Əl əməyi, göz nurunun bəhrəsi olan festival

Cırtdan qurtarıb, Tıq-tıq xanım qalıb, xalça, kilm, tar-kaman da var

Sentyabrın 27-də Dövlət Turizm Agentliyi tərəfindən Ümumdünya Turizm Günü münasibətilə bir sıra tədbirlər həyata keçirildi.  Ölkəmizə gələn turistlər tamamilə fərqli qarşılandı. Azərbaycana hava limanından daxil olan hər bir turistə sərhəd buraxılış məntəqəsində milli şirniyyatlardan ibarət hədiyyələr təqdim olundu.

Həmin gün yerli və xarici turistlər "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, eləcə də "Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun xidmətlərindən pulsuz yararlandılar.

Ümumdünya Turizm Günündə Bakının Fəvvarələr meydanında da bayram ənənəsi davam etdirildi. Belə ki, turistlər və yerli vətəndaşlar üçün nəzərdə tutulmuş stendlərdə xalçaçı, kilimçi, papaqçı, oymaçı, zərgər, dulusçu kimi sənətkarların, eləcə də milli musiqi alətlərinin, araqçın və qurama sənətkarlıq nümunələrinin hazırlanması prosesi göstərilir və buradaca hazırlanan əl işləri satışa çıxarılırdı.

Bundan başqa, keramika, gil və miniatür ustalarının əl işlərindən ibarət sərgi təşkil edildi, master-klasslar göstərildi.

4 gün ərzində səhər saatlarından axşam saat 18:00-dək davam edəcək festivalda bal və milli şirniyyat nümunələri də nümayiş olunur.

Biz də turistlərin bayramına əhval qatmaq üçün festivala yollandıq. Havanın küləkli və soyuq olmasına baxmayaraq, sərginin və stendlərin turistlərin diqqətini çəkdiyinə şahidlik etdik. Burada bir növ bayram ab-havası hökm sürürdü. Milli mədəniyyət nümunələri bizə köhnə Bakını xatırlatdı

Kilimçi Nazilə Əbilova kiçik kilim stendi qarşısında bir turistlə söhbət edirdi. Onunla biz də həmsöhbət olduq: "Kilimlərimizə  iranlılar, ərəblər, ruslar, qırğızlar, türkmənlər daha çox maraq göstərirlər. Hətta türkmən və qırğız turistləri kilimlərimizə baxanda, özlərində də kilim istehsal edən müəssisələrinin olduqlarını bildirirlər. Sadəcə olaraq, onların üslubları, dəsti-xətləri tamam fərqlidir. Türkmənlər bizim kilimlərimizdə olan naxışlarımızı və ilmələrimizi çox bəyənirlər. Hətta bəzilərini xatirə kimi alıb, nümunə olaraq özləri ilə ölkələrinə aparırlar. Satışa çıxardığımız kilimlərin üzərinə Azərbaycan naxışları həkk olunub. İstəyirik ki, buranı ziyarət edən turistlər öz ölkələrinə gedəndə Azərbaycanı xatırladan bir hədiyyə aparsınlar”.

Nazilə xanım deyir ki, təqdim etdikləri kilimlərin hamısı onun öz əl işləridir: "Elə kilimlər var ki, bir günə, elələri də var 4 günə ərsəyə gəlib. Turistlər daha çox rəngli kilimlərə üstünlük verirlər. Ancaq iki gündür ki, alıcı sayı bir qədər azaldır

Stenddə ən bahalı kilim 100, ən ucuzu isə 15 manat civarında idi.

Kilimdən sonrakı stenddə kiçik toxuma palaz və xalçalar sərgilənirdi. Sərginin başında isə əl palazlarının müəllifi Rəhilə Əhmədova dayanmışdı. Rəhilə xanımdan turistlərlə hansı dildə danışdığını soruşuruq: "Turistlər bizimlə rus və ingiliscə danışırlar. Xarici dili bilməsəm də, onlara fikrimi izah edə bilirəm. Belə ki, xalçaların qiymətlərini kağızlara yazıb göstəririk. Bundan bir neçə dəqiqə əvvəl ingilis bir xanım xalçaları alıb apardı. Turistlər daha çox, üzərində zeytun şəkli olan xalçalar alır. Əslində, bu xalçanı bazara çıxaranda hesab edirdim ki, həmin xalçalar satılmaz. Xalçadan da çox, palazlara böyük diqqət var”.

Bu stenddə  ən bahalı xalça 60, ən ucuz xalça isə 10 manat idi.

Festivalda göz oxşayan stendlərdən biri də kuklaların asıldığı stend idi. Kukla hazırlayan Sədaqət Kərimova deyir ki, əsasən kiçik kuklalar alınır: "Kuklaları evdə hazırlayıb, mağazalara, satış obyektlərinə  veririk. Bugünkü  festivalda bizim kuklalara böyük diqqət var. Azərbaycan nağıllarının qəhrəmanlarının kuklaları satılır. Hətta hazırda Cırtdan və Tıq-tıq xanım kimi nağıl qəhrəmanlarımızın kuklaları satılıb qurtarıb. Satışda ancaq tez ərsəyə gələn kuklalar var. Bütün bunlara baxmayaraq, satış azdır. Bunu da havanın soyuq keçməsi və alıcıların çoxunun belə bir yarmarkanın açılmasından xəbərinin olmamağı ilə əlaqələndirirəm”.

Bu stenddə kuklaların ən bahalısı Cırtdandır ki, onun qiyməti 100 manatdır. Ən ucuzu kulanın qiyməti isə 6 manatadır

Festivalın keçirildiyi küçədə milli musiqinin sədası, qovurulmuş şabalıdın iyi və milli ornamentlərin göz önündə hazırlanması alıcılar və turistlərə xoş ovqat bəxş edirdi. Adətən, Novruz bayramında və Yeni İl şənliyində şəhərin mərkəzində belə stendlərin hazırlanmasına öyrəşdiyimiz halda, turizm günündə bu bayram ab-havası vətəndaşların da sevincinə səbəb olmuşdu.

Stendlərin içərisində milli geyimlərin olduğu bölmə rəngarəngliyi ilə diqqəti uzaqdan cəlb edirdi.

Həmin bölməyə yaxınlaşaraq, bizi milli geyimləri hazırlayan, Rəssamlar İttifaqının üzvü, tətbiqi sənət ustası Səbinə Qarayeva ilə söhbətləşdik. Səbinə xanım təkcə milli geyimləri, araqçınları və üstlükləri hazırlamır, o, eyni zamanda daşlardan qolbaqlar, sırğalar, bilərziklər hazırlayaraq, müştərilərə təqdim edirdi. Səbinə xanım gün ərzində daha çox, arxaçın satdığını deyir: "Turistlərin təbii daşlara və onlardan hazırlanan əl işlərinə olan marağını nəzərə aldım və bu gün satışa məhz onları çıxardım.  Stendə yaxınlaşan gənc xanımlar isə daha çox şəkil çəkdirirlər. Milli kökümüzə dönüş sevindirici haldır”.

Səbinə xanım milli geyimləri göstərərək deyir ki, uzun müddətdir bu işlə məşğuldur: "Valideynlər öz uşaqlarına milli geyimlər alırlar. Məktəbdəki tədbirlərdə bu geyimlərdən istifadə edirlər. Mən bir neçə bağça və məktəb üçün milli geyim hazırlamışam. Kosa, keçəl geyimləri, üzərində milli ornamentlər olan geyimlər hazırlayırıq. Satışa çıxardığım geyimləri öz emalatxanamda hazırlayıram. Uzun müddətdir ki, bu işlə məşğulam. Nəinki milli geyim, başqa xarici qəhrəmanların da geyimlərini hazırlayırıq. Mən çox da bahalı parçadan istifadə etmirəm. Müştərilərin alıcılıq qabiliyyətini nəzərə alıram”.

Stenddə  ən bahalı geyim 100, ən ucuz geyim isə 40 manatdır. Ərəb turist Ammar Vabbed deyir ki,  bu, onun Azərbaycana ikinci gəlişidir və hər dəfə Bakıya gəldikdə özü ilə hədiyyələr alır: "Elə düşünürdüm ki, milli ornamentlərdən ibarət suvenirlər yalnız  Qoşa Qala qapıları tərəfdə satılır. Bu stendlərdə nümayiş olunan suvenirlər daha canlıdır və  qiymətlər də münasibdir, çeşidlər çoxdur. Ən əsası isə bunların hamısı əl əməyidir. Əl işləri bizim üçün çox dəyərlidir. Mən daha çox sizin musiqi alətlərinizin kiçik modelini aldım. Onlar mənə daha maraqlı gəldi”.

Qeyd edək ki, turizm sərgisi sabah saat 18:00-a qədər davam edəcək.

Xəyalə Rəis

Kaspi  2018.- 29 sentyabr - 1 oktyabr.- S.6.