Tural Turan
Məni adam elədilər…
Mən qələmdən düşmüş
idim,
məni adam elədilər.
Varağımı aldılar əlimdən
bir özgə kağıza verdilər,
Ayrı
yazıda edam elədilər
və
dəfn etdilər unudaraq.
Alnımdakı yazılara,
üzümdəki qırışlara
aldanma, qızcığaz,
Mən çöldən adamam...
Qulaqardına vur dediklərimi,
yoxsa,
səni də atarlar dəlixanaya.
Yoxsa, səni də tavanlar incidər gecələr,
divarlar acıq verər azadlıq kəlməsini
tez-tez təkrarlamaqla…
…Mən bu şəhərə
qələm kimi gəlmişdim,
Məni
adam elədilər,
başqa bir şəhərdə görüşənədək...
Mən yollarsız da yeridim
Mən yollarsız da yeridim,
Keçib getdim qəbrimin üstündən...
Alın yazımdakı yolumun üstündən;
Atladım ölümün üstündən.
Mən uzaqlaşdıqca dirildim.
Tanrılığa çatmaq idi mənimki,
Ondan sonra
tanrı yüz öldürsün, min diriltsin,
nəyimə ki?!.
Yol boyu, yol boyu
sözləri adam bilib dərdləşdim.
Sözlərin boynunu qucaqladım gecələr.
Anladım ki,
insanlar tanrıdan öncə sözü yaradıb.
Anladım ki,
Tanrının boynu, sözün
boyu...
Mən yollarsız da yeridim,
Baxdım
ki,
anamın "üstünlə
getsin" dediyi o Tanrı arxamca gəlir.
Kaspi 2019.- 10-14 avqust.-
S.11.