Eşq mənim çamadanıma sığmır

Qore Vidalın müsahibəsi

 

  Qore Vidal 1925-ci ildə Nyu-Yorkdakı ABŞ Hərbi Akademiyasında dünyaya gəlib. Müharibəyə, ABŞ-ın militarizminə nifrət edən yazar bu faktı həmişə həyatın ironiyası kimi dəyərləndirib. Bütün siyasətçiləri sərt tənqid edən, əxlaq, nüfuz kimi anlayışları hər zaman satira hədəfinə çevirən, ABŞ-ın qoşulduğu bütün müharibələrin əleyhinə çıxan yazıçı məhz bu keyfiyyətləri və müstəqil düşüncə adamı rolunu qüsursuz ifa etməklə geniş oxucu auditoriyasının sevimlisinə çevrilib. Tez-tez Senatda və müxtəlif siyasi qurumlarda təmsil olunan Vidal 1950-ci illərdə "Edqar Boks”, "Katerina Everard”, "Kameron Keykimi təxəllüslərlə çoxsaylı essələr yazıb. Vidal qələmini teatr, kino sahələrində təsdiqlədikdən sonra bir çox uğurlu sənədli filmin ssenarisinə də müəlliflik edib. Vidal "Qattaca”, "Şərəflilər”, "Bob Robertskimi ekran əsərlərində rol alıb. İçkiyə düşkünlüyü ilə ad çıxarmış yazar dünyanın bütün içkilərinin dadına baxdığını etiraf edib. Ömrü boyu ailə qurmamış yazıçı yəqin ki, bəlkə də heç bir ədəbiyyat adamının yaşamadığı qədər möhtəşəm mənzərəli və dəbdəbəli bir evdə yaşayıb. Elə evinin yerləşdiyi Ravello (İtaliya) şəhərində də 2012-ci ildə dünyasını dəyişib. Vidal "İmperatorluq”, "Şəhər və buz”, "Yaradılış”, "Yenidən yazılan İncilkimi bir çox dünya dillərinə tərcümə olunmuş çoxsaylı əsərlərin müəllifi olaraq tanınıb. Yazarın müxtəlif media orqanlarına verdiyi müsahibələrdən hissələri təqdim edirik.

  Yazmağavaxt başlamısınız?

  – Səhv etmirəmsə, beş-altı yaşımda, - oxumağı öyrənən gündən. Düzünü desəm, indi heç xatırlaya bilmirəm ki, nə zaman yazmağa başlamışam. Oxumağı mənə nənəm öyrədib. Ən əsas da qeyri-təbii sevgi ideyasını aşılayan "Ördək və kenquru” ("The Duck and the Kangaroo”) nağılı danışırdı. Sonra babam Senator Qorenin gözləri tutuldu və mən o vaxt oxumağı bacarırdım, ailəmiz məsləhət gördü ki, mən onunçün kitab oxuyum. Həmin vaxt balaca idim, amma oxuduqlarım daha çox konstitutsiya, hüquq kitabları və bir də təbii ki, Konqres toplantılarından qeydlər olurdu. Düşünürəm ki, sonralar yazdıqlarımın, tərzimin insanlarda maraq yaratmasına səbəb məhz həmin illərdə oxuduqlarımdır.

 

  – Bəs ilk romanınızı nə zaman qələmə almağa başladınız?

  – Deyəsən, yeddi yaşımda. Fantastik filmə baxmış, romanı da həmin filmin əsasında yazmışdım. Mavi otaqdamı ya da oteldə baş verən hadisələrdən yazmışdım. Amma həmin romanla bağlı gülməli bir fakt da var ki, bunu həmişə səmimiyyətlə etiraf etmişəm. Romanın baş qəhrəmanı nənəm idi. o da nənəm kimi hamının işinə mane olmağa çalışırdı, çünki heç kim onun sözünə qulaq vermir, onun dediklərini eləmirdi. İlk romanımı oxuyanda ailəmizdə çox xoş, xoşbəxt anlar yaşanmışdı. Ciddi şəkildə yazmağa girişdiyim romanı 14-15 yaşımda qələmə almışam. Təxminən 1939-cu ilin yayı idi, Avropaya, konkret desəm, Romaya səfər etdim. Oradakı mühit qəribə idi, ordakı cazibədar boşluq, elə bil ruhuma doğma  idi, sanki özümə çoxdan arzuladığım məhrəm bir yer tapmışdım. Elə Roma səfəri ilə də Roma diktatoru haqqında roman yazmağa başladım. Amma təbii ki, bu əsəri də tamamlaya bilmədim, yarımçıq qaldı.

 

  – Müsahibələrinizdən birində demisiniz ki, mükəmməl əsər o zaman sınaqdan çıxmış sayılır ki, müəllif illər sonra onu oxuyanda ciddi dəyişikliklər etməyə ehtiyac duymur. Yaradıcılığınızın ilk illərində qələmə aldığınız əsərləri yenidən oxuyanda hansı hisləri keçirirsiniz?

     Başqa yazıçılarla müqayisədə daha az utanıram. Məsələn, tamamlanmış ilk romanım "Uillivav”-ı oxuyanda 19 yaşlı gəncin qələmindən çıxmış nəsrin ciddiliyindən təsirlənirəm. Orada çatışmayan heçyoxdur. Kiçik həcmdə olduqca dərin məzmunu, mükəmməl formanı ərsəyə gətirmiş gənc yazarın istedadı məni məftun edir. Əminəm ki, yenə nəşr olunsa, yekun versiyanı oxuyanda, orada uzağı bir neçə cümləni dəyişdirərəm. Digər tərəfdən isə ondan sonra yazdığım "Sarı Meşədə” ("In a Yellow Wood”) kimi əbədiyyən ömürlük imtina etdiyim roman da mənimdir. Onu yenidən yazmaq istədim, amma alınmadı, o qədər bərbaddır ki, öz yazdığımı oxuya bilmirəm.

 

     Sizcə, ilk uğurlu romanınız hansıdır "Şəhər buz” ("The City and the Pillar”)?

    Qəribə kitab alınmışdı, çünki həqiqətən iddia edildiyi kimi janrının formasının ilk nümunəsi idi. Belə bir hekayə qələmə almaq yazardan güclü əxlaqi cəsarət tələb edirdi. Tennesse Uilyams (XX əsrdə yaşamış amerikalı dramaturq – red. E.S) 1948-ci ildə onu oxumuşdu, romandakı ailə mühitinin canlandırıldığı səhnələri xatırladı: "Bizim atalarımız eyni ilə belədirlər. Amma yekunu bəyənmədim. İnanmıram ki, təbliğ etdiyiniz böyük ədəbiyyat nümunəsi anlayışını buna aid edə biləm”. Tennessenin bu şərhinə baxmayaraq, mənə elə gəlir ki, məhz həmin romanın sonluğu olduqca güclü alınıb.

 

    Bir dəfə "Paris hökmüəsərinin ilk illərdə yazdıqlarınız arasında ən çox bəyəndiyiniz roman olduğunu demisiniz.

     Bu, Hudson çayı sahillərində yaşamağa başlayandan sonra yazdığım ilk roman idi, artıq karyeramın iyirminci ilinin kitabı, iyirmi illik dövrün arxada qaldığının, uzun yolun qət edildiyinin sübutu idi. Əlbəttə, bu əsərə qarşı həssaslığımın səbəbləri var, bunlardan ən əsası isə "Paris hökmü”-nün mənim özümü ilk dəfə ifadə etdiyim, ya da ilk dəfə iştirakçısı olduğum, öz səsimi eşitdiyim roman olması idi.

 

    Əsərdə dildən başqa vacib detallar hansılardır?

    Əgər roman yazırsınızsa, burada əsas məsələ süjeti necə canlandırmağınız ona  forma verməyinizdir. Digər vacib detallardan biri yeni ifadə üsulu tapmaqdır, yəni hər şeyi yeni formada təqdim etməyi bacarmaq lazımdır. Bunun üçün fərqli yollar axtarın, axtarmalısınız da, amma axtarışın əsərə fərqli detallar gətirməsinə imkan verməyin, mən bu yanlışla bağlı dəfələrlə uzun-uzadı danışmışam. Ədəbiyyatın elm sahəsi olmadığını unutmayın, bu çox vacibdir. Burada heç bir yeni formula qondarmaq lazım deyil. Bizlərdən biri digərlərindən pis ya yaxşı yazır ədəbiyyatın dahiləri ilə bir sırada durmaq mümkün deyil. Ədəbi aləmdə bir neçə il zaman keçirən hər yazıçı bu həqiqəti dərk edir. Mən o yazıçıları "U yazarlaradlandırıram, çünki onların yaradıcılığını mənimsəmək, universitet bitirmək kimidir. Həmişə deyirəm ki, onlar dünyaya nəsr, obraz hekayə ilə doğulurlar. Sanki ilk gündən onların həyatı ədəbiyyatla başlayır. Sadəcə yazmağı öyrənəndə potensiallarını ifadə edirlər.

 

     Sizinlə bağlı tez-tez irəli sürülən fikirlərdən biri odur ki, istedadınız daha çox esselərinizdə özünü büruzə verir. Yəni roman müəllifindən daha çox, esseist kimi uğurlusunuz. Bu fikirlə razılaşırsınızmı?

  Romanlarım da esselərim qədər yaxşıdır. Sadəcə məsələ ondadır ki, romanın pis ya yaxşı olduğunu dərk etmək üçün onu sonuna kimi diqqətlə oxuyub, tam qavramaq lazımdır. İndi isə elə bir dövrdür ki, insanların çoxunun buna səbri, ya da vaxtı yoxdur. İndi əksəriyyət çox şeyə əsərə yanaşır. Amma romanla müqayisədə esselər çox-çox qısadır, ona görə onu oxumaq yaxşı ya pis olduğunu iddia etmək daha asandır.

 

  Müasirlərinizin yaradıcılığı ilə tanışsınızmı, oxuyursunuzmu onların yazdıqlarını?

     Deyə bilmərəm ki, onların yaradıcılığına qarşı fanatik şəkildə diqqətciləm, yeni əsərləri dərc olunan kimi əldə edib, oxuyuram. İngilisdilli ədəbiyyatın yaşayan yazıçılarından bircə Uilyam Qoldinqin (XX əsrdə yaşamış ingilis yazar, Nobel mükafatlı şair   E.S) yaradıcılığına qarşı olduqca həssasam, yəni mütəmadi izləyirəm. Son zamanlar daha çox İtaliya Fransa ədəbiyyatının nümayəndələrinin yaradıcılığı diqqətimi cəlb edir. Xüsusilə, İtalo Kalvinonu ləzzətlə mütaliə edirəm.

 

    İkinci Dünya müharibəsindən sonra ədəbiyyata gəlmisiniz. Yəni savaşdan keçmisiz. Bəs, bir nəsil əvvəlki dövrün yazarları haqqında nə düşünürsünüz?

     Bizim nəslin bütün nümayəndələri kimi gəncliyimdə Heminquey yaradıcılığının təsirinə çox düşmüşəm. Stefen Kreyn (XIX əsrdə yaşamış amerikalı yazar –E.S) kimi yazarların yaradıcılığı ilə tanış olana kimi elə bilirdim ki, Heminqueydən güclü nəsr nümayəndəsi yoxdur. Mənim fikrimin nə olması önəmli deyil, Heminquey hələ də əsərləri ən çox nəşr olunan yazıçı olaraq qalır.

 

     İş rejiminzlə bağlı danışaq? Bu qədər qısa müddətdə olduqca məhsuldar nəticə göstərdiyinizə görə yəqin ki, çox nizamlı sisteminiz var. Sizcə, yazmaq asan işdir? Bundan həzz alırsınızmı?

          Əlbəttə ki, həzz alıram. Əgər belə olmasaydı, yaza bilməzdim. Səhər oyanıram və 3 saat fasiləsiz yazıram. Əlyazmanın ilk versiyası tamamlanmayan kimi oxumuram. Əks halda düşünürəm ki, bu yazıçının cəsarətini azaldır. Nixon qələmlə, ya da yazı maşınında işləyirəm. Yazmaq mənə maraqlı gələn yeganə fəaliyyətdir. Hər gün üç saat işləyirəm. Hərdən kitabın ortasında fasilə verirəm, bəzən bu fasilə illərlə çəkir.

 

      İncəsənətin başqa sahələri ilə də maraqlanırsınızmı?

    Memarlıq maraq dairəmə çox yaxındır. Xüsusilə Roma İmperiyası dövrünün memarlığı həmişə məni heyran edib. Məhz buna görə İtaliyanı qarış-qarış gəzmişəm, qaldığım bütün şəhərlərində kilsəyə yaxın yerlərdə yaşamışam. Mozaikaları incələməyi sevirəm. Balet, opera tez-tez getdiyim yerlərdir.

 

     Ailə qurmamısınız? Adınız tez-tez qısamüddətli münasibətlərlə anılır. Eşqə düşmək ədəbi karyeranıza necə kömək edir? Ya da ümumiyyətlə, bu duyğu yazıçını, yaradıcı şəxsi mənəvi baxımdan zənginləşdirirmi?

    Eşq mənim çamadanıma sığmır. 25 yaşından onu çıxarıb, atmışam, üzümü ötəri həvəslər və incəsənətə çevirmişəm.

 

 

  İngilis dilindən tərcümə edən: Elcan Salmanqızı

 

Kaspi  2019.- 10-14 avqust.- S.15.