
təki canan yetər mana,
Vəslin
bu xəstə könlümə dərman yetər mana.
Zülmət
içində abi-həyat istəməz könül,
Ləlin
zülali çeşməyi-heyvan yetər mana.
Tədqiqatlarda deyilir ki,
onların iki oğlu, bir qızı olub: Təhmasib Mirzə,
Bəhram Mirzə və Mehin Banu. Doğrudur, bu
məsələdə də fərqli rəqəmlər
mövcuddur. Üst-üstə düşən
məlumatlar daha inandırıcıdır. Bu övladların hər biri haqqında da
ağlabatan faktlar onların valideynlərinə layiq həyat
sürdüklərini təsdiqləyir.
Son vaxtlar Taclı xanım barəsində
yazanlar elə gülməli müqayisələr aparırlar
ki… Xüsusi ilə də müsabiqələrə
qatılanlarda qəribə yanlışlıqlar müqayisə
olunur. Bu
müsabiqələrin çoxunda münsif olduğum
üçün tez-tez qəribə səhvlər
müşahidə edirəm. Cümləyə fikir verin:
" Taclı bəyim və onun ailəsi
haqqında "Kitabi Dədə Qorqud” dastanlarında
maraqlı məlumatlar var.” Halbuki bu dastanın
mövcudluğundan 5-6 əsr sonra Taclı bəyim dünyaya
gələcək. Məni həm də məyus
edən bəzi hallarda tarixçilərin fikir
ayrılığı və ən çox da eyni mənbələrdən
dəqiqləşdirilməmiş surət çəkmələridir.
Halbuki sovet dövründən fərqli olaraq
indi daha mükəmməl axtarışlar aparmaq,
dünyanın arxivlərində uyuyan sənədləri
üzə çıxarmaq mümkündür. Necə ki Əlyazmalar institutu son illər çox
gizlinləri aşkarlayaraq faydalı işlər görür.
Məhz bu mənəvi xəzinə
beşiyimizin fədakar əməkdaşları tərəfindən
əldə edilən mənbələr nəticəsində məlum
oldu ki, çoxunun yazdığı "Çaldıran
döyüşündə Taclı xanım Osmanlılara əsir
düşüb” fikri tamamilə əsassızdır. Hətta Çaldıran müharibəsinə
görə Şah babamızı qınayanlara da bir xəbərimiz
var. Bu qardaş döyüşünün banisi Şah
İsmayıl Xətai deyil. Bu barədə
ayrıca danışmalı olacam. İndi
ancaq Taclı xanım barəsində düşüncələrimi
sizinlə bölüşmək istəyirəm.
Şah
İsmayıl 1524-ci ildə vəfat etdikdən sonra
dövrün qanunlarına görə onu oğlu əvəz
etməli idi, amma Təhmasib çox kiçik olduğundan
taxtın əsl sahibi Taclı xanım özü olmuşdu.
Doğrudur, o, Təhmasibin əlindən tutaraq
taxtda oturtdu, amma idarəçilik məhz Taclı xanıma məxsus
idi. Bütün Şərqin yaxşı
tanıdığı, avropalıların "Əyilməz, əzilməz
fateh” adlandırdıqları, vətənsevərlərin dövlət
xadimi kimi dəyərləndirdikləri, söz aşiqlərinin
dərindən sevdikləri Şah İsmayıl Xətai kimi
bir şəxsiyyətin yolunu davam etdirməyin hansı çətinliklərlə
üzləşməsi nə deməkdi? Bu,
Taclı xanıma bəlli idi. Amma o, bunu
bacardı. 16 il Səfəvilər
dövlətinin Şahbanusu oldu. Sadiqliyi, dəyanəti,
Şah İsmayıla bağlılığı Taclı bəyimi
hamıya sevdirdi. Oğlu Təhmasibin adına
Səfəvilər dövlətini təkbaşına idarə
etdi. Əmirlər verir, qərarlar
çıxardır, dövləti ustalıqla xarici həmlələrdən
qoruya bilirdi. Vaxtı ilə Xətai qəzəllərinin birində onu
"Könlümün taxtında əyləşən Sultan”
adlandırmışdı. Bəlkə də o
zaman ağlına heç gəlməzdi ki, həmişə
dərdinə dərman bildiyi bu sədaqətli qadın təkcə
onun istəkli yarı, övladlarının sevimli anası
deyil, həm də taxt-tacının halal sahibi, qətiyyətli
qoruyucusu olacaq. Bu yerdə tarixçi-alim, rəhmətlik Seyidağa Onullahinin sözləri
yadıma düşdu: "Biz, xüsusi ilə də müəllimlər,
jurnalistlər bu qəhrəman qadını gənclərə
yaxşı tanıtmalıyıq”. Dərin minnətdarlıqla bu cəfakeş
alimi xatırlayıram. O, hələ sovet dövründə
Taclı xanım haqqında yazan ilk müəlliflərdən
olub. Bir ürəkaçan xəbər də
yazıçı Nəriman Əbdürrəhmanlıdan gəldi.
Onun ötən illərdə yeni bir kitabı
işıq üzü gördü. "Taclı”
adlanan bu roman qəhrəmanımızın həyat və fəaliyyətinin
bədii tərənnümüdür.
Taclı bəyimin
ölümü ilə bağlı müxtəlif fikirlər
var. Bəzi salnaməçilərin yazdığına
görə ona zəhər içirdiblər, bəziləri də
yoluxucu xəstəlikdən vəfat etdiyini yazıb. Qəbri Şirazın məşhur Səlcuqlu məqbərəsindədir.
Vəsiyyətinə görə, bütün
varidatı xeyriyyə qurumlarına
bağışlanmışdır. Əslində,
Taclı xanım qızıl, zinət əşyalarını
sevən olub. Bu, onun qadın zərifliyinin,
zövqünün ifadəsidir. Var-dövlət
əsiri olmayıb. Bağışlamağı
bacarıb, insanların həyat tərzinin yaxşı
olmasına diqqətlə yanaşıb. Qısa,
amma mənalı ömür sürüb. Bir
məsələni dəqiq bilib, bu fani dünyada insanın təsəlli
tapacağı odur ki, xoş əməllər, xeyirxahlıq səni
unudulmağa qoymur. Elə yazımı da Şah
babamızın sevimli xanımına ünvanladığı
şeirlə başa vururam:
Gəl, könül,
incimə bizdən,
Qalsın, könül, yol qalmasın!
Əvvəl-axır
yol qədimdir,
Qalsın, könül, yol qalmasın!
Ərənlər
bizə busudır
Yalan
söyləyən asidir,
Bu
gerçəklər nəfəsidir,
Qalsın, könül, yol qalmasın!
Bağçada açılan güldir,
Mənanı
söyləyən dildir,
Pəs, əzəldən
qədim yoldur,
Qalsın,könül, yol qalmasın!
Başındadır
altun tacı,
Budur, ərənlər
meracı,
Kəskindir
yolun qılıcı,
Qalsın,
könül, yol qalmasın!
Ey divanə, ey divanə,
Aşiq
olan qıyar canə,
Xətai
der, Taclı xanə,
Qalsın,
könül, yol qalmasın!
Flora
XƏLİLZADƏ,
Əməkdar journalist
Kaspi 2018.- 13 sentyabr.- S.13.