Bakıda qeyri-adi festival
İmam Həsənov: “İstərdim
ki, “DokuBaku” Avropaya açılan qapı olsun”
Kino bir mədəniyyətdir,
bu mədəniyyəti
formalaşdırmaq, yetişdirmək
zəruridir. Sevindirici haldır ki, artıq ölkəmiz beynəlxalq
film festivallarına ev
sahibliyi edir. Bu gün isə "DokuBaku”
adlanan növbəti beynəlxalq sənədli
film festivalına ev sahibliyi edəcəyik. 4-9 oktyabr tarixində
keçiriləcək festival tamaşaçılara maraqlı
bayram ab-havası vəd edir.
"DokuBaku”
festivalının ideya
müəllifi və təsisçisi İmam Həsənov festival öncəsi
"Kaspi”yə təəssüratlarını
bölüşdü, onun
əhəmiyyətindən bəhs etdi.
- Festivalın açılışı oktyabrın
4-ü Kukla Teatrında
İsveçin Azərbaycandakı
səfirliyinin əməkdaşlığı
ilə təqdim olunan ”Uaqa Qızları” adlı film ilə olacaq. Festival ərzində
33 ölkədə istehsal
olunmuş 14 tammetrajlı
və 16 qısametrajlı
filmlər nümayiş
etdirəcəyik. Festivalın
elan etdiyi müsabiqəyə bu il 150-dən çox film göndərilib,
onların arasından
nümayiş və müsabiqə üçün
15 qısa, 3 uzunmetrajlı
film seçilib. Festivalın proqramına
daxil olan qısa filmlər əhatə etdiyi mövzulara əsasən, üç bölməyə
ayrılır. Birinci
mövzu məkanlardır
ki, - yaşadığımız
şəhərlər, bizim
üzərimizdəki təsiri
və onlarla bağlı xatirələri
ələ alan
hekayələri birləşdirir.
İkinci mövzu qadınlardan
bəhs edir. Bu mövzuya aid bölmə
qadınların yaşadıqları
ölkələrdə keçdiyi
həyat yolları, mübarizəsi, cəsarəti
və bəzən vəziyyətlə barışmaları
ilə bağlı hekayələr toplanıb.
Üçüncü bölmədə isə peyda olduqları məkanı və başqalarını
dəyişdirən insanlar
və əşyalar haqqında çox fərqli və rəngarəng filmlər yer alıb.
Festival ərzində
bir çox nümayişdən sonra filmdə ortaya qoyulmuş mövzu üzrə müvafiq ekspertlərlə, bu sahənin peşəkarları
ilə birgə müzakirələr aparacağıq.
"Şərq xatirələri” (Eastern Memories) filminin rejissoru Niklas Küllstrom isə qonaqları maraqlandıran sualları cavablamaq üçün özü birbaşa nümayişə qatılacaq.
Rejissorların bəziləri internet bağlantısı ilə
nümayişdən sonra
tamaşaçılarla ünsiyyət
quracaq. Filmlərin nümayişi 9 oktyabr
tarixinədək davam
edəcək və altı fərqli məkanda baş tutacaq. Bundan əlavə, festival ərzində Polşa, Çexiya, Finlandiyadan olan təlimçilərlə
birgə ustad dərsləri də keçiriləcək.
- Festivalın yaranmasında əsas məqsəd nədən ibarət idi?
- Belə bir festivalın
yaranmasında əsas
məqsəd sənədli
filmlərimizin beynəlxalq
festivallara ayaq açmasıdır. Çox vaxt
məndən soruşurdular
ki, nə üçün sizdə belə festivallar keçirilmir? Bu haqda
düşündüm və
iş görməyə
başladım. Festivalı yaratmaq
üçün maliyyə
vəziyyətimiz çox
pis idi. Birinci festivalın pulunu dostlarımızdan, tanışlarımızdan
topladıq. O zaman
15 qısa metrajlı və tam filmlər göstərdik. Bizim çox böyük
komandamız yoxdur.
Altı nəfərdən ibarətik.
Çox
istəyərdik ki, böyük komanda ilə işləyək.
- Bəs adını nə üçün "Doku
Baku” qoydunuz?
- Doku sözü "documentary”dən götürülüb.
Bu da sənəd
mənasında işlədilir.
Sənədli filmlər və
Bakı anlamına gəlir. Hətta bunu xaricdə
səsləndirəndə, onların da xoşuna gəlir. Başqa adlar da qoya
bilərdik. Sözün
sonunda Bakını paytaxt olduğu üçün istifadə
etdik. Festivalın məhz Bakıda
keçirilməsini də
nəzərə aldıq.
- Festivala əsasən hansı ölkələrdən
maraq və diqqət var?
- Əslində, dünyanın
hər yerindən kino ilə maraqlanan
gənclər bizim festivala böyük maraq göstərir. Belə ki,
Amerikadan, Braziliyadan, Kanadadan, Yaponiyadan, Rusiyadan, Ukraynadan, Avropanın müxtəlif
ölkələrindən, Fransadan,
Almaniyadan bizim festivala filmlər göndəriblər.
- Dəstəkçiləriniz
kimlərdir?
- Ötən il
festival ilk dəfə keçirildiyi
üçün bizə
bir qədər çətin oldu. Bu il isə
müəyyən səfirliklərlə
işləyirik.
Onlar özləri bizə
müraciət edirlər.
Bir çox təşkilatlar var ki, bizə
dəstək olmaq istəyirlər. Ən azı,
filmi göstərmək
üçün ərazilər
təşkil edirlər,
əlavə imkan yaradırlar. Bunun özü,
elə bir dəstəkdir. Bütün bunlar
hamısı çətinliklə
başa gəlir.
"DokuBaku” qeyri-ənənəvi
festival kimidir. Öz müstəqilliyimizi
qoruyub saxlamaq istəyirik, heç kimdən asılı olmaq istəmirik.
- Sizi fərqləndirən hansı
xüsusiyyətinizdir?
- Fərqliliyimiz qeyri-ənənəvi
olmağımızdadır. Bu tip festivallar daha çox tədbirlərin keçirildiyi kütləvi
zallarda, kinoteatrlarda baş tutur. Bizdə isə "pub"larda, kitabxanada və digər ağlınıza
belə gətirə bilməyəcəyiniz məkanlarda
keçirilir. Elə bir
qanun yoxdur ki, orda festivalı
ancaq kinoteatrlarda keçirmək lazım olduğu qeyd olunsun. Biz filmləri
həm Azərbaycan, həm də ingilis dilində göstəririk. Onda sənin
tamaşaçın daha
çox olur. Hazırda
200-ə yaxın film göndərilib.
Onlara baxmaq, seçmək, ayırd etmək xeyli zamanımızı aldı. 10 yerli
film vardı, yerdə
qalanlar isə xarici filmlər idi. Artıq festival tanınmaqdadır, bu da yaxşı
göstəricidir. Bu
festival filmsevərlər arasında
daha çox tanınır.
- Bəs qalibləri nə ilə mükafatlandıracaqsınız?
- Qısa filmlər üçün müəyyən
mükafatlar nəzərdə
tutmuşuq. Qaliblərə pul mükafatı
verəcəyik. Birini
Azərbaycan, birini xarici filmdən verəcəyik ki, növbəti layihələr
üçün stimul
olsun. Tammetrajlı film müsabiqəsində heç bir mükafatımız yoxdur.
Sadəcə, birinci, ikinci
və üçüncü
yerləri təyin edəcəyik.
- Bu tip festivallar Azərbaycan kinosuna nə qazandırır?
- Festival filmsevərlər üçün
böyük imkandır.
Onlar məhz belə festivallarda iştirak edərək platformada özünü göstərə bilirlər.
Əgər bir rejissor üçün özünü
göstərməyə bir
meydan yoxdursa, bu, həqiqətən çox pis haldır. Festival sənin
üçün şans
yaradır ki, orda özünü göstərəsən, peşəkarlarla
tanış ola, rejissorlardan məsləhət ala biləsən.
Əgər sənin filmin
festivalda təqdim edilmirsə və seçilmirsənsə, bu,
səndə daha çox mübarizə əzmi yaradır. Festival bir bayramdır.
İstəyirsən ki, daha çox insanlar bu bayramda iştirak
edib sənədli film
janrının nə olduğunu bilsinlər.
Görsünlər ki, kiçik
bir kadrla da film çəkmək olur. Bu festival film həvəskarlarında
sevgi yaradacaq və onlar kino
ilə bağlı daha
çox məlumat əldə etmiş olacaqlar.
- Gələcək hədəflər
nələrdir?
- Öz ampluasında nüfuzu daha da qaldırmağı qarşımıza hədəf
qoymuşuq.
Dünyada o qədər çox
kiçik və məşhur festivallar var ki, rejissorların
bir çoxu orada iştirak etmək istəyir. Onların proqramı o qədər gözəldir ki, hər kəs özünü orada görmək istəyir.
Biz də o nüfuzu
əldə etməyə
çalışırıq. Bir neçə ildən sonra beynəlxalq arenada festivalın adını çəkəndə,
hər kəs bilsin ki, bu
festival Azərbaycanda təşkil
olunur. Gənc rejissorların inkişafında
vasitəçi olmaq istəyərik. İstərdik ki, bizim festivalda
iştirak edən gənc rejissorlarımız
beynəlxalq festivallara
yol tapsın. İstərdim ki, "DokuBaku”
Avropaya açılan
qapı olsun. İkinci ildir ki, bu
festival keçirilir. Arzu edərdik
ki, daha uzunömürlü, stabil
olsun. Bu festivalı qoruyub saxlamaq üçün bizə maliyyə dəstəyi lazımdır.
Bu, bizim ikinci
işimiz kimidir.
Boş zamanımızda bunları
hazırlayırıq. İstərdik ki, bu bizim əsas işimiz olsun.
- Azərbaycanda beynəlxalq
film festivalları çox
azdır. Sizcə, bu tip festivalların
yaranmamağının səbəbləri
nələrdir?
- İl ötdükcə
müxtəlif festivallar
yaranmağa başlayır. Festival ənənəmiz
il keçdikcə
daha da inkişaf
edir. Festival ənənəsini
gətirmək, onu cəmiyyətə çatdırmaq
yeni başlayanlar üçün müşkül
məsələdir. Əslində, hər şey maliyyənin üzərində
dayanır. Bu yaxınlarda teatr festivalı da keçiriləcək. Mən yalnız
öz festivalımız
üçün cavabdehəm.
Festivalların azlığının səbəbini isə tam yetişməməyimizdə görürəm.
Bəlkə də biz buna
tam hazır deyilik.
Bu o demək deyil
ki, biz oturub gözləməliyik. Hər kəs
daxili festival keçirə
bilər. Gənclər yığışıb animasiya
festivalı keçirə
bilərlər. Londonda
təhsil alan
bir tələbəmiz
deyirdi ki, qısa filmlər festivalı keçirmək
istəyir. Festivallar nə qədər
çox olsa, filmimiz də bir o qədər çox inkişaf edər.
- Bu gün "DokuBaku” festivalının açılışıdır.
Bu festivaldan gözləntiləriniz
nələrdir?
- İstərdim ki, daha çox tamaşaçımız olsun. Gələn il üçün böyük zəminlər yaratmağın həvəsindəyik. Bu festivalın gənc rejissorlar üçün daha səmərəli olacağını düşünürük. Çünki adi karandaşdan, dozanqurdundan da film çəkmək olar, buna çox vəsait lazım deyil. Kameranı götürüb sənədli film çəkmək mümkündür. İstərdim ki, film həvəskarlarının sayı çox olsun. Özlərini bayramdakı kimi xoşbəxt hiss etsinlər.
Xəyalə Rəis
Kaspi.- 2018.- 4 oktyabr.- S. 14.