Rusiya mətbuatından
tərcümə etdi
81 yaşı tamam olan Svetlana
Nemolyayeva deyir ki, həmişə şux görünməyə
çalışması tamaşaçılara hörmətindən
irəli gəlir
Onun çəkildiyi filmlər sovet kinosevərlərinin
yaxşı yadındadır. «İşdə məhəbbət
macərası», «Qaraj», «Cənnət səması» və
başqa filmlərə çoxlarında yenidən baxmaq arzusu
yaranır. Aktrisanın kino qəhrəmanları
insanın ürəyinə toxunur. Teatr səhnəsində
isə, onun obrazlarının ayrı təsiri var. Teatr və
kinosevərlər Svetlana Nemolyayevanı ürəyəyatan
aktrisa, Rusiya
prezidenti Vladimir Putin isə möcüzəli, məftunedici
insan adlandırıb. 81 yaşı tamam olan
aktrisa ad günü münasibətilə müsahibəsində
səhnədə özünü xoşbəxt hiss etdiyini
deyib.
Mənim ikinci evim
- Svetlana Vladimirovna, Mayakovski adına teatrda yeni mövsüm başlayır.
Bu mövsümdən gözləntiləriniz nədir?
- Hələ
ki bu il mənim premyeram olmayıb. Ancaq deyə bilmərəm ki, buna görə kədərlənmişəm.
Keçən il məhz mənim ad
günümə görə yeni bir tamaşa səhnələşdirdilər.
Öz nəvəmlə səhnədə oynamaq
çox fərəhli idi. Mənə
doğmalarımla olmaq – istər evdə, istər işdə
həmişə xoşdur. Həyatımın
müxtəlif dövrlərində mənim heyran doğuran
rejissorlarım, tərəf-müqabillərim olub – bu isə sənətdəki
uğurlarıma səbəb olub.
- Sizcə, bu gün
tamaşaçı teatrdan nə gözləyir?
- Bəlkə
səhv edirəm, məncə, tamaşaçı yanan bir
ürəyi – insan münasibətlərini, adi həyat vəziyyətlərini
görmək istəyir. Mən fikir verirəm: klassik, realist
tamaşalar publikanı çox cəlb edir. O cür
tamaşalarda zal adamlarla dolu olur. Bu təkcə
klassikanın ölməzliyi deyil, həmçinin
insanların ona itməyən marağıdır.
- Bu gün elə hesab edirlər ki,
bir yerdə üç-beş ildən artıq işləmək
düzgün deyil, fəaliyyət sferasını dəyişmək
lazımdır. Sizin fikrinizcə, bu düzgün
yanaşmadır? Axı siz bütün
ömrünüzü Mayakovski teatrına vermisiniz. İndi geri boylananda heyfsilənirsiniz?
- Hər
kəsin öz xarakteri və yolu var. Mən bir yerə öyrəşən
adamam. Teatra da öyrəşmişəm.
Hətta onu dəyişmək haqqında
düşünmək belə mənə dəhşətli
görünür. Axı mən bu teatra
institutu qurtaran kimi gəlmişəm. Ən
görkəmli aktyorlarla səhnəyə çıxanda
gözlərimə inanmamışdım. Bunun
yuxu və ya həqiqət olduğunu anlamağa
çalışırdım. Ancaq bu
xoşbəxtlik maneələrə baxmayaraq bütün həyatım
boyu davam etdi. Aktyor həyatı sadə
olmur. Əlbəttə, mənim də
çoxları kimi incikliklərim, səhvlərim, kədərlərim,
iztirablarım olub. Ancaq bütün bunlar mənim
uğurlarımla birgə addımlayıb. Həyat hərədə müxtəlif cür
formalaşır. Elə insanlar var ki, eyni
teatrda qalıb işləyə bilmirlər. Onların həyatı müxtəlif yollara
ayrılır. İnsanlar var ki, teatra
öz ailəsi kimi baxır, burda da müxtəlif cür olur.
Hərdən teatr sənə bu şəraiti
yaradır, hərdən isə səni rədd edir. Bu isə taledir. Ona görə
bizdə – həyat yoldaşım Saşada da (aktyor Aleksandr
Lazerev), məndə də bu alındı. Bizim xarakterimiz elə idi ki, hər ikimiz konservativ
idik, birlikdə qaynayıb-yanırdıq, teatra öyrəşdik
və ayrılmaq istəmədik. Həyatın
gözlənilməzliklərinə baxmayaraq, biz yenə də
öz konservatizmimizə müvafiq olaraq teatrımıza sadiq
qaldıq. Mən Mayakovski adına
teatrda özümü evimdəki kimi hiss edirəm. Nə olur-olsun, bu mənim ikinci evimdir.
Qadınlar
o qədər də dəyişməyiblər
- Sizin
«İşdə məhəbbət macərası» filmindəki
qəhrəmanınız çox sevimli, özünü
qurban verməyə hazır olan qadındır. Sovet
dövründə belə qadınlar çox idi. Bu gün - qadına müstəqil olmaq, həyatındakı
kişini onu qane etmədiyi halda dəyişmək məsləhət
görülən bir dövrdə bu cür güclü
qadını təsəvvür etmək çətindir.
- O zaman
belə qadınlar həqiqətən çox idi. Film ekranlara çıxandan sonra mən minlərlə
məktub alırdım, xüsusən də qadınlardan.
Hamısında demək olar ki, eyni fikir vardı: "Siz mənim
taleyimi necə tapdınız?”, "Siz mənim həyatıma
boylandınız”, "Bu mənim başıma gələn
hadisədir”. Mən heç vaxt kinonu teatrdan
üstün tutmamışam. Amma məni «İşdə
məhəbbət macərası» filminə dəvət edən
Eldar Ryazanov kimi bir insanla tanış
olduğuma görə özümü xoşbəxt
sayıram. O günə kimi o məni «Qusar balladası»na, «Qəribə
qismət»ə dəvət etmək istəmişdi, əfsuslar
olsun ki, alınmamışdı. «İşdə məhəbbət
macərası»ndan sonra o mənə dedi: «Bəlkə də səni
«Qəribə qismət»ə çəkmək lazım idi”. Mən
gülümsəyərək çiyinlərimi çəkdim:
«Bu haqda danışmaq artıq gecdir...» Mən
yaxşı başa düşürdüm ki, aktrisa filmdə
şimal dənizlərində yaşayan balıq kimi işi
pozub. Rejissorun mənə yaxşı
münasibətinə baxmayaraq, heç cür seçimdən
keçə bilmədim. «Qəribə qismət»
filmində rola çəkilmək üçün səkkiz
dəfə cəhd göstərmişdim. O vaxt Eldar
Aleksandroviç dedi ki, pis oynamaq daha çətin olardı. Amma bu sözlər mənim acığıma gəlmədi,
əksinə, açıq danışdığına
görə bugünə kimi ona minnətdaram. Ümumiyyətlə, ekrana yolumu açdığına
görə ömrümün axırına kimi Ryazanova minnətdaram.
Onun çəkdiyi filmlərdə iştirak etməyim
həm aktyorluq, həm də tamaşaçı sevgisi
baxımından mənə çox şeylər verib. Bunlar da mənim üçün qiymətlidir.
Ryazanov sovet qadınlarının şəxsi həyatını
çox ustalıqla ekranlaşdırırdı. Məhz həmin qadınlardan biri də Lida Rjova
obrazında ifadə olunmuşdu. Mənim
qadınlarla bağlı təcrübəmə gəlincə,
qadınlar o qədər də dəyişməyiblər.
Mən nə qədər tərcümeyi-halları
oynamışam və səhnədən özgələrinin
sözünü söyləmişəm, onların hamısı
öz hissləri, iztirabları ilə oxşardır. İnsan hissləri dəyişmir. Əlbəttə, nəsə bizim şüurumuzda dəyişir.
Ancaq mənə elə gəlir ki, qadınlar
Rusiyada da o qədər müstəqil deyillər,
asılıdırlar. Onlar hisslərə və
həyatda dayağa möhtacdırlar. Onları
incitmək olmaz.
- Bəs siz köməksiz, yoxsa
müstəqilsiniz?
- Mən
insanın mənə kömək edə biləcəyini,
yaxud özündən itələyəcəyini ilk
baxışdan hiss edirəm. Uşaqlıqda nə vaxtsa
maraqlı bir fikir oxumuşdum: «Biz başqalarının
haqqımızda düşündüklərindən çox
yaxşıyıq. Ancaq özümüzün
öz haqqımızda düşündüklərimizdən
bir qədər pisik». Biz özümüz
haqqında bir cür, adamlar isə başqa cür
düşünür. Ona görə də
mənim özümün köməksiz və ya müstəqil
olmamı müəyyən etmək çətindir.
Güzəştə
gedin...
- Tez-tez
deyirlər ki, nikah – ağır işdir. Bu
münasibətdə sizin üçün də çətinliklər
olub?
- Bu fikirlə
razılaşa bilmərəm ki, nikah çətin işdir. Mənim
Saşam həmişə çox düzgün deyirdi və mən
onunla 100 faiz razı idim: ailədə əsas məsələ
təkcə özünü eşitmək, təkcə öz
arzularını görmək və öz iradəni yeritmək
deyil, səninlə yanaşı gedən başqasını
da dinləməkdir. Nə üçün
insanlar daim dalaşırlar? Ona görə
ki, öz iradələrini yetirmək istəyirlər,
başqa tərəfi başa düşmək istəmirlər.
Güzəştə gedin, onda münasibətlər
Saşa ilə məndə olduğu kimi uzun gedəcək.
Sən təkcə özün üçün
yaşamırsan. Yəqin ki, mənim Saşa
ilə uzun illər birlikdə yaşamağımızın
sirri onda idi ki, biz bir-birimizi dinləməyə
çalışmışıq. Bu, asan
deyil, amma biz buna cəhd etmişik. Bizim
xarakterimiz elədir ki, uzun müddət mübahisə etməyi
xoşlamırdıq. Hər ikimiz aktyor
idik. Temperamentlərimiz, təbiətimiz
bir-birinə o qədər oxşamırdı. Bizdə tez-tez fərqli xüsusiyyətlər üzə
çıxırdı. Biz dərhal
barışmağa, nə qədər ki alışmayıb,
konflikti böyütməməyə
çalışırdıq. Saşa həyatdan
köçəndən sonra mənim üçün çətin
oldu. Yeddi ildir ki, ad günümü sevimli
həyat yoldaşından ayrı keçirirəm. Aleksandr Lazerev 2011-ci ildə trombdan qəfil vəfat
etdi. Əvvəllər onunla birlikdə
keçirdiyim ad günlərindən çox
danışardım. Birlikdə stol
açıb qonaq qarşılayar, bir yerdə sevinərdık.
Yaxınlarımız həmişə bizi
mehriban cütlük hesab edirdilər. Biz birlikdə 51 il ömür sürdük. Həmkarlarımız
və tanışlarımız addımbaşı
maraqlanırdılar: necə olub ki, uzun illər
aramızdakı harmoniyanı qoruyub saxlaya bilmişik. Mənə Aleksandr Sergeyeviçlə yaşamaq həmişə
şən və rahat olub. Əvvəllər
aramızda daha çox romantizm, bir-birini yaxından duymaq var
idi. Sonralar münasibətlər başqa mərhələyə
keçir... Biz həm teatrda, həm də həyatda
tərəf-müqabili idik. Maraqlıdır
ki, çoxları həyat yoldaşımın mənə
iradəsizlik göstərdiyini düşünürdü.
Fikirləşirdilər ki, o, hər şeydə
mənə güzəştə gedir, amma lazım olan yerdə
öz iradəsini göstərməlidir. Ancaq
mən həyat yoldaşımın xasiyyətini və onun həyat
oyunlarını gözəl anlayırdım. Kişinin ən gözəl xüsusiyyəti – onun
alicənablığıdır. Mən ona
bugünün həyatı ilə yaşamağa, emosional
olmağa, yeri gələndə şıltaq, naz-qəmzəli,
dəyişkən olmağa şərait yaradırdım.
O da heç vaxt çərçivələri
aşmırdı. Buna görə mən onu daha
çox sevirdim.
Heç kimə
oxşamamaq
- Siz həmişə
çox gözəl, füsunkar
görünürsünüz. İmicinizi dəyişmirsiniz.
Üzünüzü əməliyyat etdirmirsiniz. Buna necə
nail olursunuz?
- Ona görə mən yaxşı görünürəm ki, adamlar arasına heç vaxt pis görkəmdə çıxmıram. Yorulsam da, özümü pis hiss etsəm də, nə qədər məşğul olsam da, həmişə şux görünməyə çalışıram. Çünki başa düşürəm ki, mənimlə danışmaq, şəkil çəkdirmək istəyənlər var. Bu, tamaşaçılarıma hörmətdir. Mən heç vaxt səhnədə plankanı aşağı endirməyə razı olmuram. Tamaşaya bir saat qalmış mən artıq qrimdə və səhnə geyimindəyəm. Ümumilikdə isə mən həyatda qeyri-adi olmağa pərəstiş edirəm. Rahatlanmaq və heç kimə oxşamamaq aktrisa üçün xoşbəxtlikdir. Mən bunu səmimi qəlbdən deyirəm.
- Bəs yaşla
bağlı fikirləriniz nədir?
- Mən özümü heç də yaşı 80-i adlamış qadın kimi hiss etmirəm. Hətta bu haqda düşünmək belə mənə ağır gəlir. Əvvəllər düşünürdüm ki, həyat çox uzundur və indi başa düşürəm ki, zaman sürətlə keçir. Bir tərəfdən insan fizioloji olaraq hiss edir ki, həyat sürətlə keçir. Başqa bir tərəfdən o, çox uzundur, çünki hərə istədiyi kimi həyatını yaşayır. Mənə aktrisa Yelena Şatrovanın 80 yaşı haqda düşüncələri xoş gəldi: «Aman Allah, mən 80 il yaşamışam! Bu, 80 qış, 80 yaz deməkdir...»
Rusiya mətbuatından
tərcümə etdi
Təranə Məhərrəmova
Kaspi 2018.- 18 sentyabr.- S.9.