Mədəniyyətə xidmətdə keçən ömür

 

Və ya 70 illik yubleyini qeyd edən Heydər Əliyev Sarayının direktoru Fərhad Babayev peşəkarlıq numunəsi kimi

 

   Heydər Əliyev Sarayı - paytaxtımızın memarlıq simasında xüsusi yeri olan bu möhtəşəm məkan həm də ölkənin baş səhnəsi, əsas konsert salonudur. 45 ildir ki, ictimai-siyasi, mədəni-kütləvi tədbirlərə ev sahibliyi edən, Azərbaycan xalqının həyatında önəmli hadisələri, tədbirləri səhnəsindən geniş tamaşaçı kütləsinə çatdıran saray bu gün də qaynar həyatını yaşayır.

   Yüksək səviyyəli təmir-bərpadan sonra yenidən qapılarını tamaşaçıların üzünə açan Heydər Əliyev Sarayı 2017-ci ildə 45-ci yaşını zəngin tədbirlərə səhnə açmaqla qeyd etdi. Əlbəttə, davamlı olaraq tamaşaçılara və Azərbaycana gələn xarici qonaqlara keyfiyyətli xidmətin göstərilməsində bu mədəniyyət müəssisəsinin fəaliyyətə başladığı gündən burada müxtəlif vəzifələrdə çalışan, 1989-cu ildən isə sarayın direktoru olan Əməkdar mədəniyyət işçisi Fərhad Babayevin rolu və əməyi danılmazdır. Onu yaxından tanıyan biri kimi tam əminliklə deyə bilərəm ki, Fərhad müəllim şəxsən bütün konsertləri izləyir. Hətta afişalara baxmadan da hansı tarixlərdə hansı tədbirin olduğunu sizə deyə bilər. Təkcə tədbir və konsertləri yox, həm də tamaşaçıları izləyir. Çünki məhz tamaşaçıların əhval-ruhiyyəsi Fərhad müəllim üçün əsas göstərici və vacib şərtdir. O, hər zaman iş başındadır, hamıdan əvvəl işə gəlib, hamıdan sonra işdən gedir. Bunun səbəbini soruşanda isə etiraf edir ki, ortaya çıxa biləcək hər hansı məsələnin həllinə və hər şeyin yüksək səviyyədə təşkilinə ilk növbədə o cavabdehdir.

   Qısa haşiyə çıxaq. Ümummilli lider Heydər Əliyev respublika rəhbərliyinə gəldiyi ilk günlərdən, bir çox tikinti işləri ilə yanaşı, indi onun adını daşıyan bu möhtəşəm sarayın tikintisi ilə də maraqlandı və onun başa çatdırılması üçün xüsusi göstərişlər verdi. Beləliklə, sarayın illərlə ləngiyən tikintisi başa çatdı, 1972-ci ilin 14 dekabrında bu möhtəşəm məkan öz qapılarını tamaşaçıların üzünə açdı. O vaxtdan 45 il keçsə də, bu gün Azərbaycan incəsənətinin nümayiş olunduğu əsas səhnə məhz bu məkan - Heydər Əliyev Sarayıdır. Bu səhnə bir çox möhtəşəm hadisələrə şahidlik edib. Xalqımızın böyük oğlunun mədəniyyət sahəsinə olan sonsuz diqqəti və qayğısı bu saraya münasibətdə də hər zaman aydın nəzərə çarpıb. Elə bu səbəbdən də mədəniyyət ocaqları sırasında özünəməxsus yeri olan ölkənin mərkəzi konsert salonu öz qurucusu - ulu öndər Heydər Əliyevin adını daşıyır.

   Bu möhtəşəm saray özünün ikinci həyatına ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı ilə qədəm qoydu. Onun müvafiq qərarı ilə yüksək səviyyədə əsaslı təmir-bərpa olunan saray ümumilikdə dövlətimizin mədəniyyətə, onun inkişafına göstərdiyi münasibətin bariz nümunəsidir.

   Bunun nəticəsidir ki, Bakının rəmzlərindən biri olan bu konsert müəssisəsi özünün gözəlliyi və möhtəşəmliyi ilə dünyanın seçilən mədəniyyət məkanları sırasındadır. Bu gün bizim bir çox milli-mədəni dəyərlərimiz - muğam musiqisi, aşıq sənəti UNESCO-nun mədəni irs siyahısında yer alıb. Fərhad Babayevin peşəkarlıqla rəhbərlik etdiyi ölkənin əsas konsert salonu mədəniyyətimizin inciləri hesab olunan bu sənət sahələrinin təbliği yönündə hər zaman çalışıb. Mədəniyyət ocağının tarixinə nəzər yetirsək, müxtəlif dövlət əhəmiyyətli, beynəlxalq miqyaslı mərasimlərə, eləcə də insanların mədəni istirahətini təmin edən tədbir və konsertlərə ev sahibliyi etdiyini görərik.

   Ulu öndər bu sarayda xalq qarşısında and içərək, Prezident kimi ilk nitqini söyləyib. Onun layiqli davamçısı İlham Əliyev ölkə başçısı seçilərkən xalqa məhz bu məkandan səslənib. Azərbaycan Respublikasının bir çox dövlət əhəmiyyətli tədbirləri Heydər Əliyev Sarayının ev sahibliyi ilə reallaşıb. İndinin özündə də saray hər mövsümə böyük məsuliyyətlə, yüksək səviyyədə hazırlaşır.

   Böyük musiqiçilərin yubileyləri, ənənəvi Bakı Caz Festivalının, dünyaca tanınmış müğənnilərin konsertləri bu sarayın bizə təqdim etdiyi mədəni proqramların yalnız bir hissəsidir. Son illər saray tərəfindən təşkil olunan layihələrdə milli musiqimizin təbliği və gənc istedadların təqdimatı da xüsusi nəzərə çarpır. Şərqin ən qədim musiqi janrlarından olan, xalqımızın mədəniyyətində, mənəvi dünyasında mühüm rol oynayan muğam sənəti daim diqqət mərkəzindədir. Heydər Əliyev Sarayının təşkilatçılığı ilə artıq bir neçə ildir ki, “Gəncləşən muğam” adlı layihə hazırlanaraq yüksək səviyyədə təqdim olunur.

   Saray yalnız muğam ifaçılarına deyil, digər sənətçilərə də dəstək olur. Aşıq sənətinin layiqli davamçıları da bu səhnədə davamlı olaraq öz istedad və bacarıqlarını göstərmək imkanı əldə edirlər. Media nümayəndələrinə müsahibələrində də Fərhad müəllim bildirib ki, sarayın repertuarını müəyyənləşdirərkən daha çox Azərbaycanın milli musiqisi, folklor sahələri ilə yanaşı, müasir mədəniyyətdən də bəhrələnirlər. Hər bir yaş təbəqəsinin istəyi nəzərə alındığı üçün müasir dövrün tələblərinə uyğun musiqi janrlarının təbliği istiqamətində də tədbirlər təşkil edilir. Xüsusilə son illər tamaşaçıların artan tələbatını və zövqünü tam olaraq ödəmək üçün xeyli sayda müasir texniki avadanlıqlar - səhnənin qalxıb enən döşəməsi, hər iki istiqamətdə hərəkət edən transportyor lenti, konsert proqramının daha yüksək səviyyədə keçirilməsi üçün dünya standartlarına uyğun işıq və səs texnikası müxtəlif xarici ölkələrdən gətirilmiş və qurulmuşdur.

   Şəxsi müşahidələrim əsasında bir məqamı da qeyd etmək istərdim. İstər sarayın təşkil etdiyi tədbirlər, istərsə də dövlət əhəmiyyətli mərasimlər, təşkil olunan konsertlər zamanı Fərhad Babayevin rəhbərlik etdiyi kollektiv öz işinə eyni dərəcədə böyük məsuliyyətlə yanaşır. Çünki bu sarayın adı onun məsuliyyət yükünü daha da artırır.

   Ömrünün 45 ilini məhz bu saraya həsr edən Fərhad müəllim 2018-ci il yanvarın 5-də 70 illiyini qeyd edəcək. Şəxsən öz adımdan və media sahəsinin təmsilçiləri adından bu dəyərli insanı yubileyi münasibətilə səmimiyyətlə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, fəaliyyətində yeni uğurlar arzulayıram.

  

   Ayaz Mirzəyev

   Prezident yanında KİVDF Müşahidə Şurasının üzvü, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri

  

Kaspi.-2018.-5 yanvar.-S.10.