Çuxrayın “müharibə”si

Onun gələcəyini dağıntılar arasından tapdığı kitab dəyişib

"Qırx birinci” adlı ilk müstəqil filmimə görə məni məhkəməyə verdilər. "Əsgər haqqında balladaya görə isə partiyadan qovuldum. "Açıq səma” üçün məni həbsxanaya salmağa çalışdılar, "Bataqlıq” üçün studiyanı və məni peşəmdən məhrum etmək istədilər. Heç kimə şikayət etmədim, heç kimdən kömək istəmədim. Döyüşdüm. Və belə oldu ki, çox adam köməyə gəldi. Filmlərim beynəlxalq festivallarda onlarla nüfuzlu mükafatlar aldı və "Əsgər haqqında balladaüçün Lenin mükafatına layiq görüldüm. Ancaq bu gün məni sevindirən bunlar deyil. Sevinirəm ki, hələ 30-40 il əvvəl çəkilən filmlərim ekranları tərk etmirlər. Yüzlərlə digər filmlər çoxdan ölüb. Mənim filmlərim isə hələ də insanları həyəcanlandırır”.

Dünya şöhrətli sovet rejissoru Qriqori Çuxrayın bu fikirləri, onun kinematoqraf kimi tanıtmağa kifayətdir. Müharibənin dəhşətlərindən keçib "Mənim müharibəm” əsərini qələmə alan rejissor, həm də həyat mübarizəsindən bəhs edib.

SSRİ Xalq artisti Çuxray Dnepropetrovsk vilayətinin (Ukrayna) Melitopol şəhərində anadan olub. «Aclıq ili idi.

Vətəndaş müharibəsi yenicə sona çatmışdı. Atam Naum Zinoviyeviç Rubanovanam Klavdiya Petrovna Çuxray qırmızılar tərəfdə idilər» - deyə Çuxray xatırlayırdı: "Üç yaşımda atamla anam ayrıldılar. Məlum oldu ki, atamın başqa ailəsi var. Mən anamla qaldım. O, mənə işləyənlərə hörmət, onların hesabına yaşayanlara isə nifrət etməyi öyrətdi. Anam milliyyətinə görə insanları mühakimə etməyin düz olmadığını və hər yerdə yaxşı, eyni zamanda da pis insanların olduğunu mənə başa saldı”.

Müharibənin dərsləri

Çuxray atalığı Pavel Antonoviç Litvinenko tərəfindən tərbiyə olunub. O vaxtlar atalığı kolxoz sədri idi. Anası Klavdiya Çuxray Ukraynada kollektivləşmədə birbaşa iştirak edib. Sonralar o, polisdə müstəntiq vəzifəsində çalışıb. 1935-ci ildə atalığı Moskvada Ümumittifaq Sosial İnkişaf Akademiyasında oxumağa göndərilir. Akademiyanı bitirdikdən sonra isə Ukraynada işə başlayır. Georgi isə məktəbi bitirmək üçün Moskvada qalır. O, 1939-cu ildə hərbi xidmətə yollanır. Mariopol şəhərində 134-cü atıcılıq bölməsinin 229-cu batalyonunda hərbi xidmətə başlayan Georgi, 1941-ci ildə paraşüt təlimi keçmək üçün Yesentukiyə gəlir. Onun rotası həftə sonları rəqslər təşkil olunan klubdan bir qədər aralıda yerləşirdi. Bir gün o, kluba gedir. Burada rastlaşdığı İraida adlı qız onun diqqətini cəlb edir. Sanki ömründə belə gözəl qız görməmişdi. Tanış olduqda, Qriqori ondanüçün əvvəllər klubda olmadığını soruşur. Qızın tank əleyhinə səngər qazmağa getdiyi məlum olur. Rəqsdən sonra o, İraidanı bacısı Lyuda ilə birgə evə ötürür. Onlar 3 gündən sonra şəhər kinoteatrında görüşməyə sözləşirlər. Ancaq Qriqori görüşə gecikir. Vacib üçün komandir onu çıxışda gözləyirdi. Çuxray İraidanı kinoya aparmağı planlaşdırırdı və baha qiymətə biletlər də almışdı. O, kinoteatra gəlib çatanda çox gec idi, İrinanı heç yerdə tapmadı. Təsirlənərək, əlavə bilet soruşan başqa bir qızı kinoya dəvət etdi.

İraida ilə yenidən 1946-cı ildə görüşdülər. Bir il sonra cütlüyün Pavel adlı oğlanları dünyaya gəldi. 1961-ci ildə isə onların qızı Yelena doğuldu. Birlikdə çox çətinliklərdən keçdilər. Onlar kirayə tutduqları evdə yaşadılar, tez-tez böyük ehtiyacları olurdu. Lakin həmişə çətin müharibə illərində yaşadıqları günlər onlara güc verirdi. Müharibənin isə onun həyatında böyük izi vardı. Çuxray 1943-cü ildə cəbhə xəttini iki dəfə keçir. Döyüş zamanı üç dəfə ağır yaralanır. O, xatırlayırdı: «Müharibə mənim üçün yaxşı bir məktəb oldu. Müharibənin ikinci günü ilk dəfə yaralandım. Ukraynada, Tamanda, Stalinqradda döyüşmüşəm. Mühasirəyə düşüb 2 dəfə düşmənin arxasına keçmişəm. Mən hava qoşunlarında döyüşürdüm. Dörd dəfə yaralanmışdım. Son dəfə 1945-ci ildə Vyana

yaxınlığında Papa şəhəri uğrunda döyüşlərdə yaralandım. Zəfər bayramını xəstəxanada qeyd etmişəm».

Gerçək, dəhşətli və təhlükəli bir həqiqətin fonunda Çuxray kino haqqında düşünməyi unutmuşdu. Xarkovdakı hospitalda yatdığı vaxt, özünü yaxşı hiss etdiyi üçün şəhərə çıxır. Bomba ilə dağıdılmış evlərin yanından keçərkən, təsadüfən onlardan birinə yaxınlaşır. Dağıntılar arasında kitablar səpələnmişdi. Kitabların arasında ona tanış gələn qalın bir nəşrin üzünü oxuyanda ürəyi titrəyir: «L.V.Kuleşov. Filmin idarə edilməsi dərsləri». Kitabı götürür. Müharibə sanki onun beynini zəhərləmişdi, rejissor olmaq arzusu belə yadından çıxmışdı. Amma bu kitabı görəndə yenə də hər şeyi xatırlayır və arzuları yenidən baş qaldırır, yuxudan oyanan kimi olur. Bu kitab onun bütün gələcəyini müəyyən edir.

Müharibənin sonuna qədər hava qoşunlarının müxtəlif yerlərində - Cənub döyüşlərində, Stalinqrad, Don döyüşlərində iştirak edir. 1945-ci ilin dekabrında baş leytenant rütbəsində ehtiyata göndərilir.

101 beynəlxalq mükafat

Çuxray hələ də hansı sahəni seçəcəyinə qərar verməmişdi. Bir vaxtlar həkim olmağı arzulayırdı. Sonralar texnikaya maraq göstərməyə başladı. Vaxtilə məktəb dram dərnəklərinə müntəzəm şəkildə getməyə başlamışdı. Ürəyi onu daha çox kinematoqrafiyaya çəkirdi. O, həyat yoldaşını Dnepropetrovska - valideynlərinin yanına gətirdi və özüMoskvaya yollandı. Bir kinoseansı belə qaçırmayan və artıq sadəcə, tamaşaçı qismində deyil, həm də çəkiliş prosesinin necə getdiyini, filmin necə ərsəyə gəldiyini özlüyündə təsəvvür edən Çuxray Kinematoqrafiya İnstitutuna daxil olmaq qərarına gəldi. Hələ müharibə zamanı özünə söz vermişdi ki, müharibədən qayıtmayan insanlar haqqında kino çəkəcək. 1946-cı ilin payızında Qriqori Çuxray Ümumittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə, YutkeviçMixail Rommun sinfinə daxil olur. Rommun «Admiral Uşakov» filmində rejissor köməkçisi qismində ixtisası üzrə təcrübə keçir. Təhsilinin sonunda Çuxraya «Mosfilm»də qalmağı təklif etmələrinə baxmayaraq, o, Ukraynaya gedir. İki il kinostudiyada direktor köməkçisi kimi çalışır.

Çuxray 1955-ci ildə «Mosfilm»ə köçürülürbaş rollarda İzolda İzviskayaOleq Strizenovun oynadığı Boris Lavrenevin «Qırx birinci» (1956) adlı romanı əsasında ilk müstəqil filmini çəkir. Film sovet kinematoqrafiyasının nümunəvi əsərlərindən birinə çevrilir və 1957-ci ildə Kann Film Festivalının mükafatına layiq görülür.

Çuxrayın növbəti filmi - «Əsgər haqqında ballada»sı (1959-cu il, ssenari ÇuxrayValentina Yejova) böyük uğurla dünya ekranlarına çıxır. 1961-ci ildə rejissor bu

ekran əsərinə görə Lenin mükafatına layiq görülür. Film mükafat qazanan yerli filmlər arasında 101 beynəlxalq mükafata layiq görülməklə liderlik qazanır. Bu mükafatlar sırasına Kann Film Festivalı (1960) və "Oskar” (1962) mükafatları da daxildir.

«Əsgər haqqında ballada»da gənc əsgər Alyoşa Skvorsov döyüşlərdə bir neçə düşmən tankını vurur. Mükafat olaraq qəhrəmana evə qısa tətil verilir. O evi görəcək və anasına yenidən qayıdacağına söz verəcək. Sonra yenidən cəbhəyə dönəcək. Bu haqda müsahibələrindən birində Çuxray deyir: «Mən dünyada bir insanı itirəndə, nələrin baş verdiyinə dair bir film çəkməyə qərar verdim».

Sonra bir-birinin ardınca rejissorun ekranlara əsl şah əsərləri çıxır: «Maşa», «Biz Kronştatdanıq», «Şirlər», «Şən uşaqlar» və s. tamaşaçıların sevimli ekran əsərlərinə çevrilir.

Çuxrayın Stalin dövrünün və ölkənin tarixinə həsr olunmuş «Təmiz səma» (1961) filmi Moskva Film Festivalının başlıca mükafatını qazanır. Filmdə alman əsirliyində olmuş sovet pilotu Yevgeni Urbanskidən bəhs olunur. Çəkiliş üçün parlaq aktyor ansamblı yığılmışdı. Öz rollarını Yevgeni Urbanski, Nina Drobişeva, Oleq Tabakov mükəmməl oynadılar. Lakin bu filmdə Çuxrayın istedadı sosialist realizminin çərçivəsini aşa bilmir. Finalın saxtakarlığı, bu qeyri-adi filmin, rejissorun əvvəlki işləri səviyyəsinə yüksəlməsinə imkan vermir.

1965-ci ildə rejissorun «Bir zamanlar qoca kişi ilə bir qarı vardı», 1969-cu ilə isə «Yaddaş» filmləri ekranlara çıxır. Rejissorun növbəti «Bataqlıq» (ssenari ÇuxrayViktor Merejko) filmi isə yalnız 1978-ci ildə ekran üzü görür.

1980-ci ildə Çuxrayın italyan rejissorları ilə birgə istehsal etdiyi «Həyat gözəldir» siyasi dram-trilleri Aralıq dənizi ölkələrindən birində totalitar rejim haqqında çəkilib.

Bundan sonra Çuxray, Yuri Şvirevin rejissor Mark Danskinin xatirəsinə həsr etdiyi «Mən sizə xəyal etməyi öyrədəcəyəm» (1985) filmi istisna olmaqla, başqa çəkilişləri dayandırır.

1963-cü ildə Çuxray Moskva Film Festivalının münsiflər heyətinin sədri olur. Məhz onun inadkarlığı nəticəsində Federiko Fellininin şah əsəri olan «Səkkiz yarım» filmi baş mükafata layiq görülür.

1965-1975-ci illərdə Çuxray «Mosfilm» kinostudiyasında Təcrübi Yardımçı Dərnəyin bədii rəhbəri kimi çalışır, 1966-1971-ci illərdə isə ÜİKİ-nin studiyasında dərs deyir. 1965-ci ildən SSRİ Kinematoqrafçılar İttifaqının daimi katibi seçilir.

1981-ci ildə Çuxray SSRİ Xalq artisti adına layiq görülür. Qriqoriy Çuxray 2001-ci ildə Moskvada dünyasını dəyişib. Vaqankovski qəbiristanlığında basdırılıb. Rejissorun oğlu Pavel Çuxray da atasının davamçı - kinorejissordur.

Çuxrayın filmlərinə baxanlar çətin ki, onun sözlərinin səmimiyyətinə şübhə etsinlər: "Geriyə boylananda başa düşürəm ki, xoşbəxt həyat yaşamışam. İş onda deyil ki, onun ağır məqamları, çətinlikləri, iztirabları olub. Mən heç vaxt həyatımın xoş olmayan günlərinə görə şikayətlənməmişəm. Heç kəsin mənə borclu olmadığını çox erkən anladım. Ancaq çətin məqamlarda köməyimə gələn çox insanlar oldu. Mən taleyimə gileylənmədim, ondan hədiyyələr gözləmədim. Ancaq o özü mənə hədiyyələr etdi, böhrandan çıxmağın yollarını göstərdi, uğur, sadiq dostlar, sevgi və xoşbəxt dəqiqələr bəxş etdi. Epoxa isə çox sərt idi”.

 

Rusiya mətbuatından tərcümə etdi

Təranə Məhərrəmova

Kaspi  2019.- 17-19 avqust.- S.6.