AHI QEYRƏTDƏN, GÜNAHI
NİFRƏTDƏN , YAZDIQLARI MƏHƏBBƏTDƏN
Bilmirəm, nədən yazıma bu sərlövhə ilə başladım. Əslində, bilməmiş də deyiləm, çünki sevdiyim, özüm qədər inandığım, həmişə haqqında düşündüyüm və heyrətləndiyim söz ustadı, şair Nurəngiz Gün mənin üçün qeyri-adiliyin, düzlüyün və dürüstlüyün simvolu olub. Şeir var oxuyarsan düşünərsən, şeir var könlünün xanimanına od vurar, şeir də var hayqırtısına qoşulub düşmən üstünə şığımaqdan çəkinmərsən. Yəni hər bir şairin oxucu ürəyində öz yozumu var. Nurəngiz Günün misraları var ki, elə bil öz ürəyimdə doğulub. İçin-için məni danışdırıb:
Ahım- qeyrətdəndi,
Günahım-nifrətdən.
Nə deyib, nə söyləmişəmsə
Elimə, obama
məhəbbətimdəndi…
Kaş ki Nurəngiz Gün yalnız mənəviyyatımızda, yaddaşımızda deyil, elə bu ziddiyyətli dünyanın özündə-həmişəki tərzində olaydı, mən də ona açıq məktub yazıb etiraf , yaxud da şikayət edərdim. Öz misraları ilə ürəyimin səsini göz yaşlarıma bükərdim:
Bilməz idim ay necə dolanarmış,
Bilməz idim ay gecə dolanarmış,
Bilməz
idim sinəm belə yanarmış,
Sən
öyrətdin, qaytar apar, istəməm!
Bütün incikliyimin, küskünlüyümün,
pərişanlığımın ifadəsi olan bu misralar illərdir
mənimlə yol gəlir. "Bilməz idim”in
ahəngində o qədər həyəcanlı
məqamlar var. İnamın
darmadağınlığıdır, üzləşdiyin haqsızlığa,
yalana həzin gileyindir. Hərdən elə müşküllərin
mümkünlüyünü istəyirəm ki, Allahım, telefonum zəng çalardı, ”Floş!..” deyən o doğma səsi eşidərdim. Uzun illərin yaxını olduq, amma tez-tez
görüşməzdik. Ayda –ildə bir dəfə.
Hərdən iş yerimə - çalışdığım
qəzetin redaksiyasına
gələrdi. Bayramlarda verdiyi
qələmləri indiyə
qədər saxlayıram.
Gül almağı, gül bağışlamağı heç
sevməzdi. "Onlar da canlıdır
yaşamaq istəyirlər,
amma təəssüf
ki, insanlar onları üzürlər”
deyərdi. Təbiət vurğunu, gül-çiçək
aşiqi idi, di gəl onları
öz yerində, öz bitdiyi məkanda görmək və oxşamağa daha çox önəm verərdi.
Bu il anadan olmasının 80 illiyi tamamlanan xanım şairimiz haqqında müəyyən
yazılar, xatirələr
qələmə alınıb.
İndi də yazılır.
Hətta
müxtəlif filmlər,
verilişlər də
çəkilib. Elə mən
də "Yadigarlar” verilişinin bir sayını bu unudulmaz insana həsr etdim. Onun şeir dünyası bir doyulmaz bulaq suyudur… Bu səbəbdən
də mən onun ruhuna bu
məktubu ünvanladım.
Unudulmaz
Nurəngizim! Xəyalım analı günlərimə
qanadlandı. Həmişə avqustun 23-də harada olsaydım tez anamın yanına tələsərdim. Dünyaya gəldiyim
günü elə onunla qeyd etməyi
daha çox sevərdim. 1989-cu ildə anamı faciəli şəkildə
itirdikdən sonra bu günü heç sevmədim. Bütün
ad günlərim təmtəraqsız
keçdi. Doğrudur, övladlarım,
əzizlərim, dostlarım
heç bununla razılaşmadılar. 50, 60, nəhayət 65-in astanasında
dayandım… Dünyam səssizləşdi. Bax onda sənin "Qaçıram” şerinindəki
misralar təsəllimə
çevrildi:
Yersiz
gülüşlərdə,
saxta, yaltaq
öpüşlərdən,
qazanc güdən,
söz üyüdən
görüşlərdən
qaçıram!
Yenə sənin misraların məni titrədir: "Günəşim də, tanrım da, eşqim, odum da səndin, sənə borcluyam, ana!” Yaxşı ki, çox duyğulu, vəfalı övladın, nəvə-nəticələrin
var. Heç vaxt sənin haqqında keçmiş zamanda danışmazlar. Sevimli balaların
mənə, eləcə
də digər dostlarına zəng edəndə belə, adama elə gəlir ki, özün də onların yanındasan.
"Nurəngiz xanım
deyir ki…” Gəl indi dəli
olma! Vaxtı ilə anan Böyükxanım üçün yazdığın
nisgil dolu misraları indi qızın Jalə xanım ürəyinin həsrətinə qataraq dilə gətirir:
Əhf
elə, əhf elə, bağışla məni,
Torpağı,
daşları oymaq istərəm,
Başımı
dizinə qoymaq istərəm…
Darıxmışam ana, darıxmışam mən.
Tapşır tanrıma ki, götürsün məni,
O gəlməz
yoluna yetirsin məni.
Yadımdadır, necə qəribə şeir söyləməyin
vardı. Əlbəttə, sənin şerlərin
tribunalar üçün
deyil. Əsil ürək şairisən!
Ömrünü söz uğrunda
girov qoydun və əritdin. Sən gözəl yazıçı da ola bilərdin.
Şeir dünyan sahilsiz ümman oldu və öz qoynundan buraxmadı. Halbuki oxucularla ilk görüşə
məhz "Tanrı”
adlı povestlə gəlmişdin. Xalq yazıçısı Mirzə
İbrahimov 1987-ci ildə
yazırdı:"Nurəngiz
xanımın əsərində
yazıçı üçün
vacib olan keyfiyyətlərdən birinə
- səmimiyyətə söz
ola bilməz.
Bu gözəl və zərurət keyfiyyətin sayəsindədir
ki, povesti oxuyanda çox zaman adama elə
gəlir ki, müəlliflə üz-üzə
oturub söhbət edirsən. Sanki o, həyatda,
insanlar arasında gördüklərini, eşitdiklərini,
şəxsən yaşadıqlarını
sənə nəql edir, hətta ürəyini boşaldır…”
Əslində unudulmaz Mirzə
İbrahimovun dediyi məziyyətlər bütün
yaradıcılığa məxsus
olanda uğur mütləqdir.
Ədib əminliklə
Nurəngiz xanımın
gələcəkdə böyük
yazıçı olacağını
yazırdı, amma sən məşhur şair oldun. Mirzə müəllimin söylədiyi
səmimiyyət, cəsarət
bütün yaradıcılığının
və həyatının
mayası idi. Elə ona görə də özün də, sözün də seçildi. Bu fərq, bu
orijinallıq da səni sevdirdi. "Qəlbim kədər
mülküdür…” etirafındakı
mənalı xitablar məni həmişə düşündürüb. Bəzən də suallarımın nidalarını
tapmayanda dadıma yetən yenə də sənin poetik cavabların olub:
Mənim
eşqim rüzgarlardır
-
Dağ tanımaz,
dərə bilməz.
Mənim
eşqim ilk bahardır-
Sevincləri saya
gəlməz.
Mənim
eşqim azad quşlar-
Nə bənd
bilər, nə də çəpər.
Mənim
eşqim qaranquşlar-
Ruhuma müjdələr
səpər.
Sənin daxili azadlığın,
dəyişməzliyin, özünə
məxsusluğun, dürüstlüyün,
həqiqətsevərliyin, ən
başlıcası etibarlığın
həmişə məni
məftun edib. İstər sovet, istərsə də dövlət müstəqilliyimizin
bərpasından sonra
yazdığın şeirlər…
Xüsusilə də Vətənlə
bağlı poeziyan bir başqa və olduqca geniş mövzudur. Hələ 1986-cı il təvəllüdlü "Qəfəs
Respublikası”, "Vətən,
məslək, düşüncələr”
adlı şeirlərini
oxuyanda heyrətlənmişdim.
Nəsli-nəcabəti repressiyaların hər
cür dəhşətini
görmüş, ağı-acılar
yaşamış bir ailənin qızının
bu dərəcədə
cəsarətli və
heç nədən çəkinməz olması
müəllifin mənəvi
qüdrətindən, əsil
istedadından xəbər
verirdi. Əbədiyyət
qazanmaq bax budur! Cənubla bağlı şeirlərindəki
vətən həsrəti
illər boyu keçirdiyimiz hiss və duyğularımızın əks-sədasıdır.
"Yuvam uçmuş,
tayfam köçmüş”. Əlimiz uzalı qalmış, səsimiz batırılmışdı,
amma sən bayatını çağırırdın:
Bu cığır
hayanadı,
Arazdan
o tayadı,
Tanrım!
Bir cüt qanad ver,
Bu quş məni yandırdı.
Yadıma
sənin dəyərləndirdiyin
şair Şahmar Əkbərzadənin şeri
düşdü:
Sərhəd
kənarında cavan yaşımda,
Həsədim utanıb yerə girirdi.
İki
quş dimdiyi ağac başında
Vətəni Vətənlə birləşdirirdi.
Nəhayət, ötən əsrin
sonlarında bədxah
qonşularımızın başımıza gətirdiyi
müsibətlər, Xocalı
faciəsi. Sən yenə
də qələminlə
çarpışdın. "Xocalı simfoniyası”nı
yazdın. Ürək ağrısı
ilə o soyqırımında
qətlə yetirilən
insanlarımız haqqında
özün demişkən
ölülərin himnini
yaratdın.
Sən həm də
müdrik düşüncə
sahibi idin. Buna görə də qurdla qurdluluğu dəyişik salmayaq xəbərdarlığını da bizə yetirməyi unutmadın!
Qürur və dəyanətli, bəlkə
də daha çox ayıq olmaq üçün bir poetık tövsiyən də yaddaşıma iz salıb: "Dad, amandı!
Üç cür kişi yamandı: yaltaq, satqın, ağciyər”. Elə bu yerdə sənin bir təbrikin yadıma düşdü. "Mədhiyyə tərif deyil, xəyanətdir” adlı yazımı oxuyub mənə xoş sözlər demişdin. "Həmişə belə ol”, tapşırdın.
Sənin yolunla gəlmək çətindir,
amma şərəflidir… Özünün
də sevdiyin, xüsusi bir ahənglə ruhumuza yetirdiyin məşhur "Yol gedirəm” şerinin çağırışına bürünüb "saplağımdan
qırılanadək” səyahətə
başladım. Ruhumla
misraların qovuşdu:
Önümdə
silsilə dağlar,
Sərt
qayalar, soyuq dəniz,
Qərib
canla, bu tək cana,
qürub çağı
Yol
gedirəm, öləziyib
saralanadək…
Sözüm
burda bitdi, deyəsən, yollarımız
görüşənədək, əziz Nurəngiz Gün! Yenə sənin səsin, yenə sənin nisgilin dərdlərimə
güzgü oldu:
Yol
gedirəm, at istədim,
Bir
bəyaz həyat istədim,
Yollarımı
kəsdilər
Məni mənə
vermədilər.
Flora XƏLİLZADƏ,
Əməkdar journalist
Kaspi 2018.- 20 sentyabr.- S.13.