“Turist
hər zaman haqlıdır”
Rəhman Səfərov: “Ölkəyə
gələn hər bir turistə diqqət və qayğı ilə yanaşmalıyıq”
Bu gün dinamik inkişaf edən sahələrdən biri də turizmdir. Turizm elə bir sektordur
ki, burada görülən işlər
öz bəhrəsini
bir neçə il sonra
verir. Postneft dövründə turizm qeyri-neft sektorunun ən vacib qollarından biri hesab olunur.
Bu mənada son illər ərzində ölkəmizdə bu sahəyə göstərilən
diqqət və qayğı artmaqdadır.
Amma bununla yanaşı hələ qarşıda xeyli görüləcək
işlər də
var. Bu mövzuda dosent,
turizm üzrə ekspert Rəhman Səfərovla həmsöhbət
olduq.
- Rəhman müəllim, builki turizm mövsümü hansı göstəricilərlə
yadda qaldı və nəticə nə dərəcədə
qane edicidir?
- Bildiyiniz kimi, 2015-ci ildən etibarən ölkəyə gələn
turist sayında ciddi artım tendensiyası müşahidə
olunur. Bu il
də ənənəvi
olaraq bu artım qeydə alındı. Ötən illərə nisbətən
bu il
turizm mövsümündə
ölkəmizə xüsusilə
Yaxın Şərq və ərəb ölkələrindən gələn
turistlərin sayında
daha çox artım qeydə alınıb. Bu ilin
ilk səkkiz ayında
ölkəyə gələn
turistlərin sayı ötən ilə nisbətən 20 faiz artıb. Ümumilikdə götürsək, nəticələr qaneedici
hesab oluna bilər.
- Bu sahəyə son illər dövlət qayğısı
artıb. Qanunvericiliyə müvafiq dəyişikliklər
edilib. Amma müəyyən problemlər
qalmaqdadır...
- Problemlərin olduğunu heç kim inkar etmir. Düşünürəm ki, bu sahənin inkişafı üçün göstərilən xidmətin keyfiyyəti artırılmalıdır. Sektora dövlət qayğısının artması sayəsində ölkəyə turist axını güclənib. Amma bu artımla bərabər, etiraf etməliyik ki, xidmətin effektivliyi istənilən səviyyədə deyil. Müştəri məmnuniyyəti hər zaman ön plana çəkilməlidir. Çünki bu amil gələcək illərdə ölkəmizə gələn turist sayına təsir edir. Turistlərin məmnunluğu ölkəmizə yeni turistlər qazandırır. Bütün bunlar əvvəlcədən düşünülmüş şəkildə, yəni kompleks şəkildə idarə edilməlidir. Çalışmalıyıq ki, turistlərə hər zaman yüksək keyfiyyətli xidmətlər təklif edə bilək.
- Ölkəmizə
gələn turistlərin diqqətini daha çox cəlb edən nədir? Yəni Azərbaycan
onların yaddaşında hansı özəlliklərinə
görə qalır?
- Yaxın bir neçə il əvvələ qədər Azərbaycana turistlər daha çox işgüzar məqsədlə gəlirdi. Son bir neçə ildə isə bu yanaşma tamamilə dəyişib. Artıq ölkəmizə daha çox istirahət məqsədilə gələn turistlərin sayı digərlərinə nisbətən çoxdur. Hazırda Azərbaycanın müxtəlif regionlarına böyük turist axını müşahidə olunur. Ölkəmizin təbiəti, orqanik məhsulları turistlərin diqqətini cəlb edir. Onlar xüsusilə də bizim məhsullarımızın dadını bəyənirlər. Çünki indiki dövrdə dünyada orqanik məhsul tapmaq müşkülə çevrilib. Müxtəlif ölkələrdən gələn turistlər regionlarımızda bir neçə gün qalaraq milli mətbəximizin çeşidli təamlarından dadırlar. Bəzi turistlər etiraf edir ki, bizim ət və digər qida məhsullarımızın dadına baxmaq üçün yenidən Azərbaycana gəlirlər. Bütün bunlar isə Azərbaycanın turizim potensialına öz töhfəsini verir. Amma qeyd etdiyim kimi, son 4 ildə qeyd olunan artım tendensiyası növbəti illərdə göstərəcəyimiz xidmətlərdən asılı olaraq dəyişəcək.
- Necə düşünürsünüz, ölkəyə
gələn turistləri yerləşdirmək üçün
kifayət qədər hotel və mehmanxana varmı?
- Turist axını növbəti illərdə də indiki tempdə davam edərsə, yerləşdirmə məsələsi bir qədər problemə çevrilə bilər. Buna görə də otel və mehmanxanaların sayı daha da artırılmalıdır. Regionlarda 2-3 ulduzlu, ekonom mehmanxanaların sayı çox azdır. Amma belə mehmanxanalara hazırda böyük ehtiyac var. Növbəti illərdə bu məsələ öz həllini taparsa, biz daha çox turist qarşılaya və yerləşdirə bilərik. Bakı və Bakıətrafı ərazilərə turistlər daha çox işgüzar səfər edirlər. Amma regionlara sırf istirahət məqsədi ilə üz tutan turistlərin sayı daha çoxdur. Məsələ burasındadır ki, turistlər yerləşmə üçün böyük xərc çəkmək istəmirlər. Onlar daha çox istirahətə və qidalanmaya meyllidirlər. Bu mənada regionlarda ekonom klass, 2-3 ulduzlu otellərin daha da artırılması zərurəti yaranır.
- Etiraf etməliyik ki, ölkəyə gələn turistlərin narazı qaldığı məqamlar da var. Məsələn taksi xidmətləri, bəzi məkanlarda qiymətlərin həddən artıq baha olması faktlarını göz ardı edə bilmərik. Bu problemlərin həlli istiqamətində hansı işlər görülür?
- Müştərini heç vaxt aldatmaq olmaz. Xüsusilə də bu müştəri sənin ölkəndə bir neçə günlük qonaqdırsa, bu, ümumiyyətlə yolverilməz haldır. Düzdür, bu sahədə müəyyən qədər irəliləyiş olsa da, problemlər hələ də qalır. Məsələn, 10 il bundan əvvəl müqayisədə restoran və digər iaşə obyektlərin 80 faizində turistlərə menyu təqdim olunur. Bununla bağlı nəzarət mexanizmi həyata keçirilir. Neqativ hallar zamanı müəssisələr müvafiq qaydada cərimə olunur. Amma qeyd etdiyiniz kimi, neqativ hallar da müşahidə edilir. Bütün bunlar qeyd etdiyim xidmətin keyfiyyəti ilə bağlı olan məsələdir. Bu gün hansısa turisti aldada bilərsən. Amma burada itirən tərəf yenə biz özümüz oluruq.
- Bəzən
turistlərlə münasibətdə səhvlərə yol veririk. Onları tənqid
edir, yaxud gülüş hədəfinə çeviririk. Belə neqativ
halların aradan qaldırılması üçün nələr edilməlidir?
- Belə halların qarşısını almağın yeganə yolu maarifləndirmə işlərinin gücləndirilməsidir. Ölkəyə gələn hər bir turist canlı reklam və təbliğat rolunu oynayır. Ümumiyyətlə, belə bir deyim var ki, müştəri hər zaman haqlıdır. Əgər biz bu sektora investisiya yatırıb gəlir əldə etmək istəyiriksə, məsələyə yanaşma tərzimizi kökündən dəyişməliyik. Ölkəyə gələn hər bir turistə diqqət və qayğı ilə yanaşmalıyıq. Düzdür, bəzi hallarda onlar da müxtəlif neqativ davranışlar sərgiləyir. Amma çalışmaq lazımdır ki, belə narazılıqları uyğun bir şəkildə yoluna qoyasan. Məsələn, hansısa bir turist çevrəni çirkləndirirsə, bunu ona daha yumşaq formada izah etməliyik. Çalışmaq lazımdır ki, düzgün ünsiyyət qaydalarından istifadə edək.
- Rəhman müəllim,
ölkəmizdə mövsümi turizm haqqında nə düşünürsünüz?
- Qarşıdan payız və qış mövsümü gəlir. Bu dövrdə ölkəyə gələn turistlər adətən Şahdağ və Tufandağa, yəni, qış turizm komplekslərinə üz tutur. Çünki artıq turizmin qızğın dövrü, yay mövsümü geridə qalıb. Soyuq aylarda və qış mövsümündə ölkəyə gələn qonaqlar adətən dağlıq ərazilərə getməyi sevir. Amma qış mövsümündə də ölkəmizə böyük turist axını gözləyirik.
- Son
olaraq, necə düşünürsünüz,
turizm sektorunun
inkişafı üçün daha hansı addımlar atılmalıdır?
- İlk növbədə xidmətin keyfiyyəti yüksəldilməlidir. Çünki xidmət turizmin ən vacib hissəsidir. Çalışmaq lazımdır ki, bu istiqamətdə işlər görülsün. Azərbaycanda son dövrlərdə peşə məktəbləri artmaqdadır. Turizm sahəsində ixtisaslı kadrlara böyük ehtiyac var. Çünki bu sahədə kadr çatışmazlığı açıq-aşkar hiss olunur. Əgər turizm agentlikləri, otel və mehmanxanalar artırsa, turizm işçilərinə də bir o qədər ehtiyac yaranır. Bir çox universitetdə turizm sahəsi üzrə ali təhsil verilir. Amma peşə istiqamətli təhsil ocaqlarının sayı azdır. Bu mənada biz turizm sahəsinin inkişafından danışırıqsa, peşə ixtisaslı kadrların sayını artırmalıyıq. Hazırda peşəkar aşpaz, ofisiant, barmenlərə böyük ehtiyac var.
Şəbnəm
Mehdizadə
Kaspi 2018.- 19 sentyabr.- S.11.