Kaspi Liseyi beynəlxalq
olimpiadaya ev
sahibliyi edir
İlk dəfə
Azərbaycanın da qoşulduğu The World Scholar’s Cup-da şagirdlərimiz öz bacarıqlarını
nümayiş etdirəcəklər
Dünyanın bir çox ölkələrində olimpiada
yarışları keçirilir. Bunların içərisində
elmə, biliyə söykənən interaktiv
yarışmaların özünəməxsus
yeri olur. Şagirdlər arasında
keçirilən bu
tip yarışlar onların
zəka gücünün
artmasına, intellektual
biliklərinin genişlənməsinə
böyük təsir göstərir, dünya arenasına çıxmalarına
kömək edir. Həmin yarışlardan biri də 2007-ci ildən bəri keçirilən
The World Scholar’s Cup (Dünya Alimlər Kuboku) olimpiadasıdır. Şagirdlər arasında keçirilən
bu bilik yarışması konsept olaraq 4 kateqoriyadan ibarətdir. İlk olaraq uşaqlar esse yazır, sonra onlar arasında
debat keçirilir, üçüncüsü test, dördüncüsü isə
interaktiv bilik yarışması olur. Hər il
bu yarışmaya dünyanın bir çox ölkələri
qoşulur. Bu il həmin ölkələr arasına
Azərbaycan da öz adını yazdırıb. Azərbaycanda
həmin yarışın
keçirilməsinə Kaspi
Təhsil Şirkəti
ev sahibliyi
edir. Şirkət təşkilatçı olmaqla yanaşı, həm də yarışda iştirakçı
kimi çıxış
edir. İki gün - 24 və
25 yanvarda baş tutacaq yarış haqqında daha geniş məlumat əldə etmək üçün təhsil
şirkətinin rəsmisi
ilə həmsöhbət
olduq.
Kaspi Liseyinin beynəlxalq əlaqələr üzrə
koordinatoru Sahil Əliyev qeyd edir ki, bu
olimpiada haqqında ilkin məlumatı beynəlxalq yarışlardan
birində iştirak edərkən əldə ediblər: "Bu olimpiada haqqında əvvəlki yarışların birində
eşitdik. Bir az araşdırma
apardıqdan sonra daha geniş məlumat topladıq. Və qərara gəldik ki, yarışın təşkilatçıları ilə əməkdaşlıq
edək. Sonra onların
nümayəndəsini ölkəmizə
dəvət etdik.
Onların beynəlxalq əlaqələr
üzrə koordinatoru
gəldi. Adı
Joseph Harrdır. O, bizə
yarışın keçirilmə
strukturu haqqında geniş və ətraflı məlumat verdi. Beləliklə, qərara gəldik ki, bu yarışı
ölkəmizdə də
təşkil edək.
Bu yarışda təkcə Azərbaycan yox, Cənubi Qafqazın digər ölkələrindən də
şagirdlər iştirak
edə bilər.
Yarış iki gün boyunca davam edəcək.
Yaxşı nəticə əldə
edənlər növbəti
raunda keçəcək.
Hansı
ki, həmin mərhələ İspaniyada
(Barselona), Avstraliyada baş tutacaq. Orada da yüksək nəticə göstərənlər
Amerikada keçiriləcək
çempionlar mərhələsinə
vəsiqə qazanacaq.
Azərbaycandan bir neçə
məktəb iştirak
edir və biz də həmin məktəblərdən biriyik.
Biz həm iştirakçı,
həm də təşkilatçıyıq. Bu bizim ilk iştirakımız
və ev sahibliyimiz olacaq”.
Təhsil
şirkətinin nümayəndəsi
yarışın strukturu
barədə də məlumat verdi:
"Bu olimpiadada iki yaş kateqoriyası üzrə şagirdlər
iştirak edir. Bunlardan biri 13-15, digəri 15-17 yaş arası şagirdlərdir. Ümumilikdə, bu yarışda dünya üzrə 20 mindən çox şagird iştirak edir. Qafqazdan isə bu yarışa 200-dən çox
iştirakçı qoşulub.
Hər il
yeni, maraqlı bir mövzu seçilir. Məsələn, bu ilin mövzusu "Bir-biri ilə sıx əlaqəli dünya” adlanır. Bundan başqa, müxtəlif
sahələrdən alt başlıqlar
qoyulur. Bunların da mövzuları
daha çox günümüzlə səsləşən
olur. Misal olaraq, bitkoinlə bağlı mövzu var. Və uşaqlar həmin mövzu üzərində işləməli,
araşdırma etməli,
onunla bağlı esse yazıb, debat aparmalıdırlar. Bu yarışda iştirak
sərbəstdir. Xüsusi bir
seçim şərti
yoxdur. Sadəcə, ingilis dili bilgisi orta və
ya yaxşı səviyyədə olmalıdır.
Bu yarış şagirdin özünü
ifadə etməsinə,
həm də mövzu ilə bağlı dünya ədəbiyyatından araşdırma
aparmasına kömək
olur. Təbii ki, bu işdə
müəllimlər şagirdlərə
müəyyən dərəcədə
yardım edirlər.
Olimpiadada iştirak edənlərə
yarışın simvolu
olan balaca lama oyuncağı hədiyyə
olunacaq. Daha sonra
komanda halında yer tutanlara kubok,
fərdilərə isə
medallar veriləcək.
Yarışın nəticələri təltif etmə mərasimindən sonra rəsmi olaraq əməkdaşlıq etdiyimiz
qurumun və bizim saytımızda yerləşdiriləcək”.
Müsahibimizdən yarışın keçirilməsində
güdülən məqsədlər
və bu yarışdan gözləntilərinin
nələr olduğunu
soruşduq: "Yarışın
keçirilməyində məqsəd
şagirdlərin dünyagörüşünün
inkişaf etdirilməsi,
araşdırma ruhunu onlara aşılamaq, elmə marağı artırmaqdır. Bu yarışın digərlərindən
fərqi humanitar yönümlü olmasıdır.
Bundan başqa, uşaqlar sosial bacarıqlarını
da genişləndirmiş
olurlar. Gözləntilərimiz isə böyükdür.
Heç
olmasa, 3-4 komandamızın
növbəti mərhələyə
vəsiqə qazanmasını
gözləyirik. Bu bizim təhsil müəssisəsi olaraq gözləntilərimizdir. Amma təşkilatçı
olaraq gözləntimiz
iştirakçıların daha yaxşı vaxt keçirməsinə
və onlar üçün gözəl
bir xatirə olmasına nail olmaqdır.
Və istəyirik ki, bu yarış onların gələcəkdə
belə yarışlarda
iştirak etmələri
üçün stimul
rolunu oynasın”.
S.Əliyev yarışın şagirdlər
üçün əhəmiyyətində
də danışdı:
"Bu yarış uşaqların
həyatında böyük
əhəmiyyətə malik
olacaq. Belə ki, burdan aldıqları sertifikat onlara xarici universitetlərə
hazırlaşarkən böyük
üstünlük gətirəcək.
Dil bilgilərinin və əlaqələrinin genişlənməsinə
kömək edəcək.
Dünyanın bir sıra ölkələrindən olan
şagirdlərlə tanışlıqları
yaranacaq. Bu da onların dünyagörüşlərinin
inkişaf etməsinə, iş və
universitet həyatlarında
yüksəlməsinə səbəb
olacaq”.
Yarışma haqqında olimpiadanın beynəlxalq əlaqələr üzrə koordinatoru Joseph Harrın da fikirlərini öyrəndik. O bildirdi ki, Bakıda bir sıra məktəblərdə olub: "Mən sentyabr ayının sonunda Bakıya gəldim. Və burda altıdan çox məktəbdə oldum. Öz slaydlarımı təqdim etdim. Burada əsas məqsəd şagirdlərlə görüşlər keçirmək və onlarda yarışa maraq yaratmaqdır. Biz komanda olaraq artıq 5 aydan çoxdur ki, bu yarışa hazırlaşırıq. Düşünürəm ki, bu, uşaqlarda esse yazmaq, debat etmək, araşdırma aparmaq kimi bacarıqları daha da genişləndirəcək”.
Günel Azadə
Kaspi.-2018.-24 yanvar.-S.9.