Bakı Heyvanat Parkının bu günü

 

Direktor Azər Hüseynov: “Maliyyəmiz çox olsa, parkımızı daha müasir dövrün tələblərinə cavab verən bir zooparka çevirərik

 

Uşaq vaxtı ən çox getmək istədiyim yerlərdən biri Bakı Heyvanat Parkı idi. Heyvanları çox sevdiyimdən həmişə onları daha yaxından görmək, toxunmaq istəmişəm. Amma nədənsə hər dəfə heyvanların qəfəslərinə yaxınlaşarkən qəribə bir üzüntü duyuram. Çünki bilirəm ki, əslində heyvanların yeri təbiətin qoynudur. Onlar təbiətdə daha sərbəst, rahat ən əsası, xoşbəxt olurlar.

 

Bura demək olar ki, hər il baş çəkdiyim məkanlardan biridir. hər dəfə səfərim maraqlı bir situasiya ilə yaddaqalan olur. Bu dəfə isə gəzmək yox, reportaj hazırlamaq üçün getdik. Bu günlərdə Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elmira Axundova komitənin iclasında hazırkı zooparkın Bakıya heç yaraşmadığını deyib: "Uşaqların sevimli yerlərindən biri olan zoopark pis vəziyyətdədir. Mövcud zoopark heç bir parametrə sığmır, heyvanlar çox baxımsız vəziyyətdədir”. Biz Bakı Heyvanat Parkının hazırkı durumu ilə yaxından tanış olmaq gördüklərimizi oxucularımıza çatdırmaq qərarına gəldik.

 

Əslində, qış fəsli olduğundan zooparkda çox adam olacağını gözləmirdik. Amma heyvanları görməyə kifayət qədər insan gəlmişdi. Xüsusilə , turistlər çox maraqlı bir şəkildə zooparkla tanış olurdular. Onlara bələdçilik edən şəxs heyvanlar haqqında məlumat verirdi. Parkı gəzərkən, gəlişimizdən xəbər tutan parkın direktoru Azər Hüseynov bizə yaxınlaşdı. Azər müəllimə Elmira xanımın zoopark haqqında fikrilərini bildirib, onun bu məsələ ilə bağlı düşüncələrini öyrənmək istədik. A.Hüseynov "mən sizə konkret olaraq bir şey deyə bilmərəm. Gəlin, zooparkı birlikdə gəzək, özünüz hər şeyin şahidi olundedi.

 

 "Düyü, qarabaşaq bişirib veririk

 

İlk olaraq yeni gətirilmiş oyuncaq meymunlar adlanan kiçik meymunlarla tanış oluruq. Direktor bildirdi ki, bunları Moldavanın Kişinyov zooparkından mübadilə yolu ilə gətiriblər. O, bütün zooparkı bizimlə bərabər gəzib, hər bir qəfəsin yanına yaxınlaşdıqca, orada saxlanılan heyvanın haradan gətirilməsi, necə qidalanması haqqında məlumat verdi: "Heyvanların hər birinə xüsusi qayğı ilə yanaşılır. Bəzi heyvanlar ət, bəziləri isə meyvə-tərəvəzlə qidalanır. Yemək üçün çox baha olmayan mal-qaranın baş ətini alırıq, həmçinin toyuq əti gətirilir. Mən deyə bilmərəm ki, heyvanları ətlə təmin edə bilmirik. Bacardığımız qədər heyvanların qidalanmasında bir əskikliyin olmamağına çalışırıq. Hətta arada düyü, qarabaşaq da bişirib veririk”.

 

Heyvanların yeri hər gün təmizlənir

 

Bəzi heyvanların qəfəslərinin yanına yaxınlaşdıqda, xoşagəlməz bir qoxu vurur. qoxunun səbəbinin əvvəlcə natəmizlik olduğunu düşünürük. Amma Azər müəllim izah edir ki, bu, təmizliklə bağlı deyil: "Əslində bu qoxunu duyan hər kəs elə bilir ki, təmizliklə əlaqədardır. Lakin elə deyil. Çünki fikir verdinizsə, bu cür iy bütün heyvanlardan yox, bəzilərindən gəlir. Bunun səbəbi isə odur ki, həmin heyvanların özlərinin spesifik qoxusu var. Biz təmizlik işinə çox diqqətlə yanaşırıq. Əgər o heyvanların qəfəslərini təmizləməsək, heç özümüz belə burada otura bilmərik. Bizim parkda 42 nəfər işləyir. Onların hər birinin öz işi var. Bəzisi təmizliyə baxır, bəzisi heyvanların qidalanmasına nəzarət edir. Demək olar ki, heyvanların yeri hər gün təmizlənir, yeməkləri dəyişdirilir”.

 

 

 

Parkda təmir işləri aparılır

 

Müsahibimiz parkın vəziyyətinin daha da yaxşılaşdırılması ilə bağlı təmir işlərinin getdiyini qeyd etdi: "Zooparkın 2 hektar əlavə yeri var. hazırda həmin ərazidə təmir işləri aparılır. Heyvanat parkımızın vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü dəstəyi ilə bu istiqamətdə bəzi işlər görülür”.

 

Parkın direktoru əlavə etdi ki, zooparkda olan iki baş nəcib maral Şamaxı Safari parkına köçürüləcək: "Bizim Şamaxı Safari parkı ilə əməkdaşlığımız var. düşünürük ki, bu il havalar düzələn kimi iki baş nəcib maralı ora göndərək. Orada nəsli artdıqdan sonra yavaş-yavaş təbiətə buraxılacaq. Çünki bunları birbaşa olaraq təbiətə buraxmaq olmaz. Onlar buradakı həyata öyrəşiblər deyə, hələ ki, təbiətə çıxmağa hazır deyillər”.

 

"Heyvanlara arıq demək olmaz

 

Direktor dedi ki, bəzən jurnalistlər gəlir, parkı gəzib heyvanların arıq olmağından gileylənirlər: "Axı bunu necə demək olar? Özünüz şahidsiniz ki, heyvanların hamısının önündə yeməkləri var. ölçülərinə baxsanız, görərsiniz ki, heç arıq deyillər. Hər bir heyvan olmalı olduğu ölçüdədir. Bəlkə əvvəlcədən gələcəyinizi xəbər etsəydiniz, heç bu cür hazırlaşa bilməzdik. Bu gün siz tam xəbərsiz gəlmisiniz özünüz şahidsiniz ki, heyvanların qidalanmasına, təmizliyinə necə riayət edilir. Ola bilər ki, parkımızda bu dəqiqə hər şey ən yaxşı səviyyədə deyil. Bəzi çatışmazlıqların olduğunu mən bilirəm. Amma çalışıram ki, dilsiz-ağızsız heyvanların yemi qarşısında, yerləri təmiz, isti olsun. Çünki mənim vəzifəm budu. Bacardığım qədər işimi vicdanla görürəm”. 

 

"Yerimiz balacadır, amma ürəyimiz genişdir

 

Gəzinti zamanı direktor flaminqoların yerini göstərib, buranın TİSA adlı məktəbin maliyyə dəstəyi ilə tikildiyini deyir: "Bizim əsas gəlirimiz Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin ayırdığı vəsaitdən bilet satışlarından olur. Həmin pul da heyvanların yeməyinə onların baxımına xərclənir. Digər işlərə maliyyəmiz yetmir. Əlbəttə ki, maliyyəmiz daha çox olsa, parkımız daha müasir dövrün tələblərinə cavab verən bir zoopark olar. Məsələn, baxın, bu flaminqoların yerini TİSA adlı məktəbin uşaqlarının maliyyə dəstəyi ilə tikmişik. Onlar 2410 dollar pul yığmışdılar. pulu mənə təqdim edərkən bildirdilər ki, həmin vəsait zooparka maddi yardım göstərmək məqsədilə toplanılıb”.

 

Həmsöhbətimiz  deyir ki, yerimiz balaca olsa da, ürəyimiz genişdir: "Biz çalışırıq ki, zooparkımız daha yaxşı vəziyyətdə, nümunəvi parklardan biri olsun. bu istiqamətdə bir sıra işlər görülür. İnanıram ki, yaxın gələcəkdə zooparkımız bütün tələblərə cavab verəcək. Son dövrlər parkımıza yeni heyvanlar gətirilib. Heyvanların sayı artmaqdadır. Baxmayaraq ki yerimiz balacadır, amma ürəyimiz genişdir. Biz gətirilən heç bir heyvanı geri qaytarmamışıq”.

 

Gəzinti zamanı təmizliyə riayət etməyən ziyarətçilərə rast gəldik. Zooparkda, demək olar ki, hər addımbaşı zibilqabıların qoyulmasına baxmayaraq, insanlar əllərindəki zibilləri yerə atırdılar. Demək ki, bu mənada bir ziyarətçilər öz məsuliyyətimizi dərk etməliyik.

 

Direktorla söhbətimizi yekunlaşdırdıqdan sonra, gəzintiyə gələn insanların da zoopark haqqında fikirlərini öyrəndik. Abdullayeva Solmaz bildirdi ki, hər il nəvələrini bura gəzməyə gətirir. heyvanlardan gələn qoxudan başqa heç bir narazılığı yoxdur. Uşaqlar isə hallarından çox məmnun görünürdülər...

 

Günel Azadə

Kaspi.-2018.-31 yanvar.-S.9.